Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-707/2022 24.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 (Qusar rayonu, Düztahir kəndində qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (baş məsləhətçi, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı şəhadətnamənin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017 01158 saylı ərizə ilə «Qerkules» kombinasiya olunmuş əmtəə nişanının iddiaçının adına qeydiyyata alınaraq şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, «Qerkules» kombinasiya olunmuş əmtəə nişanının iddiaçının adına qeydiyyata alınmasına dair 2017 01158 saylı ərizə üzrə cavabdehə edilmiş 01 sentyabr 2020-ci il tarixli müraciətinə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2017 01158 saylı ərizə ilə «Qerkules» kombinasiya olunmuş əmtəə nişanının iddiaçının adına qeydiyyata alınaraq şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. Cəmiyyət qida məhsullarının qablaşdırılması, nəqli və satışı ilə məşğul olur. 15 aprel 2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (Azpatent) arasında «Əmtəə nişanı və coğrafi göstəricilərinə dair iddia sənədinin ekspertizası ilə bağlı işlərin yerinə yetirilməsi üzrə» 345 saylı, 05 aprel 2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə üzrə 05 aprel 2017-ci il tarixli Hesab/Sifariş N° 000389 İddiaçı MMC tərəfindən 07 aprel 2017-ci il tarixdə ödəniş etmiş lakin, hüquqi ünvan müharibə bölgəsində yerləşdiyi və şəhərə gəlib getmə çətinliyi səbəbindən 06.12.2017-ci il tarixdə “Qerkules” kombinasiyalı əmtəə nişanının qeydə alınması üçün 2017 01158 saylı ərizə verilmiş, kargüzarlıq əlaqəsi üçün mobil telefon nömrəsi iş materiallarında saxlanılmışdır. Aralarında bağlanmış həmin müqavilənin 7-ci bəndinə əsasən “İcraçı tərəfindən işlər yerinə yetirildikdən sonra ekspertizanın nəticəsindən asılı olmayaraq, müqavilə üzrə işlərin başa çatmasına dair akt imzalanır”. Lakin, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent) və onun hüquqi varisi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində Patent və X1 tərəfindən İddiaçınə heç bir sənəd göndərilməmiş, təhvil təslim aktı imzalanmamışdır və iş materiallarında mobil telefon nömrəsi olduğuna baxmayaraq bu barədə heç bir rəsmi xəbərdarlıq edilməmişdir. Sonradan MMC-nin müharibə bölgəsində yerləşdiyi və şəhərə gəlib getmə çətinliyi səbəbindən və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (Azpatent) ləğvi və Əqli mülkiyyət Agentliyinin və onun tabeliyində Patent və X1 Mərkəzinin yaradılması prosesinin gecikməsi sayəsində arabir telefonla əlaqə saxlanılsa da heç bir məlumat verilməmişdir. 05 avqust 2020-ci il tarixdə İddiaçı MMC-yə məxsus olan N° 2017 01158 iddia sənədinin statusu haqqında məlumatın verilməsinə aid Əqli Mülkiyyət Agenliyinə Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi mailto:office@cooat.qov.azElektron ünvan ünvanına göndərilmiş sorğuya cavab olaraq iddiaçıya 24 avqust 2020-ci il tarixdə elektron poçt vasitəsi ilə 26.02.2018-ci il tarixli 2017 01158 saylı qərar göndərilmiş və heç bir açıqlama verilməmişdir. Beləliklə, İddiaçı tərəfindən 26.02.2018- ci il tarixli 2017 01158 saylı qərar 24 avqust 2020-ci il tarixdə alınmışdır. İddiaçı MMC 2017 01158 saylı ərizə ilə «Qerkules» kombinasiya olunmuş əmtəə nişanının qeydiyyata alınması və şəhadətnamənin verilməsi üçün 28 avqust 2020-ci il tarixdə 2017 01158 saylı ərizə üzrə şəhadətnamənin verilməsi üçün dövlət rüsumu ödəmiş, Əqli Mülkiyyət Agentlinin Sənaye Mülkiyyəti Obyeklərinin Qeydiyyatı və Reestr Şöbəsinə 01 sentyabr 2020-ci il tarixdə müraciət etmişdir. Lakin, Əqli Mülkiyyət Agentliyi bu günə kimi, 2017 01158 saylı ərizə ilə «Qerkules» kombinasiya olunmuş əmtəə nişanını qeydiyyata almamış, şəhadətnamə verilməmişdir. Hesab edir ki, cavabdeh tərəfindən 2017 01158 saylı ərizə ilə «Qerkules» kombinasiya olunmuş əmtəə nişanının İddiaçı MMC-nin adına qeydiyyata alınaraq şəhadətnamə verilməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (Azpatent) arasında bağlanmış 05.04.2017-ci il tarixli 345 nömrəli «Əmtəə nişanı və coğrafi göstəricilərinə dair iddia sənədinin ekspertizası ilə bağlı işlərin yerinə yetirilməsi üzrə» müqavilədən görünür ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (Azpatent) “Qerkules” əmtəə nişanı və coğrafi göstəriciyə dair iddiaya sənədinin ekspertizasını həyata keçirmək öhdəliyini götürmüşdür. İşdə olan 07.04.2017-ci il tarixli 20 saylı Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (Azpatent) hesabına 375 manat ödəniş edilmişdir. İşdə olan 26.02.2018-ci il tarixli Əmtəə nişanının qeydiyyata alınması haqqında qərardan görünür ki, 2017 01158 saylı iddia sənədi üzrə “Qerkules” əmtəə nişanı iddiaçının adına Azərbaycan Respublikası əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmışdır. 28 avqust 2020-ci il tarixli 111 saylı Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 2017 01158 saylı ərizə şəhadətnamə verilməsinə görə 45 manat rüsum ödənilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 14cü maddəsinə əsasən əmtəə nişanının ekspertizası ilkin ekspertizanın başa çatmasından sonra 6 ay ərzində aparılır. İddia edilən nişanın ekspertizası gedişində bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına, 4-cü, 5-ci və 6-cı maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğu yoxlanılır və onun ilkinliyi müəyyənləşdirilir. Ekspertizaların nəticələrinə əsasən əmtəə nişanını və ya coğrafi göstəricinin qeydə alınmasına və ya qeydə almaqdan imtina edilməsinə dair əsaslandırılmış qərar qəbul edilir. Ekspertizanın nəticəsi barədə qərar 10 gün müddətində iddiaçıya göndərilir. İddiaçı ekspertiza qərarında göstərilən sənədlərlə tanış ola bilər. İddiaçı iddia sənədi üzrə qərarı aldıqdan sonra 1 ay ərzində həmin sənədlərin surətini tələb edə bilər. Qeydə alınması haqqında qərar qəbul edildikdə iddiaçı 4 ay ərzində dövlət rüsumunu ödədikdən sonra əmtəə nişanları və ya coğrafi göstəricilər qeydə alınır, onlara dair məlumat dərc edilir və şəhadətnamə verilir. İddiaçı müəyyən edilən müddət ərzində dövlət rüsumunu ödəmədikdə, əlavə haqq ödəmək şərti ilə ona əlavə olaraq 4 ay möhlət verilir. Bu şərtlər yerinə yetirilmədiyi halda, ekspertizanın qərarı ləğv edilmiş sayılır və iddia sənədi geri çağırılmış hesab edilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən ekspertizanın qərarına və Apellyasiya şurasının etirazla bağlı müsbət qərarına əsasən, habelə bu Qanunun 14-cü maddəsinin altıncı hissəsinə uyğun olaraq 1 ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum əmtəə nişanını və coğrafi göstəricini əmtəə nişanları və coğrafi göstəricilərin Dövlət reyestrində (bundan sonra — “reyestr” adlandırılacaq) qeydə alır. Həmin Qanunun 19-cu maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum qeydə alınmış əmtəə nişanına və ya coğrafi göstəriciyə dair Azərbaycan Respublikası ərazisində qüvvədə olan qeydiyyat şəhadətnaməsi verir. Əmtəə nişanına dair şəhadətnamə iddia edilmiş nişanın əmtəə nişanı kimi qeydə alınması faktını, onun ilkinliyini, əmtəələrə və göstərilən xidmətlərə aid nişan sahibinin müstəsna hüququnu təsdiq edir və qeydə alınmış nişanın təsvirini özündə əks etdirir. Kollektiv nişana dair şəhadətnaməyə nişandan istifadə hüququ olanlar (birliyin üzvləri) barəsində məlumatlar da daxil edilir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (Azpatent) arasında 05.04.2017-ci il tarixli 345 nömrəli «Əmtəə nişanı və coğrafi göstəricilərinə dair iddia sənədinin ekspertizası ilə bağlı işlərin yerinə yetirilməsi üzrə» müqavilə bağlanmış, müqaviləyə əsasən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (Azpatent) “Qerkules” əmtəə nişanı və coğrafi göstəriciyə dair iddiaya sənədinin ekspertizasını həyata keçirmək öhdəliyini götürmüşdür. Cavabdeh tərəfindən əmtəə nişanının ekspertizası keçirilmiş, ekspertizanın nəticəsinə əsasən 26.02.2018-ci il tarixli Əmtəə nişanının qeydiyyata alınması haqqında qərar qəbul etmişdir. Qərar iddiaçı tərəfindən 24 avqust 2020-ci il tarixdə elektron poçt vasitəsi ilə alınmışdır. İddiaçı 2017 01158 saylı ərizə ilə «Qerkules» kombinasiya olunmuş əmtəə nişanının qeydiyyata alınması və şəhadətnamənin verilməsi üçün 28 avqust 2020ci il tarixdə dövlət rüsumu ödəmiş, cavabdehə 01 sentyabr 2020-ci il tarixdə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən 2017 01158 saylı ərizə ilə «Qerkules» kombinasiya olunmuş əmtəə nişanı qeydiyyata alınmamış və şəhadətnamə verilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının 2017 01158 saylı ərizə ilə «Qerkules» kombinasiya olunmuş əmtəə nişanının qeydiyyata alınmaması və şəhadətnamənin verilməməsi qanunsuzdur. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən həmin qərar iddiaçıya göndərilsə də, ona çatmadığı, bununla da iddiaçının ekspertizanın nəticəsinə dair qərardan məlumatı olmadığı müəyyən olunmuşdur ki, bu halda iddiaçı dövlət rüsumunun ödənilməsi üçün müəyyən edilmiş 4 ay müddətin buraxılmasında təqsirli olmadığından ekspertizanın qərarı ləğv edilmiş sayıla və iddia sənədi geri çağırılmış hesab edilə bilməz. İddiaçı tərəfindən rüsumun ödənildiyini və 4 ay müddətin onun təqsiri olmadan buraxıldığını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilsin. 2017 01158 saylı ərizə ilə «Qerkules» kombinasiya olunmuş əmtəə nişanının İddiaçı adına qeydiyyata alınaraq şəhadətnamənin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-707/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-707/2022
24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver