Məhkəmə qərarları › İş №2-1(112)-7042/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7042/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7042/2021 07.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı pasport qeydiyyatına alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına alınması öhdəliyininin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı bildirir ki, o və övladları ünvan 2 ünvanında yaşayır. Yaşadığı ev qanunsuz tikili sayılsa da, həmin evin faktiki onun sahibliyində və istifadəsində olmasına dair onun adına şəhadətnamə də verilmişdir. Özü Şəki şəhərində formal qeydiyyatda olsa da, yaşadığı ünvanda rəsmi olaraq qeydiyyata alınmamışdır. Halbuki onun azyaşlı uşaqları da Zabrat qəsəbəsindəki orta məktəbə gedirlər. İddiaçı hesab edir ki, belə olan halda yaşadığı yer üzrə qeydiyyata alınmalıdır. Çünki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının qanununun 1-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdan Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmçinin həmin qanunda qeyd olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. İddiaçı bununla bağlı cavabdeh Sabunçu Rayon Polis İdarəsinə ərizə ilə müraciət etsə də, ərizəsinə cavab olaraq bildirilmişdir ki. guya onun yaşadığı yer üzrə qeydiyyata alınması qanuna müvafiq deyildir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Tərəflərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, tərəflər məhkəməyə gəlməmişlər. Cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Zabrat Bələdiyyəsinin “Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında 18101xxxxxxx nömrəli şəhadətnamədən görünür ki, X2 Zabrat qəsəbəsi, Ruslan Göyüşov küçəsi ünvanında tikinti sahəsi 60 kv.m. olmaqla 1 mərtəbli fərdi-yaşayış evinin tikintisi üçün 146 kv.m. torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx xxxxx 1984-cü il tarixdə doğulmuşdur. İşin hallarından görünür ki, iddiaçı ünvan 5 ünvanında faktiki olaraq yaşadığına əsaslanaraq, onun yaşadığı yer üzrə qeydiyyata alınmasını cavabdehdən tələb edir. İddiaçının qeyd edilən mənzilə pasport qeydiyyatına alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə görə əsas olmadığından, məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, qeydiyyatın həyata keçirilməsi və şəxsiyyət vəsiqəsinin verilməsi üçün yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi tələb olunur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Məhkəmə qeyd edir ki, qeydiyyata alınmaq üçün qanunvericiliklə tələb olunan hüquq müəyyənedici sənədlər nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim olunmadığından, bununla da, cavabdehin imtinası əsaslı olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə pasport qeydiyyatına alınması üçün qanunvericiliklə tələb olunan əsaslar olmadığından, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar