Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7035/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi və torpaq sahəsinin qeydiyyatı” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (ünvan 2i rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışa əsasən mənzil kimi xx.xx.2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə onun adına Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış ünvan 2i rayonu, X4 küçəsi, ev 27 ünvanında yerləşən 65,5 kv. metrdən ibarət yaşayış sahəsinin fərdi yaşayış evi kimi və həmin evin yerləşdiyi 154,9 kv. metr torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışa əsasən ünvan 2i rayonu, X4 küçəsi, ev 27 ünvanında yerləşən 65,5 kv. metrdən ibarət yaşayış sahəsi mənzil kimi xx.xx.2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan mənzil əvvəllər əri X3 məxsus olmuş, daha sonra isə arasında bağlanmış bağışlama müqaviləsinə əsasən onun mülkiyyətinə keçmişdir. Həmin mənzilə dair X2 atası X6 adına 04 dekabr 1992-ci ildə Texniki Pasport tərtib olunmuşdur. Nəsimi rayon İcraiyyə Komitəsinin 12 fevral 1992-ci il tarixli 136/10 saylı sərəncamına əsasən X11 7 nəfərdən ibarət ailə üzvi ilə birlikdə (o cümlədən oğlu X7) həmin mənzildə Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşlar olaraq məskunlaşmışlar. Mənzil kimi qeydiyyata alınmış yaşayış sahəsinə dair tərtib olunmuş Texniki Papsportun göstəricilərindən də göründüyü kimi, mişar daşından (kubik) inşa edilməklə bir mərtəbədən ibarətdir və fərdi yaşayış evinin xüsusiyyətlərinə malikdir. Həmin yaşayış sahəsinin (mənzil) fərdi yaşayış evi kimi qeydyyata alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət esəm də, sonuncunun xx.xx.2024-cü il tarixli məktubu ilə müraciətindən imtina olumuşdur. Hesab edir ki, imtina məktubunda qeyd edilən əsaslar tamamilə qanunsuz və əsassızdır.
3. Cavabdeh tərəfindən iddiçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən mənzilin fərdi yaşayış evinə keçirilməsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Yuxarıda qeyd olunan müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətə yenidən qanunamüvafiq qaydada baxılacaqdır.
4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda bildirilmişdir ki, İddiaçı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mənzil kimi xx.xx.2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə ünvan 2i rayonu, X4 küçəsi, ev 27 ünvanında yerləşən 65,5 kv.m-dən ibarət yaşayış sahəsinin fərdi yaşayış evi kimi və həmin evin yerləşdiyi 154,9 kv.m torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə idarəyə müraciət etmiş və **********67 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən mənzilin fərdi yaşayış evinə keçirilməsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman mənzilin arxiv texniki pasportu ilə müqayisədə dəhliz sahəsinin bir hissəsinin 10,8 kv.m. sonradan artırıldığı məlum olmuşdur.
5. 17.12.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X5 ünvan 2i rayonu, F.Qasımzadə b 27 ünvanında yerləşən ümumi sahəsi 65.5 kv.m, yaşayış sahəsi 32 kv.m olan 2 otaqlı mənzili İddiaçı bağışlamışdır.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i rayonu, X4 küçəsi, ev 27 olan mənzil İddiaçı adına mülkiyyət hüquqları qeydiyyata alınmışdır (Daşınmaz əmlakın reyestr nömrəsi: **********79-05101-093004, Qeydiyyat tarixi: xx.xx.2015).
7. xx.xx.2025-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Mənzil faktiki vəziyyətə uyğun eskiz olundu. Arxiv texniki pasportu ilə müqayisədə Dəhliz sahəsinin bir hissəsi S= 10.8 m2 sonradan artırıldığı üçün ümumi sahədə fərq yaranmışdır. Mənzildə yaşayış var. Ərizəçinin istifadəsində S= 61.2 m2 torpaq sahəsi mövcuddur. Həyətdə S= 2.5 m2 sanitar qovşağı və 4 saylı yerləşkənin altında (mətbəxin) zirzəmi sahəsi var. (Ümumi sahə: hüquq müəyyənedici sənəd üzrə 65.5kv.m – faktiki 78.6 kv.m; yaşayış sahəsi: faktiki 31.4 kv.m; köməkçi sahə: 47.2 kv.m; S ərazi= 170.2 kv.m)
8. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məlumatların və sənədlərin surətinin verilməsi barədə məktubda qeyd edilmişdir ki, arxiv qovluğunda sözügedən mənzilə aid texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
9. Qeyd edilən fərdi yaşayış evinə dair altındakı torpaq sahəsinin ölçüsü 154,9 kv.m göstərilməklə xx.xx.1992-ci ildə tərtib edilmiş texniki pasport mövcuddur.
10. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
12. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
14. X9 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
15. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
16. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
17. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
18. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
19. X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlərhüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
21. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
22. Məhkəmə ilk növbədə müəyyən edir ki, ünvan 2i rayonu, X4 küçəsi, ev 27 olan mənzil İddiaçı xüsusi mülkiyyətində olması işin mübahisəsiz halıdır.
23. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı xüsusi mülkiyyətlərində olan mənzili fərdi yaşayış evi kimi və altındakı 154,9 kv.m torpaq sahəsinə dair mövcud paylar üzrə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın (fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən vahid çıxarışın) verilməsini tələb etmişdir.
24. Məhkəmənin hazırki iş üzrə mövqeyi “vahid daşınmaz əşya” və “vahid mülkiyyət obyekti” anlayışlarına əsaslanır.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
245. ...Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
26. Məhkəmə hesab edir ki, şəxsin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları qeydə alındığı təqdirdə həmin evin altındakı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi qeyd edilən yanaşmaya (“vahid daşınmaz əşya” və “vahid mülkiyyət obyekti”) əsasən qanuni hesab edilə bilməz. Belə ki, şəxsin xüsusi mülkiyyətində olan fərdi yaşayış məhz onun isifadəsi üçün zəruri olan torpaq sahəsinin üzərində yerləşir və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) daşınmaz əşyadır. Eyni zamanda torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınarkən torpaq sahəsinin üzərində yerləşən daşınmaz əmlak və həmin daşınmaz əmlakın istifadəsi üçün zəruri olan sahə nəzərə alınmaldır.
27. Mənzil Məcəlləsindən: 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.
28. Məhkəmə nəzərə alır ki, xx.xx.2025-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Mənzil faktiki vəziyyətə uyğun eskiz olundu. Arxiv texniki pasportu ilə müqayisədə Dəhliz sahəsinin bir hissəsi S= 10.8 m2 sonradan artırıldığı üçün ümumi sahədə fərq yaranmışdır. Mənzildə yaşayış var. Ərizəçinin istifadəsində S= 61.2 m2 torpaq sahəsi mövcuddur. Həyətdə S= 2.5 m2 sanitar qovşağı və 4 saylı yerləşkənin altında (mətbəxin) zirzəmi sahəsi var. (Ümumi sahə: hüquq müəyyənedici sənəd üzrə 65.5kv.m – faktiki 78.6 kv.m; yaşayış sahəsi: faktiki 31.4 kv.m; köməkçi sahə: 47.2 kv.m; S ərazi= 170.2 kv.m)
29. Beləliklə, müayinə aktından görünür ki, iddiaçıya məxsus yaşayış sahəsi mənzil kimi qeydə alınsa da, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş evdir.
30. Torpaq sahəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir.
31. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanuna əsasən: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
32. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədləri siyahısına əsasən: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport
33. İş materiallarına əsasən müəyyən edilir ki, qeyd edilən fərdi yaşayış evinə dair altındakı torpaq sahəsinin ölçüsü 154,9 kv.m göstərilməklə hələ 1992-ci ildə tərtib edilmiş texniki pasport mövcuddur.
34. Belə olan təqdirdə, İddiaçı xüsusi mülkiyyətlərində olan yaşayış sahəsinin altındakı 154,9 kv.m torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi kimi kimi mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etməyə “qanuni gözlənti”si var.
35. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının vəziyyətinə mütənasib olmamaqla onun üzərinə həddən artıq yük qoymuşdur, nəticə etibarilə iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunmamışdır.
36. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
37. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 2i rayonu, X4 küçəsi, ev 27, mənzil ünvanında qeydə alınmış daşınmaz əmlakı altındakı 154,9 kv.m torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi kimi İddiaçı adına qeydiyyata alaraq mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva