Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7039/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı «qərarın ləğv edilməsi və vergi borcunun silinməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı «borcun silinməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 27 sentyabr 2005-ci il tarixdə notarial qaydada alqı-satqı yolu ilə almışdır. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 8 may 2021-ci il tarixli A-10 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, onun xüsusi mülkiyyətində olan həmin daşınmaz əmlaka görə illik əmlak və torpaq vergisi 115,38 manat məbləğində hesablanmış, 2017-ci ildən etibarən ümumilikdə bələdiyyənin büdcəsinə 917,34 manat ödənilmiş və 982,34 manat borc qalmışdır. Fiziki şəxslərin əmlak və torpaq vergisi Vergi Məcəlləsinin 196 – 200, 203 – 208-ci maddələrinə müvafiq şəkildə müəyyən edilir və hesablanır. Vergi Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq əgər vergi ödəyicisinin borcu yaranarsa, həmin borcun ödənilməsi barədə müvafiq vergi ödəyicisinə xəbərdarlıq olunmalı və bələdiyyə bildirişi verilməlidir. 2017-ci ilədək ona (iddiaçıya) heç bir tədiyə bildirişi təqdim edilməmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanlarının fiziki şəxslərin əmək və torpaq vergisinin hesablanmasına aid olan hissəsində səlahiyyətli orqan yerli bələdiyyələr hesab edilir. Belə qənaətə gəlinir ki, fiziki şəxslərdən vaxtında yığılmamış (və ya ödənilməmiş) əmlak və torpaq vergisinin 5 ildən artıq olan borc qalığının tələb etmə müddəti Vergi Məcəlləsinə əsasən bitmişdir. 2017-ci ilədək bələdiyyə tərəfindən tələb edilmədiyi üçün (bələdiyyə bildirişi təqdim edilməmişdir) iddaçı əmlak və torpaq vergisi ödəməmişdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən həmin il üzrə ödənilməmiş tələbetmə müddəti bitməmiş 5 illik ümumi borc 576,9 manatdan (5 x 115,38 manat) artıq ola bilməzdi. Beş ildən əvvəlki borcların tələbetmə müddəti Vergi Məcəlləsinə əsasən bitmiş hesab edilir. 2018 – 2020-ci illər üzrə isə borc 346,14 manat (3 x 115,38 manat), ümumi borc isə 923,04 (576,9 + 346,14) manat təşkil etmişdir. İddiaçı 2017-ci ildən hal-hazıradək ümumilikdə 895 manat məbləğində vergiləri bələdiyyə büdcəsinə ödəmişdir. Belə olan təqdirdə, onun bələdiyyə büdcəsinə borcu 28,04 (923,04 – 895) manat təşkil etməlidir. Qeyd olunanlara baxmayaraq, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsindən eyni gündə alınmış məktubda 982,34 manat və arayışda 917,34 manat borcun olduğu göstərilmişdir. İddiaçı tərəfindən Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə dəfələrlə müraciət olunaraq, hesablanmış vergi məbləğlərinin əsassız olduğu bildirilsə də, bu günədək heç bir qanunamüvafiq tədbir görülməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, Vergi Məcəlləsinin 15, 24, 53.3, 54, 62ci maddələrinə, İPM-in 68 – 70-ci maddələrinə əsaslanaraq, iddiaçıya hesablanmış 982,34 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «vergi borcunun silinməsi və qərarın ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri, muxtar respublika vergiləri, yerli vergilər (bələdiyyə vergiləri). Həmin Məcəllənin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması), bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması), bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin Məcəllənin 8.1-ci maddəsinə görə yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: (8.1.1) bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi, (8.1.2) fiziki şəxslərin əmlak vergisi. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İş materiallarından görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qqeydiyyatı İdarəsi tərəfindən FN seriyalı 038913 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarından görünür ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən İddiaçı 23 sentyabr 2020-ci il, 14 oktyabr 2020-ci il və 23 noyabr 2020-ci il tarixli TV-10xx-xx-4066 nömrəli tədiyə bildirilşləri verilmiş və həmin bildirişlərdə Vergi Məcəlləsinin 198.1.1 və 206.3-cü maddələrinə istinad olaraq, 2020-ci il üzrə 115,38 manat əmlak, torpaq və torpaqdan istifadə vergisinin hesablandığı, ötən dövrlər üzrə vergi borcunun 866,96 manat təşkil etdiyi bildirilmişdir. İş materiallarından görünür ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən İddiaçı “Vergi borcunun ödənilməsinə dair” 23 sentyabr 2020-ci il tarixli RB/123 saylı və 14 oktyabr 2020-ci il tarixli RB/144 saylı xəbərdarlıq məktubları ünvanlanmış və həmin xəbərdarlıqlarda Azərbaycan Respublikası Konstitusiyasının 73.1-ci maddəsinə, Vergi Məcəlləsinin 8, 59.1, 196, 198.1.1, 200.1, 203.1, 203.2, 208.1, 208.6-cı maddələrinə istinad olunaraq aşağıdakılar bildirilmişdir: - Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olduğunuz torpaq sahəsinə və əmlaka görə ötən illər üzrə hesablanmış vergini ödəməkdən yayınmısınız. Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi olaraq Sizdən xahiş edilir ki, qanunvericiliklə üzərinizə qoyulmuş öhdəliyi yerinə yetirməklə torpaq və əmlak vergisi üzrə yaranmış 866,96 manat borcu 10 gün müddətində banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitəsi ilə M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsini təmin edəsiniz. Əks təqdirdə, vergi borcunun məcburi qaydada tutulması, əmlakınızın üzərinə həbs qoyulması, həmçinin ölkədən getmə hüququnuzun məhdudlaşdırılması ilə əlaqədar qanuna müvafiq tədbirlərin görülməsi üçün Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən məhkəmədə Sizə qarşı iddia qaldırılacaqdır. İş materiallarından görünür ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən İddiaçı “Vergi borcunun ödənilməsinə dair” 2 dekabr 2020-ci il tarixli RB/315 saylı xəbərdarlıq məktubu ünvanlanmış və həmin xəbərdarlıqda Azərbaycan Respublikası Konstitusiyasının 73.1-ci maddəsinə, Vergi Məcəlləsinin 8, 59.1, 196, 198.1.1, 200.1, 203.1, 203.2, 208.1, 208.6-cı maddələrinə istinad olunaraq aşağıdakılar bildirilmişdir: - Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olduğunuz torpaq sahəsinə və əmlaka görə ötən illər üzrə hesablanmış vergini ödəməkdən yayınmısınız. Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi olaraq Sizdən xahiş edilir ki, qanunvericiliklə üzərinizə qoyulmuş öhdəliyi yerinə yetirməklə torpaq və əmlak vergisi üzrə yaranmış 982,34 manat borcu 10 gün müddətində banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitəsi ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsini təmin edəsiniz. Əks təqdirdə, vergi borcunun məcburi qaydada tutulması, əmlakınızın üzərinə həbs qoyulması, həmçinin ölkədən getmə hüququnuzun məhdudlaşdırılması ilə əlaqədar qanuna müvafiq tədbirlərin görülməsi üçün Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən məhkəmədə Sizə qarşı iddia qaldırılacaqdır. İş materiallarından görünür ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi 14 yanvar 2021-ci il tarixdə aşağıdakılar barədə 01/04 nömrəli qərar qəbul etmişdir: - Vətəndaş İddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ona məxsus torpaq sahəsinə və əmlaka görə yaranmış 982,34 manat məbləğində borcun Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə köçürülməsinə məcbur edilsin. Vergi borcu 10 gün müddətinə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin hesablaşma hesabına ödənilsin. Qərarın icrası Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş materiallarında olan Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin İddiaçı ünvanlanmış 8 may 2021-ci il tarixli məktubda aşağıdakılar bildirilir: - 27 aprel 2021-ci il tarixli ərizənizə baxılmışdır. ünvan 2 ünvanında yerləşən 22 sentyabr 2005-ci il tarixdən etibarən Bakı ŞİH TİMHQ İdarəsi tərəfindən verilmiş FM seriyalı 038913 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyətinizdə olan fərdi yaşayış evinə görə bələdiyyənin vergi xidməti orqanında illik 115,38 manatdan ibarət olmaqla adınıza torpaq əmlak vergisi hesablanmışdır. Verginin ödənilməsi barədə tədiyə bildirişi dəfələrlə ünvanınıza təqdim edilməsinə baxmayaraq, hesablanmış vergi məbləği bələdiyyə büdcəsinə tam şəkildə ödənilməmişdir. Tərəfinizdən ümumilikdə bələdiyyənin büdcəsinə 917,34 manat məbləğində vergi borcu ödənilmişdir ki, bu məbləğ də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.0.1-ci maddəsinin tələbinə uyğun olaraq yaranma ardıcıllığı ilə hesablanmış verginin məbləğindən çıxılmışdır. Odur ki, bələdiyyənin 2 dekabr 2020-ci il tarixli RB/315 saylı xəbərdarlıq məktubu ilə sizə müraciət olunaraq torpaq və əmlak vergisi üzrə bələdiyyə büdcəsinə yaranmış 982,34 manat borcun 10 gün müddətində banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitəsi ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin hesabına ödənilməsi təklif edilmişdir. Qeyd olunanlara baxmayaraq, yaranmış borc məbləği könüllü şəkildə bələdiyyənin büdcəsinə ödənilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 82.2 və 87-ci maddələrinə əsasən pul tələbinin məcburi ödənilməsinə dair barənizdə bələdiyyə tərəfindən 14 yanvar 2021-ci il tarixli 01/04 saylı qərar qəbul edilərək icra edilməsi üçün «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1 və 6.1.8-ci maddələrinə uyğun olaraq aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinin 1 yanvar 2020-ci il tarixədək qüvvədə olan tələblərinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.4-cü maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədə olan tələblərinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Həmin Məcəllənin 196-cı maddəsinə görə bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 197.1-ci maddəsinə əsasən aşağıdakılar vergitutma obyekti sayılır: (197.1.1) Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri. Həmin Məcəllənin 198.1.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, fiziki şəxslər əmlak vergisini onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunmaqla (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə) ödəyirlər. Həmin maddədə göstərilən cədvəldə Bakı şəhəri üzrə fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə 0,4 manatla vergi dərəcəsi müəyyən olunmuşdur. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 200.4-cü maddəsinə görə bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Həmin Məcəllənin 200.5-ci maddəsinə görə cari il üçün verginin məbləği bərabər hissələrlə – həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Həmin 203.1-ci maddəsinə görə torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Həmin Məcəllənin 204-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 208.3-cü maddəsinə əsasən müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Əsasnamənin 5.4-cü bəndinə görə ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Əsasnamənin 5.5-ci bəndinə görə ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.6-cı bəndinə görə bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Əsasnamənin 5.7-ci bəndinə görə ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Əsasnamənin 5.10-cu bəndinə görə bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Əsasnamənin 5.11-ci bəndinə görə yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə hazırkı icraatda tədqiq edilmiş sübutlar və tərəflərin dəlilləri əsasında müəyyən edilmiş aşağıdakı xüsusatları diqqətə çəkir: - Azərbaycan Respublikasının vergi qanunvericiliyi fiziki şəxslərin əmlak vergisini və torpaq vergisini yerli vergilər (bələdiyyə vergiləri) kimi müəyyən etmiş və bütün vergilərin, o cümlədən yerli vergilərin hesablanması və hesablanmış məbləğinin yenidən hesablanması üçün müddəti 3 il həddində məhdudlaşdırmışdır. Lakin yerli vergilərin hesablanması və ödənilməsinə nəzarət edən orqan qismində çıxış edən hazırkı cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi qanunvericiliyin həmin müddəasına riayət etmədən 14 yanvar 2021-ci il tarixli 01/04 nömrəli qərarı qəbul edərkən daşınmaz əmlak müıkiyyətçisi kimi vergi ödəyicisi (hazırkı iddiaçı) İddiaçı “fiziki şəxslərin əmlak vergisi” və “fiziki şəxslərin torpaq vergisi”ni 2018 – 2020-ci illərdən əlavə 2007 – 2017-ci illərə münasibətdə də hesablamışdır. Hansı ki, həmin illər üzrə tədiyə bildirişləri müvafiq müddətlərdə vergi ödəyicisi kimi ona təqdim olunmalı idi. Belə hesablama Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü, eləcə də 200.4 və 208.3-cü maddələrinin pozulması kimi qiymətləndirilməlidir; - Həmçinin cavabdeh tərəfindən aparılan inzibati icraatda «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.3, 5.6 və 5.7-ci bəndlərinin tələbləri də gözlənilməmiş və bu müddəalarda nəzərdə tutulmuş prosedurlara əməl edilməmişdir; - Mübahisə predmeti olan 14 yanvar 2021-ci il tarixli əlverişsiz inzibati aktın qəbulu üzrə qanunla sübutetmə yükü daşıyan inzibati orqan Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin yaranmış vergi borcunun “tədiyə və dövrlər üzrə tərkibi barədə” yazılı arayışındakı göstəricilərlə (917,34 manat) mübahisə predmeti olan 14 yanvar 2021-ci il tarixliu inzibati aktda əks olunan borc məbləği (982,34 manat) arasında uyğunsuzluq mövcuddur. 14 yanvar 2021-ci il tarixli qərarda nəzərdə tutulan əlavə hesablanmış 65 manat məbləğin hansı dövrə və hansı növ tədiyəyə aid olması qeyri-müəyyəndir. Bununla da, belə nəticə əldə olunur ki, inzibati orqanın (bələdiyyənin) özünün hesablaması ilə (iddiaçı illik vergi məbləğinin bu həcmdə olmasını mübahisələndirmir) hər il üzrə qeyd olunan hər iki verginin məbləğinin cəmi 115,38 manat təşkil etdikdə, 2007 – 2017-ci illər və əlavə hesablanmış 65 manat məbləğ istisna olmaqla 2018 – 2020-ci illər üzrə verginin ümumi məbləğini 346,14 manat həcmində hesablaya bilərdi. Lakin nəzərə alınmalıdır ki, M.Ə.Rəsulzadə bələdiyyəsinin müvafiq arayışından da görünür ki, 14 yanvar 2021-ci il tarixli qərar qəbul olunanadək 2018, 2019 və 2020-ci illər üzrə vergi ödəyicisi kimi İddiaçı hesablanmalı 346,14 manat həmin vergi borcundan ümumilikdə 325 manat ödəniş həyata keçirmişdir. Belə olan halda, 14 yanvar 2021-ci il tarixə 21,14 manat qalıq borc mövcud olunur. Odur ki, 14 yanvar 2021-ci il tarixli 01/04 nömrəli qərarla vergi borcu üzrə aparılmış 982,34 manat həcmində hesablama “21,14 manat vergi borcu istisna olmaqla qalan hissədə” qanuna ziddir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 14 yanvar 2021-ci il tarixli 01/04 nömrəli qərarı qismən qanunsuzdur və onun qəbulu İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə məhkəmə qeyd olunanlara əsaslanaraq və qanunvericiliyin sadalanan normalarının, o cümlədən AR Vergi Məcəlləsinin 70.1-ci maddəsinin, «İnzibati icraat haqqında» AR Qanununun 67.1, 67.2-ci maddələrinin, «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.10-cu bəndinin, İPM-in 70.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilərək cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 14 yanvar 2021-ci il tarixli 01/04 nömrəli qərarı 961,20 manat (982,34 – 21,14) borcun hesablanması hissəsində ləğv edilməli, İddiaçı hesablanmış həmin məbləğdə vergi borcu silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 14 yanvar 2021-ci il tarixli 01/04 nömrəli qərarı “961,20 manat borcun hesablanması” hissəsində ləğv edilsin və İddiaçı hesablanmış vergi borcunun 961,20 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7039/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7039/2021
14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver