Məhkəmə qərarları › İş №2-1(112)-7042/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7042/2023

27.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7042/2023 27.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Azəriqaz” İB-nə qarşı “özəlləşmə çeklərinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Azəriqaz” İB-nə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək dəymiş maddi zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddianın əsaslarına görə iddiaçılar 1977-ci ildən əmək fəaliyyətinə başlamış, uzun müddət Qaz emalı zavodunda fəhlə işləmişlər. 1993-cü ildə işlədikləri zavodun rəhbərliyinin təklifi ilə dövlət tərəfindən verilən 132 ədəd özəlləşdirilmiş çeklərin payçı sahibi kimi zavodun rəhbərliyinin və zavodda yaradılan özəlləşdirilmiş çeklərin payçı sahibi kimi zavodun rəhbərliyinin zavodda yaradılmış özəlləşdirmə komissiyasına vermişlər. Həmin vaxtdan zavdun payçısı olsalar da bu günə kimi heç bir maddi təminat və kompensasiya ilə təmin edilməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddia predmet və subyekt baxımından inzibati məhkəmə icraatında baxılması mümkün olmayan iddiadır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddiaçıların tələbi cavabdeh “Azəriqaz” İB-nə qarşı yönəlməklə SOCAR-ın xx.xx.2007-ci il tarixli 04s nömrəli sərəncamına əsasən "xxxx" ASC-nin yenidən təşkil olunma zamanı Qaz Emalı zavoduna aid 132 ədəd özəlləşdirmə çeklərinə görə müvafiq kompensasiyanın təmin edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin yönəldiyi cavabdeh “Azəriqaz” İB inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan deyildir və hazırkı mübahisə üzrə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»da inzibati orqan və ya Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hüquqi şəxs kimi çıxış etmir. İddiaçıların özəlləşdirmə çeklərinə görə kompensasiyanın ödənilməsi ilə bağlı tələbləri isə bilavasitə hüquqi şəxsin yenidən təşkili zamanı yaranmış əmlak münasibətləri üzrə hüquq mübahisəsi olub öz mahiyyətinə görə mülki hüquq xarakterlidir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən birincisi iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan olmadığından və mübahisə bilavasitə publik hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərar 15.2-ci bənd). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərar 15.3-cü bənd). Qeyd edilənlərə əsasən məhkəmə iddianın məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı izah edir ki, iddiaçıların hazırkı tələblə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ saxlanılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Azəriqaz” İB-nə qarşı “özəlləşmə çeklərinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar