Məhkəmə qərarları › İş №2-1(112)-705/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-705/2020

11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-705/2020 11.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı X3 (Yardımlı rayonu, Qabaqdibi kəndində qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrində 052-saylı X2 Xüsüsi Təyinatlı kəşfiyyat qrupunda xidmət dövründə aldığı “Ümümi xəstəliyə” görə qanunla nəzərdə tutulmuş müvafiq kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 02 iyul 2011-ci ildən 052-saylı hərbi hissədə Təminat bölüyündə çavuş, 01 iyul 2012-ci ildə 052-saylı hərbi hissədə X4 kursunu keçib kiçik gizir rütbəsi alaraq, X2 Xüsusi Təyinatlı Qrupda kəşfiyyatçı vəzifələrində xidmət etmiş, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 20 oktyabr 2014-cü il tarixli 0242 gm əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 56-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Hal-hazırda 2-ci qrup əlildir, işləmir. İddiaçı kompensasiya verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli Qərarının 2.2-ci maddəsinə istinat edərək kompensasiyanın ödənilməsindən imtina etmişdir. İmtina əsassızdır. Belə ki, “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.12-ci maddəsinə əsasən, xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respuplikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcimdə kompensasiya verilir.“Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 7.1-ci maddəsinə görə, hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağrılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olmaqla, hərbi həkim kamisyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, 07 avqust 2014-cü il tarixli, 1684 nömrəli xəstəlik haqqında şəhadətnamədə göstərilmişdir ki, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Xəstəlik xidməti vəzifələrin icrası ilə bağlı olmadığından, iddiaçıya kompensasiyanın ödənilməsindən imtina olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etirazda göstərilənlərə uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 02 iyul 2011-ci il tarixdən 20 oktyabr 2014-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan N saylı hərbi hissə komandirininin N nömrəli Əmrindən görünür ki, iddiaçı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 20 oktyabr 2014-cü il tarixli, 0242 gm əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 56-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. İş materiallarında olan 7 avqust 2014-cü il tarixli, 1684 nömrəli Xəstəlik haqqında Şəhadətnamənin surətindən görünür ki, Hərbi Həkim Komissiyasının qərarı ilə iddiaçıya “Revmatizm, qeyri-fəal dövr. Aortal qapaq çatışmazlığı” diaqnozu qoyulmuş və həmin xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” müəyyən edilmişdir. İş materiallarında olan 21 iyul 2015-ci il tarixli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin məlumatından görünür ki, iddiaçıya 21 iyul 2015-ci il tarixdən 2-ci qrup əlillik təyin edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 17 iyun 2019-cu il tarixli, 15/1131 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən baxılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli Qərarının 2.2-ci maddəsinə istinad edərək kompensasiyanın ödənilməsindən imtina etmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 02 iyul 2011-ci il tarixdən 20 oktyabr 2014-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuş, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 20 oktyabr 2014-cü il tarixli, 0242 gm əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 56-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Hərbi Həkim Komissiyasının qərarı ilə iddiaçıya “Revmatizm, qeyri-fəal dövr. Aortal qapaq çatışmazlığı” diaqnozu qoyulmuş və həmin xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” müəyyən edilmişdir. İddiaçıya 21 iyul 2015-ci il tarixdən 2-ci qrup əlillik təyin edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Belə ki, “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci maddəsinə görə, Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». ... c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ - İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. ... “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.12-ci maddəsinə əsasən, xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Normanın məzmunundan görünür ki, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə kompensasiya o halda verilə bilər ki, həlak olma, xəsarət (yaralanma, travma, kontuziya) bilavasitə xidməti vəzifələrin icrası zamanı baş versin. Lakin 7 avqust 2014-cü il tarixli Xəstəlik haqqında Şəhadətnamənin surətindən görünür ki, Hərbi Həkim Komissiyasının qərarı ilə iddiaçıya “Revmatizm, qeyri-fəal dövr. Aortal qapaq çatışmazlığı” diaqnozu qoyulmuş və həmin xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” müəyyən edilmişdir. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı qanunvericilklə təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar