Məhkəmə qərarları › İş №2-1(112)-7043/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7043/2021

15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7043/2021 15.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Səfibəyov Rəcəb Rəfibəyoviçin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Səfibəyov Rəcəb Rəfibəyoviçin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin olunmalı idi. Lakin, işlədiyi idarə müvafiq sənədləri ona və aidiyyəti orqanlara təqdim edilmədiyi üçün pensiya indiyədək təyin edilməmişdir. Halbuki onun 25 ildən çox stajı olmuş, həmin stajın da 20 ildən çoxu güzəştli iş stajı olmuşdur. Cavabdeh məhkəməyə etiraz təqdim edərək iddiaçının 01.01.1980-ci il tarixdən 01.04.1980-ci il tarixləri arasında avtonəqliyyat sexində çilingər və 01.04.1980-ci il 01.09.1994-cü il tarixlərində müxanik, həmin tarixdən 25.04.2011-ci il tarixləri arasında böyük mexanik vəzifələrində işləməsi ilə bağlı həmin vəzifələrin güzəştli iş stajına aid olmadığını qeyd etmiş, onun 12 il 6 ay güzəştli iş stajının olmadığını bildirmişdir. Eyni zamanda güzəştli iş stajı ilə bağlı arayışın təqdim edilmədiyi də göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün 01.01.2006-cı il tarixədək iddiaçının 25 ildən çox ümumi iş stajı olmalı və iddiaçı bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Göründüyü kimi hər iki şərtin, yəni ümumi iş stajı və güzəştli iş stajının hər ikisinin mövcudluğu pensiya təyini üçün əsas hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmamağı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. İşin faktiki hallarının araşdırılmasından müəyyən olunur ki, ümumi iş stajının 25 ildən çox olması ilə bağlı şərtin (belə ki, iddiaçı 15.10.1973-cü il tarixdən qısa fasilələrlə əmək fəaliyyətindədir) tələbləri yerinə yetirilsə də, 12 il 6 aydan çoxunun Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləmə ilə bağlı şərtin tələbləri yetirilməmişdir. Güzəştli iş stajının mövcud olmaması ilə bağlı məhkəmə araşdırması nəticəsində aşağıdakılar müəyyən edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 15 dekabr 2020-ci il tarixli arayışdan görünür müəssisə iddiaçının 01.01.1980-ci il tarixdən başlayan iş stajı 31 il 3 ay 16 gün olaraq müəyyən etmiş və həmin stajın dəniz şəraitində iş stajı olduğunu göstərmişdir. Lakin, həmin arayışda qüvvədən düşmüş və ya hal-hazırda qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajı kimi nəzərə alınmalı olan peşələrə istinad müəyyən edilmədiyindən, məhkəmə tərəfindən həmin arayış güzəştli iş stajını müəyyən edən arayış kimi təsbit etməmiş və aidiyyəti üzrə sorğular müəssisəyə göndərilmişdir. 01.06.2021-ci il tarixli məhkəmənin sorğusuna uyğun olaraq müəssisə tərəfindən cavab məktubu ilə müəyyən edilmişdir ki, İddiaçı əmək fəaliyyətini həyata keçirdiyi 15 dekabr 2020-ci il tarixli arayışda qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda və ya “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda heç bir peşə ilə uyğunluq təşkil etmir. Qeyd olunur ki, Dövlət Neft Şirkətinə göndərilmiş olsa da, cavab “Abşeronneft” NQÇİ tərəfindən təqdim edilmişdir. Lakin, məhkəmə müəssisənin qeyd olunan məktubunda nəzərdə tutulan məlumatlarla kifayətlənməmiş, məhkəmə araşdırmasının davamı kimi yenidən 23.07.2021-ci il tarixdə həmin müəssisəyə sorğu göndərmişdir. Sorğuya 05.08.2021-ci il tarixli cavam məktubu ilə iddiaçının yalnız 01.03.1993-cü il tarixdən 01.09.1994-cü il tarixinə qədər mexanik vəzifəsinin “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş vəzifəyə uyğun olduğu qeyd edilmiş, dolayısı ilə digər vəzifələr üzrə stajın güzəşli iş stajı kimi qəbulundan imtina edilmişdir. Eyni zamanda surəti təqdim olunan 08.09.2021-ci il tarixli idarə tərəfindən verilmiş arayışda da qeyd edilmişdir ki, iddiaçının yalnız 03.03.1978-ci il tarixdən 10.07.1978-ci il tarixinə kimi qaldırıcı maşinist peşəsi və 01.03.1993-cü il tarixdən 01.09.1995-ci il tarixinə qədər böyük mexanik vəzifəsi güzəştli peşə kimi nəzərdə tutulur. Lakin, məhkəmə yenə də müəssisənin qeyd olunan məktubunda nəzərdə tutulan məlumatlarla kifayətlənməmiş, eyni zamanda iddiaçı tərəfindən məhkəməyə 17.09.2021-ci il tarixdə təqdim edilmiş iddiaçının əmək stajının hesablanması, həmin illərdən neçə ilinin güzəştli iş stajına daxil olması, hansı müddətin güzəştli iş stajı hesab edilməməsi vəsatəti təmin edərək yenidən müəssisəyə müvafiq sorğu ilə müraciət etmişdir. Təkrarən aparılmış araşdırma nəticəsində müəssiə tərəfindən sorğuya cavab verilərək bu dəfə iddiaçının 01.09.1994-cü il tarixədək yox, iddiaçının 01.03.1993-cü il tarixdən 01.09.1995-ci il tarixədək böyük mexanik vəzifəsinin güzəştli iş stajına aid olduğu qeyd edilmişdir. Təqdim edilən məlumatlardan da göründüyü kimi sorğuya cavab məktublarında müddətlə bağlı qismən ziddiyyətli məqam olmuş, həmin məlumatların dəqiqləşdirilməsi məqsədi ilə sonda konkret olaraq İdarənin rəisi Ramin Quliyevə sorğu ilə müraciət edilmiş, İddiaçı əmək fəaliyyətini həyata keçirdiyi arayışda qeyd olunan peşələrin güzəştli iş stajına aid edilib-edilməməsi barədə müvafiq sorğu ilə ilk olaraq 01.06.2021-ci il tarixdə müraciət edilmiş müraciətə cavab olaraq 25.06.2021-ci il tarixli məktubla iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi peşələrin güzəşli olmadığı qeyd edilməsi, Daha sonra növbəti dəfə 23.07.2021-ci il tarixli sorğu ilə müraciət edilmiş, sorğuya 05.08.2021-ci il tarixli cavab məktubunda iddiaçının yalnız 01.03.1993-01.09.1994-cü il tarixdə çalışdığı mexanik vəzifəsinin güzəştli vəzifə olduğu göstərildiyi, beləliklə analoji sorğuya cavab məktublarında üst-üstə düşməyən məlumatlar qeyd edilməsi, həmin məlumatların mötəbərliyi növbəti dəfə yoxlanılmadan qərar qəbul edilməsi mümkün olmaması, Belə ki, sorğuda fərqli məlumatların əks olunmasının iddiaçının güzəştli iş stajına malik olubolmamasının müəyyənləşdirilməsində çətinlik yaratdığı diqqətə çatdırılmışdır. Nəticədə İddiaçı əmək fəaliyyətini həyata keçirdiyi arayışda qeyd olunan peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda və ya “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda konkret olaraq hansı bölmədə, hansı kod üzrə peşədə işləməsi barədə (hər bir peşə üzrə kod ayrılıqda göstərilməklə və peşə üzrə əmək funksiyaları göstərilməklə), eləcə də iddiaçının ümumilikdə hansı dövrlər üzrə ümumi güzəştli iş stajına malik olması barədə məlumatın təqdim edilməsi barədə müraciət edilmişdir. Həmin sorğuya cavab olaraq təqdim olunan 13.10.2021-ci il tarixli məktub və qoşma kimi 10 vərəqdən ibarət sənədlərlə müəyyən edilir ki, iddiaçı 15.10.1973-cü il tarixdən 25.04.2011-ci il tarixləri arasında qısa fasilələrlə müxtəlif vəzifələrdə çalışmış, həmin peşələrdən yalnız 03.03.1978-ci il tarixindən 10.07.1978-ci il tarixədək qaldırıcı maşinist peşəsi ( 4 ay 7 gün) və 01.03.1993-01.09.1995-ci il tarixləri arasında müvafiq olaraq mexanik və böyük mexanik vəzifələrinin ( 2 il 4 ay 7 gün) güzəşli vəzifələrlə bağlı siyahiya uyğundur. Məhkəmə qeyd olunan məlumatlara istinad edərək hesab edir ki, iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi müəssisə tərəfindən onun güzəştli iş stajının hansı tarixlər arasında mövcud olması, hansı dövrlərin güzəştli iş stajı kimi nəzərə alınmaması ilə bağlı aparmış orduğu araşdırma nəticəsində məhkəməyə təqdim etdiyi məktubun (arayış) mötəbərliyini şübhə altına alacaq hər hansı səbəb mövcud olmadığından, iddiaçının 12 il 6 aydan çox olması zəruri şərt olan güzəştli şərtlərlə pensiya təyini üçün əsas olan tələbin yerinə yetirilmədiyi qənaətinə gəlir. Göründüyü kimi əmək funksiyalarının nədən ibarət olması, işçilərin hansı sahə üzrə işləməli olması və ya işləmiş olması barədə məlumata müstəsna səlahiyyətə malik olan müəssisə tərəfindən iddiaçının güzəştli iş stajına malik və ya malik olmayan dövrlərin mövcudluğuna qiymət verilmişdir ki, həmin qiymətləndirmə məhkəmə üçün şəxsə güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə tələbin təminini istisna edir. Təsadufi deyildir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda (2.4.1-ci yarımbənd) güzəştli şərtlərlə şəxsə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair məhz iş yerinin arayışının təqdim edilməsi zərurəti müəyyən edilmişdir. Həmin zərurətin yaranma səbəbini də, məhkəmə onunla əlaqələndirir ki, şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair düzgün məlumat, təbii haldır ki, hər hansı qurum və ya şəxs tərəfindən yox, məhz iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi müəssisə tərəfindən verilə bilər. Təbii haldır ki, həmin arayışın tədqiqi və güzəştli pensiya təyinində nəzərə alınıb-alınmaması inzibati məhkəmə icraatında məhkəmənin müstəsna səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən müvafiq sorğular verilərək, eyni zamanda yuxarıda adıçəkilən siyahılar tətqiq edilərək aparılmış araşdırma nəticəsində mötəbərliyinə şübhə yarada biləcək hər hansı məqam aşkar edilməmişdir. Məhkəmə, eyni zamanda qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun tələbləri baxımından şəxsə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanın qanuniliyini müəyyən etməklə yanaşı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin 01.01.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən də iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Həmin maddənin qüvvədə olan redaksiyasından göründüyü kimi axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Adıçəkilən maddənin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasından isə göründüyü kimi axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışdırsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi hazırda qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə yanaşı, 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyaya əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun ilə də 57 yaşdan şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ təsbit edilmişdir. Maddənin həmin dövrdə qüvvədə olmuş tələbinə əsasən üç şərtin 01.07.2017-ci il tarixədək mövcudluğu şəxsə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi əsası hesab edilmişdir ki, qeyd olunan şərtlər şəxsin 57 yaşına çatması, 25 il sığorta stajına malik olması və 12 il 6 ay yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışması ilə bağlıdır. Göründüyü kimi hər üç şərtin, eyni vaxtda mövcudluğu iddia tələbində göstərilən formada pensiya təyini üçün hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmaması 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən də müəyyən olunur ki, iddiaçının 57 yaşı 01.07.2017-ci il tarixdən sonra, tamam olmuşdur. Lakin yeni Qanunun köhnə redaksiyasında da 01.07.2017-ci il tarixədək güzəşli iş stajının azı 12 il 6 ay olması təsbit olunmuşdur ki, iddiaçı hər bir halda həmin şərtin tələblərinə yerinə yetirə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar