Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7043/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Bakı şəhəri Binəqədi rayon X2rşı “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Bakı şəhəri Binəqədi Rayonu X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Binəqədi qəsəbə X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 928 saylı, 16 iyun 2004-cü il tarixli sərəncamının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-66/2025 saylı iş üzrə üçünca şəxs qismində cəlb olunmuş "X12" Şirkəti tərəfindən, "Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə əldə olunmuş sənədlərdən müəyyən olmuşdur ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 928 saylı, 16 iyun 2004-cü il tarixli sərəncamı ilə X7 istifadəsinə, Dövlətin müstəsna istifadəsində saxlanılan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901- İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilərək, Qanun statusu almış "Azərbaycan Respublikasında Binəqədi, Qırmǝki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün “X12" şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində və 2 saylı mədənin 1-ci sahəsində yerləşən 211863, 211864 saylı neft quyularının muhafizə zolağı daxilində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Məlum olduğu kimi, Bakı şəhər İcra Hakimiyyətinin 908 saylı, 26 sentyabr 2000-ci il tarixli Sərəncamı ilə, həmin sərəncama əlavə edilmiş və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş xəritədə göstərilən ərazilər Binəqədi qəsəbə Bələdiyyəsinə ayrılmış və həmin torpaq sahələri 23 oktyabr 2000-ci il tarixli Protokolla Binəqədi qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir (sərəncamın, xəritənin və protokolun surətləri əlavə edilir). Qeyd edilən xəritədə göstərilmiş və Binəqədi qəsəbə Bələdiyyəsinə ayrılmış torpaq sahəsi əslində Şirkətin Saziş ərazisinin hüdudlarından kənarda verilsə də (müqayisəli xəritə əlavə edilir). Lakin Binəqədi qəsəbə Bələdiyyəsi səlahiyyət hədlərini aşaraq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ona ayrılmış torpaqlarla kifayətlənməyərək, özünün ərazisindən kənarda olan və Şirkətin Saziş ərazisinin hüdudları daxilində yerləşən torpaqları da müxtəlif növ sənədlər və təyinat qərarlarla vətəndaşların istifadəsinə ayırmışdır. Həmçinin, Binəqədi qəsəbə Bələdiyyəsi qanunsuz olaraq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ona ayrılmış torpaq sahəsindən kənarda, Şirkətin Saziş ərazisinin hüdudları daxilində, 2 saylı maddənin 1-ci sahəsində yerləşən 211863, 211864 saylı neft quyularının mühafizə zolağı daxilində vətəndaşın istifadəsinə 600 kv.m. torpaq sahəsi ayırmışdır. Qeyd edilən torpaq sahəsini X12” şirkətinin (“Şirkət”) müstəsna istifadəsinə verilmiş Saziş ərazisinin hüdudları daxilində yerləşdiyindən, şirkətin həmin torpaq sahəsinin hüduduna daxil olmayan vətəndaş tərəfindən istifadəsi və həmin sahədə şirkətin aparacağı neft-qaz əməliyyatlarının həyata keçirilməsinə ciddi maneəçilik törətdiyindən, Bakı şəhər Binəqədi qəsəbə Bələdiyyəsinin sözügedən sərəncamı etibarsızdır. Üçüncü şəxs tərəfindən həmin bələdiyyə sərəncamına istinad edilərək Saziş ərazisinin bir hissəsi istifadəyə verildiyindən, bələdiyyə sərəncamının etibarsızlığı məhkəmə qaydasında tanınmalı və ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7043/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı müdafiə edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə sorğusuna cavab olaraq Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli 3-48-2F/2-642/2025 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri Binəqədi Rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 928 nömrəli sərəncamına əsasən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 600 m2 torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X7 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Hazırkı işdən görünür ki, iddiaçı cavabdehin xx.xx.2004-cü il tarixli 928 nömrəli sərəncamının xx.xx.2025-ci il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirir. Halbuki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in "Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır). Göründüyü kimi iddiaçı sözügedən 2004-cü il tarixli sərəncamı qüvvədə olmuş MPM-nin tələbinə uyğun olaraq iddia müddəti çərçivəsində mübahisələndirməmişdir. Bundan əlavə məhkəmə mübahisələndirilən inzibati aktla bağlı xx.xx.2011-ci ildən qüvvəyə minmiş X3 tələbləri baxımından qiymətləndirmə aparmağı zəruri hesab edir. Hazırkı iş üzrə iddiaçının iddiası Binəqədi Rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 928 nömrəli sərəncamının etibarsızlığının tanınması barədə olmaqla müəyyən etmə və tanınma haqqında iddia növündə irəli sürülmüşdür. Belə ki, İPM-in həmin iddia növünü tənzimləyən 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin maddənin 4-cü bəndinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Qeyd edilməlidir ki, subsidiarlıq tələbinə əsasən, müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Beləliklə, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində ümumi tələbdir. Yəni, məsələn mübahisələndirmə haqqında iddia üzrə iddia müddətini ötürmüş şəxs eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldıra bilməz. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında deyilir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Qərarda qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia mahiyyət etibarilə mübahisələndirmə haqqında iddiadır və İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsi ilə tənzimlənir. İddianın faktiki əsasları sərəncamın qanunsuzluğunun tanınması deyil, üçüncü şəxs barəsində qəbul edilmiş əliverişli inzibati aktın ləğvinə uyğundur və iddiaçı prosessual məhdudiyyətlərin (iddia müddətinin) tətbiqini istisna etmək üçün sonda qərarın etibarsızlığını xahiş edərək hazırkı iddianı "müəyyən etmə və tanınma haqqında iddia” növü kimi göstərmişdir. Müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə maraq barəsində olan ümumi tələbdir. Mübahisələndirmə haqqında iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi sərəncamın ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə qaldırmış, müvafiq qərar qəbul edildiyi vaxtdan 20 il keçdikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən qərarın rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Hazırkı iş üzrə iddiaçı X8 ayrılmış torpaq sahəsinin dövlətin müstəsna mülkiyyətində saxlanılan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyini iddia edir. Hazırkı iş üzrə iddiaçı qeyd edilən Sazişə əsasən məhz həmin Sazişin qəbul edildiyi 2005-ci il tarixdən istifadəsinə ayrılmış torpaq sahələrinin təyinatı üzrə istifadəsinə məsuliyyət daşıyır ki, bu da onun həmin torpaq sahəsi barədə qəbul olunmuş istənilən aktdan xəbərdar olmalı olduğunu, hüququnun pozulduğunu bilməli olduğunu deməyə əsas verir. Hətta iş materiallarına əlavə edilmiş İddiaçı Şirkətinin “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokunun kontrakt sahəsinin topoqrafik planı da tərtib olunmuşdur ki, həmin xəritə xx.xx.2004-cü il tarixdə təsdiq edilmişdir. Dolayısı ilə ən geci adı çəkilən xəritənin təsdiq edildiyi vaxtdan belə iddiaçı onun istifadəsinə verilmiş torpaq sahələri, həmin ərazilərin hüdudlarını, onların hüquqi və faktiki vəziyyətini artıq dəqiq bilmiş (və ya bilməli idi), iddiaçı isə torpaq sahəsinin ayrıldığı vaxtdan hesabladıqda belə 20 il sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. Beləliklə, yuxarıda sadalanmış təkzibedilməz sübutlar iddiaçının iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Bakı şəhəri Binəqədi rayon X2rşı “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7043/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7043/2025
07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver