Məhkəmə qərarları › İş №2-1(112)-7061/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7061/2023

15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7061/2023 15.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Tərəflərin iştirakı olmadan İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 1199.52 manat məbləğində borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sədərək T/M, zona 1, sıra 10, korpus 1, mağaza 28 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Türkiyə istehsalı 1 vahidinin qiyməti 1200 manat olan 1 izgara aparatı olmaqla ümumilikdə 1200 manat məbləğində siyahıya alınmış əmlaklarının ticarət şəbəkəsində satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2022-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2022-ci il tarixə yaranan Dövlət Sosial Müdafiə Fonduna 1238,13 manat borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sədərək T/M, zona 1, sıra 10, korpus 1, mağaza 28 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Türkiyə istehsalı 1 vahidinin qiyməti 1200 manat olan 1 izgara aparatı olmaqla ümumilikdə 1200 manat məbləğində əmlakları siyahıya alınmış və bu barədə xx/xx/2022-ci il tarixli **********7 saylı protokol tərtib edilmişdir. Protokol siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət Sosial Müdafiə Fonduna ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 1199,52 manat ödənilməmiş borcu qalmışdır. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının İ müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. VM-in 52.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaların bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və va məhkəmə qaydasında alır. VM-in 52.3-cü maddəsinə əsasən məhkəmənin maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarının icrası qanunla müəyyən edilmiş qaydada həyala keçirilir. VM-in 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. VM-in 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. VM-in 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub- olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yeıinə yetirilməsi məcburidir. Eyni zamanda həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Bu da, Azərbaycan Respublikasının ən ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasında konstitusion vəzifə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73cü maddəsinə əsasən «Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur». VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Hazırkı mübahisə üzrə iddiaçı inzibati orqan, mübahisənin predmeti dövlətin müstəsna maraq və nəzarətində olan vergi-hüquq münasibətləri ilə bağlı, iddia tələbi vergi borclarının ödənilməsi məqsədilə vergi ödəyicisinin siyahıya alnımış əmlakının satılması, mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüquqi nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Qeyd olunmalıdır ki, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmədə iddianın qaldırılmasına dair Azərbaycan Respublikası Bakı Apellyasiya və Ali Məhkəmələrinin mövqeləri də formalaşmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 10.4-cü bəndində Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qaldıra biləcəyi, həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu qeyd edilməklə, mübahisənin maddi hüquqi əsasının ümumi hüquq normaları təşkil etdiyi halına da işin inzibati məhkəməyə aidliyinin göstəricisi kimi hüquqi qiymət verilmiş, bununla da hətta vergi ödəyicisi olmayan hüquqi və fiziki şəxslərin də cavabdeh qismində inzibati mübahisəyə cəlb edilməsinin mümkünlüyü müzakirələri yekunlaşmış olmuşdur. Ali Məhkəmənin Respublikanın məhkəmələrinə ünvanlanmış xx.xx.2016-cı il tarixli 2-388 nömrəli metodiki məktubunda isə məhkəmələrə tövsiyə olunmuşdur ki, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna tabe olan struktur qurumlar tərəfindən məcburi sosial sığorta haqları üzrə yaranmış borcun tutulmasına dair qaldırılmış iddialara məhkəmə təcrübəsində hələ də məhkəmə aidiyyəti qaydalarına zidd olaraq mülki mühakimə icraatı qaydasında iqtisadi mübahisə kimi baxılmaqda davam edilir. Halbuki, İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinin tələbinə əsasən həmin mübahisələrə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, "Sosial sığorta haqqında" Qanunla tənzimlənən mübahisə tərəfləri arasındakı münasibətlər ümumi (publik) hüququn nizamasalma predmetinə aiddir və həmin münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Bu səbəbdən, tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquqla tənzimləndiyinə görə Vergi Məcəlləsinin 90.1-ci maddəsində müəyyən edilmiş qaydada vergi orqanı tərəfindən qaldırılmış iddialara da İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. **********7 saylı xx.xx.2022-ci il tarixli bildirişdə bildirilmişdir ki, Cavabdeh xx.xx.2022ci il tarixinə ümumilikdə 1238,13 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 992,00 manat, maliyyə sanksiyaları üzrə 86,66 manat, faizlər üzrə 159,47 manat, inzibati cərimə üzrə 0,00 manat borcu var. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********7 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh əmlakı siyahıya alınmış və əmlakın siyahıya alınmasının həyata keçirilməsi baş dövlət vergi müfəttişi X1 və dövlət vergi müfəttişi X2 tapşırılmışdır. Əmlakın siyahıya alınması haqqında **********7 saylı xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********7 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən baş dövlət vergi müfəttişi X1 və dövlət vergi müfəttişi X3 tərəfindən Cavabdeh borclarını Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə Bakı şəhəri, Qaradağ rayonu, Sədərək T/M, zona 1, sıra 10, korpus 1, mağaza 28 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Türkiyə istehsalı 1 vahidinin qiyməti 1200 manat olan 1 izgara aparatı olmaqla ümumilikdə 1200 manat məbləğində əmlakı siyahıya alınmışdır. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında xx.xx.2022-ci il tarixli akta əsasən siyahıya alınmış əmlak məsul saxlanmaya verilmək üçün Cavabdeh təhvil verilmişdir. Əmlakı məsul saxlanmaya təhvil almış şəxs siyahıya alınmış əmlak barəsində sərəncam vermək hüququndan məhrum edildiyi, həmin əmlaka sahiblik və ondan istifadə edilməsinin yalnız vergi orqanının nəzarəti ilə həyata keçirilə biləcəyi, habelə bu əmlaka dair onun bağladığı əqdlərin etibarsız hesab ediləcəyi və siyahıya alınmış əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilmişdir. İddiaçı ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri; -bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; -istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; -inventarizasiya aparılmaqla digər əmlak. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Nəzərə alınmalıdır ki, VM-nin məqsədləri üçün yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə heablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergi ödəyicisi üçün əhəmiyyət baxımından onun əmlakının siyahıya alınmasının VM ilə müəyyən edilmiş növbəlik əsasında həyata keçirilir. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. İş materiallarından da göründüyü kimi vergi ödəyicisi olan cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdeh yaranmış borc məbləğinin ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərarlar qəbul etmiş və cavabdehə məxsus, iddia ərizəsinə qoşma siyahıda göstərilmiş daşınar əmlak siyahıya alınmış və bu barədə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında protokol və akt tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Eyni zamanda, iddia ərizəsinə əlavə edilən şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcu mövcuddur. Məhkəmə xüsusi ilə diqqətə çatdırmağı zəruri hesab edir ki, vergi ödəyicisinin əmlakları siyahıya alındığı tarixə onun dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olması təkzib olunmaz haldır. Cavabdeh barəsində Dövlət Vergi Xidmətinin internet vergi portalına daxil olmuş məlumatlardan məlum olmuşdur ki, cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcu mövcuddur. Göründüyü kimi cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olması istisna olunmur, əksinə hesablanmış həmin borc məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməməsi, nəticə etibarı ilə həmin borcun hal-hazırda qüvvədə olmasını və hazırki mərhələdə həmin borcun cavabdehin əmlakına yönəldilərək vergi borcunun ödənilməsinin təminatı qismində çıxış etdiyini təsdiq edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, vergi ödəyicisi üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir və onun vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci, 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 1199.52 manat məbləğində borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sədərək T/M, zona 1, sıra 10, korpus 1, mağaza 28 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Türkiyə istehsalı 1 vahidinin qiyməti 1200 manat olan 1 izgara aparatı olmaqla ümumilikdə 1200 manat məbləğində siyahıya alınmış əmlakı ticarət şəbəkəsində satılsın. Göstərilən daşınar əmlakın satılmasından əldə edilmiş məbləğdən borc tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar