Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7066/2024 08.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması və kvalifıkasiya haqqında şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı İddiaçı adına Ukrayna Respublikasının Dövlət İnfrastruktur və Texnologiyalar Universiteti tərəfindən verilmiş В19 № 188411 saylı xx.xx.2019-cu il tarixli diplomun tanınması və kvalifıkasiya haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-2019-cu illərdə Ukrayna Respublikasının Dövlət İnfrastruktur və Texnologiyalar Universitetinin Getman Petr Konaşeviç-Saqaydaçm adına X2 İnstitutunu bitirmişdir. Dəniz və çay nəqliyyatı hazırlıq istiqaməti, dəniz və daxili su yollarında gəmi sürücülüyü ixtisaslaşması üzrə bakalavr ali təhsil dərəcəsini əldə etmişdir. Ona təhsili bitirməyi haqqında B19 № 188411 saylı, xx.xx.2019-cu il tarixli diplom verilmişdir. Eyni zamanda da ona A3-15/15 saylı diploma əlavə də verilmişdir. Diplom və diplomun əlavəsi xx.xx.2019-cu il tarixdə Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən apostil ilə təsdiq edilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edərək diplomunun tanınmasını və kvalifikasiya haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin NA00022673 saylı 29 yanvar 2024-cü il tarixli qərarı ilə xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi sərhəd xidmətinin məlumatı göstərilmişdir. Ümumvətəndaş pasportunda Dövət Sərhəd Xidmətinin girişçıxışla bağlı bütün möhürləri var. Universitetin bütün imtahanlarında iştirak etmiş, təhsilin normativ müddətinin hamısında orda olmuşdur. Dənizçi olduğu üçün ilin yarısından çoxunu dənizdə olur. İşi ilə əlaqədar olaraq iş yerindən Universitetə rəsmi arayışlar tədqim edərək individual təhsil almışdır. Bu da o deməkdir ki, qətiyyən təhsildən kənarda qalmamış və normativ müddətləri buraxmamışdır. Onunla eyni vaxtda (2015-2019) bir yerdə oxumuş tələbələrin diplomları Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təsdiq edilmiş və bu barədə şəhadətnamələr verilmişdir. Necə olur ki, onunla eyni Universitetdə oxumuş, onunla eyni vaxtda ölkədən çıxmış və eyni vaxtda ölkəyə qayıtmış tələbələrin diplomları təsdiq olunur, lakin onun diplomu yoxdur? Təhsildə Keyfiyyət Təminatı Agentliyinin imtinası tam qanunsuz və əsassızdır. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü qiyabi təhsilalma forması üzrə dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. İddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə elektron ərizə sistemi vasitəsilə xx.xx.2023-cü il tarixində Agentliyinə müraciət etmişdir. Cavabdeh ərizəçinin tanınma haqqında müraciətinə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu müddətin qüvvədə olan tanınmaya dair tələblərlə uyğunsuzluğunu müəyyən etmiş və xx.xx.2024-cü il tarixində iddiaçıya tanınma haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İş üzrə inzibati icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun olaraq aparılmışdır. Həmin Qaydaların yarımbəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Ölkə ərazisində müvafiq sahəni tənzimləyən əsas qanunaltı normativ aktlardan biri olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin hər tədris ili üzrə auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması üzrə tətbiq olunan Qaydaların 4.1.4-cü yarımbəndində Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında əks olunmuşdur. İddiaçının müraciəti əsasında aparılmış inzibati icraat zamanı onun xarici ali təhsil aldığı ölkədə olmasını yoxlamaq məqsədilə sərhədkeçmə məlumatları tədqiq edilmiş, onun təhsil aldığı illər üzrə xarici ali təhsil aldığı ölkədə olma müddətləri bu şəkildə müəyyənləşdirilmişdir: 15-16 - 11 gün, 16-17 - 15 gün, 17-18 - 17 gün, 18-19 - 1 ay 3 gün. Aparılan icraat zamanı məlum olmuşdur ki, iddiaçı qiyabi təhsilalma forması üzrə mövcud olan normativ tədris müddətlərinə qarşılıq sadəcə bir tədris ili üzrə xarici ali təhsil aldığı ölkədə olmuşdur. Bununla bərabər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 124.3-cü yarımbəndində Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü müddətində təhsil məzuniyyəti verildiyi öz əksini tapmışdır ki, bu da qiyabi təhsilalma formasında tədrisin təşkili müddətlərinə nisbətdə qanunvericilik aktları arasında ahəngi göstərməsi baxımından önəmli nüansdır. Əlavə olaraq oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2546/2023 saylı qərarının 24-cü bəndinə əsasən iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünü yerinə yetirmədiyinə dair nəticə əsaslı hesab edilə bilər. Həmin bəndin davamında isə qeyd olunur ki, hər bir halda, həmin məsələyə dair sübutetmə yükü iddiaçının üzərində olmasına baxmayaraq bu halı təsdiq edən mötəbər sübutlar təqdim olunmamışdır. İddiaçı təhsil aldığı xarici ölkədə olmamaqla bərabər dərslərdə iştirak etmədən tədris yükünü necə yerinə yetirdiyinə dair cavabdeh orqana və ya məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda Qaydaların 1.3cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir ki, bu da “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununda əks olunmuş diskresion səlahiyyətin mövcudluğuna əsasdır. Cavabdeh inzibati orqan tərəfindən tanınma üzrə inzibati icraatın aparılması zamanı Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun 14.1-ci bəndinə uyğun olaraq diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində və ona verilmiş səlahiyyətlər daxilində çərçivəsində həyata keçirdiyindən və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 73.3.1-ci yarımbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildiyi üçün məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Qiyabi təhsilalma formasında tədris olunan təhsil programları üzrə tədris yükünün qeyd olunmuş müddətlərdə yerinə yetirilməsinin faktiki olaraq mümkünsüzlüyü nəzərə alınaraq, habelə iddia tələbi həm maddi, həm də prosessual normalarla ziddiyyət təşkil etdiyi üçün rədd edilməlidir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin NA00022673 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. A seriyalı 040277 saylı xx.xx.1996-cı il tarixli orta təhsil haqqında attestatdan görünür ki, İddiaçı 1996-cı ildə Zəngilan 32 saylı orta məktəbini bitirmişdir. AO seriyalı ******* saylı xx.xx.1997-ci il tarixli hərbi bilet iddiaçı tərəfindən təqdim edilmişdir. BB-İİ seriyalı 004436 saylı xx.xx.2004-cü il tarixli diplomdan görünür ki, İddiaçı 2000-ci ildə Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumuna daxil olmuş və xx.xx.2004-ci il tarixdə “Dəniz gəmi sürücülüyü” ixtisası üzrə tam kursu bitirmişdir. xx.xx.2019-cu il tarixli B19 seriyalı 188411 saylı bakalavr diplomu və A3-15/15 saylı əlavədən görünür ki, İddiaçı 2019-cu ildə Dövlət İnfrastruktur və Texnologiyalar Universitetinin Getman Petr Konaşeviç-Saqaydaçnı adına X2 İnstitutunu bitirmiş, dəniz və çay nəqliyyatı hazırlıq istiqaməti, dəniz və daxili su yollarında gəmi sürücülüyü ixtisası üzrə bakalavr ali təhsil dərəcəsini əldə etmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-38-2/33-1340/24 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı 2015-2019-cu illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında müvafiq məlumatlar qeydə alınmışdır: Tarix İstiqamət Ölkə Tarix İstiqamət Ölkə xx.xx.2015 Çıxış Ukrayna xx.xx.2017 Giriş İran xx.xx.2015 Giriş Ukrayna xx.xx.2017 Çıxış BƏƏ xx.xx.2015 Çıxış Türkiyə xx.xx.2018 Giriş BƏƏ xx.xx.2016 Giriş Qətər xx.xx.2018 Çıxış Ukrayna xx.xx.2016 Çıxış Ukrayna xx.xx.2018 Giriş Ukrayna xx.xx.2016 Giriş Ukrayna xx.xx.2018 Çıxış BƏƏ xx.xx.2016 Çıxış İran xx.xx.2019 Giriş BƏƏ xx.xx.2016 Giriş İran xx.xx.2019 Çıxış Türkiyə xx.xx.2017 Çıxış Ukrayna xx.xx.2019 Giriş Türkiyə xx.xx.2017 Giriş Ukrayna xx.xx.2019 Çıxış Ukrayna xx.xx.2017 Çıxış Qətər xx.xx.2019 Giriş Ukrayna xx.xx.2017 Giriş BƏƏ xx.xx.2019 Çıxış BƏƏ xx.xx.2017 Çıxış İran xx.xx.2020 Giriş BƏƏ İddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. II. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Odur ki, Təhsildə Keyfiyyətə Təminat Agentliyinin xx.xx.2024-cü il tarixli cavab məktubu qeyd edilən əlamətlərə malik olmadığından inzibati akt hesab edilmir, inzibati aktın qəbulundən imtinaya dair yazılı məlumatdır. İddiaçı inzibati aktın qəbul edilməsini arzulayır və iddia məcburetməyə dair iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, imtina məktubunun iddiaçıya çatdırılma tarixi müəyyən edilmir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Məhkəmənin hüquqi mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-2546/2023 nömrəli iş üzrə 08 dekabr 2023-cü il tarixli qərarına uyğundur. Həmin hüquqi mövqe bu qərarda ifadə olunur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan: Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarından: 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: ...8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü maddəsinə əsasən, qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən. 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4-cü maddəsinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsinə dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddət sözügedən tədris yükünün yerinə yetirilməsinin qiymətləndirilməsi baxımından nəzərə alına bilər. İddiaçı cavabdehin imtinasının əsassız olduğunu qeyd etsə də, bunu əsaslandırmamış, yalnız təhsil aldığı universitetin diplomunu əldə etdiyini dəlil kimi göstərmişdir. Göründüyü kimi, xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomunun tanınması və tanınmasından imtinanın şərtləri qanunvericiliklə dəqiq müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən, onun təhsil aldığı universitetdə tədris işinin həcminin kredit vahidləri ilə aparıldığı, iddiaçının təhsil müddəti kimi müəyyən edilmiş 04 tədris ili müddətində iddiaçı məhkəmə sorğusun əsasən sərhədkeçmə haqqında məlumatdan yalnız 2015/2016-cı tədris ili üzrə - 11 gün, 2016/2017-ci tədris ili üzrə - 15 gün, 2017/2018-ci tədris ili üzrə - 17 gün, 2018/2019-cu tədris ili üzrə - 1 ay 3 gün müddətində olduğu müəyyən olunmuş, bununla da iddiaçının qeyd edilən illər ərzində auditoriya dərslərində iştirakının az olduğu öz təsdiqini tapmışdır. Belə ki, yuxarıda göstərilənlərlə iddiaçının Ukrayna Respublikasında tələb olunan müddətin qarşılığında qısa müddət ərzində olduğu, həmçinin auditoriya dərslərində iştirakının az olduğu təsdiq olunur. Qiyabi təhsil alan xarici tələbələrin təlim prosesini optimallaşdırmaq məqsədilə təhsil müəssisəsi tərəfindən münasib qrafikin təşkilinin və ya fərqli qaydanın müəyyən edilməsinin mümkünlüyü qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsaəsn, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə hesab edir ki, bakalavr təhsilinin qanunvericiliklə müəyyən edilmiş müddət meyarlarına riayət edilməsi məcburi şərtdir. Həmin şərtlərin ödənilməməsi mahiyyət və nəticə etibarı ilə diplom verilmiş şəxsin ixtisasa yiyələnməməsini ehtiva edir. Belə olan halda məhkəmənin mövqeyinə görə, iddiaçı X1 və Texnologiyalar Universitetinin normativi qarşılığında həmin ölkədə (ölkə hüdudlarından kənarda) qısa müddət olduğundan cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi təhsil müddətinin yetərli olmaması qənaəti ilə iddiaçının adıçəkilən təhsil müəssisəsinin ona verdiyi B19 seriyalı 188411 nömrəli, 30 iyun 2019-cu il tarixli bakalavr diplomu üzrə ixtisasının tanınmasından imtina etməkdə haqlı olmuşdur və həmin imtina qanuna zidd sayıla bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-7066/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7066/2024
08.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver