Məhkəmə qərarları › İş №2-1(112)-7075/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7075/2024

21.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7075/2024 21.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehin etirazı: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, təqdim edilən torpaqların alqısatqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan başqa elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə ölçüsü 600 kv.m qeyd edilsə də, faktiki 398 kv.m olduğu məlum olmuşdur. Təqdim olunmuş sənədlər digər fiziki şəxsin adınadır və etibarnamə üçüncü şəxslər qarşısında təmsilçilik üçün etibar edən tərəfindən verilmiş vəkalət sənədi olmaqla sözügedən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas deyil. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı əlavə olaraq bildirir ki, doğrudur ki, hazırda ilkin alqı-satqı müqaviləsinin müddəti bitmiş və iddiaçı həmin müqavilənin uzadılması ilə bağlı yeni bağlanmış müqaviləni məhkəməyə təqdim etməmişdir. Lakin bu hal hazırki iddia üzrə iddiaçının subyektiv hüququnun mövcudluğunu istisna etmir. Belə ki, iddiaçı torpaq sahəsinin faktiki istifadəçisi kimi ilkin alqı-satqı müqaviləsi qüvvədə olduğu vaxt, daha dəqiq desək xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, necə ki inzibati işlər üzrə məhkəmə icraatı çərçivəsində vətəndaşların hüquqmüəyyənedici sənədlərə malik olmadıqları halda belə əmlakların faktiki sahibləri olması əsası ilə iddialara mahiyyəti üzrə baxılırsa, həmin yanaşma hazırki iş üzrə də tətbiq olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərinə cavab verir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 31 mart 2008-ci il tarixli, 16/17 №-li qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X1 ayrılmışdır. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 31 mart 2008-ci il tarixli, 16/17 №-li qərarı əsasında Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi ilə X2 arasında torpaq sahəsinin alqısatqısına dair müqavilə bağlanmışdır. Torpaq sahəsinə dair yerləşmə cizgisindən görünür ki, həmin cizgidə torpaq sahəsinin planı əks olunmuş və cizgi bələdiyyə tərəfindən təsdiq edilmişdir. İlkin müqavilədən görünür ki, X2 bu müqavilənin predmetində göstərilən torpaq sahəsi (Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 31 mart 2008-ci il tarixli, 16/17 №-li qərarı ilə ayrılmış) və üzərində yerləşən tikilinin hazırki ilkin müqavilə ilə müəyyən edilən şərtlərlə əməl edildikdən sonra İddiaçı ilə arasında gələcəkdə əsas (alqısatqı müqaviləsi nəzərdə tutulur) müqavilə bağlamaq öhdəliyini öz üzərinə götürmüşdür. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, təqdim olunan sənədlər toplusunda olan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 16/17 nömrəli qərarı Bələdiyyələrlə iş mərkəzində qeydiyyatdan keçməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 16/17 nömrəli Qərarı ilə X1 600 kv.m torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Sözügedən torpaq sahəsi faktiki olaraq 398.0 kv.m təşkil edir.Sahə üzərində bir ədəd yaşayış evi mövcuddur. Vahid elektron kadastr baza məlumatına əsasən sahə Dövlət mülkiyyəti torpağıdır. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. Cizgidə heç bir istinad, istinad məsafəsi, perimetrik ölçü qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Sahənin qonşuluğunda qeydiyyatdan keçmiş sahə mövcud deyildir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün aşağıdakı halı əsas gətirmişdir: - Torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsi; - Torpaq sahəsinin dövlət mülkiyyətində olması; - Torpaq sahəsinin faktiki ölçüsünün 398 kv.m təşkil etməsidir. Məhkəmə cavabdeh tərəfindən verilmiş imtinanın əsaslı olub-olmaması istiqamətində dəyərləndirmənin aparılmasını aşağıdaki qanunvericiliyin və normativ hüquqi aktların müddəaları ilə həyata keçirir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Hazırki işin faktiki hallarından göründüyü kimi iddiaçı torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının yarandığını bələdiyyə tərəfindən verilmiş qərarın və ilkin alqı-satqı müqaviləsinin mövcudluğu ilə əsaslandırır. Nəzərə alınmalıdır ki, torpaqayırma sənədi qismində çıxış edən bələdiyyə qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatına əsas verir. Buna baxmayaraq həmin qərar əsasında iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli, № 466-İİİQD nömrəli Qanunun İİİ bölməsinin 1-ci bəndi ilə 9.1-ci maddə aşağıdakı redaksiyada verilmiş “9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.”. verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Hazırkı iş üzrə isə apellyasiya instansiyası məhkəməsi qeyd olunan normaların tələblərini pozaraq müvafiq araşdırma aparmadan, ehtimala əsaslanmaqla mübahisəli torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olmadığı qənaətinə gəlmişdir. Halbuki, inkvizisiya prinsipini rəhbər tutaraq, məhkəmə Bələdiyyəni işə cəlb edərək müvafiq sənədləri əldə etmək, icarəyə dair aktı imzalayan şəxsləri müəyyən etməklə həmin aktın qanunvericiliyin tələblərinə uyğun olaraq “qərar” deyil “sərəncam” adlandırılmasının texniki səhv və yaxud “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) 65.1.3-cü maddəsi ilə nəzərdə tutulan pozuntu olmasını aydınlaşdırmaq, müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin olub-olmamasını müəyyən etmək imkanlarına malik idi ki, bu da işin tam və hərtərəfli tədqiq edilməsinə xidmət etmiş olardı. Torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Məhkəmə ilk növbədə torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində torpaq alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsinə məsələsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər ücün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, plan – ölçünün hazırlanması və s. torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid məsələdir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticlər yaradır. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində torpaq alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsi, o cümlədən müvafiq rəylərin alınması inzibati orqanın inzibati icraat çərçivəsində aparılmalı olan hərəkətdir. Bu səbəbdən də həmin əsas imtina əsası qismində çıxış edə bilməz. Lakin diqqətə alınmalıdır ki, həmin bələdiyyə qərarı ümumiyyətlə nə iddiaçının, nədəki torpaq sahəsinin ilkin sahibinin mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış etmir. Belə ki, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli, № 466-İİİQD nömrəli Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə dəyişiklik edilmiş və həmin normaya görə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsi təsbit olunmuşdur. Məhkəmə qeyd edir ki, bələdiyyə torpaqları üzərində hər hansı hüququn həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyində xüsusi qaydalarla tənzimlənir. Bu torpaqlar yerli özünüidarəetmə orqanlarının – bələdiyyələrin balansında olan əraziləri əhatə edir və onların istifadəsi, icarəyə verilməsi və ya mülkiyyətə keçirilməsi qanuni əsaslarla mümkündür. Qeyd olunmalıdır ki, bələdiyyə torpaqları üzərində mülkiyyət, icarə və ya istifadə hüququ, qanun çərçivəsində həm cəmiyyətin maraqlarını, həm də fərdi mülkiyyət hüququnu təmin edən vacib mexanizmdir. Bu mexanizm isə daha dəqiq desək, torpaq sahələrinin ayrılması proseduru “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Yuxarıda göstərilən normalardan da aydın olur ki, 23 oktyabr 2007-ci il tarixdən sonra bələdiyyə tərəfindən torpaq sahələrinin ayrılması yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilirdi. Hazırki işdən isə görünür ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi torpaq hərracı və ya müsabiqə vasitəsilə ayrılmamış, sadecə bələdiyyənin qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün vətəndaşa ayrılmışdır ki, bu da torpaq sahəsinin ayrılmasının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmadığını göstərir. Həmçinin, qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-161/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarında qeyd edilmişdir ki, “Eyni zamanda qeyd edilməlidir ki, sözügedən bələdiyyə qərarı qəbul edilən tarixdə cavabdehin istinad etdiyi dəyişiklik hüquqi qüvvədə olmamışdır. Belə ki, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli, 466-İİİQD nömrəli Qanunu xx.xx.2007-ci il tarixdə qüvvəyə minmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun qeyd edilən tarixədək qüvvədə olmuş redaksiyada 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə satıla bilər.” Məhkəmə diqqətə çatdırır ki, doğrudur ki, yuxarıda göstərilən məhkəmə qərarı vətəndaşın xeyrinə nəticələnmişdir. Lakin həmin məhkəmə qərarında kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, vətəndaşlara torpaq sahəsinin torpaq hərracları və ya müsabiqələr vasitəsilə ayrılması qanuna dəyişiklik edildikdən sonra imperativ şəkildə nəzərdə tutulmuşdur. Beləliklə, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin müdaxiləsini, yəni sonuncunun torpaq sahəsinin iddiaçının adına ilkin hüquqi qeydiyyata alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar