Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7074/2024 21.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsinin ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi öhdəliyi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin İşlər İdarəsinin Tərəvəzçilik- Südçülük sovxozunun (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin) 25 mart 1991-ci il tarixli 25/k saylı əmrinə əsasən ona Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsinə və fərdi yaşayış evinə dövlət reyestrindən çıxarışın verilməsi üçün müraciət etdiyi zaman inzibati orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin Tərəvəzçilik- Südçülük sovxozunun (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin) 25 mart 1991-ci il tarixli 25/k saylı əmrində ad və ata adında yanlışlığın olması bildirilmişdir. Bu səbəbdən Bakı şəhəri Xəzər rayon Məhkəməsinə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik- Südçülük Sovxozu) 21 may 2003-cü il 28 saylı əmrinin ona məxsus olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-3180/2023 saylı qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Daha sonra torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə cavabdeh orqana təkrarən rəsmi qaydada müraciət etmişdir. Lakin, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, təqdim olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(003)-3180/2023 saylı qətnaməsində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik- Südçülük Sovxozu) 21 may 2003-cü il 28 saylı əmrinə, xx.xx.2023-cü il tarixli 1-2-27/2-592/2023 №li arxiv arayışında isə xx.xx.1991-ci il tarixli 25/k №li əmrə istinad olunmuş və əmr sənədlər toplusuna əlavə edilməmişdir. Bundan başqa yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir və torpaq sahəsi cizgiyə əsasən 0.1137 ha, digər sənədlərdə 0.10 ha qeyd olunmuş, faktiki sahə isə 0.1120 ha təşkil edir. Halbuki, tərəfindən bütün sənədlər cavabdeh orqana təqdim olunmuşdur. Həmçinin torpaq sahəsinin faktiki ölçülərinə uyğun qeydiyyat aparılmaqla çıxarışın verilməsinin təmin edilməsi cavabdeh tərəfindən mümkün olsa da bu hərəkətlər aparılmamışdır. Cavabdeh orqanın imtinası ilə razılaşmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etmək istəyir ki, o, qanunla tələb edilən sənədləri təqdim etsəm də, lakin cavabdeh orqan heç bir hüquqi əsas olmadan, yalnız öz mülahizəsinə görə əmlakının qeydiyyatını aparmaqdan əsassız və qanunsuz olaraq imtina etmişdir. Cavabdehin şablon xarakterli imtina məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsaslansa da, lakin həmin maddənin tərkib hissəsindəki imtinaya əsas olan halların onun hazırki işi ilə heç bir əlaqəsi yoxdur. Məktubun məzmunundan göründüyü kimi, cavabdeh orqan müraciətini qanuni və düzgün şəkildə araşdırmaq və təmin etmək əvəzinə, təqdim etdiyim sənədlərə etinasız yanaşaraq kobud şəkildə hüquqlarını pozaraq şablon xarakterli imtina məktubu vermişdir. Bununla yanaşı hesab edir ki, cavabdeh Bakı şəhəri 1 saylı Ərazi İdarəsi tərəfindən əmlakın dövlət qeydiyyatına alınıb çıxarış verilməsindən imtina edilməsini qanunsuz və əsassız olduğundan onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmaqla Beynəlxalq Konvensiya normalarına açıq şəkildə ziddir.
4. Cavabdehin iddiaçının müraciətinə imtinası onunla əsaslanıdırılmışdır ki, təqdim olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-3180/2023 №-li qərarında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun) xx.xx.2003-cü il tarixli, 28 saylı əmrinə, xx.xx.2023-cü il tarixli 1-2-27/2-592/2023 №-li arxiv arayışında isə xx.xx.1991-ci il tarixli, 25/k nömrəli əmrə istinad olunmuşdur və əmr sənədlər toplusuna əlavə edilməmişdir. Bundan başqa, yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir və torpaq sahəsi cizgiyə əsasən 0.1137 ha, digər sənədlərdə 0.10 ha qeyd olunmuş, faktiki sahə isə 0.1120 ha təşkil edir.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, təqdim olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixil, 2(003)-3180/2023 №-li qərarında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun) xx.xx.2003-cü il tarixli, 28 saylı əmrinə, xx.xx.2023-cü il tarixli 1-2-27/2- 592/2023 №-li arxiv arayışında isə xx.xx.1991-ci il tarixli, 25/k nömrəli əmrə istinad olunmuşdur. Bundan başqa, yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir və torpaq sahəsi cizgiyə əsasən 0.1137 ha, digər sənədlərdə 0.10 ha qeyd olunmuş, faktiki sahə isə 0.1120 ha təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1-2-27/2-328/2023 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, "Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 604 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər və göstərdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda, müvafiq arxiv arayışı və plan- cizginin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilməsi nəzərdə tutulur. Nəzərinizə çatdırırıq ki, müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) xx.xx.2003-cü il tarixli 28 saylı əmrinə əsasən X4 fərdi mənzil tikintisi üçün 0.10 ha həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Təqdim etdiyiniz sənədlərdə vətəndaşın adının İddiaçı qeyd olunması səbəbindən, müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində adı qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır.
7. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1-2-27/2-592/2023 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin balansında olan torpaq sahələrinin vətəndaşların adına ayrılması haqqında, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Dövlət Əmlak Komitəsi tərəfindən birgə qəbul edilmiş və təsdiqlənmiş siyahı üzrə sənədləşmə aparılır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 saxlanılan sənədlərə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 25 mart 1991-ci il tarixli 25/k saylı əmrinə əsasən müəssisənin balansında olan torpaq sahəsindən İddiaçı fərdi mənzil tikintisi üçün 0.10 ha hesabı ilə 19 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır.
8. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-15905/2024 nömrəli məktubdan görünür ki, Xəzər rayonu Buzovna qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə(baxış) aktı, koordinatlar qeyd olunmuş yerləşmə sxemi və ortofoto görüntüsü məhkəməyə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi m/daş hasar daxilindədir, bir tərəfi yol, üç tərəfi qonşudur, sahədə 2 mərtəbəli yaşayış evi və həyət tikililəri mövcuddur və torpaq sahəsinin qapı və darvazası var. Torpağın faktiki istifadəsi yaşayış üçün olmaqla hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1000.0 kv.m, faktiki isə 1120.0 kv.m təşkil edir.
9. Məhkəməni iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək etirazın məzmununa uyğun izahat verdi və etirazın təmin olunmasını məhkəmədən xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
15. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
17. Azərbaycan SSR-in 1971-ci il Torpaq Məcəlləsinin: Maddə 10. Azərbaycan SSR-də torpaq istifadə üçün aşağıdakılara verilir: ... - SSRİ vətəndaşlarına ... Maddə 13. Torpaq sahələrinin istifadəyə istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları Sovet icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır.
18. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
19. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
22. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
23. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir.
24. Cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən – imtina üçün əsas olmuş dəlilləri məhkəmə əsassız hesab edir. Belə ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaq ayırma sənədi ilə 0,10 ha (1000.0 kv.m) torpaq sahəsi iddiaçıya ayrılmış, həmin torpaq sahəsi iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. İddiaçı məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir.
25. Cavabdeh həmçinin etirazında qeyd etmişdir ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun) xx.xx.2003-cü il tarixli, 28 saylı əmrinə, xx.xx.2023-cü il tarixli 1-2-27/2-592/2023 №-li arxiv arayışında isə xx.xx.1991-ci il tarixli, 25/k nömrəli əmrə istinad olunmuşdur və əmr sənədlər toplusuna əlavə edilməmişdir.
26. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qanuni qüvvəsini alımış qətnaməsi ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun) xx.xx.2003-cü il tarixli, 28 saylı əmrinin İddiaçı məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir, cavabdehin əmrin sənəd toplusunda olmamasına istinadi əsasız olmaqla, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.
27. Cavabdeh yerləşmə cizgisində istinad və məsafələrin qeyd edilməməsi və torpaq sahəsi cizgiyə əsasən 0.1137 ha, digər sənədlərdə 0.10 ha qeyd olunması, faktiki isə 0.1120 ha təşkil etməsini etirazında qeyd bildirmişdir.
28. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, həmin iddia tələbi icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən həmin hüquqmüəyyənedici sənədlərin qanunvericiliklə tələb olunan müvafiq sənədlərə uyğunluğu yoxlanılmadan, qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq, əsassız olaraq torpaq sahəsi üzərində hüququların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması imtina edilmişdir.
29. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
31. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair əmr qüvvədədir və ölçülərini göstərən yerləşmə cizgizi mövcuddur. Hazırda da faktiki olaraq iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
33. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Ləman Musayeva