Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-707/2023 28.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsinin satılması yolu ilə özəlləşdirilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 165A ünvanındakı qeyriyaşayış binasının altında yerləşən 0,002 ha, eləcə də bu əraziyə bitişik olmaqla həmin tikilinin qarşı tərəfində yerləşən 0,001 ha torpaq sahəsinin müvafiq qaydada ona satılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********07 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, onun istifadəsində olan torpaq sahəsi yolun mühafizə zolağına düşdüyündən həmin ərazinin özəlləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi-165 A ünvanında yerləşməklə mülkiyyətində olan obyektin altındakı 0,002 ha və qarşısındakı 0,001 ha, cəmi 0,003 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının satınalınma yolu ilə dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair dövlət reyestrindən adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi-165 A ünvanında yerləşən mülkiyyətində olan obyektin altındakı 0,002 ha və qarşısındakı 0,001 ha, cəmi 0,003 ha torpaq sahəsinin qanunvericiliyə müvafiq olaraq ona satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 2 ünvandakı qeyri-yaşayış binasının altında yerləşən 0,002 ha torpaq sahəsinə 35 ildən artıq müddətdir ki, fasiləsiz və etirazsız sahiblik edir. Xətai rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2014-cü il tarixli, 353 saylı sərəncamı ilə həmin torpaq sahəsinin üzərində mövcud olmuş məntəqə onun adına sənədləşdirilmişdir. Bundan sonra Xətai rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən həmin məntəqənin memarlıq planlaşdırılmasının eskizi, 02 iyun 2015-ci il tarixdə isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən texniki pasportu tərtib olunmuşdur. Eyni tarixdə göstərilən qeyri-yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bu tikili üzərində mülkiyyət hüququ tanınaraq RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona məxsus obyektə verilmiş çıxarışdan görünür ki, obyekt 20 kv.metr olmaqla növü qeyriyaşayış sahəsidir və xüsusi mülkiyyətdədir. Göründüyü kimi, 20 kv.metr qeyri-yaşayış sahəsinin adına rəsmiləşdirilməsi, yəni mülkiyyətinə verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 02 iyun 2015-ci il tarixli çıxarışı mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29 dekabr 2021-ci il tarixli, **********07 saylı imtina məktubunda göstərilir ki, mülkiyyətinə verilməsini xahiş etdiyi torpaq sahəsi guya «yolun mühafizə zolağına düşdüyündən» həmin ərazinin özəlləşdirilməsi qanunvericiliklə mümkün deyildir. Əgər həmin ərazi yolun mühafizə zolağına aiddirsə, hansı səbəbdən eyni dövlət orqanı tərəfindən bu torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinə, yəni tikiliyə çıxarış verilmişdir. Göründüyü kimi cavabdehin imtinası tamamilə əsassızdır. Sözügedən torpaq sahəsi uzun müddətdir ki, istifadəsindədir və digər şəxsin bu torpaq sahəsinə hər hansı iddiası və etirazı yoxdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazda imtina məktubunda göstərilən dəlillərə istinad etmiş və əlavə olaraq göstərmişdir ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsi üzərinə mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etsə də, özəlləşdirilməsi tələb olunan torpaq sahəsinin ayrılması barədə qərarı və ya icarə müqaviləsini müraciətinə əlavə etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan: -Xətai rayon İcra Hakimiyyəti Başçısının 353 nömrəli, xx.xx.2014-cü il tarixli Sərəncamından çıxarışdan görünür ki, vətəndaş İddiaçı Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək, uzun müddət istifadəsində olan mövcud məntəqənin onun adına sənədləşdirilməsini xahiş etmiş, vətəndaş aidiyyəti sənədlərin surətini təqdim etmişdir. Qeyd olunanlar nəzərə alınaraq, M.Rüstəmov küçəsində 31 saylı binanın yaxınlığında yerləşən mövcud 20 kv.metr ölçüdə məntəqənin vətəndaş İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. -AZ028 nömrəli, 01 yanvar 2015-ci il tarixli Torpaq sahələrinin icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, icarəyəverən Azərbaycan Rrespublikası Xətai rayon Xətai Bələdiyyəsi 16 iyun 2000-ci il tarixli, 06 saylı Qərarı əsasında ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 20,0 kv. metr olan torpaq sahəsini icarəçi İddiaçı icarəyə verir. Müqavilənin müddəti 01 yanvar 2015-ci il tarixdən 31 dekabr 2019-cu il tarixədək müəyyən edilmiş, ümumi icarə haqqı 240,00 manat göstərilmişdir. -Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının 19 fevral 2015-ci il tarixli Aktında göstərilmişdir ki, podratçı fiziki şəxs İddiaçı tərəfindən tikinti-quraşdırma işləri başa çatmış Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 31 saylı binanın qarşısında yerləşən məntəqə istismara qəbul etmək üçün təqdim edilmişdir. Obyektin tikintisi üçün torpaq sahəsi Xətai rayon İcra Hakimiyyəti Başçısının 353 saylı, xx.xx.2014-cu il tarixli Sərəncamı ilə ayrılmışdır. Obyektin tikintiquraşdırma işləri 31 dekabr 2012-ci il tarixdə başa çatdırılmışdır. Tikinti-quraşdırma işlərinin aparılmasına icazə Xətai rayon İcra Hakimiyyəti Başçısının 353 saylı, xx.xx.2014cü il tarixli Sərəncamı ilə verilmişdir. Qəbul komissiyasına Xətai rayon İcra Hakimiyyəti Başçısının 353 saylı, xx.xx.2014-cu il tarixli Sərəncamı, Razılaşdırılmış eskiz layihəsi təqdim edilmişdir. İstismara qəbul edilmək üçün təqdim olunmuş obyektin ümumi sahəsi layihə üzrə və faktiki 16,58 kv.metr, ümumi torpaq sahəsi layihə üzrə və faktiki 20 kv.metr, mərtəbələrin sayı 1, ümumilikdə tikinti həcmi –o cümlədən: yeraltı layihə üzrə və faktiki 64 kub metr olmuşdur. Obyektin tikinti-quraşdırma işlərinin memarlıq-tikinti konstruktiv xüsusiyyətləri eskiz layihəsinə uyğundur, fasadın xarici və daxili tamamlama işləri başa çatdırılmış, əhatəsi abadlaşdırılmışdır. Qəbul komissiyası Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 31 saylı binanın qarşısında yerləşən məntəqə fiziki şəxs İddiaçı tərəfindən inşaat norma və qaydalarına uyğun başa çatdığından təyinatı üzrə istismara qəbul olunması barədə qərar qəbul etmişdir. -RX seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 165A ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 16,5 kvadrat metr olan qeyri-yaşayış binasına dair iddiaçının xüsusi mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Çıxarışa əsasən tikintialtı sahə 20 kv.metr olmaqla dövlət mülkiyyətində olan torpaqdır və iddiaçının istifadəsindədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 fevral 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 377 nömrəli Qərarına əsasən özəlləşdirilən torpaq sahələrinin normativ qiyməti, daşınmaz əmlakın dövlət reyestrində alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin qeyri-yaşayış binasının yerləşdiyi Bakı şəhərinin 10-cu zonasında 1 kv.metr torpaq sahəsinin normativ qiyməti 9 manat 60 qəpik təşkil edir. Eyni ərazidə 1 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində alqı-satqısı zamanı təşəkkül tapan hazırkı bazar dəyəri isə 400 manatdır, arasındakı fərq 390 manat 40 qəpik təşkil edir. Odur ki, mövcud qanunvericilikdə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satınalma qaydaları haqqında Əsasnamə” ilə tələb olunan sənədlər əsasında həmin torpaq sahəsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirilməsi məqsədəuyğun hesab edilir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 aprel 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, daxil olan müraciət əsasında xidmətin Bakı şəhər ərazi şöbəsinin əməkdaşları tərəfindən obyektə baxış keçirilən zaman İddiaçı tərəfindən əlavə torpaq sahəsinin zəbt olunması və həmin ərazidə icazəsiz tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Qanun pozuntu halları ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Daxili İşlər Nazirliyinə 31 mart 2022-ci il tarixli, **********46 nömrəli məktub göndərilmişdir. İddiaçı hazırda mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi- 165 A ünvanında yerləşən 16,5 kv.metr qeyri-yaşayış sahəsinin yerləşdiyi 30 kv.metr torpaq sahəsinin ona satılmaq yolu ilə özəlləşdirilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. - Maddə 16.1. Dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir: 16.1.1. özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı; 16.1.2. dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi; 16.1.3. dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı; 16.1.4. dövlət əmlakının hərraclar vasitəsilə satışı; 16.1.5. dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı; 16.1.6. icarəyə verilmiş dövlət əmlakının satışı; 16.1.7. dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı. - Maddə 22.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” əsasnaməyə əsasən: - Bənd 1. Bu Əsasnamə Azərbaycan Respublikasının “Torpaq məcəlləsinə”, “Torpaq islahatı haqqında”, “Torpaq vergisi haqqında”, “Yerin təki haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunlarına, “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı”na və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin (bundan sonra “Torpaq sahələri”) fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir. - Bənd 2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. - Bənd 12. Torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Dövlət Xidmətinə aşağıdakı sənədləri təqdim edir: Ərizə; Hüquqi şəxsin nizamnamə kapitalında 75 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); Müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin surəti; özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Dövlət Xidməti aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması bu Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. İstinad olunan normalardan görünür ki, qanunverici hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin onlara satılmasını mümkün hesab etmişdir. Lakin bunun üçün yeganə şərt həmin obyektin yerləşdiyi torpaq sahəsinin həmin şəxsin qanuni istifadəsində və ya icarəsində olmasıdır. İşdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 165A ünvanda yerləşən qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olsa da, iddiaçı onun altında yerləşən torpaq sahəsinin qanuni istifadəsində və ya icarəsində olmasını təsdiq edən hər hansı bir sənəd təqdim edə bilməmişdir. Belə ki, mübahisəli məntəqə iddiaçıya Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 353 saylı sərəncamı ilə verilmişdir. Həmin sərəncam torpaq sahəsinin ayrılması barədə sərəncam hesab edilə bilməz, çünki Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.4-cü bəndinə əsasən, dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Normanın mənasından göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi səlahiyyətləri rayon bölgüsü olan şəhərlərdə şəhər icra hakimiyyətinin başçısına aid edilmişdir, yəni, rayon bölgüsü olan Bakı şəhərində Xətai Rayon İcra Hakimiyyəti başçısının dövlət mülkiyyətində olan torpaq sahəsini istifadəyə və icarəyə vermək səlahiyyəti yoxdur. O, yalnız bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəy verə bilər. İşdən görünür ki, iddiaçı həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün mübahisəli torpaq sahəsinə dair Xətai Bələdiyyəsi ilə bağladığı AZ028 nömrəli, 01 yanvar 2015-ci il tarixli Torpaq sahələrinin icarəyə verilməsi haqqında icarə müqaviləsini təqdim etmişdir. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi İdarəsinin işdə olan xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 0,002 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. Həmçinin Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Xətai rayonu, M.Rüstəmov küçəsi, 165A ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Göründüyü kimi, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olduğundan iddiaçının Xətai Bələdiyyəsi ilə bağladığı icarə müqaviləsi yuxarıda qeyd olunan normativ hüquqi aktlarda tələb olunan torpaq sahəsinin iddiaçının qanuni istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsinin ona satılması üçün qanunla müəyyən edilmiş sənədləri cavabdehə tam təqdim edə bilmədiyindən, yəni hazırkı məzmunda iddianın təmini üçün zəruri şərtləri ödəmədiyindən tələbinin təmini üçün əsaslar mövcud deyildir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. O da qeyd olunmalıdır ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra həmin torpaq sahəsi ilə bağlı hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-707/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-707/2023
28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver