Məhkəmə qərarları › İş №2-1(112)-7040/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7040/2020

13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7040/2020 13.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyəti kimi qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi»nə dair iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyəti kimi qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd edilir ki, iddiaçı onunla “X3” MMC arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov 2944-a saylı məhəllə ünvanında inşa edilən, ümumi sahəsi 3.746 kv.m olan ticarət mərkəzini (qeyri-yaşayış sahəsi) satın almışdır. Müqavilə üzrə müəyyən olunmuş ticarət obyektinin dəyərini tam olaraq ödədikdən sonra, heç bir borcun olmamasına dair MMC tərəfindən ona xx xxxxxx 2006-cı il tarixli maliyyə arayışı verilmişdir. Həmçinin Bakı ŞİH başçısının xx xxxxxx 2004-cü il tarixli 30 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov 2944-a saylı məhəllə ünvanında binaların tikilməsinə “xxxx” fərdi firmasına verilmiş icazəyə görə “xxxx” fərdi firması ilə onun (iddiaçının) arasında bağlanmış 1 sentyabır 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən yuxarda qeyd olunan ünvanında inşa edilən, ticarət mərkəzinin zirzəmisi 900 kv.m, 1-ci mərtəbədə 1.000 kv.m, 2-ci mərtəbədə 1.000 kv.m, 3-ci mərtəbədə 1.000 kv.m qeyri-yaşayış sahəsi və 2 – 3-cü mərtəbələrdə yerləşən 1.000 kv.m yaşayış sahələri olan evləri, ümumilikdə 4.900 kv.m sahəni satın almışdır. Müqavilə üzrə müəyyən olunmuş sahələrin dəyərini o, ayrı-ayrı vaxtlarda ödəmiş, ödəniş barədə ona qəbzlər verilmişdir. Bina istismara verildikdən sonra, faktiki olaraq ticarət mərkəzinin zirzəmisində 973.2 kv.m, 1-ci mərtəbəsində 900.7 kv.m, 2ci mərtəbəsində 916.3 kv.m, 3-cü mərtəbəsində 905.8 kv.m olmaqla, ümumilikdə 3.696 kv.m qeyri-yaşayış sahəsi, ticarət mərkəzinin arxa tərəfinə bitişik inşa edilmiş yaşayış binasından, ticarət mərkəzinin 2-ci mərtəbəsi səviyyəsində 202,7 kv.m, 3-cü mərtəbəsi səviyyəsində 202,7 kv.m, ticarət mərkəzinin sağ tərəfinə’bitişik inşa edilmiş yaşayış binasından, ticarət mərkəzinin 2-ci mərtəbəsi səviyyəsində 210,7 kv.m, 3-cü mərtəbəsi səviyyəsində 202,1 kv.m olmaqla ümumilikdə 818.2 kv.m yaşayış sahəsi ona təhvil verilmişdir. Sahələr faktiki olaraq 4.514,2 kv.m ibarətdir. Lakin onun satın aldığı sahə ümumilikdə 4.900 kv.m idi. Bununla da ona verilmiş ümumi sahə satın aldığı sahədən 385,8 kv.m azdır. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin xx xxxx 2008-ci il tarixli 18/03-8/1408 saylı məktubu ilə tikililərə ünvan verilmişdir. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx xxxxxx 2019-cu il tarixli 279 saylı icazəsi ilə Bakı ŞİH başçısının xx xxxxxx 2004-cü il tarixli, 30 saylı və xx xxxxx 2010-cu il tarixli 140 saylı sərəncamlarına əsasən Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov 2944-a saylı məhəllə ünvanında inşa edihms binaların istismarına icazə verilmişdir. İddiaçının satın aldığı Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov 2944-a saylı məhəllə ünvanında yerləşən, zirzəmi və üç mərtəbədən ibarət, ümumi sahəsi 3.696 kv.m olan qeyri-yaşayış binasını (ticarət mərkəzi), binanın arxa və sağ divarlarına bitişik yaşayış binalarda olan ümumi sahəsi 818.2 kv.m yaşayış sahələrinin, binaların inşası zamanı qeyri-yaşayış binasına birləşdirilməsi nəticəsində qeyri-yaşayış sahələri kimi istifadə edilməsinə səbəb olmuşdur. Lakin qeyri-yaşayış binası və sahələri üzərində mülkiyyət hüququm qeydiyyata alınmamışdır. Göstərilən səbəblərə əsasən, onun satın aldığı Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov 2944-a saylı məhəllə ünvanında yerləşən, qeyri-yaşayış binası, binaya bitişik arxa və sağ binalarda olan qeyri-yaşayış sahələrinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün sənədləşmə işlərini aparmaq məqsədi ilə iddiaçı hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciətlər etmişdir. Lakin ona xx xxxxxx 2020-ci il tarixli imtina məktubu verilmiş və müraciətin icrasından imtina olunmuşdur. İddiaçı Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov 2944-a saylı məhəllə ünvanında yerləşən, qeyri-yaşayış binasmı, binaya bitişik arxa və sağ binalarda olan qeyri-yaşayış sahələrinin faktiki vəziyyətdə sənədləşdirmə işlərini aparmaq fikrindədir və hesab edir ki, cavabdeh təşkilat tərəfindən heç bir sənəd araşdırılmadan, əsassız olaraq müraciətin icrasından imtina olunmuşdur. Göstərilənlərə və AR Konstitusiyasının 29, 71-ci maddələrinə, AR Mülki Məcəlləsinin 139.1, 146.2, 148.1, 152.1, 157-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2, 8.0.4-cü maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 16-cı maddəsinə, İPMin 2.2-ci maddəsinə əsaslanaraq, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, məhəllə 2944 ünvanında yerləşən ümumi sahəsi 3.696 kv.m qeyri-yaşayış binasının, binanın arxa tərəfinə bitişik inşa edilmiş yaşayış binasının 2-ci mərtbəsində yerləşən 202,7 kv.m, 3-cü mərtəbəsində yerləşən 2-2,7 kv,m, binanın sağ tərəfinə bitişik inşa edilmiş 2-ciu mərtbəsində yerləşən 210,7 kv.m, 3-cü mərtəbəsində yerləşən 202,1 kv.m yaşayış sahələrinin, ümumilikdə 818,2 kv.m qeyri-yaşayış sahəsi olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışların və texniki pasportların verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə cavabdehə təqdim edilmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda aşağıdakılar qeyd olunur: - İddiaçı iddiası etirazla qarşılanır. Belə ki, vətəndaş İddiaçı sözügedən məsələ ilə bağlı İdarəyə xx xxxx 2020-ci il tarixli ərizəsi daxil olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, ərizəyə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Belə ki, 3 mərtəbəli, zirzəmili qeyri yaşayış binası istismara icazədə öz əksini tapmamış və razılaşdırılmış layihə təqdim edilməmişdir. Həmçinin bildirilir ki, həmin binada sözügedən qeyri-yaşayış binasına birləşdirilmiş mənzillər dövlət reyestrində qeydiyyatdan keçməmiş və qeyri- yaşayış sahəsinə keçirilməsinə dair müvafiq sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və ərizəçiyə xx xxxxxxxx 2020-ci il tarixli imtina məktubu ünvanlanmışdır.Göstərilənlərə və AR Mənzil Məcəlləsinin 21-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8, 9-cu maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı tərəf gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətin (etirazın) məzmununda göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci madfdəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, məhkəmə tərəfindən “X4” MMC-yə aşağıda qeyd olunan məsələ ilə bağlı mütəxəssis rəyinin verilməsi üçün müraciət olunmuşdur: - Müvafiq sənədlər və yerində ölçmə işləri aparılmaqla “X3” MMC və “xxxx” Fərdi Firması tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944-a saylı məhəllə ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binalarından ibarət kompleksdə (Əhmədli y/sahəsi, X.Məmmədov küçəsi, ev 10“A”) layihə üzrə 3.696 kv.m qeyri-yaşayış sahəsinə bitişik arxa və sağ binaların 2-ci və 3-cü mərtbəsində yerləşən 818,2 kv.m ölçüdə sahənin hansı təyinat üzrə (yaşayış və ya qeyri-yaşayış sahəsi kimi) istifadəsinin mümkünlüyü barədə. “X4” MMC-nin məhkəməyə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: - Mütəxəssis qarşısında qoyulan sualın cavablandırılması məqsədi ilə binaların ümumi layihəsi ilə yerində faktiki vəziyyətin tutuşdurulması və ölçü işləri aparılmışdır. Layihəyə əsasən kompleksdə arxa və sağ yaşayış binalarının arasında inşa edilmiş ayrıca üçmərtəbəli zirzəmili bina da daxil olmaqla 22.761,1 kv.m qeyri-yaşayış sahəsi nəzərdə tutulmuşdur. Həmin üçmərtəbəli zirzəmili qeyri-yaşayış binasının arxa tərəfinə bitişik yaşayış binasının ikinci mərtəbəsində yerləşən 202,7 kv.m, üçüncü mərtəbəsində yerləşən 202,7 kv.m, binanın sağ tərəfinə bitişik yaşayış binasının ikinci mərtəbəsində yerləşən 210,7 kv.m, üçüncü mərtəbəsində yerləşən 202,1 kv.m (ümumilikdə 818,2 kv.m) hissələrinə keçirilən baxış zamanı məlum olmuşdur ki, layihə üzrə həmin sahələr yaşayış sahəsi kimi nəzərdə tutulmasına baxmayaraq, fakti olaraq qeyri-yaşayış sahəsi üslubunda inşa edilmiş və qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Belə ki, bitişik hissənin yaşayış binasından girişi-çıxışı yoxdur, ayn-ayrı yataq, qonaq və onların hər biri üçün nəzərdə tutulmuş sanitar qovşaqları mövcud deyil və yaşayış sahəsi kimi istifadə oluna bilməz. Arxa və sağ yaşayış binalarının arasında inşa edilmiş ayrıca üçmərtəbəli zirzəmili binaya bitişik hissələr faktiki olaraq həmin binanın davamı olaraq vahid kompleks şəkilində inşa edilmiş qeyri-yaşyış sahələridir, yaşayış binasında olan mənzillərə heç bir aidiyyatı və maneçeliyi yoxdur. Bütövlükdə baxış keçirilən (3.696 kv.m üçmərtəbəli zirzəmili bina və 818,2 kv.m bitişik hissələr) qeyri-yaşayış sahələri tam şəkildə tikinti normalarına uyğun şəkildə inşa edilmişdir. Bütün göstərilənləri nəzərə alaraq qurumun mütəxəssisləri belə nəticəyə gəldilər ki, "X3” MMC və “xxxx” Fərdi Firması tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, məhəllə 2944 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binalarından ibarət kompleksdə (Əhmədli y/sahəsi, X.Məmmədov küçəsi, ev A) layihə üzrə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuş, yaşayış binaları arasında inşa edilmiş ayrıca üçmərtəbəli zirzəmili bina da daxil olmaqla ona bitişik arxa və sağ binaların ikinci və üçüncü mərtəbəsində yerləşən 818,2 kv.m ölçüdə sahənin həmin üçmərtəbəli bina ilə vahid şəkildə və yalnız qeyri-yaşayış sahəsi kimi istifadəsi mümkündür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - (8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə – Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 20.2-ci maddısinə görə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 20.4-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: (3.2.1) qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə, (3.2.2) qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə, (3.2.3) Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda, (3.2.4) daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda, (3.2.5) daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə, (3.2.6) daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. Hazırkı inzibati məhkəmə icraatında sübut və dəlillər çərçivəsində işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, məhəllə 2944 ünvanında “xxxx” fərdi firması tərəfindən yaşayış binası müvafiq qaydada təsdiqlənmiş layihələr üzrə inşa edilmiş və istismara qəbul olunmuşdur. Lakin sonradan məlum olmuşdur ki, layihədə binanın arxa tərəfinə bitişik inşa edilmiş yaşayış binasının ikinci və üçüncü mərtəbələrində nəzərdə tutulan 818,2 kv.m yaşayış sahələri faktiki vəziyyətinə və texniki göstəricilərinə görə layihədə əks olunan təyinatına uyğun deyil. Həmin sahələrin yaşayış sahəsi kimi təyinatını istisna edən halların mövcudluğu, habelə qeyri-yaşayış sahəsi kimi istifadəsini istisna edən əlamətlərin olmaması iş üzrə alınmış müvafiq rəylə təsdiqlənir. İddiaçı həmin sahənin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə belə olan halda hesab edir ki, iş üzrə müəyyən edilən həmin hallar (binaların istismarına icazə verilməsi, layihəsinin təsdiqi, sahələrin qeyri-yaşayış sahəsi kimi istifadəsinin mümkünlüyü barədə rəyin olması) daşınmaz əmlakın dövlət reyestrində iddiaçıya məxsus həmin əmlakın qeyri-yaşayış sahəsi statusu ilə qeydiyyatının aparılması üçün əsas yaradır. Cavabdehin imtinası üçün gətirdiyi dəlili «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 17, 24.2-ci maddələrinin tələbləri baxımından adekvat qiymətləndirilmir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxx 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, qeyri-yaşayış sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “texniki pasport”ün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, məhəllə 2944 ünvanında yerləşən ümumi sahəsi 3.696 kv.m qeyriyaşayış binasının, binanın arxa tərəfinə bitişik inşa edilmiş yaşayış binasının ikinci mərtbəsində yerləşən 202,7 kv.m, üçüncü mərtəbəsində yerləşən 202,7 kv,m, binanın sağ tərəfinə bitişik inşa edilmiş ikinci mərtbəsində yerləşən 210,7 kv.m, üçüncü mərtəbəsində yerləşən 202,1 kv.m yaşayış sahələrinin, ümumilikdə 818,2 kv.m qeyri-yaşayış sahəsi olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışların və texniki pasportların verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, məhəllə 2944 ünvanında yerləşən ümumi sahəsi 3.696 kv.m qeyri-yaşayış binasının, binanın arxa tərəfinə bitişik inşa edilmiş yaşayış binasının ikinci mərtbəsində yerləşən 202,7 kv.m, üçüncü mərtəbəsində yerləşən 202,7 kv,m, binanın sağ tərəfinə bitişik inşa edilmiş ikinci mərtbəsində yerləşən 210,7 kv.m, üçüncü mərtəbəsində yerləşən 202,1 kv.m yaşayış sahələrinin, ümumilikdə 818,2 kv.m qeyri-yaşayış sahəsi olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışların və texniki pasportların verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar