Məhkəmə qərarları › İş №2-1(112)-7076/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7076/2022

17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7076/2022 17.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində hesablanmış faiz borcunun ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri LGBİ tərəfindən İddiaçı MMC-yə 573.000 manat məbləğində yazılmış “peniya”nın silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri LGBİ tərəfindən İddiaçı MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsində hesablanmış 573.000 (beş yüz yetmiş üç min) manat faiz borcunun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC təsis edildikdən sonra əsas fəaliyyəti Bakı şəhəri ərazisində çoxmərtəbəli çoxmənzilli binalar inşa etmək, mənzilə ehtiyacı olanlara təhvil verməkdən ibarət olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №li “Bakı şəhərinin rayonlarının inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ” Qərarına əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 418 №li xx.xx.2016-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai rayonu, Zığ yolu 31a ünvanında İddiaçı MMC-yə Pilot Layihə çərçivəsində yaşayış binalarının tikintisinə icazə verilmişdir. İddiaçı MMC-yə Pilot Layihə çərçivəsində göstərilən ünvanda 18 ay müddətində tikib başa çatdırılması həvalə edilmişdir. Çoxmərtəbəli və çoxmənzilli yaşayış evininin tikilməsi üçün ayrılmış sahədə qrunt suları çox olmuşdur. Ona görə həmin sahədə əsaslı bərkitləmə işləri görmədən həmin ərazidə hündürmərtəbəli evlər tikilməsi çox çətin olmuşdur. Belə ki, qrunt sularının çıxdığı sahədə uzun müddətli bərkitləmə işləri görüldüyündən Pilot Layihə əsasında müəyyən edilmiş müddətdə (18 ay) hündürmərtəbəli evin tikintisi çətin aparılırdı. Buna baxmayaraq, tikintisini apardıqları bina “Pilot layihə” əsasında aparılmış və ilkin olaraq bina tikintisi “A”, “B” və "xxxx" blokları üzrə aprılması nəzərdə tutulmuşdur. 2017-ci ildə tikinti işlərinə başlanılmış, lakin sonradan 2018-ci ili dekabr ayına kimi "xxxx" bloku üzrə tikinti işləri dayandırılmışdır. “Pilot” layihənin “Sifarişçi”si Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti aparatının 85 №li xx.xx.2018-ci il tarixli məktubu əsasında binanın "xxxx" bloku üzrə tikinti işlərinin dayandırılması tələb olunmuşdur. Ona görə də müəssisə məcburiyyət üzündən binanın tikintisini qismən dayandırmışdır. Lakin həmin vaxtlarda, müəssisə tərəfindən “Vergi Bəyannnaməsində ” tikinti işlərinin 2017-ci il tarixində başlandığı qeyd edilmişdir. Halbuki, 2018-ci ildə ildə Vergi əməkdaşları dəfələrlə müəssisədə olmuş və "xxxx" bloku üzrə tikinti işlərinin aparılmadığını görmüşlər. Həmçinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin və Fövqaladə Hallar Nazirliyinin əməkdaşları müəssisədə tikinti işlərinə nəzarəti həyata keçirmək məqsədilə dəfələrlə tikinti obyektində olmuşlar və "xxxx" bloku üzrə tikinti işlərinin aparılmadığını müəyyən etmişlər. Müəssisə tərəfindən inşa edilən bloklar üzrə vergi Bəyannaməsində səhvən inşası dayandırılmış "xxxx" bloku üzrə hesabat 2019-cu ildən təqdim edilməli olduğu halda, səhvən 2017-ci il qeyd edilmişdir. Vergi orqanları da həmin tarixdən müəssisəyə vergi borcu hesablamışdır. Halbuki, müəssisə tərəfindən dəfələrlə Vergi Orqanına müraciət edilərək, yazılmış əsassız borcun silinməsi xahiş edilmişdir. Vergi orqanı yazılmış vergi borclarının silinməsini təmin edəcəyinə söz versələr də, lakin əsassız yazılmış vergi borcu silinməmişdir. Müəssisə Vergi borcu üzrə bütün ödənişləri vaxtında ödəmişdir. 2021-ci ilin avqust ayında Vergi Xidməti tərəfindən müəssisənin “Vergi Bəyannaməsi” əsasında müəssisəyə 2020-ci ilə vergi borcunun olması göstərilmişdir. Bakı Kommersiya Məhkəməsində aparılan məhkəmə prosesində müəyyən edilmişdir ki, müəssisədən 2017-ci il tarixinə yazılmış böyük məbləğdə borcları tələb olunur. Halbuki, müəssisəyə 2017-ci ildən borclar əsassız hesablanmışdır. İddiaçı MMCnin xx.xx.2018-ci il tarixli məktubu ilə Bakı şəhəri LGBİ-yə müraciət edilərək "xxxx" bloku üzrə tikintinin dayandırılması barədə məlumat verilmişdir. İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixli 42 saylı məktubu ilə Bakı şəhəri LGBİ-yə müraciət edilərək "xxxx" bloku üzrə tikintinin dayandırıldığı və digər iki blokun tikinti sahəsinin həcmi (19878,0 kv. metr) barədə məlumat verilmişdir. Həmçinin, İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixli 42 saylı məktubu ilə Bakı şəhəri LGBİ-yə xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli məktublarında “səhv verilmiş bəyannamədə dəqiqləşdirmə, dəyişiklik aparılması xahiş olunmuşdur”. Lakin vergi orqanı müəssisənin müraciətinə cavab olaraq bildirmişdir ki, “Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilərlər”. Sonradan, İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixli 42 saylı məktubu ilə Bakı şəhəri LGBİ-yə müraciət olunaraq, xx.xx.2021 və xx.xx.2021-ci tarixli məktublarında “2019-cu ilin 4-cü rübündə Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin (BTSVB) şəxsi hesab vərəqəsinə işlənməsi tələb edilmişdir”. Lakin vergi orqanı müəssisənin müraciətinə cavab olaraq bildirmişdir ki, “Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilərlər”. Müəssisənin xx.xx.2021-ci il tarixli məktubu ilə müəssisə tərəfindən vergi borclarının vaxtı-vaxtında ödənildiyi bildirilmiş və 2020-ci ildə BTSV bəyannaməsində "xxxx" bİoku üzrə səhv verilmiş vergi bəyannaməsində dəqiqləşdirmə aparılması və şəxsi hesab vərəqəsinə işlənməsi xahiş olunsa da hazırki vaxtadək cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və sonuncudan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri LGBİ tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli **********625200 №li iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçının iddia ərizəsində cavabdeh tərəfindən hesablanmış faiz borcunun silinməsi barədə mülahizələri tamamilə əsassızdır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər. Belə ki, şəxsi hesab vərəqəsində əməliyyatlar ödəmə tarixi ardıcıllığına görə sıralanaraq aparılır. Yəni sonuncu aparılmış əməliyyatın yazılma tarixi hansı gün olmasına baxmayaraq ödəmə tarixi əvvəlki tarix olarsa, vergi ödəyicisinin borcu hesablanarkən həmin əməliyyat ödəmə müddəti ardıcıllığına uyğun olaraq aparılır və ondan sonrakı əməliyyatlar yenidən hesablanaraq, yekun nəticə müəyyən olunur. Belə ki, xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi tərəfindən 2017-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş dəqiqləşdirilmiş BTFSV bəyannaməsinin ödənilmə müddəti rüblərə bölünməklə, şəxsi hesab vərəqəsində düzgün olaraq, ilkin ödəmə müddəti xx.xx.2018-ci ildən başlamaqla son tarix xx.xx.2020-ci il olmaqla qeyd olunmuşdur. Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, hesablanmış vergi məbləğinin ödənilmə müddətləri üzrə şəxsi hesab vərəqəsində faizlər hesablanmışdır. Vergi Məcəlləsinin 59.1 -ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Vergi Məcəlləsinin 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq, vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili X3 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi X7 iddianı qəbul etməyərək və iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İşin faktiki halları (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir): Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş X2 X4 şəhadətnamədən və nizamnamənin surətindən müəyyən olunur ki, İddiaçı MMC xx.xx.2016-cı il tarixdə hüquqi şəxs kimi qeydə alınmışdır. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 22 yanvar 2018-ci il tarixli 85 №-li məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli "Bakı şəhərinin rayonlarının sosialiqtisadi inkişafının, sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən Xətai rayon İcra Hakimiyyəti Başçısının 418 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı ilə Xətai rayonu, Zığ yolu 31a ünvanında İddiaçı MMC-yə pilot layihə çərçivəsində yaşayış binalarının tikintisinə icazə verilmişdir. Göstərilən ünvanlarda mövcud olmuş yaşayış, qeyri-yaşayış və torpaq sahələri olan mülkiyyətçilərlə razılaşma əsasında bağlanmış müvafiq müqavilələrdə onların 18 ay müddətində yeni mənzillər və qeyri-yaşayış sahələri ilə təmin olunmasını İddiaçı MMC öz. öhdəsinə götürmüşdür. Onların xx.xx.2018-ci il tarixli, 38 nömrəli məktubuna cavab olaraq bildirirlər ki, mülkiyyətçilər qarşısında götürülmüş öhdəliyin, vaxtında yerinə yetirilməsi məqsədilə "xxxx" blokunun tikintisinin 2018-ci ilin dekabr ayına qədər dayandırılmasını məqsədəuyğun hesab edirlər. İddiaçı MMC tərəfindən Bakı şəhəri LGBİ-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, məktubda göstərdikləri ümumi sahə rerallığı əks etdirir. Lakin faktiki olaraq tərəflərindən “A” və “В” bloklarının tikintisinə başlanılmış, "xxxx" blokunun tikintisi isə başlamamışdır. Təməlqoyma zamanı yer səthinin mürəkkəb qurunt şəraiti ilə əlaqədar olaraq betonlanmışdır. Bunun səbəbi isə “A” və “В” bloklarının faktiki təhlükəsizliyini təmin etməkdir. Belə ki, gələcəkdə "xxxx" blokunun tikilməsinə başlananda beton tökmə zamanı və yerin qazılma zamanı “A” və “В” bloklarının təməlinin zədələnmə ehtimalı var ki, bu təhlükənin qarşısı alınması üçün ərazi tam qazılıb və betonlamada məqsəd “A” və “В” bloklarının tikintisini təhlükəsiz həyata keçirmək və sakinləri real təhlükədən uzaq tutmaqdır. Vergi tutma məsələləri ilə bağlı mübahisə doğuran sual yaranmaması üçün 2018-ci ilin sonuna tikintisi planlaşdırılan "xxxx" blokunun tikinti işləri ilə bağlı rəsmi olaraq Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş və həmin qurumun rəsmi məktubunu əldə etmişdir. Yuxarda qeyd olunanları əsas gətirərək, faktiki “PİLOT LAYİHƏ” üçün nəzərdə tutulan sakinlərə ayrılan sahə nəzərə alınmaqla vergi öhdəliyi yaradan sahələr aşağıdakı kimidir. “A” və “В” blokunun ümumi sahəsi 19.878,0 kv. metr təşkil edir. “PİLOT LAYİHƏ” üzrə sakinlərə ayrılmış sahə ümumilikdə 6.177.4 kv. metr təşkil edir. Belə olan halda vergiyə cəlb olunmalı ümumi sahə 113.700,9 kv. metr təşkil edir. "xxxx" blokunun, yəni tikintisi aparılması gələcəkdə nəzərdə tutulan binanın sahəsi 12001 kv. metr təşkil edir. İddiaçı MMC tərəfindən Bakı şəhəri LGBİ-yə 2017-ci ilin İV rübü üzrə təqdim olunmuş “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”nin “Vergi ödəyici haqqında ümumi məlumat” bölməsində fəaliyyət növünün adı mənzil tikintisi; bəyannamə növü – cari; “Hesablanmış Vergi” adlanan 2-ci bölməsində binanın ümumi sahəsi 13.700,90 kv metr, vergi məbləği 924.810,75 manat kimi göstərilmişdir. Təqdim olunmuş Bəyannaməyə “Əlavə 1”-də “Tikintilər haqqında məlumat” adlanan 2-ci bölməsində Sərəncam verən orqan-Xətai rayon İcra Hakimiyyəti; sərəncamın №-si- 418; sərəncamın tarixi-xx.xx.2016; torpaq sahəsinin ölçüsü-2906 kv. metr; tikintinin ünvanı Zığ yolu 31 A; tikintinin yerləşdiyi zona 10; tikintinin ümumi sahəsi 13700,90 kv.metr; tikintinin vergiyə cəlb edilən sahəsi 13700,9 kv. metr; zona əmsalı 8; tikintilərin sahəsinin təyinatı-yaşayış sahəsi; vergi məbləği 924.810,75 manat kimi göstərilmişdir. İddiaçı MMC tərəfindən Bakı şəhəri LGBİ-yə 2017-ci ilin İV rübü üzrə təqdim olunmuş “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”nin “Vergi ödəyici haqqında ümumi məlumat” bölməsində fəaliyyət növünün adı mənzil tikintisi; bəyannamə növü – dəqiqləşdirilmiş; “Hesablanmış Vergi” adlanan 2-ci bölməsində binanın ümumi sahəsi 28.696,11 kv metr, vergi məbləği 1.927.297,43 manat kimi göstərilmişdir. Təqdim olunmuş Bəyannaməyə “Əlavə 1”-də “Tikintilər haqqında məlumat” adlanan 2-ci bölməsində Sərəncam verən orqan-Xətai rayon İcra Hakimiyyəti; sərəncamın №-si- 418; sərəncamın tarixi-xx.xx.2016; torpaq sahəsinin ölçüsü-2906 kv. metr; tikintinin ünvanı Zığ yolu 31 A; tikintinin yerləşdiyi zona 10; tikintinin ümumi sahəsi 28.696,11 və 28.696,11 kv.metr; tikintinin vergiyə cəlb edilən sahəsi 27472,11 və 1224 kv. metr; zona əmsalı 8; tikintilərin sahəsinin təyinatı-yaşayış və qeyri yaşayış sahələri; vergi məbləği 1854367,43 və 123930,00 manat kimi göstərilmişdir. İddiaçı MMC-nin Şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim olunmuş 2017-ci ilin İV rübü üzrə dəqiqləşdirilmiş “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”nə əsasən cavabdeh vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 543.630,23 manat faiz borcu hesablanmış, sonradan həmin məbləğ artaraq 573.014,39 manat olmuş, daha sonra vergi ödəyicisi tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdə faizlər üzrə vergi borcu 512.600 manat təşkil etmişdir. İddiaçı MMC-nin Bakı şəhəri LGBİ-yə ünvanladığı aşağıdakı: - xx.xx.2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Zığ yolu 31A, 31B və 35 ünvanında Pilot Layihə çərçivəsində Xətai rayon İcra Hakimiyyətinin Başçısının verdiyi xx.xx.2016-cı tarixli sərəncamı əsasında tikintisi layihələndirilən çox mənzilli yaşayış binasının təməl qoyma zamanı onlar mürəkkəb qrunt şəraiti ilə üzləşiblər- ərazidə yüksək təzyiqli qurunt suları mövcuddur, qruntun tərkibi qumlucadan ibarətdir. Ərazinin magistral yolun kənarında olmasını və ətrafdakı digər yaşayış binalarının uçması təhlükəsi olduğunu nəzərə alaraq A, B və C bloklarının təməl qoyulmasının birlikdə yerinə yetirilməsi məcburiyyətində olmuşdurlar. Lakin maliyyə çətinliyi ilə üzləşdikləri üçün və Pilot Layihə çərçivəsində mənzilləri və qeyri-yaşayış sahələri sökülmüş əhali qarşısında götürdükləri öhdəliyin vaxtında yerinə yetirilməsi üçün "xxxx" blokunun tikintisi dayandırılmışdır. "xxxx" blokunun tikintisinə başlandığı zaman məlumat verməyi öhdələrinə götürürlər. - xx.xx.2020-ci il tarixli şikayətində qeyd olunmuşdur ki, hesablanan faizlər düzgün hesablanmamışdır. Vergi Məcəlləsinin 59.2-ci maddəsinə görə faiz 1 ildən artıq tətbiq edilə bilməz. Nəzərə alınması və şəxsi vərəqədən faizin azaldılmasını xahiş edilmişdir. - xx.xx.2021-ci il tarixli 44 №-li zəmanət məktubunda qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixə müəssisənin dövlət büdcəsinə 943.088.39 manat vergilər və sosial sığorta haqları üzrə borcu vardır. Gələcək fəaliyyət üzrə yarana biləcək hər hansı sosial haqları üzrə öhdəliklərini yerinə yetirmək (ödəmək) şərti ilə göstərilən sosial sığorta borcunun ödənilməsini 13.5 ay müddətinə öhdəsinə götürür. Həmin borcların ödənilməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində nəzərdə tutulan məsuliyyət tədbirləri ona məlumdur və borclarının bu qrafiklə ödənilməsinə zəmanət verir. - xx.xx.2021-ci il tarixdə ünvanlanmış ərizədə göstərilmişdir ki, 2020-ci ilin feval ayında səhvən 2019-cu ilin 4-cü rübünün BTSV bəyannaməsi əvəzinə 2017-ci ilin 4-cü rübü üzrə BTSV bəyannaməsinə dəqiqləşmə verilmişdir. Buna səbəb binanın “A” və “B” bloklarının 2017-ci ildə tikilməsi "xxxx" blokunun isə 2019-cu ildə səbəb olmuşdur. Bütün bunları nəzərə alaraq, sənəd qoşmasına əlavə edilən vergi bəyannamələrinin dəqiqləşmələrinin qəbul olunması və şəxs hesab vərəqəsində müvafiq dəyişikliklərin təmin olunması xahiş edilmişdir. - xx.xx.2021-ci il tarixli şikayətdə qeyd olunmuşdur ki, onların xx.xx.2021-ci il tarixli **********388900 saylı məktubuna cavab olaraq bildirmək istəyirlər ki, Vergi orqanı olaraq səhv hesablanmış vergi, maliyyə sanksiyası və faizlərin yenidən hesablanmasında və düzgün qaydada hesablanmasında onlar cavabdehlik daşıyırlar. Vergi orqanı təkcə vergi ödənişlərinin yığımı ilə deyil, həmçinin vergi ödəyicisinin mənafeyini də qorumalıdır. Bakı şəhəri LGBİ-yə İcra Hakimiyyəti tərəfindən onlara ünvanlanmış məktub da təqdim edilmişdir. Məktubda işlərin müvəqqəti dayandırılması üçün müraciət edilmişdir ki, bu səbəbdən 2017-ci ilin 4-cü rübündə deyil 2019-cu ilin 4-cü rübündə işlər davam etdirilmişdir. Bundan öncə LGBİ-yə ünvanlanmış məktubda da qeyd edildiyi kimi, “A” və “В” blokları tikilmiş, "xxxx" bloku isə İcra Hakimiyyətinin məktubuna əsasən müvəqqəti dondurulmuşdur. Lakin keçmiş mühasibin diqqətsizliyi səbəbindən 2019-cu ilin 4-cü rübü üzrə bəyannamə təqdim edilməli olduğu halda 2017-ci ilin 4-cü rübünə dəqiqləşmə verilmişdir. Bütün bunların nəzərə alınmaqla, artıq hesablanmış faizlərin silinməsi xahiş olunmuş, dəqiqləşmiş vergi bəyannamələrinin həm elektron, həm də kağız daşıyıcıda Bakı şəhəri LGBİ-yə təqdim edilərək, bəyannamələrin nəzərə alınması və artıq hesablanmış vergilərin azaldılması tələb olunmuşdur. - xx.xx.2021-ci il tarixli şikayətdə qeyd olunmuşdur ki, əvvəlki dövrlərdə sözügedən bəyannamələrlə bağlı vergi orqanına ünvanlanmış məktubları və Xətai rayon İcra Hakimiyyətinin tikintinin müvəqqəti dayandırılması üçün onlara ünvanladığı məktubu təqdim edirlər. Məktubda 2018-ci ilin dekabr ayına kimi tikintinin müvəqqəti dayandırılması göstərilmişdir. Lakin Pilot Layihə çərçivəsində evləri və qeyri yaşayış sahələri sökülmüş vətəndaşların qarşısında götürdükləri öhdəliklər və əlavə olaraq yaranmış maliyyə çətinlikləri səbəbindən işlər 2018-ci ilin dekabr ayında deyil 2019-cu ilin oktyabr ayında başlamışdır. Bütün bunları nəzərə alaraq vergi ödəyicisi kimi hüquqlarının pozulmasına göz yuma bilməzlər. 2020-ci ilin fevral ayında 2019-cu ilin 4-cü rübünə hesabat verilməli olduğu təqdirdə səhvən 2017-ci ilin 4-cü rübünə dəqiqləşmə verilmişdir. Bina tikintisi üzrə hesablanmış sadələşmiş verginin hesabat təqdim edildiyi vaxtdan 30 ay müddətində vergi məbləğinin 10%-i həcmində aylıq ödənilməsi şəxsi hesab vərəqəsindən də görünür. Sadəcə olaraq 2017-ci ilin 4-cü rübünə dəqiqləşmə verilməsi aylıq ödənişin artmasına və əlavə faizlərin hesablanmasına səbəb olmuşdur. Bu səbəbdən vergi bəynanamələrinin şəxsi hesab vərəqəsinə işlənməsini və artıq hesablanmış vergi faizlərinin azaldılmasını tələb etmişlər. - xx.xx.2021-ci il tarixli şikayətdə qeyd olunmuşdur ki, Vergi orqanı olaraq səhv hesablanmış vergi, maliyyə sanksiyası və faizlərin yenidən hesablanmasında və düzgün qaydada hesablanmasında onlar cavabdehlik daşıyırlar. Vergi orqanı təkcə vergi ödənişlərinin yığımı ilə deyil həmçinin vergi ödəyicisinin mənafeyini də qorumalıdır. Vergilər Nazirliyinin Lokal gəlirlər idarəsinə İcra Hakimiyyəti tərəfindən onlara ünvanlanmış məktub da təqdim edilmişdir. Məktubda işlərin müvəqqəti dayandırılması üçün müraciət edilmişdir ki, bu səbəbdən 2017-ci ilin 4-cü rübündə deyil 2019-cu ilin 4-cü rübündə işlər davam etdirilmişdir. Bundan öncə Lokal gəlirlər idarəsinə ünvanlanmış məktubda da qeyd edildiyi kimi, “A” və “В” blokları tikilmiş "xxxx" bloku isə İcra Hakimiyyətinin məktubuna əsasən müvəqqəti dondurulmuşdur. Lakin keçmiş mühasibin diqqətsizliyi səbəbindən 2019-cu ilin 4-cü rübü üzrə bəyannamə təqdim edilməli olduğu halda 2017-ci ilin 4-cü rübünə dəqiqləşmə verilmişdir. Bütün bunların nəzərə alınmaqla artıq hesablanmış faizlərin silinməsinə dair göstəriş verilməsi xahiş olumuş, dəqiqləşmiş vergi bəyannamələrinin həm elektron, həm də kağız daşıyıcıda Lokal gəlirlər idarəsinə təqdim edildiyi bildirilmiş, bəyannamələrin nəzərə alınması və artıq hesablanmış vergilərin azaldılması tələb olunmuşdur. - Yuxarıda qeyd olunan məktubların məzmununa oxşar xx.xx.2021-ci il, xx.xx.2021ci il və xx.xx.2021-ci il tarixli məktublarda (şikayət) da 2019-cu ildə tikintisinə başlanmış "xxxx" bloku üçün təqdim edilməli bəyamnamənin səhfən 2017 -ci ilin İV cü rübü üçün dəqiqləşmiş hesabat kimi verildiyini bildirərək, qeyd olunanların nəzərə alınmaqla yuxanda qeyd edilən bəyannamələrə təqdim edilmiş dəqiqləşmələrin təsdiq edilməsi və şəxsi hesab vərəqəsinə işlənməsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri LGBİ tərəfindən İddiaçı MMC-yə ünvanlanmış aşağıdakı: - xx.xx.2020-ci il tarixli müraciətə baxılması barədə məktubda qeyd olunmuşdur ki, şəxsi hesab vərəqəsində faizlərin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hesablanması əlavə müdaxilə olmadan avtomatik olaraq həyata keçirilir. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Vergi məsələləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az) və ya Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər. - xx.xx.2021-ci il tarixli **********581800 saylı məktuba cavab olaraq bildirilmişdir ki, təqdim etdikləri 2017-ci ilin 4-cü rübü üzrə Bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmə vergi bəyannaməsinin “Bəyannamə verilən dövr düzgün deyil” və 2019-cu ilin 4-cü rübü üzrə “Tərəflərindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində “Bina tikintisi fəaliyyəti məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə” Məlumat forması təqdim etmədiyi üçün “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”ni təqdim etmək hüquqları yoxdur” xətaları yarandığı üçün qeydiyyata alınması mümkün olmamışdır. - xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müraciətlərə baxılmasına dair məktubda onların eyni məzmunlu məktubda qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixli **********695901 nömrəli müraciətləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən cavablandırılmışdır. - xx.xx.2021-ci il tarixli müraciətə baxılması barədə məktubda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını tələb etmək hüququ vardır. Müraciətlərində qeyd olunan bəyannamənin təqdim etmə müddətindən 3 il keçdiyindən müraciətlərinin icrası mümkün olmamışdır. - xx.xx.2022-ci il tarixli müraciətə baxılması haqqında məktubda qeyd olunmuşdur ki, borc barədə müraciətlərinə Bakı şəhəri LGBİ-də baxılmışdır. Yalnız məktubda qeyd olunan şərtlər daxilində cəmiyyətin dövlət büdcəsinə yaranmış vergi öhdəliyinə möhlət verilə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinini (mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvəvə olan redaksiyada): 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. 218.3-cü maddəsinə əsasən bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən şəxs tikinti-quraşdırma işlərinə başladığı andan 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına seçdiyi vergitutma metodu barədə yazılı formada məlumat təqdim etməlidir. Bu halda şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur. 221.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. 221.3-cü maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. 221.3.1-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.2-ci maddəsində göstərilən şəxslər hesabat rübü üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.9-cu maddəsində nəzərdə tutulmuş qaydada hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər. 221.5-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün bu Məcəllənin 220.8-ci maddəsinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. Bu maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №li “Bakı şəhərinin rayonlarının inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ” Qərarına əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 418 №li xx.xx.2016-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai rayonu, Zığ yolu 31 a ünvanında İddiaçı MMC-yə Pilot Layihə çərçivəsində yaşayış binalarının tikintisinə icazə verilmişdir. Tikintisini aparılan bina tikintisinin “A”, “B” və "xxxx" blokları üzrə aparılması nəzərdə tutulmuşdur. 2017-ci ildə tikinti işlərinə başlanılmış, hər üç blokun təməl qoyulma işləri həyata keçirilsə də, lakin sonradan 2018-ci ili dekabr ayına kimi "xxxx" bloku üzrə tikinti işləri dayandırılmışdır. “Pilot” layihənin “Sifarişçi”si Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti aparatının 85 №li xx.xx.2018-ci il tarixli məktubu əsasında binanın "xxxx" bloku üzrə tikinti işlərinin dayandırılması tələb olunmuşdur. Ona görə də müəssisə tərəfindən binanın tikintisi qismən dayandırılmışdır. Lakin həmin vaxtlarda, müəssisə tərəfindən “Vergi Bəyannnaməsində” tikinti işlərinin 2017-ci il tarixində başlandığı qeyd edilmişdir. Müəssisə tərəfindən inşa edilən bloklar üzrə vergi Bəyannaməsində səhvən inşası dayandırılmış "xxxx" bloku üzrə hesabat 2019-cu ildən təqdim edilməli olduğu halda, səhvən 2017-ci il qeyd edilmişdir. Nəticədə vergi orqanı tərəfindən həmin tarixdən heç bir qanuni əsas olmadan Cəmiyyətə faiz borclar hesablamışdır. İddiaçı cəmiyyət tərəfindən qeyd olunan yanlışlığın aradan qaldırılması ilə bağlı vergi orqanına dəfələrlə yazılı müraciətlər olunmasına və dəqiqləşdirilmiş BTSV bəyannaməsi təqim olunmasına baxmayaraq, cavabdeh vergi orqanı tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində düzəliş aparılmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya əlavə faiz borcunun hesablanması əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Bakı şəhəri LGBİ tərəfindən İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsində hesablanmış 573.000 (beş yüz yetmiş üç min) manat faiz borcu ləğv edilməlidir. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsində hesablanmış 573.000 (beş yüz yetmiş üç min) manat faiz borcu ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar