Məhkəmə qərarları › İş №2-1(112)-7064/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7064/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7064/2022 01.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, iqtisadçı, işləmir), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, baş mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2022-ci ilin fevral ayından azaldılmış əmək pensiyasının əvvəlki məbləğdə - 529 manat məbləğində ödənilməsinin bərpa olunması və əmək pensiyanın 308 manata endirildiyi gündən bu günə qədər azaldılan məbləğin ödənilməyən hissələrinin iddiaçıya ödənilməsi ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq 2022-ci ilin fevral ayından azaldılmış əmək pensiyasının əvvəlki məbləğdə - 529 manat məbləğində ödənilməsinin bərpa olunması və əmək pensiyanın 308 manata endirildiyi gündən bu günə qədər azaldılan məbləğin ödənilməyən hissələrinin iddiaçıya ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1969-cu ilin sentyabr ayından 1972-ci ilin sentyabr ayına qədər Şamxor rayon Partiya Komitəsində kargüzar vəzifəsində, xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə qədər Şamxor rayon (hazırkı Şəmkir) Komsomol Komitəsinin uçot və maliyyə bölməsinin müdiri, xx.xx.1973-cü ildən xx.xx.1978ci ilə qədər Şamxor rayon İcraiyyə Komitəsinin ümumi şöbəsinin müdiri, 1978-ci ilin iyun ayından 1984-cü ilin aprel ayına qədər Şamxor şəhər sovetində katib vəzifəsində işləmişdir. Ona 13 il 9 ay müddətində dövlət qulluğunda əmək stajı hesablanmışdır. Qanunvericiliyin tələblərinə əsasən əmək pensiyası hesablanarkən Şamxor rayon İcraiyyə Komitəsindəki şöbə müdiri, yəni əvvəlki vəzifədə işləyərkən aldığı əmək haqqı nəzərə alınmalı idi. Lakin əmək pensiyası təyin olunarkən seçkili orqana keçirilməyi zamanı axırıncı iş yeri nəzərə alınmışdır. Əmək pensiyası isə 15 il stajı tamam olmadığı üçün 70 faizlə hesablanmışdır. İddiaçı əmək pensiyasının yenidən düzgün hesablanaraq artırılması tələbi ilə 2021-ci ilin dekabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. 2021-ci ilin dekabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etdikdən sonra 2022-ci ilin fevral ayından onun əmək pensiyası 529 manatdan 308 manata azaldılmışdır. Halbuki, 2014-cü ildə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsininə müraciət edərək Şamxor (hazırki Şəmkir) Komsomol Komitəsində uçot və maliyyə bölməsinin müdiri, İcraiyyə Komitəsində ümumi şöbəsinin müdiri Şamxor şəhər sovetində katib vəzifələrində işlədiyi dövrlərdə dövlət qulluqçusu kimi iş stajına hesablanmış və mükafat və müavinətin pensiya hesablayarkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə 2014-cü ilin 24 dekabr tarixində 2-1(81)-5447/2014 saylı qərar ilə iddianı təmin etmişdir. DSMF-nun Nəsimi rayon şöbəsi məhkəmə qərarını aldıqdan sonra qərarda göstərilən 30 gün müddətində apelyasiya şikayəti vermədiyinə görə qərar qüvvəsində qalmış, hüquqlarını bərpa etmişdir. DSMF-nun Nəsimi rayon şöbəsi qərarı icra edərkən xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək Komsomol Komitəsində işlədiyi dövrdə dövlət qulluğu kimi iş stajına daxil etmədən 13 il 9 ay iş stajını nəzərə alaraq pensiyasını yenidən hesablamışdırlar. xx.xx.2019-cu il iddiaçı yenidən həmin dövrü iş stajına hesablanması üçün DSMF-nin rayon şöbəsinə müraciət etmiş və bildirmişdir ki, məhkəmə qərar çıxararkən iddianı tam təmin etmişdir. Şöbə xx.xx.2019-cu il **********4 №-li cavab məktubunda Komsomol Komitəsində işlədiyi dövlərin dövlət qulluğu vəzifəsinə uyğun olmadığı üçün hesablamadıqlarını bildirmişdir. İddiaçı razılaşaraq pensiyanı almağa davam etmişdir. 17 yanvar 2022-ci ildə pensiyası hesablanarkən ildə vəzifə maaşının 3 misli qədər mükafat və məzuniyyətə çıxarkən ödənilən müavinətin sonrakı illərədək artımlar nəzərə alınmadığı üçün cavabdehə müraciət etmişdir. Müraciətində göstərdiklərini araşdırmadan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu bilərəkdən qərəzli şəkildə təhrif edərək, 1 saylı Bakı İnzibati İqtisadi Mərkəzinin qərarına əhəmiyyət vermədən, 13 il 9 ay (Komsomol komitəsində işlədiyi dövrü nəzərə alsaq 14 il 6 ay) iş stajı nəzərə almadan, 7 il 11 ay 17 gün iş stajı hesablayaraq pensiyanı azaltmışdırlar. İddiaçının 14 il 6 ay iş stajını nəzərə aldıqda hal-hazırda pensiyasının məbləği 700 manatdan çox olmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı əsasında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair etirazı təqdim edərək göstərmişdir ki, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Fondun Nəsimi rayon şöbəsi tərəfindən iddiaçıya 1 yanvar 2007-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən çoxuşaqlı ana kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənilməli olduğu halda, sözügedən Qanunun 7-ci maddəsinə nəzərdə tutulmuş yaş həddinə çatmadığı halda (həmin tarixdə 57 yaş) 1 yanvar 2007-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Nəticədə ona xx.xx.2007xx.xx.2009-cu il tarixləri arasındakı dövr üçün ümumilikdə 2344,00 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 4619,50 manat pul vəsaiti müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 2275,50 manat məbləğində artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində 6 iyun 2009-cu il tarixində nəzərdə tutulmuş yaş (qadınlar üçün 57 yaş) həddinə çatmağı ilə əlaqədar həmin tarixdən əmək pensiyası sözügedən Qanunun 20.1.7-ci və 20.11-ci maddələrinə uyğun olaraq sabiq dövlət qulluqçusu kimi yenidən hesablanıb. Belə ki, 6 iyun 2009-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 213,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 21,30 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 71,00 manat olmaqla orta aylıq əmək haqqı 305,30 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 7 il 11 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (305,30 manat) 47 faizi-143,49 manat məbləğində hesablanmalı olduğu halda, 228,62 manat məbləğində müəyyən edilməklə xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 4582,83 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 335,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 33,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 111,67 manat olmaqla orta aylıq əmək haqqı 480,17 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin 1 iyul 2017-cil tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 7 il 11 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (480,17 manat) 47 faizi-225,68 manat məbləğində hesablanmalı olduğu halda, 370,30 manat məbləğində müəyyən edilməklə xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 7375,82 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1- ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 7 il 11 ay 17 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 26,39 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 370,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 37,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 123,33 manat olmaqla orta aylıq əmək haqqı 530,33 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqı (480,17 manat) ilə 1 mart 2018ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (530,33 manat) arasındakı fərq məbləğinin (50,16 manat) 26,39 faizi-13,24 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (225,68 manat) üzərinə əlavə olunmaqla 238,92 manat hesablanmalı olduğu halda, 395,11 manat məbləğində müəyyən edilməklə xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 2811,42 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 555,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 55,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 185,00 manat olmaqla orta aylıq əmək haqqı 795,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (530,33 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (795,50 manat) arasındakı fərq məbləğinin (265,17 manat) 26,39 faizi-69,98 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (238,92 manat) üzərinə əlavə olunmaqla 308,90 manat məbləğində hesablanmalı olduğu halda, 529,14 manat məbləğində müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 6386,96 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23432,33 manat artıq pul vəsaiti ödənilmişdir. Mərkəzi Filial tərəfindən cari ilin fevral ayından etibarən əmək pensiyası 308,90 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Bundan başqa cari ilin 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-30,89 manat məbləğində maddi yardım ödənilir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş üzrə sübut qismində məhkəməyə İddiaçı tərəfindən əmək kitabçasının təsdiq edilmiş surəti, xx.xx.2021-ci il tarixli cavabdehə müraciəti, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5447/2014 saylı xx.xx.2014-cü il tarixli qərarı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Nəsimi rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktubu, cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında məktubu, Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubu təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən isə iddiaçının pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.1-ci maddəsinin 27 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; Həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11-

1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. İşin faktiki hallarına əsasən iddiaçıya yaşa görə əmək pensiyası çoxuşaqlı ana kimi 51 yaşından xx.xx.2003-ci ildə təyin edilmiş, cavabdehin 25 sentyabr 2019-cu il tarixli sərəncamı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5447/2014 saylı xx.xx.2014-cü il tarixli qərarı əsasında, iddiaçı dövlət qulluğunda əmək stajına malik olduğu üçün, onun əmək pensiyasının məbləği yenidən hesablanaraq, xx.xx.2019-cu il tarixdən 529,14 manat məbləğində müəyyən edilmiş və 2022-ci ilin fevral ayınadək ödənilmişdir. İşə əlavə edilmiş sənədlərdən məlum olur ki, cavabdeh tərəfindən iddiaçının “əmək pensiyasının yenidən hesablanaraq 700 manat məbləğində ödənilməsi barədə" müraciətinə baxılması nəticəsində iddiaçının əmək pensiyası məbləği 2022-ci ilin fevral ayından 308 manata qədər azaldılmış, iddiaçıya artıq ödənilmiş məbləğ tutulacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə cavabdehin qeyd edilən hərəkətlərini qanunauyğun hesab etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.-ci il bəndinə əsasən əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə münasibətdə əməkhaqqı, dövlət məvacibi və təminat xərcliyi artdıqda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.5. Qanunun 29.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Faktiki olaraq cavabdeh məhkəmə qərarı əsasında qəbul etdiyi inzibati aktı ilə iddiaçıya müəyyən etdiyi pensiya məbləğinin sonradan azaldılması kimi hərəkəti etməklə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarını pozmuşdur. Belə ki, qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki,”prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin... Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Hazırda iddiaçıya pensiya təyin edilmə haqqında qərarda yazı və hesab səhvinin düzəldilməsi barədə aktın mövcud olması müəyyən edilməmişdir.. Cavabdeh tərəfindən təqdim olunan iddiaçının pensiya işinə dair sənədlərdə cari ilin pensiya məbləğinin yenidən hesablanması nəticəsində azaldılmasına dair inzibati akt (qərar) aşkar olunmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği isə əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2. –ci maddəsinə əsasən, bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Həmin Qanunun 39.3.-ci maddəsinə əsasən, bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Həmin Qanunun 39.4-cü maddəsinə əsasən, borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Göründüyü kimi qanunverici pensiyaçının razılığı olmadan yalnız məhkəmə qaydasında pensiyadan tutmalara yol verilməsini nəzərdə tutmuşdur, halbuki iddiaçının iddia ərizəsində ifadə olunan mövqeyinə görə iddiaçı pensiyasından tutmaların aparılmasına razılıq verməmişdir, digər tərəfdən cavabdeh iddiaçının əmək pensiyasının azaldılmasını və ondan tutmaların aparılacağını inkar etməmiş, həmin tutmaların aparılacağının qanuni və əsaslı olmasına dair sübutlar barədə məhkəməyə məlumat verməmiş, belə sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması barədə qərarın ləğv edilməsi, geri çagırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyil. Belə ki, inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.(64.3). “İnzibati icraat haqqında” Qanunun 21-ci (inzibati icraatda maraqlı şəxsin iştirakı ) maddəsinə əsasən, (21.1) qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda;21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası təmin edilməli, İddiaçı 2022-ci ilin fevral ayından azaldılmış əmək pensiyasının əvvəlki məbləğdə - 529 manat məbləğində ödənilməsinin bərpa olunması və əmək pensiyanın 308 manata endirildiyi gündən bu günə qədər azaldılan məbləğin ödənilməyən hissələrinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 2022-ci ilin fevral ayından azaldılmış əmək pensiyasının əvvəlki məbləğdə - 529 manat məbləğində ödənilməsinin bərpa olunması və əmək pensiyanın 308 manata endirildiyi gündən bu günə qədər azaldılan məbləğin ödənilməyən hissələrinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar