Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-706/2024 26.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi barədə qərarın, həmçinin cavabdehin 17 oktyabr 2021-ci il tarixli və 15 mart 2023-cü il tarixli qərarların iddiaçıya aid hissədə ləğv edilməsinin, müddətsiz əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2005-ci il tarixdən əlilliyi olan şəxs olmuşdur. Əlilliyin müddəti müddətsiz olaraq müəyyən edilmişdir. Lakin cavabdeh iddiaçıya təyin olunmuş əlilliyi yenidən qiymətləndirərək onda olan xəstəliklərin (diaqnozun) əlilliyin təyininə əsas vermədiyini bildirmişdir. Halbuki, iddiaçıya təyin olunmuş əlillik müddətsiz olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, sonuncu göndəriş əsasında vətəndaş əyani müayinəyə dəvət olunmuş və barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul olunmuşdur. Nəzərə alınmalıdır ki, həm elektron qiymətləndirmənin, həm əyani müayinənin nəticəsində vətəndaşa əlillik təyinatının aparılması mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, əlilliyin təyinatına dair qərarın ləğv edilməsi hissəsində mübahisələndirmə növündə iddiaya münasibətdə xüsusi mümkünlük şərti kimi iddia müddətinin ötürülməməsi qənaətinə də gəlinir ki, müddətin ötürülməmiş hesab edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin qərarın rəsmi qaydada iddiaçıya təqdim edilməsi aşkar edilmir. Həmçinin, məhkəmə iclasında iddiaçının, nümayəndə və vəkilin vermiş olduğu izahatında qeyd edir ki, ona müddətsiz olsa da əlilliyin növbəti dəfə təyin edilməsi üçün göndərişin göndərilməli olması cavabdehin əməkdaşları tərəfindən bildirilmiş, əməkdaşın bildirdiyinə etimad edərək təkrar yoxlamadan keçmiş, nəticədə isə növbəti dəfə əlilliyin təyinatı aparılmamışdır. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, əlilliyin təyinatı üzrə spesifik bilik tələb edən prosedur qayda üzrə qanunvericiliyin tələbinin iddiaçıya aydın olmaması iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlinməsi üçün kifayət etmir. İddiaçıya əlilliyin təyinatı barədə qərarın ləğv edilməsi əsasları izah edilməli, qərar rəsmi qaydada iddiaçıya təqdim edilərək əlillik ləğv edildiyindən yenidən əlilliyin əldə edilməsi üçün yeni göndərişin göndərilməsi ilə bağlı prosedur qaydada iddiaçıya tam və dolğun izah edilməli idi ki, iş materialları ilə həmin prosedura əməl edilməsi aşkar edilmir. İddiaçı hüquqi marağına uyğun müraciətin edilməsinə münasibətdə məhkəməyə verilmiş iddia ilə əlaqədar məhkəmənin hüquqi yardımına uyğun olaraq cavabdeh tərəfindən məhz məhkəməyə təqdim edilmiş əlilliyin ləğv edilməsi barədə qərarın mübahisələndirməli olması barədə məlumat əldə etmiş, hüquq və mənafelərinin məhz məhkəmə icraatı gedişində həmin qərarla pozuntusundan məhz məlumatlı olmuşdur ki, adıçəkilən qərarın ləğvinə dair iddianın müddətinin hesablanması zamanı məhkəmə həmin halı nəzərə almaqla hesab edir ki, iddia müddəti ötürülməmiş hesab edilməlidir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Elektron bildirişdən görünür ki, iddiaçıya “Sol pəncənin daban nahiyyəsinin güllə yaralanmasından sonrakı kobud kelloid çapıqları, Sol aşağı ətrafın əzələ zəifliyi, Sol aşağı ətrafın hissi və hərəki pozğunluğu” diaqnozu əsasında 22 mart 2005-ci il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Elektron bildirişdən görünür ki, iddiaçının əlilliyi 27 sentyabr 2021-ci il, xx.xx.2023-cü il tarixlərdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etmir əsası ilə imtina edilmişdir. 17 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, iddiaçı barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. 15 mart 2023-cü il tarixli qərardan görünür ki, iddiaçı barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Ekspert rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin tərtib etdiyi göndərişlərdə qeyd edilmiş diaqnozlar xəstənin hazırki vəziyyəti ilə uyğunluq (vəhdət) təşkil etmir. Belə ki, onun hazırki vəziyyəti son forma 088 göndərişində qeyd edilən diaqnoza deyil, onun xx.xx.2022-ci il tarixdə “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-də əyani müayinəsi zamanı müəyyən edilmiş “Odlu silahla yaralanmadan sonra, sol açıq-baldır oynağının iç və İ ayaq barmağının iç səthlərində çapıq toxumaları. Sol daban sümüyünün arxa-yuxarı hissəsində deformasiyalı döynəklə bitişmiş sınığı, sol qamış sinirinin travmadan sonra mononeyropatiyası, pəncənin parezi. L4-L5 S1 transpedikulyar fiksasiyası L5 fəqərəsinin laminektomiyadan sonra vəziyyəti bel fəqərələrinin osteoxondrozu, irradiasiya verən kəskin kölcük ağrı sindormu. Sol aşağı ətrafın əzələ zəifliyi. Daimi ağrı sindromu və dayaqhərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması (S91.0, Y36.2, İ91.0, G73.4, S84.0, S33.0, M42.9, M34.1, M62.5, R52.2, R26.8) diaqnozla uyğunluq təşkil edir. A.M.Baxşıyevin xəstəlikləri tam reabilitasiya olunmurlar, lakin kəskinləşərkən müvafiq ixtisas sahəsi üzrə həkimdə vəziyyətinin ağırlığından asılı olaraq ambulator ya stasionar müalicəyə cəlb oluna bilərlər. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”(ləğv edilmiş)
1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.2.İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:
2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:
2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
2. İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Yuxarıda səciyyələnmiş bəndlərin təhlilinə keçməzdən əvvəl, məhkəmə bildirir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Əlilliyin təyin olunması meyarlarını tənzimləyən qanunvericilik şəxsin birinci, ikinci və ya üçüncü dərəcəli əlilliyin təyin olunması üçün xəstəliklərin əhatə dairəsini müəyyən etmiş və əlillik dərəcələrinin müddətini şərtləndirmişdir. İlk növbədə Məhkəmə qeyd edir ki, iddiaçıya “Sol pəncənin daban nahiyyəsinin güllə yaralanmasından sonrakı kobud kelloid çapıqları, Sol aşağı ətrafın əzələ zəifliyi, Sol aşağı ətrafın hissi və hərəki pozğunluğu” diaqnozu əsasında 22 mart 2005-ci il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıya əlilliyin müddəti müddətsiz olaraq müəyyən olunsa da, cavabdeh öz təşəbbüsü ilə yeni forma 088 arayışları əsasında iddiaçının əlilliyini qiymətləndirmiş və diaqnoz əlillik təyin etmir əsası ilə onun əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə ilkin olaraq mövcud qanunvericilik çərçivəsində iddiaçıya təyin olunmuş müddətsiz ikinci dərəcə əlilliyin sonradan cavabdeh qurum tərəfindən ləğv edilməsi ilə bağlı Agentliyin səlahiyyətinin olubolmadığını, əgər varsa, onun hansı şərtlər çərçivəsində reallaşdırılması imkanının mövcudluğunun aydınlaşdırılmasını zəruri hesab edir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İstinad olunan normaya əsasən məhkəmə qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapır, həmçinin tərəflər arasında da mübahisə doğurmur. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir.Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Doğrudur inzibati icraatla bağlı qanunvericiliyin tələbinə əsasən inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması səlahiyyəti cavabdehə verilmişdir ki, lakin həmin səlahiyyət müstəsna hallarda tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, həmin inzibati icraatın təşəbbüsü ilə başlanılma əsasları cavabdehin həmin inzibati icraat nəticəsində qəbul etdiyi qərarın qanuniliyi baxımından əhəmiyyət daşıyır. Məhkəmə hesab edir ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Hazırkı iş üzrə isə nə daxili audit yoxlamasının aparılması ilə bağlı zəruri sənədlər, eləcə də daxili audit yoxlaması aparılmışdırsa məhz həmin yoxlamanın iddiaçıya əlillik təyinatına şübhələrin mövcudluğunu təsdiq edən sənədlər təqdim edilməmişdir. Göründüyü kimi hətta daxili audit yoxlamasının iddiaçı ilə bağlı olmadığı hallarda belə əlilliyin ləğv edilməsinin qanuniliyinə şübhə yaranır ki, həmin yoxlamanın aparılmasına dair ümumiyyətlə məlumatların mövcud olmaması müddətsiz əlilliyinin qanunsuzluğu ən azından prosessual baxımından istisna edir. Məhkəmə onu da diqqətə çatdırır ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə iddiaçı onun əlilliyinin təyininə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Cavabdeh də iddiaçının əlilliyin təyin ilə bağlı müraciətinə dair inzibati araşdırma apararkən ona əlilliyinin təyinindən istisna hallarını müəyyən etməmiş, əksinə müddətsiz əlilliyini təyini barədə qərar qəbul etmişdir. Göründüyü kimi iddiaçının məzmununa etimad göstərdiyi əlillik müddətsiz kimi müəyyən olunduğu təqdirdə, cavabdeh iddiaçı barəsində əlilliyi əsas olmadan ləğv etmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1685/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında oxşar mövqedən yanaşılmış, əlillik üzrə yeni icraatın başlanılmasına əsasların mövcud olub-olmadığına qiymət verilməsinin zəruri olduğu göstərilmişdir. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçının ikinci dərəcəli əlilliyin ləğvi prosessual baxımından əsassız olmuşdur. Digər tərəfdən Məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması zamanı əldə olunmuş ekspert rəyindən də göründüyü kimi iddiaçının xx.xx.2022-ci il tarixdə “Azərbaycan Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-də əyani müayinəsi zamanı müəyyən edilmiş “Odlu silahla yaralanmadan sonra, sol açıq-baldır oynağının iç və İ ayaq barmağının iç səthlərində çapıq toxumaları. Sol daban sümüyünün arxa-yuxarı hissəsində deformasiyalı döynəklə bitişmiş sınığı, sol qamış sinirinin travmadan sonra mononeyropatiyası, pəncənin parezi. L4-L5 S1 transpedikulyar fiksasiyası L5 fəqərəsinin laminektomiyadan sonra vəziyyəti bel fəqərələrinin osteoxondrozu, irradiasiya verən kəskin kölcük ağrı sindormu. Sol aşağı ətrafın əzələ zəifliyi. Daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması xəstəlikləri (S91.0, Y36.2, İ91.0, G73.4, S84.0, S33.0, M42.9, M34.1, M62.5, R52.2, R26.8) diaqnozla uyğunluq təşkil edir. Göründüyü kimi iddiaçının hazırki faktiki sağlamlıq vəziyyəti ilkin əlillik təyin edildiyi dövrdə əliliyin təyininə əsas verən diaqnozla uyğunluq təşkil edir. Cavabdeh isə eyni diaqnoz əsasında iddiaçıya ən azından xx.xx.2005-ci il tarixdən əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmin diaqnoz əsasında təkrar əlilliyin müəyyən olunmasından imtina etmiş və həmin xəstəliyin əlillik təyin etməməsi qənaətinə gəlmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Belə olan halda, 2005-ci ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında oxşar mövqedən yanaşılmış, qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalı olması göstərilmişdir. Ali Məhkəmənin 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2016-cı il tarixdə 5 il müddətinə əlillik təyin etsə də, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlillik təyinindən imtina etmiş və diaqnozun əlillik təyini üçün əsas olmadığını qeyd etmişdir. Halbuki, 2016-cı ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda qeyd edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Cavabdeh isə, bunun əksinə olaraq, eyni mühüm faktiki halların mövcudluğu halında fərqli qərar qəbul edərək əlilliyin təyin edilməsindən imtina etmiş, əvvəlki mövqeyindən fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, bununla da iddiaçının əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktlarında təsbit olunmuş hüquqlarını pozmuşdur. Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Məhkəmə cavabdehin mübahisələndirilən qərarda istinad etdiyi hala (əmək müqaviləsinin qüvvədə olması) münasibətdə bildirir ki, aktiv əmək müqaviləsinin olması hazırki vəziyyətdə iddiaçının əlilliyin bərpasını istisna etmir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 21.1-ci və 21.2-ci maddələrinə əsasən əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır. Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırlması qadağandır. Göründüyü kimi qüvvədə olan qanunvericilik əlilliyi olan şəxsləri xüsusi kateqoriya şəxslər sırasına aid etsə belə, onların digər vətəndaşlara münasibətdə bərabər əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququnu verir. Bu isə o demeyə əsas verir ki, iddiaçının aktiv əmək müqaviləsinə malik olması hər bir halda iddiaçının əlilliyin ləğvinə əsas deyil. Beləliklə məhkəmə hesab edir ki, yeni göndərişin göndərilməsinə və əlillik vəziyyətinin yenidən yoxlanılmasına zərurət mövcud olmamış, cavabdeh heç bir əsaslı səbəb olmadan ekspert rəyindən də görünür ki, xəstəlik mövcud olduğu halda həmin xəstəliyə görə təyin edilmiş müddətsiz əlilliyin ləğv edilməsi barədə qərar qəbul etmişdir. Odur ki, iddiaçı müddətsiz əlilliyin təyinatına əsas verən xəstəlik hazırda onda mövcud olduğu üçün əlilliyin təyinatının ləğv edilməsi barədə qərarların ləğvinə dair qanuni və əsaslı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçıya müddətsiz əlilliyin təyin edilməsi barədə qərarın, həmçinin cavabdehin 17 oktyabr 2021-ci il tarixli və 15 mart 2023-cü il tarixli qərarların iddiaçıya aid hissədə ləğv edilsin. İddiaçı müddətsiz əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov