Məhkəmə qərarları › İş №2-1(112)-7071/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7071/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7071/2025 29.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş məbləğin qaytarılması” tələbinə üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək artıq ödənilmiş 1025,02 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 3 yanvar 2024-cü il tarixində vəfat etmiş, lakin bu barədə Mərkəzi Filiala vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Nəticədə X8 məxsus kart hesabına köçürülmüş artıq pul vəsaiti 1865,02 manat təşkil etmişdir. Əlavə olaraq bildirilir ki, Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. İddiaçı tərəfindən ünvan 1 ünvanında yaşayan Cavabdeh yaranmış 1025,02 manat borcun Mərkəzi Filialın hesabına ödəməsi barədə cavabdehə xx.xx.2024-cü il tarixində 3-17-1/2-3- 87268/2024 nömrəli məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmçinin, Firuddin Bəcənovun vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Qanunun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə ölkə üzrə minimum əmək pensiyasının (280,00 manat) üç misli məbləğində 840,00 manat dəfn müavinəti hesablanmışdır. X8 müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 1865,02 manat vəsaitdən 840,00 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 1025,02 manat məbləğində pul vəsaitini könüllü şəkildə büdcəyəqaytarılması xahiş edilmişdir. Sözügedən Qanunun 39.4-cü maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası üzrə borc ödənilib qurtarmamış əmək pensiyasının ödənişi dayandırılırsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Nəzərə almaq lazımdır ki, Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının həmin maddədə göstərilən ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Bu ondan irəli gəlir ki, əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri ailə başçısının ölümü ilə əlaqədar itirdikləri gəlirlərin kompensasiyası məqsədilə hər ay pul ödənişi (pensiya) ala bilsin. Yəni, əmək pensiyaçısı vəfat etdikdən sonra onun qanunla dairəsi müəyyən edilmiş ailə üzvləri vəfat etmiş əmək pensiyaçısına ödənilən (kart hesabına köçürülən) pensiya vəsaitini deyil, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi halda həmin pensiya vəsaitini özlərinə məxsus kart hesabından götürə bilərlər. Həmçinin, analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-300/2023 nömrəli qərarında Mərkəzi Filialın “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilmişdir. Adıçəkilən məhkəmə qərarında Ali Məhkəmənin mövqeyi ondan ibarətdir ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada - “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan suiistifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləridir. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməlidir. Qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə yazılı münasibət təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında ondan qaytarılması tələb olunan vəsaitin bir hissəsini aldığını etiraf edərək, maddi imkanı olmadığına görə həmin vəsaiti qaytara bilməyəcəyini bildirdi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İşin mahiyyətinə gəlincə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən iddiaçı DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanlanmış 29 mart 2024-cü il tarixli ərizədən görünür ki, N. Becanova həyat yoldaşı X2 03 yanvar 2024-cü il tarixdə vəfat etdiyini bildirərək onun dəfn xərclərinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. -6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixli, 183 nömrə ilə qeyd aparılmışdır. -Xətai rayon Bələdiyyəsinin 29 mart 2024-cü il tarixli arayışdan görünür ki, arayış Bakı şəhəri, Xətai rayonu, Mingəçevir (Rövlan Məmmədov) 34/87 ünvanda qeydiyyatda olan Cavabdeh ondan ötrü verilmişdir ki, xx.xx.2024-cü il tarixdə verilmiş AZ№420130 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Dəfn xərcini Cavabdeh çəkmişdir. -DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-4396/2024 saylı Qərarından görünür ki, X3 təyin olunmuş 932,51 manat əmək pensiyası pensiyaçının vəfatı səbəbi ilə dayandırılmışdır. Məhkəmə araşdırması zamanı İPM-in 12-ci, AR Mülki Prosessual Məcəlləsinin 78ci və 87.4-cü maddəsinə uyğun olaraq sübutların təmin edilməsi haqqında qərardad qəbul edilərək mərhum X4 adına "xxxx" ASC-də mövcud olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ödənilməsi üçün nəzərdə tutulmuş bank hesabına xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək pensiyası şəklində ödənilmiş məbləğin hansı hissəsinin, kim tərəfindən və hansı tarixlərdə məxaric edildiyi, (mövcud olduğu halda, müvafiq video görüntülər təqdim edilməklə) yaxud hər hansı bank əməliyyatı nəticəsində (kredit müqaviləsinə görə borc və s.), göstərilən dövrlərdə (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) bank hesabından mədaxil və məxaric əməliyyatlarını göstərən bank hesabından çıxarışın (cədvəl şəklində) və hazırkı halda müvafiq hesabda pul vəsaitinin mövcud olub-olmaması, mövcud pul vəsaitinin məbləği barədə məlumatın təqdim edilməsi "xxxx" ASC tərəfindən tələb olunmuşdur. "xxxx" ASC tərəfindən təqdim edilmiş 04 aprel 2025-ci il tarixli məktub ilə mərhum X4 adına olan kart hesabından xx.xx.2024-xx.xx.2024-cü il dövrü əhatə edən çıxarış təqdim edilmişdir. Çıxarışdan görünür ki, X1 hesabında xx.xx.2024-cü il tarixə olan ilkin qalıq 0,27 manat, xx.xx.2024-cü il tarixə olan son qalıq 0,77 manat təşkil etmişdir. Qeyd olunan dövrlər arasında xx.xx.2024-cü il tarixdə 0,27 manat kredit borcu üzrə silinmə həyata keçirilmiş, xx.xx.2024-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 1,026.43 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Bu məbləğdən eyni tarixdə 146,46 manat kredit borcu üzrə silinmə həyata keçirilmiş, xx.xx.2024-cü il tarixdə 500,00 manat və 370,00 manat Zabrat dairəsi, Grandmart mağazasının yaxınlığındakı bankomat vasitəsilə məxaric edilmiş, eyni tarixdə 9,00 manat başqa debet kartına köçürülmə edilmiş, xx.xx.2024-cü il tarixdə kredit borcu üzrə 0,97 manat silinmə həyata keçirilmişdir. Qeyd olunan hesaba xx.xx.2024-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 932,51 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, eyni tarixdə kredit borcu üzrə 152,74 manat silinmə həyata keçirilmiş, xx.xx.2024-cü il tarixdə isə 500,00 manat və 279,00 manat Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolunun 27-ci km-də Araz Market mağazasının yaxınlığındakı bankomat vasitəsilə məxaric edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. Həmin Qanunun 37.8.1-ci maddəsinin tələbinə əsasən həmin Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısı vəfat etdikdən sonrakı ayın 1-dən dayandırılır. Göründüyü kimi, qanunun tələbinə görə əmək pensiyaçısı vəfat etdikdə təyin edilmiş əmək pensiyası həmin gündən dayandırılır. Hazırkı işin hallarından müəyyən olunan odur ki, iddiaçı inzibati orqan Cavabdehdan mərhum əri X4 vəfat etməsi haqqında məlumatın, həmçinin ölümü haqqında şəhadətnamənin vaxtında Mərkəzi Filiala təqdim edilməməsi səbəbindən dəfn üçün hesablanmış 280,00 manat məbləğində minimum əmək haqqının 3 misli qədəri, 840,00 manat məbləğ mərhumun hesabına ödənilmiş 1865,02 manatdan çıxılaraq, qalan 1025,02 manat artıq ödənilmiş məbləğin qaytarılmasını tələb edir. Məhkəmə araşdırması zamanı "xxxx" ASC-dən alınmış çıxarışda xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasında kredit üzrə silinmələr aparıldıqdan sonra (1025,02 m - 146,46 - 0,97 m - 152,74 m =724,85 manat), cavabdeh tərəfindən mərhumun kart hesabından həmin vəsaitdən 724,85 manat vəsaitin məxaric edildiyi, qalan məbləğin kredit borcu üzrə silindiyi müəyyən edilmiş, cavabdeh özü də bu halı təkzib etməmişdir. Göründüyü kimi, artıq ödənilmiş vəsaitin 724,85 manat hissəsinin cavabdeh tərəfindən məxaric olunduğu təsdiq tapır. Odur ki, iddia həmin hissədə əsaslıdır. İddiaçı inzibati orqan qeyd olunan bütün vəsaitin cavabdeh tərəfindən alınmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Lakin yerdə qalan 300,17 manat artıq ödənilmiş vəsaitin Cavabdeh tərəfindən çıxarılmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz. İddiaçının göstərdiyi faktiki hallar (cavabdehin dəfn pulu üçün müraciət etməsi və s.) isə hazırkı iddianın tam təmin edilməsinə əsas vermir. Belə olan halda, sübutetmə yükü üzərinə düşən tərəf kimi iddiaçı inzibati orqan tələb olunan vəsaitin cavabdeh tərəfindən tam şəkildə alınmasını təsdiq edən dəlilləri məhkəməyə təqdim edə bilmədiyindən və məhkəmənin bu istiqamətdə apardığı araşdırma ilə də buna dair sübutlar əldə edilmədiyindən iddia qismən, yəni tələb olunan artıq ödənilmiş 1025,02 manat dövlət vəsaitinin 724,85 manat hissəsi Cavabdehdan tutularaq iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. Artıq ödənilmiş 1025,02 manat dövlət vəsaitinin 724,85 manat hissəsi Cavabdehdan tutularaq iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar