Məhkəmə qərarları › İş №2-1(112)-7037/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7037/2021

06.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7037/2021 06.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, iddiaçının nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı-nin Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı, "xxxx" MMC üçüncü şəxs qismində göstərilməklə “sərəncamların ləğv edilməsi” tələbinə iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı, "xxxx" MMC üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 01.06.2001-ci il tarixli 403 nömrəli sərəncamının “2.3” bəndi və İddiaçı-nin istifadəsində olmuş 2,8 ha torpaq sahəsinin "xxxx" MMC-yə ayrılması haqqında 24.05.2012-ci il tarixli 209 nömrəli sərancamının ləğv edilməsi, İddiaçı-yə məxsus 2,8 ha torpaq sahəsinin "xxxx" MMC-nin qanunsuz sahibliyindən alınaraq İddiaçı-nin istifadəsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 27.03.1991-ci il tarixli 3/104 nömrəli sərəncamı ilə Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizkənarı sahədə 2,53 ha və 2,8 ha torpaq sahəsi təsisçisi olduğu İddiaçı-nin istifadəsinə ayrılmışdır. 2,53 ha torpaq sahəsində inşaat-abadlıq islərinə başlanmışdır. Bu tikililər sonradan İddiaçı-nin mülkiyyətinə qeydə alınaraq bu barədə müvafiq çıxarış verilmişdir. 2,8 ha torpaq sahəsində zəruri avandanlıqlar quraşdırılaraq təyinatı üzrə çimərlik qismində istifadə edilmişdir. Lakin bir müddət xarici ölkədə müalicədə olmağından sui-istifadə edilərək Bakı Şəhər İcra Hakimiyyəti başçısının adından 01.06.2001-ci il tarixli 403 nömrəli saxta sərəncam tərtib və təsdiq edilməklə 2,8 ha torpaq sahəsinin İddiaçı-yə ayrılmasına dair 27.03.1991-ci il tarixli 3/104 nömrəli sərancamın 2.3-cü bəndinin ləğv edilməsi haqqında saxta sərancama daxil edilmişdir. Bundan xeyli sonra iddiaçının hüquqlarımın bərpası məqsədilə dəfələrlə müvafiq dövlət qurumlarına, o cümlədən cavabdehə etdiyi müraciətlər nəticəsiz qalmışdır. Sonradan məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 24.05.2012-ci il tarixli 209 nömrəli sərancamı ilə iddiaçının istifadəsindəki 2,8 ha torpaq sahəsi "xxxx" MMC-yə ayrılmışdır. Bununla əlaqədar hər iki sərəncamın ləğvi barədə 2015-ci ildə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən məhkəmənin müvafiq qərardadı ilə ekspertiza təyin edilmiş və müvafiq rəy alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının adından 01.06.2001-ci il tarixli 403 nömrəli sərəncamın tərtib və təsdiq edilməsinin saxta olduğu məhkəmə ekspertiza mərkəzinin rəyi ilə təsdiq edilmişdir. İşə məhkəmə baxışı zamanı cavabdeh və üçüncü şəxs barışıq sazişinin bağlanmasını təklif etmişdir. Bu təkliflə razılaşıb, iddia ərizəsinin qaytarılması barədə məhkəməyə müraciət etmiş və məhkəmənin 2015-ci il 04 sentyabr tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdehlər uzun müddət müxtəlif vədlər versələr də, öz vədlərinə əməl etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir. İPM-in 13 və 48-ci maddələrinə əsasən məhkəmə tərəfindən iddiaçı X2 hüquqi yardım göstərilərək, izah edilmişdir ki, hazırkı işdə iddiaçı qismində İddiaçı iştirak edə bilər. Məhkəmə iclasında iddiaçı X4 məhkəməyə müraciət edərək, onun əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla əsl olmayan iddiaçı X4 əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, 06 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4, o cümlədən iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın mümkün hesab edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 21 iyun 2021-ci il tarixli məktubuna əlavə edilmiş, Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) 27.03.1991-ci il tarixli, 3/104 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Firmasının Bakı filialına Bilgəh qəsəbəsində dənizkənarı sahədə çimərlik zonasının təşkili üçün torpaq sahəsi ayrılmışdır (30-cu bənd); Bakı Şəhər İcra Hakimiyyətinin 12 avqust 2021-ci il tarixli məktubuna əlavə edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 01.06.2001-ci il tarixli, 403 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Firmasının Bakı filialına çimərlik zonasının təşkili üçün 2,8 ha torpaq sahəsi ayrılması ilə əlaqədar 27.03.1991-ci il tarixli 3/104 saylı qərar ləğv edilmişdir (2.3-cü bənd); Bakı Şəhər İcra Hakimiyyətinin 12 avqust 2021-ci il tarixli məktubuna əlavə edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 24.05.2012-ci il tarixli, 209 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Sabunçu Rayon İcra Hakimiyyətinin 23.05.2012-ci il tarixli, 1/785 saylı razılıq məktubu və "xxxx" MMC-nin 15.05.2012-ci il tarixli, 0142 saylı müraciəti nəzərə alınaraq, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qələbə küçəsində turizm obyektinin tikintisinin layihələndirilməsi üçün 2,8 ha torpaq sahəsi icarə əsasında həmin MMC-nin istifadəsinə verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27.12.2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25.01.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının 01.06.2001-ci il tarixli, 403 nömrəli sərəncamının 2.3-cü bəndi və Bakı şəhəri İcra hakimiyyəti başçısının 24.05.2012-ci il tarixli 209 nömrəli sərəncamları, ən gec halda iddiaçı tərəfindən 2015-ci ildə məhkəmədə mübahisələndirilərkən (sərəncamların ləğvi barədə iddia irəli sürmüşdür) ona məlum olmuşdur. Belə olan halda, iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur və İPM-in 38.1-ci maddəsinin tələbləri nəzərə alındıqda, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamların ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Qeyd edilən fakt iddiaçının iddia ərizəsində təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. İddiaçı isə həmin iddia müddətini ən azı 6 ildən artıq vaxt ötürmüşdür. Məhkəmə bir daha vurğulayır ki, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçını üzərinə düşür. Lakin iddiaçı prosessual müddətin hər-hansı üzrlü səbəbdən ötürüldüyünü əsaslandıra bilməmişdir. Digər iddia tələbinə (torpaq sahəsinin iddiaçıya qaytarılması) münasibətdə isə məhkəmə bildirir ki, əsas iddia tələbindən (sərəncamların ləğv edilməsi) asılı olduğundan, birinci tələbin mümkün sayılmaması sonrakı iddia tələbinin də mümkün hesab olunmaması üçün əsas yaradır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı-nin Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı, "xxxx" MMC üçüncü şəxs qismində göstərilməklə “sərəncamların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar