Məhkəmə qərarları › İş №2-1(112)-7040/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7040/2021

26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7040/2021 26.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Mirzəyev Gülağasi Ağahüseynoviçin, tərcüməsi X6, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Mirzəyev Gülağasi Ağahüseynoviçin cavabdeh Təhsildə X1rşı diplomun tanınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Mirzəyev Gülağasi Ağahüseynoviç cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası DİN X2 iddiaçıya verilmiş bakalvriyyat üzrə 137724 ******* nömrəli, 17.04.2015-ci il tarixli diplomun və magistratura üzrə Rusiya Federasiyası DİN X8 və Sənaye Universitetinin magistratura üzrə 137705 ******* nömrəli, 18.11.2019-cu il tarixli diplom ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonrada iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə cavabdehin Təhsildə Keyfiyyət Təminatı Agentliyi kimi göstərilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, diplomun tanınması ilə bağlı müraciətə cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir. Belə ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina müvafiq ekspertizanın mənfi rəyinin tələb olunması və bu rəyin Qaydaların 3.7-ci maddəsində göstərilən 3 haldan birində verilə bilməsi ilə şərtləndirilmişdir. Lakin, cavabdeh inzibati orqanın imitna məktubundan da göründüyü kimi, ixtisasın tanınmasından imtina edilərkən həmin hallardan heç birinə istinad olunmamış, çünki bu hallar iddiaçıya münasibətdə mövcud olmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz vermiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə baxılmış və əsaslı olaraq müraciətin təmin olunmasından imtina olunmuşdur. Belə ki, müraciətə baxılan zaman İddiaçı bakalavr üzrə təhsil aldığı müddət ərzində Rusiya Federasiyasında cəmi 8 gün (İ il -3 gün, İİ il –getməyib, İİİ il-getməyib, İV il –getməyib, V il -5 gün), Rusiya Federasiyasının X5na sorğu göndərilməsi nəticəsində onun 2010-2015-ci tədris illərində həmin təhsil müəssisəsində qiyabi əsaslarla Bakı innovasiyalar texnologiyaları mərkəzinin bazasında təhsil aldığını müəyyən etmişdir. Belə bir mərkəz hər hansı bir xarici universitetin filialı olaraq Azərbaycan Respublikasında qanuni əsaslarla fəaliyyət göstərmir. Digər tərəfdən iddiaçının aldığı magistr təhsili ilə bağlı qeyd olunmalıdır ki, o, həmin müddət ərzində Rusiya Federasıyası ərazisində olmadığından, eyni zamanda magistratura səviyyəsi üçün baza rolunu oynayan bakalavr diplomu üzrə əldə etdiyi xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması, magistr diplomu əsasında kvalifikasiyanın tanınması mümkün deyildir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-nin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: -X5 tərəfindən verilmiş 17.04.2015-ci il tarixli diplomun surətindən görünür ki, iddiaçı Sənətşünaslıq proqramını müvəffəqiyyətlə bitirmiş və ona bakalavr ali ixtisas dərəcəsi verilmişdir. -Moskva Maliyyə-Sənaye Universiteti “Sinergiya” tərəfindən verilmiş 18.11.2019-cu il tarixli diplomun surətindən görünür ki, iddiaçı “İdarəçilik” proqramını müvəffəqiyyətlə bitirmiş və ona magistr ali ixtisas dərəcəsi verilmişdir. İddiaçı qeyd olunan diplomların tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının aldığı bakalvr ixtisası üzrə adıçəkilən ali təhsil müəssisəsinə Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisensiya) verilməməsi, magistr ixtisası üzrə isə baza rolunu oynuyan bakalavr diplomu üzrə əldə etdiyi xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmaması səbəbi ilə müraciətlərinin təmin edilməsindən imtina etmişdir. İşin faktiki hallarından göründüyü kimi, hazırki iddia tələbi iki hissədən ibarətdir:

1. Bakalvr diplomu əsasında diplomun tanınması

2. Magistr diplomu əsasında kvalifikasiyanın tanınması. Məhkəmə iddia tələbinin hər ikisinə ayrı-ayrılıqda qiymət verməzdən öncə, iddiaçının aldığı təhsillərin ölkə ərazisində tanınması üçün hansı əsasların olmasına münasibət bildirir. Təhsil hüququnun və həmin hüququn həyata keçirilməsi aşağdaki qanunvericilik normaları ilə tənzimlənir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. -27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; -29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; -44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Cavabdehin imtinasının əsasında iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinin Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olması üçün xüsusi razılığın olmaması durur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı tərəfindən də qəbul edildiyi kimi, həmçinin cavabdehin etiraz ərizəsində iddiaçının 2010-2015-ci tədris illərində həmin təhsil müəssisəsində qiyabi əsaslarla Bakı innovasiyalar texnologiyaları mərkəzinin bazasında təhsil aldığı göstərilmişdir. Halbuki, iddiaçının aldığı təhsilin Bakı innovasiyalar texnologiyaları mərkəzi ilə səbəbli əlaqəsinin olub-olmaması iş materiallarında olan sənədlərdə müşahidə olunmamışdır. Nəzərə alınmalıdır ki, hətta, bu hal sübut olunsaydı belə, Bakı innovasiyalar texnologiyaları mərkəzi qanuni əsaslara fəaliyyət göstərməmişdir. Bundan başqa, həmin mərkəz ümumiyyətlə hər hansi bir xarici şirkətin filialı olmamışdır. Cavabdehin bakalavr diplomunu tanımaqdan imtina etmənin əsası kimi irəl sürdüyü digər dəlil - təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qisa müddətdə olması ilə bağlıdır. (məhkəmə iclası gedişatı zamanı bildirilmişdir) Məhkəmə bununla bağlı bildirir ki, iddiaçı aldığı təhsilin distant formada həyata keçirildiyini bildirsə də, bu hal bakalavr diplomunda və Rusiya Federasiyası DİN X5 tərəfindən İddiaçı ünvanlanmış olan məktub ilə təkzib olunmuşdur. Belə ki, həmin sənədlərdən görünür ki, 1978-ci il təvəllüdlü İddiaçı 2010-cu ildən 2015-ci ilədək qiyabi formada təhsil almışdır. Bundan başqa, iddiaçının məhkəmə iclasında qeyd etdiyi hal ilə yanaşı iddia ərizəsinin əsaslandırılması arasında zidiyyətli məqamlar olmuşdur ki, iddiaçı əsaslandırma zamanı təhsilinin “qiyabi şöbədə” aldığını bildirmişdir. Göründüyü kimi, iddiaçının aldığı təhsil qiyabi formada tədris olunduğu halda, iddiaçı tədris müddəti ərzində təhsil aldığı ali təhsil müəssisəsində yalnız 8 gün olmuşdur. Məhkəmə cavabdehin bu dəlilin əsaslı olması ilə bağlı aşağdaki qanunvericilik aktına istinad edərək, qiyabi təhsil formasının hansı qaydada həyata keçirilməsinə, həmçinin qiyabi və distant təhsil formalarının məhz hansı amillərə görə fərqləndirildiyinə münasibət bildirir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili”Qaydalarının: -1.6-cı maddəsinə əsasən, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. -2.8-ci maddəsinə əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. -2.9-cu maddəsinə əsasən, tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Şərh olunan normativ hüquqi aktın müddəalarından görünür ki, “distant” və “qiyabi” təhsil formaları bir birindən fərqli olmaqla yanaşı, müxtəlif səciyyəvi xüsuslara malikdirlər. Nəzərə alınmalıdır ki, distant təhsil forması üzrə keçirilən dərslərin fərqi ondan ibarətdir ki, distant təhsil zamanı tələbə və müəllim arasındakı ünsiyyət virtual məsafədən həyata keçirilir. Qiyabi təhsil zamanı isə tələbələrin hər tədris ilinə görə audoriya dərslərinin həcmi müəyyən edilir ki, bu zaman tələbələr tədris planına uyğun olaraq semestr ərzində müəyyən edilmiş qaydada dərslərdə iştirak edirlər. Ümumiyyətlə “qiyabi” təhsil forması zamanı tədris planına uyğun dərslərdə iştirak olunması təkcə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmamış, həmçinin, Rusiya Federasiyasının “Təhsil haqqında” Qanunun 17-ci bəndində də əks olunmuşdur. Qeyd olunanlar əsasında məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmasına baxmayaraq, onun bakalavriat səviyyəsində aldığı təhsilin forması qiyabi olduğu halda, onun həmin müddət ərzində universitetin dərslərində əyani qaydada iştirak etməməməsi, tədris normativ üzrə orada təhsil almaq üçün tələb olunan 5 illik müddətin qarşılığında həmin ölkədə qısa (ilk birinci kurs 3 gün, sonuncu kurs 5 gün) müddət ərzində qalmaqla, dərslərə davamiyyət etmədən tədris proqramını yerinə yetirməsi qeyri-mümkündür. Bu hal isə onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini şübhə altına alır. Həmçinin, iddiaçının Rusiya Federasiyasında birinci kursda 3 gün, sonuncu kursda 5 gün olması, digər kurs dövrlərində isə ölkə ərazisində olmaması, cavabdehin etiraza əlavə etdiyi iddiaçının müraciəti ilə bağlı inzibati iş materialları ilə də müəyyən edilir. Məhkəmə əlavə olaraq bildirir ki, Rusiya Federasiyası DİN X5 tərəfindən İddiaçı ünvanlanmış olan məktubda iddiaçının təhsil müddəti əsasında distant təhsil texnoloqiyalarından istifadə olunması göstərilsə də, bu hal iddiaçının aldığı təhsilin “distant” olduğu mənasını vermir. Sadecə şəxsin iradə ifadəsindən asılı olaraq təhsilin məsafədən davam etdirilməsinin metodudur. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ölkə ərazisində qısa müddət olub-olmaması ilə bağlı əlavə araşdırmanın aparılmasına (Dövlət Sərhəd Xidmətinə sorğu verilməsi) zərurət görmür.Belə ki, iddiaçı məhkəmə iclaslarında verdiyi izahatda Rusiya Federasiyası DİN X4 dərslərində əyani qaydada iştirak etmədiyini, İ-ci və 5-ci tədris illərində ümumilikdə 8 gün iştirak etdiyini, digər vaxtda isə yalnız məsafədən, yəni internet vasitəsi ilə online dərslərə qoşulduğunu qeyd etmişdir. Məhkəmə iddia tələbinin ikinci hissəsinə münasibətdə bildirir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.34-ci maddəsinə əsasən magistratura-ali təhsilin ikinci səviyyəsidir. -22.4-cü maddəsinə əsasən magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Magistratura təhsilinin məzmunu,təşkili və “magistr”dərəcələrinin verilməsi” Qaydalarının: -1.5-ci bəndinə əsasən magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir. -2.10-cu bəndinə əsasən tələbənin auditoriya və auditoriyadankənar (bütün tədris, elmi tədqiqat və elmi-pedaqoji) həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman dərslər 12-16 saat təşkil edir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 120-160 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və tədris planına müvafiq olaraq yekunlaşır. Əvvəla, qeyd olunmalıdır ki, magistratura ali xüsusi təhsil pilləsi olaraq, ali təhsildə müəyyən ixtisas üzrə biliklərin dərinləşdirilməsinə xidmət edir. Nəzərə alınmalıdır ki, magistratura üzrə təhsil alınması üçün şəxsin ilkin baza rolunu oynayan bakalavr ixtisası olmalıdır. Qeyd olunmalıdır ki, təhsil qanunvericiliyində təhsil pillələri bir biri ilə elə bir zəncirvari əlaqə qurur ki, bu zaman hər yeni təhsil pilləsinə keçməsi üçün ilkin pillə müvəffəqiyyətlə yekunlaşmalıdır. Başqa sözlə desək, ali təhsil pilləsinin bakalavriat səviyyəsinə keçməsi üçün şəxsin orta ixtisas bazası, magistr səviyyəsi üçün bakalvriat bazası, doktarantura üçün isə magistratura bazası olmalıdır. Yaranmış bu səbəbli əlaqə ona dəlalət edir ki, şəxsin baza rolu oynuyan təhsil səviyyəsi yekunlaşmayanadək, növbəti təhsil səviyyəsinə keçirilməsinin təmin edilməsi mümkün deyildir. Məhkəmə şərh olunanları hazırki iddiaya tətbiq etdikdə bildirir ki, iddiaçının magistr diplomu üzrə kvalifikasiyanın tanınmaması üçün 2 səbəb yaranır: 1.Baza rolunu oynuyan bakalvr diplomunun tanınması 2.Qiyabi təhsil forması olduğu halda, iddiaçının dərslərdə iştirak etməməsi. Məhkəmə bildirir ki, yaranmış hər iki hal, iddiaçının magistr diplomu üzrə kvalifikasiyanın tanınmasından imtina edilməsi üçün kifayət qədər əsaslı dəlillərdir. Belə ki, birinci halda, iddiaçının X5 tərəfindən aldığı təhsilin və həmin təhsil əsasında verilmiş olan diplomun ölkə ərazisində tanınması mümkün olmamışdır. Digər tərəfdən isə, iddiaçının verdiyi izahatlara görə,o, magistatura dövründə təhsilin qiyabi formada keçirildiyini bildiyi halda, müvafiq tədris planına uyğun olaraq zəruri dərs saatlarında əyani olaraq iştirak etməmişdir. Göründüyü kimi, baza rolunu oynayan bakalavr diplomunun ölkə ərazisində tanınmaması, bakalavr ilə magistr səviyyələri arasında mövcud olan asılıllıq əsasında iddiaçının bakalavr bazasını mənimsəmədiyinə gətirib çıxarır ki, bu halda magistr diplomu üzrə kvalifikasiyanın tanınması yol verilməzdir. Hətta, həmin diplom tanındığı təqdirdə belə, iddiaçının təhsil aldığı magistratura dövrü ərzində zəruri dərs saatlarında iştirak etməməsi, onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini şübhə altına alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır Əlavə olaraq məhkəmə vurğulamağı zəruri hesab edir ki, oxşar işlər üzrə formalaşmış Ali məhkəmənin mövqeyinə görə, vətəndaşın diplomun əlavəsində göstərilən həcmdə tədris yükünü mənimsənilməsi üçün hansı müddət ərzində ali təhsil müəssisinin yerləşdiyi ölkədə olmalı olmasına münasibət bildirilməlidir. Buna baxmayaraq, məhkəmə hazırki iddia tələbi üzrə bu istiqamətdə araşdırmanın aparılmasını zəruri saymamışdır. Belə ki, 5 illik tədris müddəti ərzində iddiaçının ümumilikdə 8 gün müddətində Rusiya Federasiyasında olması kifayət qədər az müddətdir. Həmin müddət ərzində 5 illik tədris planı üzrə fənnlərin mənimsənilməsi qeyri-mümkündür. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar