Məhkəmə qərarları › İş №2-1(112)-7047/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7047/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7047/2021 30.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı X8 üçüncü şəxs qismində göstərilməklə qərarın ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı X8 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası barədə" 31 mart 2021-ci il tarixli, **********702000 saylı qərarın ləğv edilməsi və əlavə hesablanmış və şəxsi hesab vərəqəsində cəmi ödənməli 71.605,95 AZN vergi borcunun onun şəxsi hesabından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəfindən iş üzrə üçüncü şəxs “Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs” X4 qeydiyyata alınmış VÖEN: ********** üzrə digər hərəkətlərlə yanaşı sahibkarlıq fəaliyyətinin aparılmasına səlahiyyət verən, 19.06.2020-ci il tarixdə 7E-9536 sayla qeydiyyata alınmış etibarnamə verilmişdir. Həmin tarixdən fəaliyyət göstərdiyi dövrdən cavabdeh tərəfindən fiziki şəxs barəsində vergi yoxlamasının nəticəsi olaraq "Vergi borcunun ödənilməsinə dair" 01 aprel 2021-ci il tarixli, **********1 saylı bildirişə uyğun olaraq həmin dövr üçün 68.569,94 AZN, o cümlədən vergilər üzrə 64.595,90 AZN, maliyyə sanksiyaları üzrə 40.00 AZN, faizlər üzrə 3.934,04 AZN vergi borcunun ödəniş zərurəti müəyyən edilmişdir. “Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs”in şəxsi hesab vərəqəsinə əsasən cəmi 771.605,95 AZN vergi məbləğinin ödənilməsini tələb edilmişlər. Qeyd olunan vergi borcunun qanunsuz və əsassız hesablanmasını bu səbəbdən də silinməsi ilə bağlı iddia tələbinin qanuni olduğunu hesab edir. Belə ki, cavabdehin mübahisələndirilən qərarı qəbul edərkən vergi qanunvericiliyi ilə müəyyənləşdirilmiş metodların hansından istifadə etdiyi, ümumiyyətlə qərarı hansı əsaslı sübutlara istinad edərək qəbul etdiyi bəlli deyil. Qərardan müəyyən olunur ki, vergi orqanının analoji fəaliyyətə istinad etmə metodundan istifadə edərək belə bir qərar qəbul etdiyi qənaətinə gəlinir. Halbu ki, vergi orqanı belə metoddan digər imkanlar tükəndikdə istifadə etməlidir. Buna qədər isə vergi orqanı ilk növbədə sənədlərin və məlumatların təqdim edilməsi tələbi ilə vergi ödəyicisinə sorğu göndərməli, əgər qanunla müəyyən edilmiş müddət ərzində vergi ödəyicisi tərəfindən sorğu cavablandırılmazsa, digər metodlardan istifadə etməlidir. Qeyd olunan bu məsələ Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.4-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot və hesabat məlumatları əsasında hesablanır (VM 67.4). Lakin göründüyü kimi cavabdeh onun araşdırma üçün zəruri olan sənədlərin (məlumatların) tələbi ilə bağlı zəruri tədbirləri görməmiş, amma qanunla müəyyən olunan müddət uzrə fərziyyələrə istinad edərək onun hüquqlarını kobud şəkildə pozmuşdur. Eyni zamanda cavabdeh Vergi Məcəlləsinin 24.0.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəni (vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək) yerinə yetirməmişdir. Belə olan halda onun vergi orqanına təqdim edəcəyi izahata və yaxud sənədlərə qiymət vermədən cavabdeh vergi orqanının gəldiyi nəticə tutarlı sübutlara istinad edilmiş hesab oluna bilməz. Yuxanda deyilənlərdən başqa onu da qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində apanlan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Lakin cavabdehin keçirdiyi kameral vergi yoxlaması reyestrdə qeydiyyata alınmamışdır. Beləliklə sadalanan hallardan aydın şəkildə görünür ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanı kameral vergi yoxlamasının həyata keçirilməsi nəticəsində mübahisələndirilən qərar əsasında ona əlavə vergi məbləğinin hesablamasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlər mövcud deyildir. Göstərilənlərə əsasən vergi orqanının apardığı hesablamalarının, maliyyə-iqtisadi baxımdan düzgün olmaması səbəbindən vergi məbləğlərinin ləğv edilməsini qanuni və əsaslı hesab edir Cavabdeh məhkəməyə iddianın mümkün sayılmaması barədə vəsatət təqdim edərək İddiaçı iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəsatətini onunla əsaslandırmışdır ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsindən göründüyü kimi ləğv edilməsi tələb olunan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 31.03.2021-ci il tarixli, **********702000 nömrəli qərar iddiaçının özü barəsində deyil, digər vergi ödəyicisi, yəni X8 (VÖEN **********) barəsində qəbul edilmişdir. Həmin qərar inzibati qanunvericiliyin tələbi baxımdan hazırkı İddiaçı üçün deyil, barəsində qərar qəbul edilmiş X8 üçün hüquqi nəticələr yaradır. Eyni zamanda silinməsi tələb olunan 71605,95 manat borc məbləği də X3 vergi öhdəliyi ilə bağlı yaranmış borcdur. Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Qanunvericiliyin qeyd olunan normalarına istinad edərək bildiririlir ki, mübahisələndirilən qərar vergi ödəyicisi kimi X7 barəsində qəbul edildiyinə, eyni zamanda silinməsi tələb olunan borc məbləği də həmin şəxsin vergi öhdəliyi ilə bağlı olduğuna görə İddiaçı həmin qərarın ləğv edilməsi və hesablanmış borcun silinməsi üçün öz adından iddiaçı kimi iddia qaldırmaq səlahiyyətinə malik deyil və qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 tərəflərindən verilmiş vəsatəti müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Bakı İnzibati Məhkəməsinin icraatında X5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası barədə" 31 mart 2021-ci il tarixli, **********702000 saylı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş vardır və hal-hazırda icraat davam etdirilir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə iddiaçının və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, cavabdeh tərəfindən təqdim edilmiş vəsatəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İlkin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası barədə" 31 mart 2021-ci il tarixli, **********702000 nömrəli qərarı ilə X5 (VÖEN **********) kameral yoxlama nəticəsində 2020-ci il gəlir vergisi üzrə 65.019,26 manat vergi borcunun yaranması müəyyən edilmişdir. Göründüyü kimi hazırki iş üzrə mübahisələndirilən qərar iddiaçı barəsində deyil, iddiaçı tərəfindən üçüncü şəxs qismində göstərilmiş X8 barəsində qəbul edilmişdir və sonuncu həmin qərarı müstəqil qaydada məhkəmədə mübahisələndirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən məzh İddiaçı hüquqlarının və qanunla qorunan maraqlarının pozulması hallarına yol verilmədiyindən, İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmadığından onun tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar