Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7034/2025 14.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı qərar qəbul qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən 0.0550 ha ölçüsü olan torpaq sahəsi mənim mülkiyyətimdədir. (çıxarışın surəti ərizəyə əlavə olunur, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, yaşayış məntəqəsi torpağı). Xüsusilə qeyd edir ki, təyinatı yaşayış məqsədli olan mənim mülkiyyətimdə olan müvafiq torpaq sahəsində AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, “Məlumatlandırma icraatı” qaydasında sahəsi 1444,25 m2 olan hündürlüyü 11,95 m, 2+mansard mərtəbəli fərdi yaşayış (bağ) evini inşa edib. Sözügedən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün qanunvericiliyə uyğun olaraq sənədləri cavabdehə təqdim edilmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə, çoxmənzilli yaşayış binası kimi inşa edilərək mənzillərə bölündüyü və təmir-tikinti işlərinin tam başa çatdırılmadığı əsas gətirərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina etmişdir. Qeyd edir ki, böyük ailəsi vardır və orada qardaşları və onların ailə üzvlərinin yaşaması nəzərdə tutulmuşdur. Cavabdehin bu imtinası tamamilə əsassız olmaqla mənim mülkiyyətimdə olan və təyinatı yaşayış məntəqəsi kimi nəzərdə tutulmuş torpaqdan istifadəsini məhdudlaşdırır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda qeyd olunmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı təqdim olunmuş layihədə fərdi yaşayış evi kimi göstərilən tikilinin faktiki olaraq çoxmənzilli yaşayış binası kimi inşa edilərək mənzillərə bölündüyü və təmir-tikinti işlərinin tam başa çatdırılmadığı müəyyən olunmuşdur. Odur ki, "Daşınmaz əmiakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsində tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti iayihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırianmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdınlmasını və təsdiqlənməsini təmin edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********06 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı təqdim olunmuş layihədə fərdi yaşayış evi kimi göstərilən tikilinin faktiki olaraq çoxmənzilli yaşayış binası kimi inşa edilərək mənzillərə bölündüyü və təmir-tikinti işlərinin tam başa çatdırılmadığı müəyyən olunmuşdur. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsində tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Həmçinin fərdi yaşayış evinin layihəyə əsasən sahəsi 1444.25 kv.m qeyd edilsə də, faktiki 1108.23 kv.m təşkil etdiyi məlum olmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edilir
5. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında tikili inşa edilən zaman məlumatlandırma icraatına riayət edilib-edilməməsi barədə məlumatın, riayət edildiyi təqdirdə tikiliyə dair təqdim olunmuş layihənin təqdim olunmasına dair məhkəmənin sorğucuna cavab olaraq Səbail rayon icra hakimiyyəti tərəfindən bildirilmişdir ki, qaldırılan məsələnin araşdırılması məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir. Məlumat üçün qeyd edilir ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədilə dövlət arxivlərinə verilənə qədər dövlət, idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə müddəti ərizələr üçün 5 il, məktublar üçün 3 il müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edilir ki, qaldırılan məsələ ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin arxivində hər hansı məlumat aşkar edilməmişdir.
6. Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0.0550 ha torpaq sahəsi **********13 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir və həmin torpaq sahəsinə dair iddiaçının adına torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur.
7. İddiaçı tərəfindən Səbail rayon icra hakimiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəyə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq “məlumatlandırma icraatı” qaydasında bildirilmişdir ki, mülkiyyətində olan 0.0550 ha torpaq sahəsində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində ünvanında yerləşən sahəsi 1444,25 kv.m., hündürlüyü 11,95 m, mərtəbəliliyi 2+mansard olan fərdi yaşayış (bağ) evini inşa etmişdir.
8. Qeyd edilən ərizənin Səbail rayon icra hakimiyyətinə çatdırılmasına dair eyni tarixli poçt qəbzi iş materiallarına əlavə edilmişdir.
9. Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsinə lisenziyası olan "xxxx" MMC tərəfindən tərtib edilmiş İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masivində yerləşən fərdi yaşayış evinin layihəsi təqdim edilmişdir. Layihəyə əsasən: Torpaq sahəsi - 0.055 ha, Tikinti altı sahə - 376.95 m2. Fərdi yaşayış evi Mərtəbəliyi - 2+(Mansard); Ümumi sahə- 1444.25 m2 Yaşayış sahə - (26 otaq) - 709.68 m2 Köməkçi sahə- 734.57 m2.
10. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, fərdi yaşayış evi təqdim edilən layihəyə uyğundur. Hal-hazırda təmir işləri gedir. Fərdi evi layihədə zirzəmi mərtəbəsi göstərilməyıbdir. Fərdi evin layihəsində mansard göstərilsə də, faktiki 3-cü mərtəbədir. Fərdi ev fərdi yaşayış kimi layihədə gösdərilsə də, faktiki yaşayış binası tipli kimi tikilib. Yəni mərtəbələrdə mənzillər kimi ayrılıb, 1-ci mərtəbənin döşəməsindən mansard (3-cu mərtəbənin) mərtəbənin (H) hündürlüyünə olan məsafə 9,45 m-dir.
11. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən (Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi 204) aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: - İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən torpaq sahəsi üzərindəki tikili "xxxx" MMC tərəfindən tərtib edilmiş layihəyə uyğun inşa edilmişdirmi (Uyğunsuzluq mövcud olduğu təqdirdə nədən ibarət olması göstərilsin)? - İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş tikilinin təyinatı (mənzil; fərdi yaşayış evi; çoxmənzilli bina) nədir? - İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş tikilinin yerüstü mərtəbələrinin sayı, hündürlüyü (“0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu nə qədərdir?
12. Lakin qərardadın qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq, müvafiq rəy məhkəməyə təqdim edilməmiş, məhkəmənin MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, qərardadın qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq, müvafiq rəy məhkəməyə təqdim edilməmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə iclasının xx.xx.2025-ci il tarixə təyin edildiyi bildirilərək müvafiq rəyin təqdim edilməsi təklif edilmiş, müvafiq rəy təqdim olunmadığı təqdirdə İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən torpaq sahəsi üzərində tikilinin "xxxx" MMC tərəfindən tərtib edilmiş layihəyə uyğun inşa edildiyi hesab olunacağı bildirilmişdir. Lakin qeyd edilən tarixə rəy məhkəməyə daxil olmamışdır.
13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etdi.
14. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi. II. İddianın növü və mümkünlüyü
15. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
16. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
17. X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
18. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
19. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
20. X4 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
22. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
24. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;
26. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.
27. Mənzil Məcəlləsindən: 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.
28. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı özünə xüsusi mülkiyyət hüququ ilə məxsus olan və yaşayış məntəqələri kateqoriyasında yerləşən torpaq sahəsində inşa edilən hündürlüyü 9,45 m olan fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını tələb edir.
29. Cavabdeh tərəfindən təqdim edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, fərdi yaşayış evi təqdim edilən layihəyə uyğundur. Hal-hazırda təmir işləri gedir. Fərdi evi layihədə zirzəmi mərtəbəsi göstərilməyıbdir. Fərdi evin layihəsində mansard gösdərilsə də, faktiki 3-cü mərtəbədir. Fərdi ev fərdi yaşayış kimi layihədə gösdərilsə də, faktiki yaşayış binası tipli kimi tikilib. Yəni mərtəbələrdə mənzillər kimi ayrılıb, 1-ci mərtəbənin döşəməsindən mansard (3-cu mərtəbənin) mərtəbənin (H) hündürlüyünə olan məsafə 9,45 m-dir.
30. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.10.2-ci maddəsinə istinad etmiş və həmin maddənin tələblərinə uyğun olaraq məlumatlandırma icraatına əməl etdiyini təsdiqləyən dəlilləri (icra hakimiyyətinə ünvanlanan ərizə, tikililərə dair eskiz layihə) məhkəməyə təqdim etmişdir.
31. Cavabdeh tərəfindən təqdim edilən müayinə aktında həmin tikilinin layihəyə uyğun olduğu, beləliklə, fərdi yaşayış evinin hündürlüyü 9,45 m olmaqla, 3 mərtəbə olduğu bildirilir və aşırımlarının uzunluğu ilə bağlı hər hansı mübahisə yoxdur.
32. Belə olan təqdirdə, məhkəmənin qiymət verməli olduğu hal fərdi yaşayış evinin Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən müəyyən edilmiş şərtlərə mərtəbə sayı, hündürlüyü və aşırımlarının uzunluğunun müəyyən edilməsi ilə bağlıdır. Qeyd edilən şərtlərə cavab verən yaşayış üçün nəzərdə tutulmuş evə məlumatlandırma icraatının qaydaları tətbiq olunmalıdır. İşin müəyyən edilmiş hallarından (cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktından və layihədən) görünür ki, tikilinin mərtəbə sayı, hündürlüyü və aşırımlarının uzunluğu qeyd edilən tələblərə cavab verir. Eyni zamanda iddiaçının məlumatlandırma icraatına riayət etməsinə dair sübutlar məhkəməyə təqdim edilib. Odur ki, məhkəmə iddiaçı tərəfindən inşa edilmiş tikilinin Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev olmaması qənaətinə gəlməyə əsas vermir. Belə ki, normativ sənədlərdə otaqların sayı tikilinin fərdi yaşayış evi hesab edilib-edilməməsini şərtləndirmir, yəni bununla bağlı qanunvericilikdə məhdudiyyət yoxdur. Belə olan təqdirdə, məhkəmə iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri deyil, tikintisinə icazə tələb olunan tikinti obyekti olduğu qənaətinə gəlmir.
33. Məhkəmə müəyyən edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.10.2-ci maddəsində nəzərə tutulmuş hüquqmüəyyənedici sənədlər mövcuddur və iddiaçı tərəfindən həm inzibati orqana, həm də məhkəməyə təqdim edilmişdir və özünə məxsus olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququnun qeydə alınmasına qanuni gözləntisi var.
34. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir
35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva