Məhkəmə qərarları › İş №2-1(112)-704/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-704/2020

08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-704/2020 08.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X8 iştirаkı ilə, İddiaçı İnqilab qızının Cavabdehnə qarşı mənzilə dair kirayə müqaviləsinin bağlanması tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı İnqilab qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 2-ci Yeni Yasamalda yerləşən 1 saylı evin 116 nömrəli mənzilinə dair X1 adına verilmiş xx.xx.1991-ci il tarixli 013645 saylı orderin ləğv edilməsi və həmin mənzilə dair iddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-704/2020 saylı qərardadı ilə, İddiaçı İnqilab qızının Cavabdehnə qarşı iddia tələbi “orderin ləğvi” hissəsində mümkün sayılmamışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Oktyabr (Yasamal) rayon XDS 1991-ci il tarixli, 6/2 saylı qərarına əsasən xx.xx.1991-ci il tarixli 013645 saylı orderlə Gənclik MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, 2-ci Yeni Yasamalda yerləşən 1 saylı evin 116 nömrəli mənzili X2 verilmişdir. İddiaçının atası X7 ilə X4 arasında həmin evə dair faktiki alqı-satqı olmuş, mənzil 50.000 rubla satılmış, atası öz ailə üzvləri ilə birgə 1991-ci il tarixdən həmin mənzilə köçərək hal-hazırki tarixədək orada yaşamağa davam edir. X3 qızı İddiaçı İnqilab qızı həmin mənzildə qeydiyyatdadır. Həmçinin, anası mərhum X14 da vəfat edən 2017-ci il tarixədək həmin ünvanda yaşamaqla qeydiyyatda olmuşdur. X4 2012-ci ildə məhkəməyə müraciət edərək X7 və ailə üzvlərinin mənzildən çıxarılmaları ilə bağlı iddia qaldırmış, lakin iddiası rədd edilmişdir. Məhkəmədə iştirak edən X1 doğma qardaşı X5 bildirmişdir ki, evi həqiqətən də X1 mənzilinin satılması məqsədi ilə verdiyi etibarnamə əsasında və onun iradəsi ilə İ.Əzizova satmış, aldığı 50.000 rubl məbləği qardaşı X2 vermişdir. Məhkəmə aktları ilə (eləcə də X1 öz izahatı ilə) müəyyən olunmuşdur ki, həqiqətən də X7 ailə üzvləri ilə birgə 1991-ci ildə Bakı şəhəri, 2-ci Yeni Yasamalda yerləşən 1 saylı evin 116 nömrəli mənzilinə köçmüşlər və orada yaşayırlar. Həmçinin, həmin binada yaşayan qonşular tərəfindən tərtib olunmuş aktda da iddiaçının 1991-ci il tarixdən bu günədək qeyd olunan mənzildə yaşamağı, həyati mənafelərinin həmin ünvanla bağlı olduğu təsdiq olunur. Yaşayış yeri və qeydiyyatda olma haqda ******* nömrəli arayışdan həmçinin “xxxxxxxxx” MTK tərəfindən verilmiş arayışdan da göründüyü kimi iddiaçı həmin mənzilin istismarı ilə bağlı bütün xərclər –qaz, işıq, su və digər kommunal xərcləri iddiaçı tərəfindən olunmuşdur. Qonşular tərəfindən tərtib olunmuş aktdan da göründüyü kimi həqiqətən də onlar – X7, X14, İddiaçı İnqilab qızı və X9 1991-ci il tarixdən Bakı şəhəri, 2-ci Yeni Yasamalda yerləşən 1 saylı evin 116 nömrəli mənzilinə köçərək həmin mənzildə yaşamışdır. Eyni zamanda məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur ki, X4 və ailə üzvləri heç vaxt Bakı şəhəri, 2-ci Yeni Yasamalda yerləşən 1 saylı evin 116 nömrəli mənzildə yaşamayıblar. Əksinə X7 və ailə üzvləri 1991-ci il tarixdən hal-hazıradək həmin mənzildə qeydiyyatda olmaqla maneəsiz yaşayırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-798/2013 saylı, xx.xx.2013-cü il tarixli Qərarı ilə təsdiqlənmişdir ki, “mübahisəli mənzil S.Məmmədovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə həmin mənzilə dair tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənməsi mümkün olmamışdır, iddiaçı S.Məmmədovun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olan qardaşı Ə.Məmmədovla cavabdehlər arasında olan şifahi razılaşmaya əsasən Ə.Məmmədov mübahisəli mənzili cavabdehlərə 50.000 rubla faktiki olaraq satmış və cavabdehlərin öz ailə üzvləri ilə köçüb həmin mənzilə daimi pasport qeydiyyatına aldırmışdır. Cavabdehlər öz növbəsində ötən 21 il ərzində öz ailə üzvləri ilə birlikdə fasiləsiz və etirazsız yaşayıb ümumi təsərrüfatı idarə etmiş, mənzilə dair kommunal xidmət haqlarını ödəmiş, mənzilin yaşayış üçün yararlı vəziyyətdə saxlanılması üçün şəxsi vəsaitlərini xərcləmişlər. Cavabdehlər mübahisəli mənzildən iddiaçı ilə bərabər istifadə hüququ əldə etdiklərinə və hazırki avxta qədər orada yaşadıqlarına görə, onların həmin mənzildən çıxarılması üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Göründüyü kimi X4 ilə iddiaçı arasında alqı-satqının mövcud olğununa məhkəmələr tərəfindən hüquqi qiymət verilmiş, həqiqətən də mübahisəli mənzilin 50.000 rubl məbləğində iddiaçıya satılması, məhz S.Məmmədovun iradəsi ilə iddiaçının həmin mənzilə köçüb yaşamağı, həmin mənzil ilə hüquq münasibətinin mövcudluğu, S.Məmmədovun və ailə üzvlərinin isə heç bir zaman mübahisəli mənzildə yaşamadıqları müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili R.Məmmədova iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçınınnümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: - Cavabdeh tərəfindən İddiaçı İnqilab qızına ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, Ə 225-068 saylı məktubuna əsasən, İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan yaşayış sahəsi Cavabdeh 013645 nömrəli, xx.xx.1991-ci il tarixli order ilə X2 məxsus olduğundan, iddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması mümkün deyildir. - Azərbaycan Respublikası İcra Hakimiyyətinin Nəznində Bakı şəhəri “xxxxxxxxx” MTK tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı İnqilab qızı ünvan 3, mənzil 116-da 1991-ci ildən hal-hazıradək yaşayır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı İnqilab qızı ünvan 1 ünvanında qeydiyyatdadır. - Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4378/2012 saylı, xx xxxxxxx 2012-ci il tarixli qətnaməsindən görünür ki, apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı X1 cavabdehlər X6, X11 və İddiaçı İnqilab qızına qarşı Bakı şəhəri, Yasamal-2, ev 1, 116 saylı mənzildən çıxarılmalarına dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmə sorğusu əsasında təqdim olunmuş: - Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh Başçısının xx xxxx 2020-ci il tarixli, 572/d saylı məktubuna əlavə edilmiş Oktyabr rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 013645 nömrəli orderindən görünür ki, ünvan 3 ünvanında yerləşən sahəsi 30,14; 2 otaqlı 116 saylı mənzil X2 verilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, 05/2-125/13 saylı məktubuna əlavə edilmiş ölüm haqqında akt qeydindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X4 xx xxxxxx 2018-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx xxxx 2020-ci il tarixli, 05/1383-11 saylı məktubuna əsasən, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 adına vərəsəlik işi açılmamışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə istinad edərək, Bakı şəhəri, 2-ci Yeni Yasamalda yerləşən 1 saylı evin 116 nömrəli mənzilinə dair kirayə müqaviləsinin bağlanmasını tələb edir və bu halı onunla əsaslandırır ki, sözügedən mənzil üzərində S.Məmmədovun adına olan order formal xarakter daşıyaraq, həmin mənzil alqısatqı müqaviləsi ilə iddiaçının atasına satılmış və iddiaçı hazırki gündə həmin mənzildə qeydiyyatdadır. Məhkəmə tərəfindən araşdırılmalı hal İddiaçı İnqilab qızının Bakı şəhəri, 2-ci Yeni Yasamalda yerləşən 1 saylı evin 116 nömrəli mənzil ilə bağlı kirayə müqaviləsinin bağlanması üçün əsasın olub-olmamasıdır. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı maddəsinə əsasən yerli icra hakimiyyəti başçısı şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 48-ci maddəsinə əsasən order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icraədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 83-cü maddəsinə görə SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Şərh olunan maddələrin normalarına görə, 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə görə, mənzilə dair kirayə müqaviləsinin bağlanması vətəndaşa verilmiş order əsasında həyata keçirilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı İnqilab qızı Bakı şəhəri, 2-ci Yeni Yasamalda yerləşən 1 saylı evin 116 nömrəli mənzildə qeydiyyatda olsa da, iddiaçının sözügedən mənzilə dair xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsininə əsaslanmaqla kirayə müqaviləsinin bağlanması üçün qanunvericilik ilə nəzərdə tutulmuş orderi mövcud deyildir. İddiaçı mənzil üzrə hüquqlarının olmasını onunla əsaslandırır ki, həmin mənzilə dair iddiaçının ailə üzvləri ilə X4 arasında müqavilə münasibətləri mövcud olmuş, həmin münasibətlər zəminində iddiaçı 50.000 rubl ödəmiş və qarşılığında həmin evi almışdır. Alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmasa da, mülki qaydada mənzildən çıxarılma ilə bağlı işə baxılan zaman, razılaşmanın faktiki olaraq mövcud olduğu nəticəyə gəlinmişdir. Lakin həmin məhkəmə qərarlarından da göründüyü kimi, alqı-satqının baş verdiyi dövrdə -1991-ci ildə iddiaçının 3 yaşı olmuş, faktiki olaraq evə dair ödəniş valideynləri tərəfindən həyata keçirilmiş, bügunku gündə də iddiaçı atası (Əzizov İnqilab) və digər ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Bir halda ki, 1991-ci ildə həyata keçirilmiş alqısatqı iddiaçı ilə deyil, iddiaçının valideynləri –X7 ilə olmuşdur, faktiki olaraq evin alıcısı da X7 hesab edilməlidir. İddiaçının digər məhkəmə mübahisəsində cavabdehlərdən biri qismində iştirak etməsi və həmin mülki iş üzrə onun da mənzildən çıxarılması barədə iddianın rədd edilməsi, hazırki halda həmin sözügedən evə dair onunla cavabdeh icra hakimiyyəti arasında kirayə müqaviləsinin bağlanmasına əsas ola bilməz. Bundan əlavə iddiaçının həmin ünvanda qeydiyyatı da mənzilə dair sırf onunla kirayə müqaviləsinin bağlanmasına əsas ola bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer haqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Beləliklə, Məhkəmənin gəldiyi nəticə bundan ibarətdir ki, Bakı şəhəri, 2-ci Yeni Yasamalda yerləşən 1 saylı evin 116 nömrəli mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə bağlı iddiaçının hüquqmüəyyənedici sənədləri-orderi olmadığından, mənzilə dair kirayə müqaviləsinin bağlanmasından cavabdeh inzibati orqanın imtinası qanunazidd olmamışdır. Məhkəmə həmçinin, diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (x xxxxxxx 2009-cu il tarixdən qüvvəyə minmiş) 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə görə uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, İddiaçı İnqilab qızının Mənzil Məcəlləsinin qüvvədən düşmüş redaksiyasının tələblərinə uyğun olaraq, kirayə müqaviləsinin bağlanmasına əsas olmasa belə, iddiaçı, hətta, xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə görə də, sosial kirayə müqaviləsinin bağlanmasını tələb etmək səlahiyyətində deyildir. Belə ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota durmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı İnqilab qızının Cavabdehnə qarşı mənzilə dair kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə qərara aldı: İddiaçı İnqilab qızının Cavabdehnə qarşı mənzilə dair kirayə müqaviləsinin bağlanması tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar