Məhkəmə qərarları › İş №2-1(112)-7058/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7058/2025

12.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7058/2025 12.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə qızının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi ev 203 ünvanında yerləşən 13 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 4-1.77 kv.m olan mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydə alınmış və ona xx.xx.2024-cü il tarixdə çıxarış verilmişdir. İddiaçıya məxsus qeyd edilən mənzil uzun müddətdir qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. İddiaçı Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək ona məxsus mənzilin təyinatının dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan müraciətə cavab olaraq bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış sahəsi binanın layihəsindən kənara çıxdığına görə məsələnin müsbət həlli imkan xaricindədir və mümkün deyildir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın müraciətdən imtina etməsi qanunsuz olmuşdur və heç bir hüquqi əsasa söykənmir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının arzu etdiyi inzibati aktın qəbul edilməsindən imtina edilməsinin səbəbini qeyd etsə də, hüquqi cəhətdən heç bir əsaslandırma aparmamış, müraciətin təmin edilməsindən imtina etməsini qanuni şəkildə əsaslandırmamışdır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, yuxarıda qeyd olunan ünvanda yerləşən yaşayış sahəsi binanın layihəsindən kənara çıxdığına görə məsələnin müsbət həlli imkan xaricindədir və mümkün deyildir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu Svetlana Məmmədova küçəsi, 203 saylı binanın 13-cü mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti iddiaçının iddia ərizəsində irəli sürülən iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. Belə ki, iddiaçının yaşayış sahəsinə bitişik tikilmiş əlavə sahəsi binanın əsas layihəsindən kənara çıxdığına görə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçməsi tərəfindən mümkün deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: Həmin Məcəllənin 21.2.3-cü maddəsinə əsasən keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); Həmin Məcəllənin 21.2.4-cü maddəsinə əsasən keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Hesab edilmişdir ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericlikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmin qərarın 4.1-ci maddəsinə əsasən İnzibati Prosessual Məcəlləsinin 35.1- ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. AR İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. AR İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələbinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi iddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Beləliklə də, hesab edilmişdir ki, iddiaçının Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia irəli sürməsi əsassızdır, onun hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddiaçının iddia tələbi Rayon İcra Hakimiyyətinə qarşı əsassız olduğu üçün cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2024cü il tarixdə qeydiyyata alınmışdır. (Texniki pasport iş materiallarına əlavə edilmişdir.)

6. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departameınti Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 79 Saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Binəqədi rayon 79 saylı MKLİS-i Sizin 3-52-13-1/1- 273/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, xidməti ərazimizdə olan Svetlana Məmmədova küçəsi 203 saylı binanın 1-ci mərtəbəsində yerləşən 19 mənzil obyekt kimi fəaliyyət göstərir, lakin mənzil fondundan qeyri-yaşayış sahəsinə keçirilməyib.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məlumat təqdim edilməsi haqqında məktubda qeyd edilmişdir ki, X4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, ev 203, 15 saylı mənzil Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 18 nömrəli xx.xx.2023-cü il tarixli mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında sərəncamına, layihəyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, 203 saylı qeyri-yaşayış sahəsi kimi xx.xx.2023-cü il tarixdə X3 adına qeydiyyata alınmışdır.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)-4364/2025 nömrəli qərarına əsasən iddiaçı X1 iddia tələbi təmin edilmiş və ünvan 3 ünvanında yerləşən 58 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müvafiq inzibai akt qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2025-ci il tarixli 80 nömrəli sərəncamına əsasən ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

10. Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir.

11. İddianın növü məcburemtmə növündə iddiadır. İddia mümkündür. III.Məhkəmənin mövqeyi

12. Mənzil Məcəlləsindən: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir.

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 15. İqtisadi inkişaf və dövlət İ. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. İİ. Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Maddə 59. Azad sahibkarlıq hüququ İ. Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.https://e-qanun.az/framework/897 İİ. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.

14. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. (Texniki pasport iş materiallarına əlavə edilmişdir.)

15. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi ev 203 ünvanında yerləşən 13 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsini xahiş edir.

16. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

17. Məhkəmə müəyyən edir ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı mülkiyyətində olmaqla faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilir.

18. Məhkəmə nəzərə alır ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunan daşınmaz əmlakın yerləşdiyi binada (Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində) qeyri-yaşayış sahəsi kimi qeydiyyatdan keçmiş digər mənzillər mövcuddur. Belə ki, X2 məxsus olmuş ünvan 4 ünvanı isə qeyri-yaşayış sahəsinə keçirilmişdir.

19. Məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil, yəni tətbiq olunan vasitə qarşıya qoyulan məqsədə mütənasib deyil.

20. Məhkəmə eyni zamanda nəzərə alır ki, cavabdeh orqan tərəfindən Mənzil Məcəlləsinin 21.10-cu maddəsinə əsasən daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunması ilə bağlı hər hansı inzibati araşdırma aparılmamışdır.

21. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

22. Odur ki, hər hansı inzibati məhkəmə araşdırması zamanı (inzibati orqanda icraatın əvəzinə) inzibati icraat zamanı ümumiyyətlə araşdırma predmeti olmayan məsələlərin araşdırılması (halbuki daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunması ilə bağlı) və bu istiqamətdə müvafiq rəylərin alınması yuxarıda qeyd edilən məqsədlərə uyğun hesab edilə bilməz.

23. Qeyd edilənlərə əsasən məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, cavabdeh tərəfindən yaşayış- sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin mümkünlüyü ilə bağlı inzibati araşdırma həyata keçirilərkən qeyd edilən mənzilin Binəqədi rayon İcra Hakimiyyətinin uzun müddət qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi və etimadın qorunması və bərabərlik prinsipi nəzərə alınmaqla daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunması ilə bağlı müvafiq qiymətləndirmə aparılmalıdır. Həmin qiymətləndirmənin aparılması üçün zəruri olduğu təqdirdə aidiyyəti qurumlardan (Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və s.) müvafiq rəylər alınmalıdır. Lakin məhkəmə müəyyən edir ki, yuxarıda qeyd edilən digər qeyri-yaşayış sahələrinə münasibətdə belə rəylər alınmamışdır.

24. Belə k, Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi tərəfindən təqdim edilməli olan sənədlərin siyahısı konkret və dəqiqdir və həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən yerli icra hakimiyyəti bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Qeyd edilənlərə əsasən sahə mülkiyyətçisi tərəfindən daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə cavab verməsinə dair rəylərin təqdim edilməsi tələbi qanuni hesab edilə bilməz. Qeyd edilən hal cavabdeh inzibati orqan tərəfindən aparılmalı inzibati araşdırmanın tərkib hissəsidir və həmin araşdrırma nəticəsində Mənzil Məcəlləsinin 22.1-ci maddəsində qeyd olunan hallar müəyyən olunduqda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina oluna bilər.

25. Mənzil Məcəlləsindən: 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır.

26. Odur ki, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruridir və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün hesab edilmir.

27. İPM-dən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: ...73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.

28. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin imtinası qanunsuz hesab edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla ünvan 2 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə ilə bağlı İddiaçı müraciəti üzrə araşdırmanı davam etdirməklə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar