Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7067/2024 21.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı və onun nümayəndə-vəkili Vəkil1, cavabdehin nümayəndəsi X5, üçüncü şəxs X6, üçüncü şəxs X9 nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X12, X13 və X15 cəlb edilməklə) “çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 küçəsi 27N saylı ev ünvanında yerləşən fərdi yaşayış evinə dair dövlət reyestrində aparılmış qeydin və texniki pasportun ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 küçəsi (əvvəli Anaşkin küçəsi), ev 27, m 4 ünvanında yerləşən 7 sot torpaq sahəsi daxilində olan fərdi yaşayış sahəsini Mustafa Nağıyev adlı şəxsdən 2000-ci il tarixdə almışdır. 2006-cı il tarixdə həmin fərdi yaşayış evi sökülmüş, yerində 3 mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Lakin maddi imkansızlıqdan həmin yaşayış sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatını həyata keçirə bilməmişdir. 2017-ci ildə evi satmaq qərarına gəlmiş, Ramil adlı şəxslə məsləhətləşmiş, həmin şəxs ona evi satmaqda köməklik göstərəcəyini demişdir. Ramil onu müştəri kimi Məhəmməd adlı şəxslə tanış etmişdir. Məhəmməd adlı şəxsə evi 300 min manata satacağını bildirmiş, razılaşılmışdır ki, 250 min pul verilsin, yaşayış sahəsinin sənədləşdirilməsini iddiaçı öz üzərinə götürmüşdür. Məhəmməd sənədləşdirmə ilə bağlı ona 21 min manat pul verəcəyini vəd etmiş, həmin pulu ona vermişdir. 2017-ci il tarixdə fərdi yaşayış evi Məhəmmədə təhvil verilmişdir. Daha sonra iddiaçı Rusiya Federasiyasına getmiş, qayıtdıqdan sonra Məhəmmədin həmin evi satdığını, X7 adına rəsmiləşdirilərək çıxarış alındığını bilmişdir. İddiaçı Məhəmmədlə əlaqə saxlamağa çalışsa da, hər dəfə ona pulu qaytaracağını bildirmişdir. Daha sonra məlum olmuşdur ki, N.Bayramova bələdiyyə qərarı əldə edərək, həmin qərar əsasında çıxarış əldə etmişdir. Bundan sonra iddiaçı inzibati məhkəməyə müraciət edərək, Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş inzibati aktın etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qərardadda qeyd edilmişdir: “İş materiallarında olan: Sabunçu Bələdiyyəsinin məktubundan görünür ki, mübahisələndirilən 11 oktyabr 2006-cı il tarixli qərar bələdiyyədə qeydiyyata alınmamış, möhür əvvəlki beş illikdə qüvvədə olan möhür olmuş, imza sədr tərəfindən imzalanmamışdır. Qərar və və məktub bələdiyyənin adından saxta hazırlanmışdır. Məhkəmə iclas protokollarından görünür ki, cavabdeh tərəf qərarın mövcudluğundan məlumatlı olmadığını, sənədlərin saxtalaşdırıldığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinə Bələdiyyə tərəfindən ünvanlanan məktubda qeyd edilmişdir ki, qərar və məktub bələdiyyə tərəfindən tərtib edilməmişdir. Təqdim edilən sənədlərin tarix və nömrələri uyğunsuzluq təşkil edir. Sənədlər saxtalaşdırılmışdır. Belə ki, qərar guya 11 oktyabr 2006-cı il tarixli 17 saylı protokolu əsasında verildiyi göstərilsə də, 17 saylı protokol 24 fevral 2006-cı il tarixlidir. 21 saylı protokol belə 29 iyun 2006-cı il tarixlidir. Yuxarıda qeyd edilənlərdən də aydın olur ki, cavabdeh təşkilat ünvan 1 küçəsi (əvvəli Anaşkin küçəsi), 27N saylı ev ünvanında yerləşən fərdi yaşayış evinə dair saxta sənədlər əsasında dövlət reyestrində çıxarış və texniki pasport vermişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X12, X13 və X15 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 1 küçəsi 27N saylı ünvanda yerləşən fərdi yaşayış evi, Sabunçu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” qərarı və məlumatlandırma icraatı qaydasında xx.xx.2017-ci il tarixdə **********48-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli, 4Ə-1591 reyestr nömrəli notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında X9 adına özgəninkiləşdirilmiş, sonradan xx.xx.2022-ci il tarixli, 4Ə-479 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6 adına özgəninkiləşdirilmiş və hazırda onun mülkiyyətindədir. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun qeydiyyatlar aparılmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs X12 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini olduğu kimi müdafiə edərək iddianın tam şəkildə təmin edilməsini xahiş etdi və bildirdi ki, mübahisəli fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyat qanuni qüvvəsini almış məhkəmə qərarı ilə mövcud olmadığı sübuta yetirilmiş bələdiyyənin inzibati aktı əsasında aparıldığından həmin əmlaka dair sonrakı qeydiyyat hərəkətləri də qanunsuz hesab edilməli və ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə qarşı təqdim edilmiş etirazı müdafiə edərək, tələbin qeyri-mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər tələbin qeyd olunan hissədə mümkün sayılmamasını xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddia tələbi ünvan 1 küçəsi, 27N ünvanında yerləşən fərdi yaşayış evinə dair X13 və X9 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Məhkəmə iddianın digər hissəsinə münasibətdə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı hazırkı tələbi ilə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etdiyinə görə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir. Belə ki, İddiaçı cavabdeh Sabunçu Bələdiyyəsinə qarşı (üçüncü şəxs X12, X10, X15) “Sabunçu qəsəbə X1 mülkiyyətinə torpaq sahəsinin ayrılmasına dair 21 saylı 11 oktyabr 2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddiasına inzibati icraat çərçivəsində baxılarkən birinci instansiya məhkəməsi ilkin olaraq iddianın subyektiv baxımından mümkünlük şərtlərinə cavab verməməsi əsası ilə onu mümkün saymamışdır. Daha sonra iddiaçı yeni açılmış hallar ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi həmin ərizəni təmin etməkdən imtina etsə də, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadında irəli sürülmüş hüquqi göstərişləri əsas götürərək, iddiaçının mübahisələndirilən hüquq münasibətində subyektiv hüquqa malik olduğu qənaətinə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən (2-1(103)- 1268/2022 nömrəli, xx.xx.2022-ci il tarixli) qərardadında qeyd olunmuşdur ki, Bakı şəhəri Sabunçu RPİ-nin 02 sentyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı əsasında cinayət təqibinin başlanması rədd edilsə də, həmin qərarla hadisə nəticəsində İddiaçı maddi ziyan vurulma faktının aşkar olunması və bu ziyanın vurulması onun adına olan bələdiyyə sənədlərinə əsasən (Anaşkin) Əliyar Əliyev küçəsi 27/4 B ünvanında yerləşən torpaq sahəsində inşa etdiyi evin qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrində onun adına deyil, üçüncü şəxsin (X7) adına rəsmiləşdirilməsindən irəli gəlməsi, digər tərəfdən, Sabunçu bələdiyyəsinin 29 nömərli 16 aprel 2021-ci il tarixli məktubnda həmin ünvanda yerləşən tikinti sahəsinin İddiaçı adına vergi qeydiyyyatına alınmaması və 2016-cı ilədək onun tərəfindən vergilər ödənilməsinə uyğun gəlməsi, bütün bu halların yeni açılmış hallar kimi qiymətləndirilməsinə imkan verir və ən azından, həmin hallar İddiaçı mübahisəli ünvanda yerləşən daşınmaz əmlakla bağlılığını təsdiq etməklə, hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olduğunu göstərir. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun mövcudluğunu tanımışdır ki, həmin mövqeyi hazırki iddiaya münasibətdə də tətbiq olunmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12203/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Sabunçu Bələdiyyəsinə qarşı (üçüncü şəxs X12, X10, X15) “Sabunçu qəsəbə X1 mülkiyyətinə torpaq sahəsinin ayrılmasına dair 21 saylı 11 oktyabr 2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddia mümkün sayılmamışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli imtina məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 22 aprel 2024-cü il tarixli məktubla ünvan 7 saylı fərdi yaşayış evinə dair təqdim olunmuş sənədlərdən görünür ki:
1. Sabunçu Rayonu Sabunçu Bələdiyyəsinin 11 oktyabr 2006-cı il tarixli, 21 №-li qərarı ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi Anaşkin küçəsində yerləşən 520 kv.m torpaq sahəsinin sənədləşdirilməsi üçün Torpaq məcəlləsinin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı - satqı yolu ilə) sənədləşdirilməsi və Xocalı rayonu Daşbulaq kəndində qeydiyyatda olan vətəndaş X7 mülkiyyətinə verilməsi qərara alınmışdır.
2. Sabunçu Rayonu Sabunçu qəsəbə Bələdiyyəsinin 38/11 nömrəli arayışında qeyd olunmuşdur ki, Sabunçu qəsəbə bələdiyyəsi tərəfindən 11 oktyabr 2006-cı il tarixli 21 saylı qərarın eskizində göstərilmiş sahədə sizə fərdi yaşayış evinin tikintisi üçün 520 kv.m torpaq sahəsi ayrılmışdır.
3. ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2017-ci il tarixdə texniki pasport tərtib olunmuşdur.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 7 saylı fərdi yaşayış evi üzərində xx.xx.2017-ci il tarixdə X7 xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır.
5. ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X12 ünvan 7 saylı fərdi yaşayış evini X3.
6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 7 saylı fərdi yaşayış evi üzərində xx.xx.2019-cu il tarixdə X9 xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır.
7. 518194 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X15 ünvan 7 saylı fərdi yaşayış evini X2.
8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 7 saylı fərdi yaşayış evi üzərində xx.xx.2022-ci il tarixdə X6 xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Məhkəmə aşağıda göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsindən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının qeydiyyatı əmlak üzərində hüquqların dövlət tərəfindən tanınmasını və qorunmasını təmin edən hüquqi mexanizmdir. Bu proses xüsusilə daşınmaz əmlakla bağlı hüquqların rəsmiləşdirilməsi üçün tətbiq olunur. Qeydiyyat nəticəsində mülkiyyət hüququ dövlət tərəfindən rəsmən tanınır və üçüncü şəxslərə qarşı müdafiə olunur (erga omnes prinsipi). Nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun dövlət qeydiyyatının həyata keçirilməsi, yalnız həmin hüququn yaranmasını və qanunvericilikdə nəzərdə tutulan əsasların mövcudluğunu təsdiq edən hüquqi sənədlərin təqdim edilməsi şərti ilə mümkün olur və bu halda hüquq sahibinin mülkiyyət hüququnun tanınmasını, rəsmiləşdirilməsini və üçüncü şəxslərə qarşı müdafiəsini təmin etmək məqsədilə dövlət qeydiyyatını tələb etmək hüquqi imkanı yaranır. Burada xüsusi ilə diqqətə çatdırılmalıdır ki, qanunvericilik mülkiyyət hüququnun qeydiyyatı üçün əsas olan sənədlərin əhatə dairəsini dəqiq olaraq təsbit etmişdir. Əgər şəxs qanunla müəyyən olunmuş hər hansı bir sənədə malik olarsa onun həmin əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirilir. Lakin bəzi hallarda mülkiyyət hüquqlarının qeydiyyatının düzgün həyata keçirilmədiyinidə rast gəlmək olur. Bu cür hallarda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.3-cü və 2.4-cü bəndinə əsasən şəxsin həmin hüquqları məhkəmə qaydasında mübahisələndirmək imkanı verilir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə ünvan 1 küçəsi 27 N saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair dövlət reyestrində aparılmış qeydin və texniki pasportun ləğv edilməsinə nail olmaq istəyir. İşin mübahisəsiz hallarına görə ünvan 1 küçəsi 27 N saylı ünvanda yerləşən fərdi yaşayış evi Sabunçu bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 21 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” qərarı və məlumatlandırma icraatı qaydasında xx.xx.2017-ci il tarixdə X7 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmışdır. Həmin yaşayış sahəsi əvvəlcə xx.xx.2019-cu il tarixli, 4Ə-1591 reyestr nömrəli notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında X9 adına, sonradan xx.xx.2022-ci il tarixli, 4Ə-479 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6 adına özgəninkiləşdirilmiş və hazırda onun mülkiyyətindədir. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evi üzərində X15 və X6 mülkiyyət hüquqlarının qeydə alınması üçün əsaslar xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri olmuşdur. Həmin daşınmaz əmlaka dair bağlanmış mülki-əqdlər əsasında əmlak özgəninkiləşdirilmiş və son olaraq X6 mülkiyyətinə keçmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddia - X15 və X6 qeydiyyata alınmış hüquqlarının ləğvi hissəsində mümkün sayılmadığından, hazırki halda məhkəmə əmlaka dair X7 ilkin hüquqlarının qeydiyyatının əsassız olub-olmamasına qiymət verir. Bununla bağlı məhkəmə qeyd edir ki, ünvan 1 küçəsi 27 N saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair X7 xüsusi mülkiyyət hüquqlarının qeydiyyatı Sabunçu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” qərarı əsasında həyata keçirilmişdir. Nəzərə alınmalıdır ki, mülkiyyət hüquqlarının qeydiyyatı bələdiyyə qərarı əsasında həyata keçirilsə də, həmin bələdiyyə qərarının mövcudluğu müəyyən olunmamışdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12203/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, həmin qərardad ilə İddiaçı cavabdeh Sabunçu Bələdiyyəsinə qarşı (üçüncü şəxs X12, X10, X15) “Sabunçu qəsəbə X1 mülkiyyətinə torpaq sahəsinin ayrılmasına dair 21 saylı 11 oktyabr 2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddia mümkün sayılmamışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, etıbarsızlığının tanınması tələb edilən 11 oktyabr 2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair 21 nömrə altında göstərilmiş qərar ümumiyyətlə hər hansı inzibati orqan tərəfindən, eləcə də bələdiyyə tərəfindən qəbul edilməmiş, bu səbəbdən də ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salınması, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradılması, hakimiyyət tədbiri xüsusiyyətinə malik olmamışdır. Məhkəmə, inzibati məhkəmə icraatı qaydasında baxılarkən bələdiyyə adından qəbul edilməsinin təsdiqinin tapmaması və cinayət işinin rədd edilməsi barədə qərarda bələdiyyə qərarının saxtalaşdırılması hallarının mövcudluğunu (Cinayət işinin başlanılmasının rədd qərarından da görünür ki, qərarının saxtalaşdırılması faktı öz təsdiqini tapmış, CM-nin 320.1-ci və 320.2-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətinin ötməsi səbəbindən cinayət işinin başlanılması rədd edilmişdir.) nəzərə alaraq, mövcud olmayan inzibati aktın etibarsız sayılmasının mümkün olmaması əsası ilə iddianı mümkün saymamışdır. Göründüyü kimi hazırda X7 fərdi yaşayış evi üzərində hüquqlarının qeydə alınmasına əsas olan Sabunçu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” qərarın mövcud olmadığını təsdiq edən mövqeyi qanuni qüvvəsini almış məhkəmə qərardadında əks olunmuşdur. Məhkəmə sözügedən məhkəmə aktının preyudisiallıq daşıdığını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, hüquqi qüvvəyə minmiş məhkəmə qərlarının digər məhkəmələr və ya inzibati orqanlar üçün məcburi xarakter daşıyır. Belə olan halda qanuni qüvvəsini almış məhkəmə qərardadı ilə Sabunçu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” qərarın mövcud olmaması ilə bağlı mövqeyi hazırki iddianın həllində, başqa sözlə, sözügedən bələdiyyə qərarı əsasında aparılmış qeydin ləğvində həlledici rol oynayır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən həyata keçirilmiş qeydiyyatın hüquqi əsasını təşkil edən bələdiyyə qərarının hüquqi qüvvəyə malik olmaması qeydiyyat prosesinin qanuniliyi prinsipini pozmaqla, onun əsassız və qanunsuz aparıldığına dəlalət edir. Əgər qeydiyyat prosesində bələdiyyə qərarının hüquqi əsassızlığı, yaxud onun qüvvədən düşmüş və ya hüquqi nəticə doğurmadığı müəyyən edilirsə, belə qeydiyyat hüquqi cəhətdən etibarsızdır. Odur ki, qeyd olunan hüquqi yanaşma hazırkı iddianın təmin olunması və qanunsuz qeydiyyatın ləğvi üçün əsas yaratdığından cavabdehin imtinası qanunazidd sayılmalı, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldi: İddia tələbi təmin edilsin. ünvan 1 küçəsi 27N saylı ev ünvanında yerləşən fərdi yaşayış evinə dair X7 adına dövlət reyestrində aparılmış qeydin və texniki pasportun ləğv edilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov