Məhkəmə qərarları › İş №2-1(112)-7040/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7040/2022

20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7040/2022 20.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun şəhid ailəsi kimi mənzil növbəliyinə götürülməyi öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı hal-hazırda ünvan 1 ünvanında öz ailəsiylə birlikdə yaşayır. Şəhid atasıdır. xx.xx.1996-cı il təvəllüdlü oğlu X22 xx.xx.2020-ci il tarixdə 2-ci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Həyat yoldaşı X16 və İddiaçı Bakı şəhəri Suraxanı rayonu MKİS-də fəhlə peşəsində işləyirlər. İddiaçı şəhid ailəsi kimi xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək onun bir şəhid ailəsi kimi mənzil növbəliyinə götürülməyini xahiş etmişdir. Lakin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixdə iddiaçıya imtina edərək bildirmişdir ki, “siz xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 7 saylı evin 61 saylı mənzilinə daimi qeydiyyata alınmısız. Məlumat üçün nəzərinizə çatdırırıq ki, “Bakı şəhərində mənzil şəraitinizin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların hüququ və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə əsasən mənzilə ehtiyacı olan hesab edilmiş vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində qeydiyyatları olsun. Yuxarıda qeyd olunanlara və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən qeydiyyatınızın Bakı şəhərində beş il olmadığından xahişinizi təmin etmək, imkanımız xaricindədir”. Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin imtinası əsassızdır, imtina cavabında qeyd edilən məlumatlar onun və ailəsinin bir şəhid ailəsi kimi hüquqlarını pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı ərizə ilə Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək Şəhid ailəsi olduğunu bildirərək, yaşayış yeri üzrə mənzil növbəsinə alınmağını xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki o, xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 7 saylı evin 61 saylı mənzilinə daimi qeydiyyata alınmışdır. Məlumat üçün iddiaçıya bildirilmişdir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların hüququ və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə əsasən mənzilə ehtiyacı olan hesab edilmiş vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərizində Bakı şəhərində yaşamış olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir və bu səbəbdən vət.İddiaçı xahişinin təmin edilməsinin imkan xaricində olduğu nəzərinə çatdırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə olunmuş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1972-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Vİ-ЖГ 319035 nömrəli, xx.xx.1993-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı və X7 xx.xx.1993-cü ildə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydində xx.xx.1993-cü il tarixdə 65 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 08056433 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1975-ci il təvəllüdlü X1 şəhəri, Ş.İ.Xətai, ev 1, mənzil 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə olunmuş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1993-cü il təvəllüdlü X2 rayonu, Daşkəsən şəhəri, Ş.İ.Xətai, ev 1, mənzil 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 15203320 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1997-ci il təvəllüdlü X3 şəhəri, Ş.İ.Xətai, ev 1, mənzil 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 004139 nömrəli vəsiqənin surətinə əsasən İddiaçı şəhid ailəsi üzvüdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 004140 nömrəli vəsiqənin surətinə əsasən X16 şəhid ailəsi üzvüdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışa əsasən İddiaçı 23 dekabr 2021-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda görünür ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 7, 61 saylı mənzil üzərində xüsusi mülkiyyət hüququ X18 adına 1/4 hissədə, X9 adına 1/4 hissədə, X10 adına 1/4 hissədə, X11 adına 1/4 hissədə xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 05/Q-45/69 nömrəli arayışa əsasən X22 16 fevral 1996-cı ildə Azərbaycan Respublikası, Daşkəsən rayonunda anadan olmuşdur. Bu barədə 12 aprel 1996-cı il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən 48 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası İddiaçı, anası X12r. İş materiallarına əlavə edilmiş Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin AZ-İİ 140475 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənın surətinə əsasən X22 xx.xx.2020-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 1366 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, X5 adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 03/C-07 nömrəli arayışında göstərilmişdir ki, verilir Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 7, mənzil 61 ünvanında qeydiyyatda olan İddiaçı ondan ötrü ki, ona Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmayıb. İş materiallarına əlavə edilmiş Daşkəsən rayonu Daşkəsən şəhər Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 18 nömrəli arayışında göstərilmişdir ki, verilir X20, ondan ötrü ki, o, həqiqətən Daşkəsən şəhəri, A.Abdullayev küçəsi, ev 50-də yaşayır və 39 saylı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli arayışına əsasən Gədəbəy rayonunun Zəhmətkənd kəndində 1,13 ha torpaq sahəsi vardır. İş materiallarına əlavə edilmiş Daşkəsən rayonu Daşkəsən şəhər Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 07 nömrəli arayışında göstərilmişdir ki, X13 adına həqiqətən Daşkəsən şəhər ərazisində torpaq sahəsi yoxdur. İş materiallarına əlavə edilmiş Daşkəsən rayonu Daşkəsən şəhər Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 06 nömrəli arayışında göstərilmişdir ki, X6 adına həqiqətən Daşkəsən şəhər ərazisində torpaq sahəsi yoxdur. İş materiallarına əlavə edilmiş Daşkəsən rayonu Daşkəsən şəhər Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 08 nömrəli arayışında göstərilmişdir ki, X5 adına həqiqətən Daşkəsən şəhər ərazisində torpaq sahəsi yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, X6 adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, X13 adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 96 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 02 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən Bakı şəhəri, ünvan 5 ünvanda 11 nəfər qeydiyyatdadır: İddiaçı (özü, qeydiyyata alındığı vaxt xx.xx.2022-ci il), X16 (h/yoldaşı), X28 (qardaşı, qeydiyyat tarixi xx.xx.2021), X14 (qardaşı yoldaşı), X29 (qardaşı oğlu), X21 (qardaşı gəlini, qeydiyyat tarixi xx.xx.2018), X32 (qardaşı oğlu, qeydiyyat tarixi xx.xx.2017), X24 (qardaşı nəvəsi, qeydiyyat tarixi xx.xx.2018), X25 (qardaşı nəvəsi), X26 (qardaşı nəvəsi), X23 (oğlu, qeydiyyat tarixi xx.xx.2022). Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-6869- 1222 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Həmin məktuba əlavə edilmiş İddiaçı məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin surətindən görünür ki: - X21 6 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədə İddiaçı ünvan 6 ünvanına qeydiyyata alınmazına etiraz etmədiyini bildirmişdir. - X28 xx.xx.2021-ci il tarixli, **********154 nömrəli ərizədə İddiaçı ünvan 6 ünvanında yerləşən mənzilin paylı mülkiyyət hüququ ilə ona məxsus hissəsinə qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********52 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı və X4 adına Respublika ərazisində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, C-9- 068 nömrəli məktubunda bildirilmişdir ki, sizin rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2022-ci il tarixli, C-9-068 saylı ərizənizə baxılmışdır. Ərizənizdə Şəhid ailəsi kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmağınızı xahiş edirsiniz. Araşdırma zamanı məlum olmuşdur ki, siz xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 7 saylı evin 61 saylı mənzilinə daimi qeydiyyata alınmısınız. Məlumat üçün nəzərinizə çatdırılır ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların hüququ və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə əsasən mənzilə ehtiyacı olan hesab edilmiş vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərizində Bakı şəhərində qeydiyyatları olsun. Yuxarıda qeyd olunanlara və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən qeydiyyatınızın Bakı şəhərində beş il olmadığından xahişinizi təmin etmək imkan xaricindədir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsassız iddiadır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyriyaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. -51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. -51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. ““Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3.7-ci yarımbəndinə əsasən həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Lakin hazırkı tarixədək müvafiq qaydalar müəyyən edilməmişdir. 30 iyun 2009-cu il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi təsdiq edilmiş; -2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş; -3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindiyi gündən Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1982-ci il, № 13, maddə 121) qüvvədən düşmüş hesab edilmiş; -4-cü maddəsinə əsasən adları çəkilən Azərbaycan SSR Mənzil Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 1982-ci il iyulun 8-dən etibarən qəbul olunmuş qanunlar (onların müvafiq hissələri) və digər normativ hüquqi aktlar qüvvədən düşmüş hesab edilmişdir. -5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar” 30 iyun 2009-cu il tarixli Qanunla ləğv edilməmişdir və hazırda qüvvədədir. Nə qədər ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılmasının yeni qaydası təsdiq edilməmişdir, deməli, uçotun aparılması üçün “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar” tətbiq edilməlidir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın: -1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir. -2-ci bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar - mənziltikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. -4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. -6-cı bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 8 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın: -7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır. -8-ci bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi yerli icra hakimiyyəti orqanları tərəfindən şəhid ailələrinin sosialməişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər kimi mənzil növbəsinə alınması Mənzil Məcəlləsinin yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması ilə bağlı normalarının tələblərinə uyğun şəkildə aparılır. Qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 51.7-ci maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi nəzərdə tutulsa da hazırkı halda uçota alınma ilə bağlı yeganə və mövcud qüvvədə olan qanunvericilik yuxarıda adıçəkilən “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”ndan ibarətdir. Adları çəkilən Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, bu qaydalar qəbul edildikdən sonra Bakı şəhərinə gələn vətəndaşlar isə yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, iddiaçının azı son 5 il ərzində Bakı şəhəri ərazisində daimi yaşaması təsdiq olunmamışdır. Əksinə, təqdim edilmiş daşınmaz əmlaka dair arayışlar, mərhuma aid doğum və ölüm haqqında şəhadətnamə, eləcə də iddiaçının ailə üzvlərinin şəxsiyyət, nikah haqqında şəhadətnamələrdən iddiaçının ailə üzvləri ilə birlikdə daimi yaşayış yerinin Bakı şəhəri olduğu sübut olunmur. İddiaçı yalnız xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanına mənzilin paylı mülkiyyətçisi olan qardaşı X18 razılığı ilə həmin ünvana pasport qeydiyyatına alınmışdır. Göründüyü kimi iddiaçının Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün onun yerli icra hakimiyyəti ərazisində azı son 5 il ərzində daimi yaşaması və bu yaşamanı təsdiq edən həmin müddətə pasport qeydiyyatında olması tələb olunduğu halda iddiaçı sözügedən ünvana xx.xx.2021-ci il tarixdən qeydiyyata düşmüşdür. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının qeydiyyatda olduğu yer üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasından imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar