Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7035/2021 08.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyasına qarşı arayışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyainin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu Əsgərov Pəvinin Milli Qvardiyada həqiqi hərbi xidmətdə olduğu zaman döyüş tapşırığını yerinə yetirərkən 13 sentyabr 2011-ci il tarixdə həlak olmasını nəzərə alaraq ona şəhidlik statusunun verilməsi üçün müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14.09.1991-ci il təvəllüdlü övladı X12 03 aprel 2011-ci il tarixdə hərbi xidmətə getmiş və Azərbaycan Respublikası Xüsusi X7 Milli Qvardiyasında xidmət etmişdir. 13 sentyabr 2011-ci il tarixdə, saat 07 radələrində xidməti işlə əlaqədar hərbi vəzifəli şəxs X8 ilə birlikdə Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində X13 tərəfindən törədilən qəza nəticəsində həlak olmuşdur. Təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum edilmişdir. X18 hərbi xidməti vəzifəsini icra edən zaman kiminsə qanunsuz hərəkətinin qurbanı olmuşdur. Onun oğlu vətənin keşiyində duraraq bu məqsədlə hansısa xidmətlə əlaqədar tapşırığı yerinə yetirmək üçün hərbi hissəni tərk etmiş və tapşırığı icra edən zaman həlak olmuşdur. Bütün bunlara baxmayaraq, X9 şəhidlik statusu verilməmişdir. X12 xidmət etdiyi müddətdə özünün əldə etdiyi nailiyyətlərə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı "Hərbi Xidmətlərə görə” medalı ilə təltif edilmişdir. Övladının ölüm haqqında tibbi şəhadətnaməsində onun ölüm səbəbi tam əksini tapmamışdır. Belə ki, ölüm səbəbi olaraq "avtoqəza səbəbindən baş verən travmatik şok nəticəsində ölüm baş vermişdir” yazılmışdır. X3 xidmət etdiyi Azərbaycan Respublikası Dövlət X15 Qvardiyasının səlahiyyətli səhiyyə təşkilatı tərəfindən əsgər Əsgərov Pərvinin ölüm səbəbi kimi onun Dövlət Mühafizə Xidmətinin müvafiq tapşırığının icrası zamanı baş verməsi göstərilməmişdir. Odur ki, o, 11.03.2021-ci il tarixdə övladı X6 ölüm səbəbinin onun xidmət etdiyi Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasında xidməti tapşırığın icrası zamanı baş verməsinə dair arayış verilməsi üçün müraciət etmiş və imtina almışdır. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı oğlu X12 02 aprel 2011-ci il tarixdən 13 sentyabr 2011-ci il tarixədək XDMX-nin Milli Qvardiyasında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Milli Qvardiyanın Fəxri qarovul taborunun 2-ci Fəxri qarovul bölüyünün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X12 13 sentyabr 2011-ci İl tarixdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 43,9-cu kilometrliyində avtomobil trasının mühafizəsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirərkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ağır bədən xəsarətləri almış və vəfat etmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə və Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarfnın (bundan sonra - Qaydalar) 1.1-ci bəndinə əsasən şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qaydaların 1.2.6-cı yarımbəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid sayılır. Qaydaların 4.1-ci bəndinə görə şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi’nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Sözügedən 1.4.2-ci maddədə qeyd olunmuşdur ki, şəxsin şəhid hesab edilməsi haqqında hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. X2 Milli Qvardiyada xidməti vəzifələrini yerinə yetirərkən həlak olmasına baxmayaraq yuxarıda qeyd olunan qanunvericlik aktlarının normalarından görünür ki, o. şəhid hesab olunmur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə Dəvəçi rayonu, Yenikənd kəndində doğulmuşdur. - Azərbaycan Respublikası Siyəzən rayon İcra Nümayəndiliyi tərəfindən verilmiş AZ-İ 449318 №-li, 15.09.2011-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 13.09.2011-ci ildə travmatik şok səbəbi ilə ölmüşdür. - Azərbaycan Respublikası Medalının İ-227 №-li vəsiqəsinin surətindən görünür ki, X12 Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 22 avqust tarixli 2398 nömrəli sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. - Abşeron rayon məhkəməsinin 1(012)-326/2011 №-li, 22.12.2011-ci il tarixli hökmünün surətindən görünür ki, həmin hökmə əsasən X13 13 sentyabr 2011-ci il tarixdə, saat 07 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirkaçılarına, onların nəqliyyat vasitələrinə ziyan vurmamalı, hərəkət zamanı diqqətini daimi dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin etməli, yorğun vəziyyətdə avtomobili idarə etməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olmadığı halda bunu etməyib, Bakı- Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 43,9-cu kilometrində idarə etdiyi “Mersedes Benz” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı istiqamətində hərəkətdə olarkən sükan arxasında yuxulayaraq idarəetməni itirib hərəkət yolunun sağ ehtiyat hissəsinə çıxaraq dayanmış piyadaları vuraraq ehtiyatsızlıqdan X6 aldığı tramva kompleksi nəticəsində inkişaf etmiş travmatik-hemorragik şok xəsarəti yetirməklə ölümünə, X1 qanitirmə ilə müşayiət olunmuş dalağın cırılması, ikitərəfli posttravmatik ekssudativ plevrit, başın təpə nahiyəsini yarası, sol baldırın hematoması, bədənin çoxsaylı sıyrıqları xəsarətləri yetirməklə sağlamlığına ağır və X10 qasıq bitişməsinin aralanması xəsarəti yetirməklə sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, həmin Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisədən sonra zərərçəkmişlərə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək qəti olaraq 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05.04.2021-ci il tarixli, 414 nömrəli məktubdan görünür ki, oğlu Pərvin Əsgərovun Milli Qvardiyada müddətli həqiqi hərbi xidmətdə olduğu zaman xidməti tapşırığı yerinə yetirərkən 13 sentyabr 2011-ci il tarixdə həlak olmasını nəzərə alaraq ona şəhidlik statusunun verilməsi üçün müvafiq arayışın təqdim edilməsi ilə bağlı 11.03.2021-ci il tarixdə daxil olmuş ərizəsinə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində baxılmışdır. Məsələ ilə bağlı bildirirlir ki, şəhid statusunun verilməsinin əsasları və qaydaları müvafiq normativ hüquqi aktlarla tənzimlənir. X12 Milli Qvardiyada döyüş tapşırığını yerinə yetirərkən həlak olmasına baxmayaraq o şəhid hesab olunmur. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının oğlu X12 Milli Qvardiyanın Fəxri qarovul taborunun 2-ci Fəxri qarovul bölüyünün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuş və 13 sentyabr 2011-ci İl tarixdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 43,9-cu kilometrliyində avtomobil trasının mühafizəsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirərkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ağır bədən xəsarətləri alaraq vəfat etmişdir. X6 ölümü ilə əlaqədar X13 təqsirli bilinərək məhkum edilmişdir. İddiaçı oğluna şəhidlik statusunun verilməsi üçün müvafiq arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları” Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir. Həmin Qaydaların: - 1.1-ci bəndinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərdir. - 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; - 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Göstərilən qanunvericilik normalarının təhlilindən göründüyü kimi «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. İş materialları və tərəflərin dəlilləri ilə müəyyən edilir ki, iddiaçının oğlu Pərvin Əsgərov 13.09.2011-ci il tarixdə xidmət vəzifəsini icra edən zaman baş vermiş yolnəqliyyat hadisəsində aldığı xəsarətlər nəticəsində həlak olsa da həmin zaman Pərvin Əsgərovun xidməti vəzifəsi döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının oğlu Pərvin Əsgərov Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmadığından yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq şəhid hesab edilmir. Ona görə də cavabdeh inzibati orqanın imtinası qanun və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-7035/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7035/2021
08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver