Məhkəmə qərarları › İş №2-1(112)-7065/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7065/2023

30.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7065/2023 30.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********81 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyd olunan mənzilin mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən iki otaqlı, yaşayış sahəsi 30,9 kv.metr olan 70 saylı mənzilinin ilkin dövlət qeydiyyatına alınması və həmin mənzilə dair onun adına mülkiyyət hüququ üzrə dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, 1 saylı evin, iki otaqlı, yaşayış sahəsi 30,9 kvm. olan 70 saylı mənzilində yaşayır, 1993-cü ildən həmin ünvanda qeydiyyatdadır. Mənzil hazırda Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansındadır. Departamentin xx.xx.2017-ci il tarixli, 16/3 saylı sərəncamı ilə sözügedən mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması qərara alınmışdır. Artıq uzun illərdir ki, o, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Hazırda həmin mənzili özəlləşdirmək istəyir. İddiaçı mənzilin özəlləşdirilməsi ilə bağlı müvafiq sənədləri, yəni, şəxsiyyət vəsiqəsini, sərəncamın surətini, arayış F-2, ailə üzvlərinin razılıq ərizəsini, kirayə müqaviləsini, plan-sxemi toplayıb cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin sənədləri qəbul etməmişlər, ona görə də həmin sənədləri poçt vasitəsi ilə göndərmiş, cavabdeh sənədləri qəbul etdikdən sonra iddiaçıya imtina edərək bildirmişdir ki, xx.xx.2009-cu il tarixədək olan sərəncam təqdim edilməlidir. Halbuki yeni Mənzil Məcəlləsində olan dəyişiklik iddiaçıya aid deyil, çünki onun yaşadığı bina xx.xx.2009-cu il tarixədək tikilən binadır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda qeyd olunanlara istinad etmiş və göstərmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 54.1 kv.m təşkil etməklə 5 mərtəbəli binanın 3cü mərtəbəsində yerləşir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sübutlara əsasən müəyyən edilir ki: - Ələt avtobus təmiri zavodunun rəhbərliyi və Həmkarlar ittifaqı komitəsi və Əmək kollektivi şurasının birgə iclas protokolundan görünür ki, Ələt avtobus təmiri zavodunun rəhbərliyindən Qaradağ rayonun milis şöbəsinin vəsatətini nəzərə alaraq zavodun balansında olan keçid 1587, ev 1, mənzil 70, yaşayış sahəsi 30.9 kv.metr olan iki otaqlı mənzilin milis serjantı İddiaçı yaşamaq üçün verilməsinə köməklik göstərilməsinin xahiş edilməsi qərara alınmışdır. - Qeydiyyat kartoçkasının surətindən görünür ki, 11 nömrəli polis bölməsinin milis serjantı İddiaçı xx.xx.1993-cü il tarixdə Qaradağ rayonu, keçid 1587, ev1 ünvanında yerləşən 70 saylı mənzilə qeydiyyata alınmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanda yerləşən yaşayış binası Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və həmin Birliyin 132 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsindədir. Qeyd edilən yaşayış binası və orada yerləşən 70 saylı mənzil dövlət mənzil fonduna aiddir. - Həmin məktuba əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2017-ci il tarixli 16/3 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsində yerləşən 1 saylı evin, yaşayış sahəsi 30,9 kv. metr olan 2 otaqlı 70 saylı mənzilində İddiaçı 1993-cü ildən qeydiyyatda olmaqla 3 nəfər ailə üzvü ilə (özü, arvadı və qızı) yaşayır. Vətəndaş İddiaçı Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Departament qeyd edilənləri nəzərə alaraq və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 709 saylı sərəncamına əsaslanaraq qərara almışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsində yerləşən 1 saylı evin, yaşayış sahəsi 30,9 kv. metr olan 2 otaqlı 70 saylı mənzilinə 3 nəfər ailə üzvü ilə (özü, arvadı və qızı) İddiaçı adına kirayə müqaviləsi bağlanılsın və o, həmin mənzilin kirayəçisi hesab olunsun. Qeyd olunan mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılması Qaradağ rayon MKTB-nin 132 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılsın. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ünvan 7 ünvanında xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.1992-ci il təvəllüdlü və X5, xx.xx.2006-cı il təvəllüdlü X12 və xx.xx.1985-ci il təvəllüdlü X7 qeydiyyatdadır. - 132 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 455 və 456 saylı arayışlarından görünür ki, İddiaçı ünvan 7 ünvanında, X12 isə ünvan 8 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır və yaşayır. - X4 və X2 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar ünvan 1-də yerləşən 70 saylı mənzilinin ataları İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişlər. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı adına dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktında göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 1-də yerləşən 70 saylı mənzil 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Hüquqmüəyyənedici sənəd üzrə otaqların sayı 2, yaşayış sahəsi 30,9 kv.m., faktiki otaqların sayı 2, ümumi sahəsi 54,1 kv.m., yaşayış sahəsi 32 kv.m., köməkçi 22,1 kv.metrdir. Qeyd: Faktiki vəziyyətə uyğun icra olundu. Beləliklə, işin istinad olunan hallarından görünür ki, 70 saylı mənzil 1993-cü ildən iddiaçının istifadəsinə verilmiş, daha sonra 2017-ci ildə mənzilin kirayə müqaviləsi iddiaçının adına bağlanmışdır. İddiaçı hazırda həmin sənədlərə istinad edərək 70 saylı mənzilin onun adına özəlləşdirilməsini xahiş edir, cavabdeh isə iddiaçının təqdim etdiyi sərəncamın xx.xx.2017-ci il tarixli olmasına, buna görə də hüququnun xx.xx.2009-cu il tarixdən sonra yaranmasına istinad edərək müraciəti təmin etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları) balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. xx.xx.2009-cu il tarixdə qüvvəyə minən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən həmin Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normasından görünür ki, mənzilin özəlləşdirilməsi üçün mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam təqdim edilməlidir ki, iddiaçı müvafiq sərəncamı cavabdehə təqdim etmişdir. Cavabdeh həmin sərəncamın Mənzil Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2009-cu il tarixdən sonra qəbul edildiyinə istinad edərək imtina etsə də, mübahisəli mənzilin iddiaçıya həmin tarixdən əvvəl verildiyini nəzərə almamışdır. İddiaçıya mübahisəli mənzil ayrılarkən qüvvədə olan Mənzil Məcəlləsinin 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən idarə mənzil fondunu nazirliklər, dövlət komitələri, baş idarələr və onların tabeliyindəki müəssisələr, idarələr, təşkilatlar idarə edirlər. Həmin Məcəllənin 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, 2009-cu ilədək iddiaçının mənzilin icarədarı olması barədə qərar olmasa da, iddiaçının 1993-cü ildən həmin mənzilə köçməsi, yaşayış yeri üzrə qeydiyyata alınması, mənzildə təsərrüfat aparması iş materialları ilə təsdiq olunur. Bu isə iddiaçının icarədarla eyni hüquqlara, o cümlədən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mənzili özəlləşdirmək hüququna malik olması deməkdir. Məhkəmə onu qeyd edir ki, mübahisəli mənzil iddiaçıya verilərkən müvafiq qərarın qəbul edilməməsi, yalnız protokol vasitəsilə şəxsin mənzillə təmin olunması, yəni iddiaçıya müvafiq mənzil sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilməməsi onun təqsiri ucbatından olmamışdır. Mübahisəli mənzilin 2009-cu ildən əvvəl iddiaçıya ayrılması, onun 20 ildən artıq həmin mənzildə yaşamaqla ondan istifadə etməsi, bu müddətdə həmin mənzildə yaşaması ilə bağlı hər hansı etirazın daxil olmaması iş materialları ilə tam təsdiq olunur. Məhz buna görə də mənzil Bakı Şəhər İcra Hakimiyyətinin balansına keçdikdən sonra faktiki yaşayan şəxs kimi iddiaçı ilə kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.5-ci maddəsinin tələblərini nəzərə alır. Həmin maddəyə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə hüququ xx.xx.2009-cu il tarixə qədər yarandığından cavabdehin müvafiq sərəncamın həmin tarixdən sonra qəbul edilməsi barədə əsasa istinad etməsi düzgün olmamışdır. Çünki iddiaçının mübahisəli mənzilə istifadə hüququ xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranmış, xx.xx.2017-ci il tarixli sərəncam həmin hüququn yeni balanssaxlayıcı tərəfindən təsdiqindən ibarət olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı sayılmalı və təmin olunmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 30,9 kv.metr yaşayış sahəsi olan 2 otaqdan ibarət 70 saylı mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar