Məhkəmə qərarları › İş №2-1(112)-7068/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7068/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7068/2021 08.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (X2 3-cü şəxs qismində göstərilməklə) “üçüncü şəxsin qeydiyyatına xitam verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (ünvan: ünvan 1 Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, A.Neymatulla küçəsi ev 47A, mənzil 33-də qeydiyyatda olan X1 qeydiyyatına xitam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə müvafiq olaraq iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və 3cü şəxsə təqdim edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, Bakı şəhəri, A.Neymatulla küçəsi ev 47A, mənzil 33 iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxs olan keçmiş əri ilə nikahları 2012-ci ildə pozulmuş, 2010-cu ildən faktiki olaraq mənzildə yaşamır, uzun müddətdir ki, başqa ünvana köçmüş, buna baxmayaraq həmin ünvanda pasport qeydiyyatında qalmış, mənzilə istifadə hüququ olmayan şəxsdir və buna görə də onun həmin mənzilə dair qeydiyyatına xitam verilməlidir. Mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan evdə üçüncü şəxsin formal olaraq qeydiyyatda qalmağı, iddiaçının bu hüququnun tam olaraq həyata keçirilməsinə mane olur. Cavabdeh inzibati orqanın üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün iddiaçının müraciətindən imtinası qanunsuz və əsassızdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs təyin edilmiş məhkəmə iclasında özünün və nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə göndərilən məktublarda cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini xahiş etmiş, üçüncü şəxs iştirak etməmə barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında iştirak edən iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək iddiaçının tələbinin iddiaçı ilə üçüncü şəxs arasında iddiaçının mülkiyyətində olan mənzilə sonuncunun istifadə hüququna xitam verilməsi ilə əlaqədar mübahisəyə əsaslandıgından, mübahisəyə mülki qanunvericiliyinin tələbləri tətbiq edilməklə aidiyyəti məhkəməyə müraciət etməsi təklif edilsə də, iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyinə görə “... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir”. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmalı və bundan sonra şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanına (rayon polis şöbəsinə) müraciət olunmalıdır. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, A.Neymatulla küçəsi ev 47A, mənzil 33 üzərində iddiaçının əmlak hüququ tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X2 xx.xx.2003-cü il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadır. Göründüyü kimi üçüncü şəxsin həmin mənzildə qeydiyyatda olmaqla istifadə hüququ qalmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə üçüncü şəxs arasındakı münasibətlər mülki hüquq münasibətləri olmaqla mülki məhkəmə icraatının araşdırma predmetinə daxildir. Buna görə də qeyd olunan mülkü münasibətlərin mövcud olub-olmaması mülki məhkəmə icraatı qaydasında müəyyən olunmalıdır. Çünki nəzərə alınmalıdır ki, Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Lakin hazırkı işdə həmin münasibətlərin müəyyən olunması ilə bağlı hər hansı bir məhkəmə qətnaməsi mövcud deyildir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əsaslardan hər hansı biri müəyyən olunmadan şəxsləri qeydiyyatdan çıxarması ilə bağlı qanunvericilikdən irəli gələn hər hansı bir öhdəliyi və səlahiyyəti yoxdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırkı iddia tələbində qaldırdığı mülki hüquq münasibətlərindən yaranan məsələlər barəsində işin hallarından asılı olaraq aidiyyəti ümumi yurisdiksiyalı məhkəmədə iddia qaldırmaq hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38.2, 39, 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar