Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7077/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 69 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı (nümayəndəsi və vəkili Vəkil) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin (indiki Xəzər Rayon İcra Hakimiyyəti) xx.xx.1992-ci il tarixli, 232/14 №-li sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 69 saylı sahədə yerləşən faktiki ölçüsü 900 kv. metr olan torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşımaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair çıxarış və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər (keçmiş Əzizbəyov) rayon XDS İcraiyyə komitəsinin 1992-ci il 19 mart tarixli 232/14 nömrəli sərəncamı ilə Türkan qəsəbə XDS İcraiyyə Komitəsinin 09 yanvar 1992-ci il tarixli qərarına baxaraq və Bakı şəhər Soveti İK-nin 7 avqust 1991-cı il tarixli qərarını rəhbər tutaraq Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, döngə 1, 9 №-li evdə yaşayan, “Abadlıq” kiçik müəssisəsində fəhlə işləyən, ailə tərkibi 7 nəfərdən ibarət, mənzil növbəsində durmayan, lakin ev şəraitini yaxşılaşdırmaq üçün bütün əsasları olan İddiaçı Türkan qəsəbəsində fərdi ev tikmək üçün 900 kv. metr torpaq sahəsi ayrılmışdır. Ümumi sahəsi 118,3 kv. m., yaşayış sahəsi 66 kv. m. olan təsdiq edilmiş 145-000-129 s tipli layihə əsasında evin tikintisinin aparılmasına qərar verilmişdir. Göstərilən torpaq sahəsinin adına hüquqi qeydiyyata alınması üçün cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də müraciəti təmin edilməmişdir. Cavabdeh inzibati orqanın bu imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, göstərilən torpaq sahəsi 32 ildən artıqdır ki, qanuni istifadəsindədir və həmin torpaq sahəsi üzərində də hüquqları daşınmaz əmlakın dövlət reyestrində qanuna müvafiq surətdə qeydiyyata alınmalıdır. Müraciəti əsasında Xəzər rayon İH-nin təsərrüfat şöbəsi tərəfindən torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı da hazırlanmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə daxil olmuşdur. Cavabdehin etirazları: Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən Türkan Üzümçülük sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir və torpaq sahəsi ayrılan zaman sahə Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olduğundan Əzizbəyov Rayon İcra Hakimiyyəti həmin torpaq sahəsi ilə bağlı sərəncam vermək səlahiyyətinə malik olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, iki torpaq sahəsi bir hasar daxilindədir və ara sərhədləri şərtidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri təqdim edildiyi təqdirdə torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X1 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: AA ******* №-li şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 14 yanvar 2020-ci il tarixli məktubu ilə İddiaçı təqdim olunmuş Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1992-ci il tarixli, 232/14 №-li Sərəncamından (arxiv nüsxəsi) müəyyən olunur ki, Türkan qəsəbə XDS İcraiyyə Komitəsinin 09 yanvar 1992-ci il tarixli qərarına baxılaraq və Bakı şəhər Soveti İK-nin 7 avqust 1991-cı il tarixli qərarını rəhbər tutaraq Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, döngə 1, 9 №-li evdə yaşayan, “Abadlıq” kiçik müəssisəsində fəhlə işləyən, ailə tərkibi 7 nəfərdən ibarət, mənzil növbəsində durmayan, lakin ev şəraitini yaxşılaşdırmaq üçün bütün əsasları olan İddiaçı Türkan qəsəbəsində fərdi ev tikmək üçün 900 kv.metr torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, Ş-29-091 saylı məktubundan və məktuba əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 232/14 saylı qərarı ilə Türkan qəsəbəsində fərdi ev tikmək üçün İddiaçı ayrılmış 69 saylı torpaq sahəsinə dair tərtib olunmuş cizgi və xəritədən çıxarış təsdiq edilmiş və İddiaçı təqdim olunmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********50 №-li cavab məktubunda qeyd olunmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Türkan Üzümçülük sovxozunun ərazisində yerləşir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-48-2F-2- 698/2024 №-li məktubu ilə vət. İddiaçı barəsində keçmiş Əzizbəyov rayon İH-nin (indiki Xəzər rayon İH) arxiv fondu üzrə xx.xx.1992-ci il tarixli, 232/14 saylı sərəncamının arxiv nüsxəsi məhkəməyə göndərilmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********35 №-li cavab məktubu ilə təqdim olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, Türkan qəsəbəsində yerləşən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 900.0 kv.metr və faktiki sahəsi 950.0 kv.metrdir. Torpaq sahəsi mişar daşı ilə hasara alınmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Torpaq Məcəlləsi. ... Maddə 46.Dövlətin torpaq üzərində mülkiyyət hüququ
1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; ... Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası
2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
4. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.
... Maddə 50.Torpaq sahəsi üzərində istifadə hüququ
1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. ... Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. ... Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi. ... Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu. ... Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu. ... Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqmüəyyən edici sənəd hesab edilir. Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. .. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: ... 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
... 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
... 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.
İnzibati-Prosessual Məcəllə:
58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...
68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı iş üzrə iddiaçının hüququ marağı fərdi yaşayış evinin tikintisi üçün Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1992-ci il tarixli, 232/14 №-li Sərəncamı əsasında fərdi ev tikmək üçün ona ayrılmış Türkan qəsəbəsi, 69 saylı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına yönəlmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.50-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək vəzifəsi var. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 Fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Göründüyü kimi Əzizbəyov Rayon İcra Hakimiyyəti tərəfindən mübahisəli torpaq sahəsi ilə bağlı sərəncam məhz qeyd olunan Əsasnamənin tələblərinə əsasən verilmiş səlahiyyətdən istifadə olunmaqla verilmişdir. Qeyd olunan sərəncam heç bir dövlət orqanı, fiziki və ya hüquqi şəxs tərəfindən mübahisələndirilməmiş və hal-hazırda da qüvvədədir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli torpaq sahəsinə dair hüququn iddiaçının xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinin (həmin dövrdə qüvvədə olan redaksiyada) tələblərinə zidd olmaqla qanunsuz olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin (indiki Xəzər Rayon İcra Hakimiyyəti) xx.xx.1992-ci il tarixli, 232/14 №-li sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 69 saylı sahədə yerləşən 900 kv. metrdən ibarət torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşımaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair çıxarış və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev