Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7045/2025 30.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndələri X1 və X5 iştirakları ilə İddiaçı cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “gömrük rəsmiləşdirilməsinin aparılması və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “gömrük rəsmiləşdirilməsinin aparılması və s” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddiaçının adına ölkəyə gətirilmiş istehsal tarixi 01 mart 2024-cü il tarixli, mühərrik həcmi 1991 kub.sm, şassi ban nömrəsi LE44N4EB2RL198445 olan X11 220 mil-hibrid-benzin model avtomobil üzrə gömrük bəyannaməsinin hibrid avtomobillər üçün nəzərdə tutulmuş XİF MN kodunun 33-cü qrafasının 870340 kodu ilə qəbul edilərək bəyannaməsinin 47-ci qrafası üzrə müvafiq hesablamalar aparılmaqla rəsmiləşdirilməsi aparılmasının öhdəliyinin cavabdehə həvalə edilməsini və çəkilmiş hüquqi xərclərin əvəzi, cavabdehin qanunsuz imtinası nəticəsində əldən çıxmış faydaya görə 5000AZN, vurulmuş mənəvi zərərə görə 10000 AZN vəsaitin, avtomobilin evakuator xərcinin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddianın məzmunu onunla bağlıdır ki, Çin Xalq Respublikasından “X11 220 mildhibrid-benzin model avtomobil gətirmişdir. Mild-hibrid ingilis dilindən tərcümədə yüngül hibrid kimi başa düşülür. Hibrid avtomobillər daxili yanma mühərriki və elektrik motorlarının kombinasiyası ilə hərəkətə gətirilir. Yüngül hibrid avtomobillər elektrik motorlarından yalnız surət yığma və hərəkət zamanı mühərriki dəstəkləmək üçün istifadə edilir-elektrik motoru avtomobili təkbaşına hərəkətə gətirə bilmir. Cavabdeh tərəfindən gətirilmiş avtonəqliyyat vasitəsinə ƏDV güzəşti tətbiq edilməsindən imtina etmişdir. Səbəb isə qeyd edilir ki, mildhibrid, yəni yüngül-hibrid mühərrikli avtomobillərə güzəşt tətbiq edilmir, onlar tam hibrid sayılmır. İmtina hesab edir ki, qanunsuz və əsassızdır, ƏDV güzəşti tətbiq edilməlidir. VMnin 164-cü maddəsinin dispozisiyasına əsasən qanunverici orqan hibrid avtomobillərin ƏDV-dən azad edilməsi ilə güzəşt tətbiq edərkən hibridin hansı növlərinə deyil, burada yalnız avtomobil mühərrikinin həcminə və istehsal ilinə münasibətdə məhdudlaşdırıcı şərtlər müəyyən etmişdir ki, gətirilən nəqliyyat vasitəsi də tam olaraq həmin şərtlərə uyğun gəlir. Cavabdeh özü yüzlərlə mild-hibrid mühərrikli nəqliyyat vasitələrinə ƏDV güzəşti tətbiq etmiş, hibrid mühərrikli nəqliyyat vasitəsi ilə olaraq gömrük rəsmiləşdirilməsi aparılmışdır. Cavabdehin etirazı: Etirazın məzmunu onunla bağlıdır ki, hibrid mühərrikli nəqliyyat vasitəsinin əsas xüsusiyyəti odur ki, 2 mühərrik-həm daxili yanma mühərriki, həm də elektrik mühərriki müstəqil şəkildə işləyə bilir, nəqliyyat vasitəsini müstəqil olaraq hərəkətə gətirir, elektrik mühərrikinin işləməsi üçün tələb olunan enerji isə benzin mühərriki işə salındıqda və ya əyləcdən istifadə edilmə zamanı akkumulyatorla yüklənir. Mild-hibrid mühərrikli nəqliyyat vasitələrində isə belə bir xüsusiyyət yoxdur, nəqliyyat vasitəsini işə salmaq üçün startergeneratorla və avtomobilin hərəkətə gətirilməsində rolu olmayan bateryalarla təchiz olunmuş nəqliyyat vasitələri hibrid avtomobil kateqoriyasına aid edilmir. Belə ki, bu tip nəqliyyat vasitəsi onu hərəkətə gətirən elektrik mühərriki ilə təchiz edilməmişdir. Hibrid avtomobillərin əsas xüsusiyyəti daxili yanma mühərriki, həm də elektrik mühərriki müstəqil şəkildə işləyə bilməsidirsə və bu xüsusiyyət mild-hibrid mühərrikli nəqliyyat vasitəsində yoxdursa deməli hibrid avtomobil kimi qəbul edilə bilməz. Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında Beynəlxalq konvensiyanın 8703 mövqeyi üzrə izahnaməsində göstərilən məsələyə izah verilmişdir və həmin İzahnaməyə istinad məhkəmə təcrübəsində qəbul ediləndir. Təsdiq edilmiş müvafiq standartlara əsasən “hibrid avtomobili” birdən çox enerji mənbəyi (mühərrik) ilə mexaniki hərəkətə gətirilən avtonəqliyyat vasitələridir. mexaniki hərəkətə gətirilmədə ancaq daxiliyanma mühərrikindən istifadə edən “yumşaq (“mild”) hibrid” avtomobilləri hibrid avtomobilləri kimi təsnifləşdirilmir ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eləcə də, məhkəmə qeyd edir ki, iddia tələbi əsas tələbdən yaranmış çəkilmiş hüquqi xərclərin əvəzi, cavabdehin qanunsuz imtinası nəticəsində əldən çıxmış faydaya görə 5000AZN, vurulmuş mənəvi zərərə görə 10000 AZN vəsaitin, avtomobilin evakuator xərcinin tutulması tələb edilməsi hissəsində də mümkünlük şərtini ödəməkdədir. Nəzərə alınmalıdır ki, həmin tələb əmlak tələbi kimi əsas tələb qismində çıxış etmədiyindən həmin tələbə dair ayrıca müraciətin edilməsi zərurəti mövcud deyildir. Əsas tələblə birlikdə baxılması, ondan yaranması nəzərə alınmaqla hazırkı iddiada müraciət edilmədən də verilə bilər. Təsadüfi deyildir ki, AR İPM-nin 34-cü maddəsində hdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilməsi xüsusi olaraq göstərilmişdir ki, həmin tələbin hazırkı mübahisə və iddia növünə də aid edilməsi istisna edilmir. Belə ki, həmin normativ tənzimləmənin məqsədi müraciət edilmə ilə əlaqədar formal tələbin aradan qaldırılmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, ümumi hüquqi öhdəliyinin pozulmadığına istinad edən inzibati orqan onun pozulmasının qəbuluna aid olan zərərin ödənilməsini təbii haldır ki, qəbul etmir, bu səbəbdəndir ki, əmlak tələbindən fərqli olaraq həmin tələblər əsas iddia növünün tərkibində çıxış etməklə, əsas iddianın müraciətinin və imtinasının daxilində qiymətləndirilir. Yəni əsas iddia üzrə müraciət edilmişdirsə, əlavə hissələrə dair müraciətin əlavə olaraq edilməsi zərurəti müəyyən edilmir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X6 X2 08 yanvar 2025-ci il tarixli məktubunda qeyd edilir ki, avtomobil 16 kVt-a və 250 NM fırlanma anına malik daxili yanma mühərrikini dəstəkləyən inteqrasiya edilmiş starter generator ilə təchiz edilmişdir. İstehsalçının tərifinə əsasən İSG ilə təchiz edilmiş avtomobillər yüngül hibrid ötürücü sisteminə aid edilir. 08 yanvar 2025-ci il tarixli məlumat məktubunda qeyd edilmişdir ki, avtonəqliyyat vasitəsi 16 kv.-a və 250 NM fırlanma anına malik daxili yanma mühərrikini dəstəkləyən inteqrasiya edilmiş starter generator ilə təchiz edilmişdir. İstehsalçının tərifinə əsasən İSG ilə təchiz edilmiş avtomobillər yüngül hibrid (mild-hybrid) ötürücü sisteminə aid edilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 03 aprel 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, VM-də hibrid avtomobillərin idxalına tətbiq edilən güzəşt nəqliyyat vasitəsinin istismarı zamanı ətraf mühitə istilik efekti yaradan qazların minimum atılmasını təmin edən hibrid avtomobillərə aid edilməlidir. Hibrid avtomobil ən azı iki müxtəlif (daxili yanma və elektrik) mühərrikə malik olmalı və nəqliyyat vasitəsinin aparıcı oxuna yönləndirilən ötürmə qüvvəsi həmin mühərriklər tərəfindən təmin edilməlidir. Yumşaq hibrid avtomobillərinin iş prinsipinin fərqli olması səbəbindən qanunvericilikdə nəzərdə tutulan güzəştlərin bu nəqliyyat vasitələrinə şamil olunması məqsədəuyğun hesab edilmir. Hibrid avtomobil ifadəsinin dəqiqləşdirilməsinə dair arayışda qeyd edilir ki, nəqliyyat vasitəsinin hibrid olması təsvir edilsə də, beynəlxalq konvensiyalarda hibrid avtomobil ifadəsiən azı iki müxtəlif mühərrikə malik olan və nəqliyyat vasitəsinin aparıcı oxuna yönləndirilən ötürmə qüvvəsi həmin mühərriklər tərəfindən təmin edilən avtomobillər nəzərdə tutur. Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında Beynəlxalq konvensiyanın 8703 mövqeyi üzrə izahnaməsində hibrid elektrik avtomobillərinin daxiliyanma mühərriki ilə yanaşı bir və ya bir neçə elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri olmaqla mexaniki hərəkət üçün enerjini həm daxiliyanma mühərrikindən, həm də elektrik mühərrikdən təmin etdiyi qeyd edilir. Nəqliyyat vasitəsini işə salmaq üçün starter generatorla və avtomobilin hərəkətə gətirilməsində rolu olmayan batareyalarla təchiz edilmiş nəqliyyat vasitələri hibrid avtomobil kateqoriyasına aid edilmir, bu tip nəqliyyat vasitələri onları hərəkətə gətirən elektrik mühərriki ilə təchiz edilməmişdir. Harmonikləşdirilmiş Sistem üzrə Komitənin 2021-ci ilin aprel ayında keçirilmiş 67-ci və 2022-ci il mart ayında keçirilmiş 69-cu sessiyalarında yumşaq hibrid avtomobillərin 8703 40 yarım mövqeyində deyil, 8703 22 –benzin mühərriklə hərəkətə gətirilən avtomobil yarımmövqeyində sinifləşdirilməsi qərarı qəbul edilmişdir. Nazirlər Kabinetinin aidiyyəti dərkənarı üzrə hazırlanmış “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsinin icra vəziyyəti barədə məlumata dair cədvəldən görünür ki, idxal olunan avtomobillər üzrə tətbiq olunan güzəştlərlə əlaqədar hibrid avtomobil kateqoriyasının müəyyənləşdirilməsi üçün müvafiq standartların hazırlanması və təsdiq edilməsi tapşırığına dair görülmüş işlər üzrə qeyd edilir ki, AZS ECE 83:2024- Mühərrikin yanacaq tələblərinə uyğun olaraq çirkləndirilməsi emissiyasıilə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar, AZS ECE 101:2024- “Karbo 4oksidin həcminin və yanacaq sərfinin və elektrik enerjisinin və elektrik diapozunun ölçülməsi ilə bağlı yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən, yaxud hibrid elektrik ötürücüsünün köməyi ilə hərəkətə gətirilən minik avtomobillərin, həmçinin elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən M1 və N1 kateqoriyalı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar” AZS ECE 100:2024-“Elektrik ötürücələrinə dair xüsusi tələblərlə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar” normativ sənədlərin müvafiq dövlət standartları qəbul edilənədək ölkə ərazisində müvəqqəti tətbiqi ilə bağlı 31 may 2024-cüil tarixli Qərar qəbul edilmişdir. Dövlət Vergi Xidmətinin 17 fevral 2025-ci il tarixli məktubunda qeyd edilir ki, hibrid avtomobillərin idxalı və satışı üzrə nəzərdə tutulmuş vergi güzəşti “yumşaq hibrid” və ya digər növdə olan hibrid avtomobilləri üzrə təsnifləşdirmə aparılmadan təsbit edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Harmonikləşdirilmiş Sistem üzrə Komitənin 2021-ci ilin aprel ayında keçirilmiş 67-ci və 2022-ci ilin mart ayında keçirilmiş 69-cu sessiyalarına dair ingilis dilində, eləcə də Azərbaycan dilinə tərcüməsi edilmiş, lakin aidiyyəti şəxs və notarius tərəfindən təsdiqi həyata keçirilməmiş sənəddə qeyd edilir ki, “yumşaq hibrid” avtomobillərin 8703 40 (hibrid avtomobillər) yarım mövqeyində deyil, 8703 22 (benzin mühərriklə hərəkətə gətirilən avtomobillər) yarım mövqeyində sinifləşdirilməsi təklif edilmişdir. İmprotex Motos tərəfindən gömrük orqanına ünvanlanmış məktubda qeyd edilir ki, hibrid avtomobil dedikdə eyni nəqliyyat vasitəsində həm elektrik mühərriki, həm də daxili yanma mühərriki ilə təchzi edilmiş və hər iki mühərrik növündən istifadə edə bilən avtomobil nəzərdə tutulur. Hibrid avtomobillər zərurət olduqda hər iki mühərriki eyni anda və ya ayrı-ayrılıqda-yalnız elektriklə və ya yalnız DYM işləyən rejimdə istismar oluna bilirlər. Yumşaq hibrid sistemi dedikdə- bu sistemin elektrik mühərriki surətlər qutusunun içərisində yerləşərək və çox kiçik həcmli baterayadan istifadə edərək, avtomobilə ancaq surətlənməyə kömək edir. Mild-hibrid termini mühəndis deyil, daha çox marketinq termini kimi qəbul edilir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Gömrük Məcəlləsinin: Maddə 1. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar 1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.19. gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər; 8.0. Gömrük orqanlarının vəzifələri aşağıdakılardır: 8.0.25. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması ilə əlaqədar müvafiq tədbirlər görür; 218.2. Gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir: 218.2.1. xarici iqtisadi fəaliyyətin mal nomenklaturası; 224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. 242.2. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. 319.1. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. 319.3. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasından tarif və qeyri-tarif tədbirlərinin tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir. 319.4. Azərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası X3 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X7 Edilmiş Sisteminə və X4 xarici iqtisadi fəaliyyətin vahid mal nomenklaturasına uyğun olmalıdır. 319.5. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. 322.1. Gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: 322.1.2. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; Vergi Məcəlləsinin: 20.5. Bu Məcəllə ilə nəzərdə tutulan hallarda vergi orqanlarının səlahiyyətlərini qanunla müəyyən edilmiş hallarda və qaydada yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində gömrük orqanları həyata keçirir. 164.1. Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: 164.1.41-1. istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 4 il müddətinə. Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun: 25.1. Normativ hüquqi aktlar daxilən uzlaşdırılmalı, məntiqli qurulmalı və normayaratma texnikasına uyğun olmalıdır. 25.2. Normativ hüquqi aktın normaları ifadə edilərkən həm həddindən artıq ümumiləşdirilmiş, həm də həddindən artıq təfərrüatlı ifadələrə, eləcə də eyni məsələ ilə bağlı normativ göstərişlərin təkrarlanmasına və onların çoxluğuna yol verilməməlidir. 25.5. Normativ hüquqi aktın mətnində istifadə edilən termin və anlayışlar aydın və birmənalı olmalıdır. Maddə 53. Normativ hüquqi aktın mətninə dair irəli sürülən linqvistik tələblər Normativ hüquqi aktın mətni lakonik formada, normaların ziddiyyətli təfsirini istisna edən sadə və aydın dildə, Azərbaycan ədəbi dilinin və hüquq terminologiyasının rəsmiişgüzar üslubuna əməl etməklə tərtib edilir. 54.1. Normativ hüquqi aktın terminologiyası aydın anlaşılan sözlərdən və söz birləşmələrindən istifadə etməklə formalaşdırılmalıdır. İşin faktiki hallarından göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçı tərəfindən ölkəyə idxal olunan nəqliyyat vasitəsinin Vergi Məcəlləsinin yuxarıda istinad edilən maddəsində ƏDV tutulmayan istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobili hesab edilib-edilməməsi ilə əlaqədardır. Cavabdehin mövqeyi onunla əlaqədarıd mild-hibrid-benzin model həmin nəqliyyat vasitəsi hibrid avtomobili hesab edilmir və ona dair hər hansı vergi güzəşti tətbiq edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin göstərilən normasının hazırkı mübahisə üzrə tətbiqi baxımından, ümumiyyətlə həmin normanın tətbiqi məqsədinə qiymət verilməsi zəruridir. Aydın məsələdir ki, dövlət büdcəsinin ən vacib formalaşma mənbəyi hesab edilən vergi daxilolmaları üzrə müvafiq hallar üzrə vergi güzəştlərinin tətbiq edilərək, dövlət büdcəsinə daxil olmanın müəyyən nisbətdə azalmasına yönələn dövlət siyasəti və ona uyğun qanunvericilik tənzimlənməsi müəyyən məqsədə xidmət edir. Göstərilən maddənin 164.1.41-1. olması, ondan əvvəlki 164.1.41, yəni yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ilə, sonrakı maddənin elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı ilə əlaqədar olması da həmin məqsədin nə ilə bağlı olması məsələsinə aydınlıq gətirmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”nin müddəalarından da göründüyü kimi təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi Milli Prioritetlərdən biri kimi müəyyən edilmişdir. Həmin sənəddə qeyd edilir ki, indiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcəkdir. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” adlı sənəddə qeyd edilir ki, Bərpa olunan enerji mənbələrindən istifadə artırılacaq, enerji səmərəliliyi təmin ediləcəkdir. İqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadə genişləndiriləcəkdir. Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin (minik avtomobilləri, avtobuslar və s.) dövriyyəsinin stimullaşdırılması və zəruri infrastrukturunun yaradılması məqsədi ilə elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştlərinin tətbiqi edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi adıçəkilən vergi güzəştinin məqsədi ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin (minik avtomobilləri, avtobuslar və s.) dövriyyəsinin stimullaşdırılması və zəruri infrastrukturunun yaradılması ilə əlaqədardır. Odur ki, normativ hüquqi aktların yuxarıda istinad edilən qanunvericiliklə müəyyən edilmiş linqvistik tələbləri də nəzərə alınmaqla mild-hibrid ifadəsinin Vergi Məcəlləsinin 164.1.41-1-ci maddəsində nəzərdə tutulmuş hibrid ifadəsinə aid olması yuxarıda qeyd olunan istiqamət üzrə qiymətləndirilməlidir. Həmin istiqamət üzrə aparılmış araşdırma zamanı məhkəmə tərəfindən də müəyyən edilir ki, mild-hibrid ifadəsi Vergi Məcəlləsinin 164.1.41-1-ci maddəsində nəzərdə tutulmuş hibrid avtomobilinin hər hansı növü hesab edilməməkdədir. Belə ki, iş materiallarında olan sənədlərdən də görünür ki, hibrid avtomobili dedikdə ən azı 2 müxtəlif –daxili yanma və elektrik mühərrikinə malik olmalı və nəqliyyat vasitəsinin aparıcı oxuna yönləndirilən ötürmə qüvvəsi həmin mühərriklər tərəfindən təmin edilməlidir. Mild-hibrid avtomobilləri isə göstərilən xüsusiyyətdən məhrumdur. Həmin avtomobillər onları hərəkətə gətirən elektrik mühərriki ilə təchiz olunmamışdır. Göstərilən hal isə onun idxalının yuxarıda istinad edilən ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin (minik avtomobilləri, avtobuslar və s.) dövriyyəsinin stimullaşdırılması və zəruri infrastrukturunun yaradılması məqsədinə xidmət etməsini istisna edir və ekoloji xüsusiyyətləri baxımından daxili yanma mühərriki ilə hərəkətə gətirilən, benzin və s kimi vasitələrdən istifadə ilə hərəkətə gətirilən nəqliyyat vasitələri arasındakı fərqi aradan qaldırır. Belə olduğu təqdirdə hibrid avtomobillərindən fərqli işləmə mexanizminə malik olan, təkcə adında mild-hibrid ifadəsi işlədilən, faktiki olaraq mild-hibrid benzin modelli nəqliyyat vasitəsinə hər hansı ƏDV güzəştinin tətbiq edilməsindən, məhkəmə hesab edir ki, söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, Gömrük orqanının göstərilən mövqeyi, beynəlxalq qanunvericiliyin tələblərinə də uyğundur. Doğrudur, gömrük orqanı tərəfindən Harmonikləşdirilmiş Sistem üzrə Komitənin 2021-ci ilin aprel ayında keçirilmiş 67-ci və 2022-ci ilin mart ayında keçirilmiş 69-cu sessiyalarına dair ingilis dilində, eləcə də Azərbaycan dilinə tərcüməsi edilmiş, lakin aidiyyəti şəxs və notarius tərəfindən təsdiqi həyata keçirilməmiş sənəd məhkəməyə təqdim edilmişdir ki, təqdim edilən həmin sənədin özünün sübut növü kimi istifadəsindən söhbət gedə bilməz. Lakin, nəzərə alınmalıdır ki, İPM-nin tələbləri baxımından MPM-dən fərqli olaraq formal həqiqət yox, məhz obyektiv həqiqətin müəyyən edilməsi məhkəmənin vəzifəsidir. İPM-nin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə də göstərilən xidməti vəzifəsinə görə müvafiq araşdırmanın aparılmasını həyata keçirmişdir ki, Harmonikləşdirilmiş Sistem üzrə Komitənin 2021-ci ilin aprel ayında keçirilmiş 67-ci və 2022-ci ilin mart ayında keçirilmiş 69-cu sessiyalarında “yumşaq hibrid” avtomobillərin 8703 40 (hibrid avtomobillər) yarım mövqeyində deyil, 8703 22 (benzin mühərriklə hərəkətə gətirilən avtomobillər) yarım mövqeyində sinifləşdirilməsinə dair mövqe aydındır. Nəzərə alınmalıdır ki, beynəlxalq konvensiyanın, onun əlavələrinin, izahnaməsinin, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlarının sessiyalarında, konfranslarında göstərilən, qeyd edilən məlumatlara istinad edilməsi üçün həmin məlumatların inzibati orqan tərəfindən təsdiq edilərək təqdim edilməsi tələb olunmur. Belə ki, hazırkı halda sənədə yox, məlumatın mötəbərliyinə istinad edilir ki, əks halda müvafiq tərcüməsi hələ həyata keçirilməmiş, lakin təsdiq edilmiş beynəlxalq konvensiya digər sənədlərin tərcümədən və s –dən asılı olunması kimi vəziyyət yaranacaqdır. Nəzərə alınmalıdır ki, adıçəkilən növ sənədlər hər hansı hüquqi və fiziki şəxs tərəfindən verilən, akkreditasiya və ya apostil olunmalı olan, tərcüməsi təsdiq edilməli olan növ sənədlər hesab edilmir və tərcümə olunub-olunmamasından asılı olmayaraq qanunvericiliyin tərkib hissəsidir və ya tövsiyə xarakteri olmaqla daxili qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması məqsədi daşıyır. Təsadufi deyildir ki, Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən aşağıdakı yeni dövlət standartları qəbul edilmişdir. AZS ECE 83:2024 “Mühərrikin yanacaq tələblərinə uyğun olaraq çirkləndiricilərin emissiyası ilə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”; - AZS ECE 101:2024 “Karbon 4-oksidin həcminin və yanacaq sərfinin və/və ya elektrik enerjisinin və elektrik diapazonunun ölçülməsi ilə bağlı yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən, yaxud hibrid elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən minik avtomobillərinin, həmçinin elektrik enerjisinin sərfinin və elektrik diapazonunun ölçülməsi baxımından yalnız elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən M1 və N1 kateqoriyalı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”; - AZS ECE 100:2024 “Elektrik ötürücülərinə dair xüsusi tələblərlə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”. Gömrük orqanı da əsaslı olaraq hesab etmişdir ki, ölkəyə idxal olunan avtomobillər üzrə tətbiq olunan güzəştlərlə əlaqədar hibrid avtomobil kateqoriyasının müəyyənləşdirilməsi məqsədi ilə təsdiqlənmiş bu standartlara əsasən “hibrid avtomobili” birdən çox enerji mənbəyi (mühərrik) ilə mexaniki hərəkətə gətirilən avtonəqliyyat vasitələridir. Yuxarıda qeyd olunan standartların tələblərinə əsasən mexaniki hərəkətə gətirilmədə ancaq daxiliyanma mühərrikindən istifadə edən “yumşaq (“mild”) hibrid” avtomobilləri hibrid avtomobilləri kimi təsnifləşdirilmir. Beləliklə, işin faktiki halları ilə də müəyyən edilir ki, hibrid avtomobil eyni nəqliyyat vasitəsində həm elektrik mühərriki, həm də daxili yanma mühərriki ilə təchzi edilmiş və hər iki mühərrik növündən istifadə edə bilən avtomobil nəzərdə tutulur. Hibrid avtomobillər hər iki mühərriki eyni anda və ya ayrı-ayrılıqda-yalnız elektriklə və ya yalnız DYM işləyən rejimdə istismar oluna bilirlər. Mild hibrid isə bu sistemdən məhrumdur və elektrik mühərriki surətlər qutusunun içərisində yerləşir və çox kiçik həcmli baterayadan istifadə edərək, avtomobilə ancaq surətlənməyə kömək edir. Odur ki, cavabdeh gömrük orqanının mövqeyi qanuni və əsaslıdır. Digər tərəfdən vergi orqanının mövqeyinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təsadüfi deyildir ki, Vergi Məcəlləsinin 20-ci maddəsi vergi orqanlarına aid olmayan tənzimləmə ilə bağlı xüsusi qayda müəyyən etmişdir. Normadan da görünür ki, Bu Məcəllə ilə nəzərdə tutulan hallarda vergi orqanlarının səlahiyyətlərini qanunla müəyyən edilmiş hallarda və qaydada yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində gömrük orqanları həyata keçirir. Odur ki, vergi orqanının səlahiyətinə aid olmayan, göstərilən sahə üzrə ixtisaslaşmış qurumun səlahiyyətinə aid olan məsələ ilə əlaqədar mövqeyi hazırkı iddianın təmini üçün əsas qismində çıxış edə bilməz. Odur ki, hazırkı halda iddiaçının qeyd etdiyi kimi gömrük rəsmiləşdirilməsinin aparılmasının cavabdehə həvalə edilməsindən, eləcə də həmin tələbdən yaranan əlavə tələblər kimi çəkilmiş hüquqi xərclərin əvəzi, cavabdehin qanunsuz imtinası nəticəsində əldən çıxmış faydaya görə 5000AZN, vurulmuş mənəvi zərərə görə 10000 AZN vəsaitin, avtomobilin evakuator xərcinin cavabdehdən tutulmasından söhbət gedə bilməz. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-7045/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7045/2025
30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver