Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7069/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik xətlərinin və elektrik dirəyinin çıxarılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin (fərdi evin qarşısından keçən xətlərin) üzərindən keçən elektrik xətlərinin və elektrik dirəyinin çıxardılması və torpaq sahəsi, fərdi yaşayış evindən kənarlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının mərhum atası X2 məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və fərdi evin qarşısından keçən gərginlikli hava elektrik xətlərinin və elektrik dirəyinin çıxardılması (yerinin dəyişdirilməsi küçəyə çıxarılma) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi tərəfindən ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq ünvan 2 ünvanda yerləşən əmlakın iddiaçının atası mərhum X2 məxsus olması barədə arayışın verilməsi xahiş edilmişdir. ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023- cü il tarixli məktubu ilə bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən, torpaq sahəsi və üzərindəki tikililər yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Hazırda iddiaçı həmin torpaq sahəsinin və fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınmasında çətinliklər yaşayır, belə ki X3 vəfat etmiş, onun vəfatından sonra vərəsəlik işi açılmış, cavabdehin qanunsuz hərəkətlərinə görə vəfat etmiş şəxsə dair arayışın alınmasında çətinlik çəkir. Dəfələrlə yazılı və şifahi müraciətlər edilməsinə baxmayaraq cavabdeh elektrik xəttlərinin ona məxsus olan torpaq sahəsindən kənara, yəni küçə hissəyə çıxarmamışdır. Halbuki, torpaq sahəsi xx.xx.1960-cı ildə ayrılmışdır. Cavabdehə məxsus 6 Kv-luq xəttlər 1969-cu ildə çəkilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, 6 kV-luq Y/st.369-TM118-KTM 117-6kv hava xətti 1950-ci və 1969-cu illərdə çəkilib istismara verilmişdir. Həmin xətt 2022-ci il tarixdə yenilənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 17-ci bəndinə əsasən elektrik şəbəkələrinin yerini dəyişməklə və yaxud zədələnmədən mühafizə etmək zərurəti ilə işi yerinə yetirən müəssisələr bu işləri elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdıraraq, öz vəsaiti hesabına görməlidirlər. Bu kateqoriya işlərlə bağlı təcrübə formalaşmışdır. Belə ki, məhkəmələr tərəfindən qeyd olunan qaydalara istinad olunmaqla iddialar rədd edilir. Odur ki, iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. "xxxx" ASC-nin 20 iyun 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il, 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən ünvan 3 ünvanı 6 kV-luq hava elektrik veriliş xəttinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının 30 oktyabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, qeyd edilən torpaq sahəsinin üzərindən keçən Suraxanı RETSİ-nin balans və xidmətində olan 6 kV-luq, “YS-369 TM” “118-KTM” “117” HEVX, pasportundan da göründüyü kimi xx.xx.1969-cu il tarixindən istismara verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 5-ci bəndinə əsasən 6 kV-dək HEVX-nin mühafizə zonası hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində 10 metrdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.5.14.7-ci yarımbəndinə əsasən gərginliyi 6 kV olan HEVX-nin kənar naqillərinin, onların ən böyük meyllənməsi zamanı istehsalat, anbar, inzibati-məişət və ictimai binaların və tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafə 2 metrdən az olmamalıdır. İddiaçıya məxsus 422,1 kv.metr torpaq sahəsinin üzərindən keçən yüksəkgərginlikli HEVX-nin mühafizə zonası gözlənilməklə yerinin dəyişdirilməsi məsələsinə baxılması və nəticəsi barədə məlumat verilməsi məqsədilə "xxxx" ASC-yə müvafiq məktub ünvanlanmışdır. Cavab olaraq HEVX-nin yerinin dəyişdirilməsi üçün “ASAN Kommunal” mərkəzinə müraciət etməyinin tövsiyə olunduğu bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq yaranmış mübahisəli məsələ ilə enerji təchizatı müəssisəsinə qarşı iddia ilə məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, elektron kadastr məlumatına əsasən, torpaq sahəsi və üzərindəki tikililər yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin inventarizasiyası və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, ev 32 B ünvanı X1 məxsusdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3524/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, ev 32 B ünvanına Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin inventarizasiyası və qiymətləndirilməsinə aid pasportun X5 Əli hissəsinin X5 oxunmaqla həmin sənədin X2 məxsus olması faktı müəyyən edilmişdir. İş materiallarına ünvan 1 ünvanında çəkilmiş fotoşəkillər əlavə edilmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mərhum atası X2 məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və fərdi evin qarşısından keçən gərginlikli hava elektrik xətlərinin və elektrik dirəyinin çıxardılması (yerinin dəyişdirilməsi küçəyə çıxarılma) öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. İddiaçı qeyd olunan tələblə bağlı cavabdehə müraciət etmişdir. Bu səbəbdən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar öz əksini tapmışdır. Göründüyü kimi ünvan 1 Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən iddiaçının mərhum atası X2 məxsusdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da əmlak və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edir. Göründüyü kimi ünvan 1 iddiaçının mülkiyyətində olmasa da onun həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması ilə bağlı hüquqi gözləntisi vardır. Bu səbəbdən iddiaçı həmin əmlakala bağlı iddia qaldırmaqda sebyektiv hüquqa malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). Hüquq ədəbiyyatında mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırılması haqqında tələb neqator iddia adlanır. Mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək imkanından məhrum edən hərəkət uzanan hüquq pozuntusudur. Ona görə də bu hüquq pozuntusu aradan qaldırılmadığı bütün müddət ərzində neqator iddia qaldırmaq olar. İş materiallaırnda olan ünvan 1 saylı fərdi yaşayış evinin fotoşəkillərindən görünür ki, iddiaçının atasına məxsus olan həmin fərdi yaşayış evinin həyətyanı sahəsində elektrik dirəyi yerləşdirilmiş və həmin dirəkdən yüksək gərginlikli elektrik xətləri çəkilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının 30 oktyabr 2023-cü il tarixli məktubunda qeyd edilən torpaq sahəsinin üzərindən keçən Suraxanı RETSİ-nin balans və xidmətində olan 6 kV-luq, “YS-369 TM” “118-KTM” “117” hava enerji verilişi xəttinin xx.xx.1969-cu il tarixindən istismara verildiyi göstərilmişdir. Həmin xəttin mövcudluğu isə iddiaçının öz torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirməsinə, həmçinin torpaq sahəsinin öz mülkiyyətinə keçirməsinə maneə yaradır. Mülki Məcəllənin 169.4-cu maddəsinə əsasən əgər şərait dəyişərsə, mülkiyyətçi xəttin onun mənafeyinə uyğun çəkilməsini tələb edə bilər. Çəkilmənin dəyərini ixtiyarlı şəxs ödəməlidir, lakin xüsusi halların əsas verdiyi yerlərdə dəyərin ağlabatan hissəsi mülkiyyətçinin hesabına aid edilə bilər. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, ünvan 1 saylı fərdi yaşayış evinin həyətində yerləşdirilmiş elektrik dirəyi və elektrik xətlərinin mövcudluğu iddiaçının öz torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirməsinə, həmçinin torpaq sahəsinin öz mülkiyyətinə keçirməsinə maneə yaratdığı üçün iddia təmin edilməli, həmin dirəyin və xəttin çıxarılması (yerinin dəyişdirilməsi) öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mərhum atası X2 məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və fərdi evin qarşısından keçən yüksək gərginlikli hava elektrik xətlərinin və elektrik dirəyinin çıxarılması (yerinin dəyişdirilərək küçəyə çıxarılması) öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-7069/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7069/2024
24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver