Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7033/2020 02.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı, “xxxx” MMC 3-cü şəxs qismində işə cəlb edilməklə “təhqiqat aktı və iz aktının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq icraatının iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2005-ci ilin təhqiqat aktının və İz aktının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-7033/2020 saylı qərardadı ilə “xxxx” MMC məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. İş üzrə məhkəmə hazırlıq icraatının iclası xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq təhqiqat aktından və İz aktından xəbərdar olmadığını, işdən çıxandan sonra da bu aktların ona verilmədiyini bildirmiş, məhkəmə zamanı həmin aktlarda onun təqsirli kimi qeyd edilməsini bildiyini, əslində isə müəssisənin təhlükəsizlik qaydalarının düzgün qurulmaması nəticəsində qəzanın baş verdiyini qeyd etdi və həmin aktların ləğvini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdeh tərəfindən göndərilmiş etirazı müdafiə edərək qeyd etmişdir ki, iddiaçı 2005-ci il tarixdə iş yerində xəsarət almasını iddia etdiyi halda həmin vaxt məlum olmayan səbəblərdən işəgötürənə qarşı heç bir tələb irəli sürməyərək, 2017-ci ilədək həmin iş yerində işləmiş və yalnız xx.xx.2017-ci il tarixdə işdən azad edildikdən sonra vurulmuş zərərlə bağlı iddia qaldırmışdır. Digər bir mübahisəli məsələ isə iddiaçı ərizəsində əmək müfəttişliyinə müraciət etdikdən sonra 2005-ci il tarixdə 02 saylı aktın tərtib olunması barədə məlumatlı olsa da, məhkəməyə müraciəti zamanı sözügedən aktdan xəbərdar olmamış kimi özünü göstərməsidir. Halbuki, prosedura uyğun olaraq, bədbəxt hadisə ilə bağlı yaradılmış təhqiqat komissiyanın tərkibində üzvlər qismində iştirak edən işəgötürənin nümayəndələrinin və hadisənin araşdırılması üçün izahatları alınmış şahidlərin iddiaçının iş yoldaşları olmalıdır ki, belə olan halda iddiaçının həmin zaman baş verən proseslərdən xəbərsiz olması inandırıcı deyil, habelə iddiaçının məhkəmədən uzun müddət, yəni 15 il müddət keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla vaxtı ötmüş tələbin təmin edilməsini xahiş etməsi qəbuledilməzdir. Sonda iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı 2 (iki) aktın ləğvini xahiş edir: -Təhqiqat aktı; -İz aktı. Hər iki akt xxxx şirkətinin mexaniki İddiaçı xx.xx.2005-ci il tarixində, saat 10:15 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə nəticəsində qəbul edilmişdir. Məhkəmə ilk öncə mübahisələndirilən aktların inzibati akt olub-olmamasını, inzibati qaydada mübahisələndirilməsinə yol verilib-verilməməsini müəyyən etməlidir. Belə ki, İnzibati İcraat Haqqında Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əsasnaməsinə əsasən, Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunması sahəsində, о cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə və əmək qanunvericiliyinin tələblərinə uyğun digər istiqamətlərdə dövlət nəzarətini həyata keçirir, əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırır, eyni zamanda işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki köməklik göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 2.1-ci bəndinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. 2.2-ci bəndinə əsasən xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr — Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxslərindən, üzvlər — işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. Göründüyü kimi, mübahisələndirilən təhqiqat aktının qəbul edilməsində səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən yaradılmış komissiyadır. Həmçinin, iddiaçı barəsində qəbul edilmiş təhqiqat aktı inzibati akt hesab olunur, bu akt publik hüquq sahəsinə aid olmaqla iddiaçı barəsində müəyyən hüquqi nəticələr yaradıb. Belə olan halda, Məhkəmə hesab edir ki, xxxx şirkətində xx.xx.2005-ci il tarixində baş vermiş bədbəxt hadisənin təhqiqat aktı inzibati məhkəmə qaydasında mübahisələndirilə bilər. İz aktına münasibətdə isə Məhkəmə qeyd edir ki, İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Beləliklə, İz formalı aktı qəbul edən işəgötürən olduğundan, hazırki halda da işəgötürən kimi xxxx Şirkəti çıxış etdiyindən, həmin şirkət də “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi müəyyən olunmadığından Məhkəmə hesab edir ki, qeyd edilən xxxx Şirkəti tərəfindən tərtib edilmiş İz aktının mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirilən təhqiqat aktına münasibətdə də Məhkəmə qeyd edir ki, qanunvericiliklə müəyyən olunmuş müddətin keçməsi əsası ilə iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Yuxarıda qeyd edilən normalardan görünür ki, inzibati aktların mübahisələndirmə müddətləri onların qəbul edildiyi andan yaranmır və inzibati aktları mübahisələndirən subyektlərdən, onun təqdim edilmə üsulundan, inzibati aktın formasından, onun məzmununda hüquqi müdafiə vasitələrinin göstərilib-göstərilməməsindən asılı olaraq dəyişir. İşin hallarından müəyyən olunur ki, İddiaçı “xxxx” MMC-də xx xxxx 2005-ci il tarixdə xəsarət almağı ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktını və istehsalatda bədbəxt hadisə haqqında xx xxxxx 2005-ci il tarixli 02 saylı İz aktını xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi akt xx.xx.2005-ci ildə baş vermiş bədbəxt hadisənin nəticəsində xx.xx.2005-ci ildən xx.xx.2005-ci ilədək aparılmış təhqiqatın nəticəsi olaraq xx xxxxx 2005-ci il tarixdə qəbul edilmişdir. Həmin aktın iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Lakin, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 29002)-1989/2019 saylı qətnaməsindən və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)- 14379/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “sağlamlığa vurulmuş zərərin ödənilməsi” tələbi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə iddia ərizə ilə müraciət etmiş və həmin Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Beləliklə iddiaçı aktın mövcudluğundan ən geci Qaradağ Rayon Məhkəməsinə iddia qaldırdığı vaxtdan xəbərdar olmuşdur. Göründüyü kimi, iddiaçı “xxxx” MMC-nin xx xxxx 2005-ci il tarixdə xəsarət almağı ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktından xəbərdar olduğu təqdirdə, iddiaçı həmin aktı mübahisələndirmək üçün qanunvericilikdə nəzərdə tutulmuş həm 30 günlük, hətta 6 aylıq müddəti ötürmüşdür. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq Məhkəmə hesab edir ki, işin halları iddiaçının qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. İPM-in 24.1-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin məcəllənin 24.4-ci maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti və prosessual müddətin bərpası barədə ərizə vermək üçün müəyyən edilmiş müddəti ötürdüyündən iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-7033/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7033/2020
02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver