Məhkəmə qərarları › İş №2-1(112)-7048/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7048/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7048/2020 19.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi işə cəlb edilməklə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə işə Bakı şəhəri, N.Vəzirov küçəsi, 56 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi işə cəlb edilməklə xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə və xx.xx.1994-cü il tarixdən 12.055.1994-cü il tarixinədək atəşkəs elan edilənə qədər DİNin Daxili Qoşunarın sıralarında N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissədən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsi və qərardan irəli gələn ehtiyata buraxılması barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, və iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədilə məhkəmənin hazırlıq icraatına başlanılmışdır. Cavabdeh tərəfindən sərəncama əsasən məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi barədə arxiv arayışının verilməsi Daxili Qoşunların Baş İdarəsinin səlahiyyətlərinə aid olmadığından, bu məhkəmə tərəfindən nəzərə alınaraq, cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz olunmalıdır. Həmçinin, X3 verilmiş 361 nömərli, xx.xx.2020-ci il tarixli arayışdan məlum olur ki. İddiaçı Daxili Qoşunların tərkibində xidmət keçməsini təsdiq edən hər hansı məlumatın aşkar olunmaması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Bundan əlavə, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi, eyni zamanda həmin tarixlərə daxil olan vaxtlarda, yəni xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi qanunvericiliyin tələblərinə ziddir. Beləliklə, yuxarıda göstərilənlərdən məlum olu ki, İddiaçı daxili qoşunların tərkibində xidmət keçməsini təsdiq edən hər hansı məlumat aşkar olunmadığından cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı iddiası təmin edilməməlidir. İş üzrə hazırlıq iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan, hazırlıq icraatı mərhələsində məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən onun xidməti barədə məlumat verilməsinə dair Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyinin sədrinin sorğusuna verilmiş arayış (məktubu) mübahisələndirərək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azəbraycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə və xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixinədək atəşkəks elan edilənə qədər DİNin Daxili Qoşunları sıralarında N saylı hərbi hissədə bütün xidmətləri barədə tələb olunan əmrlər əsasında arxiv arayışı verilməsini xahiş edir. Məhkəmə bununla bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakmiyyət tədbirdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.9-cu maddəsinə əsasən, aralıq inzibati akt – konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “İnzibati icraat haqqında” Qanun)“inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasə ninzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir, hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. İddiaçı barəsində verilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışını mübahisələndirirək, ona xidməti barədə ətraflı arxiv arayışı verilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, həmin arayış məlumat xarakterli olub, arxivdə olan məlumatlar əsasında iddiaçıya verildiyindən, həmin arxiv arayışı inzibati akt kimi qəbul edilməməlidir. Belə ki, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırki mübahisədə cavabdeh orqan tərəfindən iddiaçının subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya qanunla qorunan hüquq və azadlıqlarını pozması faktı, eləcə də, iddiaçı ilə cavabdeh arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu müəyyən edilmədiyindən iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edir. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə xidmət keçməsi barədə arxiv arayışının verilməsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsindən tələb etsə də, iddiaçının həmin illərdə xidməti barədə arayışın verilməsi Daxili Qoşunların Baş İdarəsinin səlahiyyətinə aid ola bilməz. Bu səbəbdən də, iddia üzrə həmin hissədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi ümumiyyətlə cavabdehlik daşıya bilməz. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki iddia mümkünlük şərtlərinə cavab vermədiyindən, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar