Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7060/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli kuçəsı 37A ünvanında yerləşən 1 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 60,93 kv.m olan 1 saylı mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarış verilmişdir. Həmin mənzillə bağlı DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə texniki pasport tərtib edilmiş və mənzilin ümumi sahəsinin 60,93 kv.m olması öz əksini tapmışdır. Qeyd edilən mənzil uzun müddətdir qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. İddiaçı Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək həmin mənzilin təyinatının dəyişdirilməsini xahiş etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən iddiaya dair təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının yaşayış sahəsinə bitişik tikilmiş əlavə sahəsi binanın əsas layihəsindən kənara çıxdığına görə yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsi mümkün deyildir. Hesab edirik ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin qeyri mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının hazırkı tələbinə dair müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli,çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 1 saylı mənzil iddiaçının mülkiyyətindədir. Mənzilin ümumi sahəsi 60,93 kv.metr təşkil edir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənzilə dair verilmiş xx.xx.2023-cü il tarixli texniki pasportdan görünür ki, əmlakın ümumi sahəsi 60,93 kv.m təşkil edir. Beləliklə, işin faktiki hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən 60,93 kv.metr sahədən ibarət 1 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı ona məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə inzibati aktın qəbul edilmə vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. -20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. -20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. -21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. -22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: -22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); [9] -22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; -22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli Fərmanın 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, dövlət mühafizəsində olan daşınmaz tarixi və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.9.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Sadalanmış qanunvericiliyin və normativ hüquqi aktların tələblərindən göründüyü kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, bu növ qərar qəbul edilərkən hüquqi qiymətləndirilmənin aparılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları əsasında həyata keçirilir. Məcəllənin İİİ fəslində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, qaydası və imtina əsasları konkret olaraq göstərilmişdir. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmədən imtinanın konkret əsasları göstərilsə də, cavabdeh həmin imtina əsaslarına uyğun olmayan imtina dəlilləri ilə çıxış etməklə iddiaçının müraciətinin təminindən əsassız olaraq imtina etməkdədir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsində əsas məqsəd, mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsidir. Cavabdeh isə iddiaçının bu tələbini binanın layihəsindən kənara çıxması ilə əlaqələndirmişdir. Lakin nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan qismində çıxış edərək, irəli sürülən dəlilin əsaslı olmasını təsdiq edən hər hansı hüquqi baxımdan məqbul və inandırıcı arqumentlər təqdim etməmişdir. Digər tərəfdən, hətta yaşayış sahəsinin binanın layihəsindən kənara çıxması ehtimalı mövcud olsa belə, bu, iddiaçının mülkiyyətində olan əmlaka münasibətdə sərəncamvermə hüququnun məhdudlaşdırılmasına hüquqi əsas yarada bilməz. Xüsusilə, iddiaçının tələbi istənilən halda onun mülkiyyətində olan və texniki sənədlərdə əks olunan ölçülərdəki sahənin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlıdır. Yəni iddiaçı, hər hansı şəxsin hüquqlarına toxunan və ya layihədən kənar olan əlavə sahəyə deyil, yalnız öz mülkiyyət hüququ ilə sahib olduğu sahənin təyinatının dəyişdirilməsini tələb edir. Bundan əlavə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan həmin yaşayış sahəsi uzun müddət faktiki olaraq qeyri-yaşayış məqsədilə istifadə edilir. Uzun müddət ərzində hüquq subyekti tərəfindən maneəsiz və fasiləsiz şəkildə qeyriyaşayış sahəsi kimi istifadə olunan əmlaka münasibətdə inzibati orqan tərəfindən hər hansı hüquqi əsas olmadan məhdudiyyətlərin tətbiq edilməsi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir. Belə olan halda, məhkəmə iddiaçının mülkiyyət hüququnu nəzərə alaraq, onun sahib olduğu və istifadəsində olan sahənin qeyri-yaşayış sahəsinə keçirilməsinə hər hansı hüquqi maneənin mövcud olmadığı qənaətinə gəlir. İddiaçı məhz ona məxsus olan əmlaka dair hüquqlarını müdafiə edir və üçüncü şəxslərə aid olmayan, məhz öz mülkiyyətində olan sahənin təyinatının dəyişdirilməsini tələb edir ki, bu da mülkiyyət hüququndan irəli gələn qanuni tələblər çərçivəsindədir. Məhkəmə hesab edir ki, AR İPM-nin 14-cü maddəsinə uyğun olaraq hazırkı iddianın təminini konkret istisna edən halların müəyyən edilməsi cavabdehin üzərinə düşdüyündən və cavabdeh konkret olaraq müraciətin təminini istisna edən halları sübuta yetirə bilmədiyindən, hazırki iddia təmin olunmalıdır. «İnzibati icraat haqqında» Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun: -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsı 37A ünvanında yerləşən 1 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərar qəbul edilməsi vəzifəsi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-7060/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7060/2025
27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver