Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7075/2023 04.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və s qarşı “əlilliyin təyin edilməsi və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdeh qismində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin göstərilməsi və əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi formasında iddia tələbinin dəqiqləşdirilməsi xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək 24 avqust 2023-cü il tarixli cavabdehin qərarının ləğv edilməsi, 06 oktyabr 2021-ci il tarixdən əlilliyin təyin edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2008-ci il tarixdən əlilliyi olan şəxs olmuşdur. Əlillik müddəti 06 oktyabr 2021-ci il tarixədək olduğundan, yeni göndəriş tərtib edilərək cavabdehə göndərilmniş, lakin ona əlilliyin növbəti dəfə təyinindən imtina etmişdir. Halbuki, ona əlilliyin təyini üçün əsas olan xəstəliklər mövcud olsa da, cavabdeh həmin halı nəzərə almamışdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, göndərişlər əsasında əlillik vəziyyəti qiymətləndirilmiş və göndərişin natamam doldurulması müəyyən edilmişdir. Hal-hazırda iddiaçıya əlilliyin təyinatına əsas mövcud olmadığından, əlavə bərpa müalicə etdirməsi, tam reabilitasiya olunmadığı halda yenidən müraciət etməsi tövsiyə olunur. İddia tələbinin rədd edilməsi xahiş edilir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09 fevral 2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının əlilik vəziyyəti tibb müəssisənin göndərişi əsasında qiymətləndirilmiş və göndərişin natamam doldurulması müəyyən edilmişdir. 12 may 2022-ci il tarixli məktubundan görünür ki, əlillik vəziyyəti qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olmasına əsaslanaraq müraciətin təminindən imtina edilmişdir. Əlillik altsistemində olan sənədlərdən görünür ki, iddiaçıya 03 iyul 2008-ci il tarixdən sol bud sümüyünün yuxarı 1/3 q/d bitişmiş sınığı, sol bud çanaq oynağının artrozu, sol a/ə qısalığı, budun əzələ defekti mahiyyətli xəstəliklə ümumi səbəblərdən əlillik təyin edilmişdir. Eyni növ xəstəlik davam etmiş, 23 iyul 2016-cı il tarixdən əlillik müddəti 23 iyul 2021-ci il tarixədək uzadılmışdır.Sonradan isə 06 oktyabr 2016-cı il tarixdə sonradan yoxlama aparılmış və əvvəlki xəstəliklərlə yanaşı, qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labilik, vestibülyar pozuntular, görmə pozuntuları, və ya piramid çatışmazlıq əlamətləri və s xəstəliklər nəzərə alınmaqla əlillik dərəcəsinin ağırlaşması əsası ilə ona 5 il müddətinə, yəni 06 oktyabr 2021-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti göndərişlərə dair cavabdehin müayinə nəticələrindən görünür ki, əliliyin təyinatından göndərişin natamam doldurulması və əlavə müalicəyə ehtiyac olması əsasları ilə imtina edilmişdir. Məhkəmənin qərardadı ilə ekspertiza təyin edilərək göndərişlərdə olan xəstəliklərin iddiaçıda mövcud olub-olmaması soruşulmuş, ekspertn rəyi ilə həmin xəstəliklərin iddiaçıda mövcud olması öz təsdiqini tapmışdır. Səhiyyə Nazirliyinin “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun arayışlarından görünür ki, iddiaçı əlilliyin təyinatına əsas olmuş sol bud sümüyünün yuxarı 1/3 q/d bitişmiş sınığı və s xəstəliklərdən əziyyət çəkir. Məhkəmənin təkrar inzibati araşdırmanın aparılmasına dair qərardadına (aralıq inzibati aktına) cavab olaraq təqdim edilən məktubdan görünür ki, iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və diaqnozun əlilliyin təyin edilməsinə əsas olmadığı barədə qərar qəbul edilmişdir. 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”(ləğv edilmiş)
1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.2.İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:
2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:
2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
2. İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı. Yuxarıda səciyyələnmiş bəndlərin təhlilinə keçməzdən əvvəl, məhkəmə bildirir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Əlilliyin təyin olunması meyarlarını tənzimləyən qanunvericilik şəxsin birinci, ikinci və ya üçüncü dərəcəli əlilliyin təyin olunması üçün xəstəliklərin əhatə dairəsini müəyyən etmiş və əlillik dərəcələrinin müddətini şərtləndirmişdir. İlk növbədə Məhkəmə qeyd edir ki, iddiaçı əlilliyin təyin olunması ilə bağlı cavabdeh inzibati orqana əlilliyin müddəti bitdikdən sonra ilkin müraciət edərkən, əlilliyin qiymətləndirilməsi istiqamətində yeni Qaydalar qəbul edilməmiş, qiymətləndirmə məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” ilə aparılırdı. Göstərilən bu hal isə iddiaçı ilə inzibati orqan arasında hüquq münasibətlərin məhz yuxarıda adıçəkilən Qaydaların qüvvədə olduğu dövrdə yarandığının göstəricisidir ki, bu zaman iddiaçıya münasibətdə qiymətləndirmə də məhz həmin Qaydalara uyğun həyata keçirilməlidir. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər iddiaçının 06 oktyabr 2016cı il tarixli ikinci qrup əlilliyinə əsas olmuş xəstəliklər qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labilik, vestibülyar pozuntular, görmə pozuntuları, və ya piramid çatışmazlıq əlamətləri və s ilə bağlı olsa da, iddiaçıya 3 iyul 2008-ci il tarixdən sol bud sümüyünün yuxarı 1/3 q/d bitişmiş sınığı, sol bud çanaq oynağının artrozu, sol a/ə qısalığı, budun əzələ defekti mahiyyətli xəstəliklə ümumi səbəblərdən üçüncü qrup əlillik təyin edilmişdir ki, hazırda təyinatına əsas olmadığı göstərilən göndərişlər də məhz həmin xəstəliklərlə bağlıdır. Belə ki, ilkin və təyinatına natamam doldurulması və əlavə müalicəyə ehtiyac duyulması əsasları ilə əlilliyin təyinatına cavabdehin mövqeyinə görə əsas olmayan göndərişlərdən görünür ki, iddiaçının əsas diaqnozu bud sümüyünn cizminin sınığı, sol bud sümüyünün yuxarı 1/3-nün qeyri-düzgün bitişmiş sınığı (S72.3) ilə bağlıdır. Ağırlaşmala isə aşağıdakılardır: M84.0 Sümük sınığının pis bitişməsi, sol bud sümüyünün yuxarı 1/3-nün qeyridüzgün bitişmiş sınığı; M16.5 Digər posttravmatik koksartrozlar, sol bud çanaq oynağının koksartrozu; M24.5 Oynaqların kontrakturası, sol bud-çanaq oynağının açıcı-bükücü yaxınlaşdırıcı kəskin kontrakturası açna 10 dərəcə, bükmə 145 dərəcə açma 20 dərəcə; M62.5 Əzələnin başqa rubrikalarında təsnif olunmayan atrofiyası və üzülməsi, əzələ atrofiyası; M17.5 Digər ikincili qonartrozlar, sol diz oynağının artrozu, açıcı bükücü kəskin konktrakturası, simfiz oynağının artrozu M21.1. Digər rubrikalarda təsnif olunmayan varus deformasiya, sol bud sümüyünün 1/3-nun qeyri-düzgün bitişmiş varus deformasiyası M25.7 Osteofit, sol diz oynaq ostefitləri M19.1 Digər oynaqların posttravmatik artrozu, sol diz oynağının İİİ dərəcəli osteoartrozu Yanaşı xəstəliklər isə R26.8, R.52.2, H26.2, D50, F45.3 kodları ilə göstərilmişdir. Məhkəmə xüsusi bilik tələb edən hazırkı mübahisə ilə əlaqədar ekspertiza keçirilməsini zəruri hesab etmişdir. Məhkəməyə daxil olmuş ekspert rəyində ekspertlər hesab etmişdir ki, göndərişdə olan əsas diaqnoz və ağırlaşmaşlar həqiqətən də iddiaçıda mövcuddur, iddiaçı həmin xəstəliklərdən əziyyət çəkməkdədir. Adıçəkilən xəstəliklər isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarında öz əksini tapmış xəstəliklərdir. Beləliklə, istər əsas diaqnoz, istərsə də ağırlaşmalar iş materialları, eləcə də mötəbərliyi şübhə doğurmayan ekspert rəyi ilə müəyyən edilir ki, əlilliyin təyinatı üçün əsas mövcuddur. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Belə olan halda, 2008-ci ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında oxşar mövqedən yanaşılmış, qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalı olması göstərilmişdir. Eyni zamanda Ali Məhkəmənin 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarında da qeyd edilmişdir ki, Cavabdehin əsas dəlili iddiaçıya qoyulmuş diaqnozun əlillik təyini üçün əsas verməməsi olsa da, yuxarıda qeyd olunan sənədlərdəki məlumatlardan müəyyən olunur ki, iddiaçıya 2016-cı ildə təkrar əlilliyin təyini, eləcə də, sonuncu müayinə zamanı qoyulan diaqnozlar eyni olmuşdur. Belə ki, iddiaçıya 2016-cı ildə əlillik təyin edilərkən və 2021-ci ildə təkrar müayinə zamanı X1 V sinfinin (Psixi pozğunluqlar və davranış pozğunluqları) F07 koduna (Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları) istinad edilmişdir. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2016-cı il tarixdə 5 il müddətinə əlillik təyin etsə də, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlillik təyinindən imtina etmiş və diaqnozun əlillik təyini üçün əsas olmadığını qeyd etmişdir. Halbuki, 2016-cı ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda qeyd edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Cavabdeh isə, bunun əksinə olaraq, eyni mühüm faktiki halların mövcudluğu halında fərqli qərar qəbul edərək əlilliyin təyin edilməsindən imtina etmiş, əvvəlki mövqeyindən fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, bununla da iddiaçının əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktlarında təsbit olunmuş hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1012/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında oxşar mövqedən yanaşılmış, ağırlaşma əsas götürülməklə əlillik təyinatı müddətsiz formada təyin edilmişdir. Həmin işdən də müəyyən edilir ki, iddiaçının əsas diaqnozu müddətli əlillik dərəcəsinə əsas versə də, ağırlaşmada olan xəstəlik isə müddətsiz əlilliyə əsas olmuş, məhkəmə də həmin halı əsas götürməklə iddiaçıya müddətsiz əlilliik dərəcəsi təyin etmişdir. Beləliklə, göründüyü kimi iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, 2008-ci il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eyniyyət təşkil etmişdir. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliklərin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Beləliklə də iddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərarlar etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2008-ci il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh də həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. Deməli, Ali Məhkəmənin qərarlarında da göstərildiyi kimi xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır. Əks halda, həmin xəstəliklərdən əziyyət çəkən, əlilliyi müddətsiz təyin edilən şəxslərlə iddiaçının vəziyyətində olan şəxslər arasında qeyri-bərabər münasibət yaranacaqdır ki, nə qədər ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvinə dair hər hansı inzibati icraat aparılmamışdır ki, həmin əlilliyin təyinatına uyğun olaraq aparılan inzibati praktikaya, inzibati orqanın hərəkətinə iddiaçının etimad hüququnun qorunması həyata keçirilməli, 2008-ci il tarixdən eyni xəstəliklərdən əlilliyi olan şəxsin reabitilasiyası üçün müəyyən edilmiş müddət ərzində sağalmaması nəzərə alınmalıdır. Göründüyü kimi iddiaçının mövcud xəstəlikləri Əsasnamə və Meyarlarda göstərilməsə belə, eyni xəstəliklərdən əziyyət çəkməsi nəzərə alınmaqla əlilliyin təyinatına əsas olmuşdur ki, iş materialları ilə görünür ki, iddiaçıda həmin xəstəliklərin davam etməsi ilə yanaşı, eyni zamanda həmin xəstəliklər müvafiq kodlarda zərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarında öz əksini tapmışdır. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. Cavabdehin İddiaçı əlilliyin təyinatından imtina hissəsində 24 avqust 2023-cü il tarixli cavabdehin qərarı ləğv edilsin. İddiaçı 06 oktyabr 2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov