Məhkəmə qərarları › İş №2-1(112)-7078/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7078/2023

15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7078/2023 15.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X3, X14, X2, X4, X7, X10, X5, X8, X9 və X22) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X3, X14, X2, X6, X4, X7, X10, X5, X8, X9 və X11 Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 203-də yerləşən 21 saylı mənzildən pasport qeydiyyatından çıxarılmaları” barədə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 203-də yerləşən 21 saylı mənzilin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il və xx.xx.2018-ci il tarixli çıxarışlara əsasən mülkiyyətçisidirlər. Qeyd olunan mənzil İddiaçı1 mülkiyyətinə onunla İddiaçı1 Elçin qızı ilə X12 arasında bağlanmmış 30 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən keçmişdir. Mənzilin uzun müddətdir ki, onların mülkiyyətində olmasına baxmayaraq hazırkı iddia ərizəsində üçüncü şəxslər qismində adları qeyd olunan şəxslərin sözügedən mənzildə yaşamadıqlarına baxmayaraq formal olaraq həmin mənzildə pasport qeydiyyatında qalmışlar. Həmin şəxslərin qeydiyyatından çıxarılmalarına dair cavabdehə müraciət etsələr də, onlara ünvanlanmış xx.xx.2023-cü il tarixli məktub ilə həmin şəxslərin qeyd olunan mənzildən qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Həmin şəxslərin hazırda onların mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları bir mülkiyyətçi kimi onların hüquqlarını pozur, qanunla onlara məxsus əmlaka dair istifadə, sahiblik və sərəncamvermə hüquqlarını məhdudlaşdırır. Habelə qeyd olunan mənzillə bağlı onları əlavə xərclərə məruz qoyur. Həmin şəxslər qeyd olunan mənzildən pasport qeydiyyatından çıxmalıdırlar. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X15, X24, X13, X16, X17, X19, X23, X18, X20, X21 və X22 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 iş üzrə prosessual iştirakına xitam verilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “X3, X14, X2, X4, X7, X10, X5, X8, X9 və X11 Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 203-də yerləşən 21 saylı mənzildən pasport qeydiyyatından çıxarılmaları” kimi dəyişdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X15 izahatında bildirmişdir ki, o, sözügedən mənzilin keçmiş mülkiyyətçisidir. Mənzilini satdıqdan sonra ailə üzvləri ilə birgə özünə məxsus yeni fərdi yaşayış evinə köçmüşlər və hazırda orada yaşayırlar. İddiaçı tərəflə aralarında olan alqı-satqı müqaviləsində qeydiyyatdan çıxmaqla bağlı üzərinə öhdəlik götürsə də, hazırda yaşayış yeri üzrə qeydiyyatdan çıxmaq istəmir. Çünki, hazırda yaşadığı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və o, ailə üzvləri ilə birgə yaşayış yeri üzrə qeydiyyat ünvanını yeni ev ünvanına dəyişə bilmir. Buna görə də, iddiaya etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkün və əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir. Cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış 3-13-51/2-7-45xx/xx/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxslərin ünvan 1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrələri ********** və **********; qeydiyyat tarixləri xx.xx.2010-cu il və xx.xx.2018-ci il) əsasən ünvan 1 İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətindədir. X15 və İddiaçı1 arasında bağlanmış AN – İ seriyalı ******* saylı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 İddiaçı1 satılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən X3, X14, X2, X4, X7, X10, X5, X8, X9 və X22 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 16 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 117 saylı xx.xx.2018-ci il tarixli arayışa əsasən X15, X24, X18 və X20 ünvan 1 ünvanında qeydiyyatdadırlar. 7e-6587 saylı xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, X20 qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə (satılmasına) və mənzildən istifadə hüququna xitam verilməsinə razıdır, habelə alqı-satqı müqaviləsi rəsmiləşdikdən sonra həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. 7e-6591 saylı xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, X21 qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə (satılmasına) və mənzildən istifadə hüququna xitam verilməsinə razıdır, habelə alqı-satqı müqaviləsi rəsmiləşdikdən sonra həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. 7e-6590 saylı xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, X13 qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə (satılmasına) və mənzildən istifadə hüququna xitam verilməsinə razıdır, habelə alqı-satqı müqaviləsi rəsmiləşdikdən sonra həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. 7e-6576 saylı xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, X24 qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə (satılmasına) və mənzildən istifadə hüququna xitam verilməsinə razıdır, habelə alqı-satqı müqaviləsi rəsmiləşdikdən sonra həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. 7e-6578 saylı xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, X18 qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə (satılmasına) və mənzildən istifadə hüququna xitam verilməsinə razıdır, habelə alqı-satqı müqaviləsi rəsmiləşdikdən sonra həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2-15003/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X3, X14, X2, X4, X7, X10, X5, X8, X9 və X11 qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyil. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-12395/2023 **********95 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X3, X14, X2, X4, X7, X10, X5, X8, X9 və X1 ünvanda istifadə hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. IV. Məhkəmənin mövqeyi Üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamır, iddiaçı ilə hər hansı qohumluq əlaqəsi yoxdur, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Həmin Qərarda göstərilmişdir ki şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Həmin Qərarda qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsində təsbit olunmuş hüququn çox mühüm olduğunu bir daha xatırladır və hesab edir ki, həmin hüququn real və səmərəli həyata keçirilməsi sadəcə dövlətin müdaxilə etməmək üzrə öhdəliyindən asılı deyil, bu, həm də pozitiv müdafiə tədbirlərini tələb edə bilər. Pozitiv öhdəliklərin mövcud olub-olmadığını müəyyən edərkən cəmiyyətin ümumi marağı ilə fərdin maraqları arasında ədalətli tarazlığın gözlənilməsinə diqqət yetirilməlidir, bu tarazlığın axtarılması Konvensiyanın bütün mətni üçün səciyyəvidir. Bu öhdəlik, ərizəçinin dövlət orqanlarından gözlədiyi tədbirlərlə ərizəçinin öz mülkiyyətindən istifadə etməsi arasında birbaşa əlaqə olan hallarda qaçılmaz olaraq yaranır. (Avropa Məhkəməsinin Önəryıldız (Oneryıldız) Türkiyəyə qarşı iş üzrə 18 iyun 2002-ci-ci il tarixli Qərarı, § 145) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin imtinası qanunsuz hesab edilməli və X3, X14, X2, X4, X7, X10, X5, X8, X9 və X11 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X3, X14, X2, X4, X7, X10, X5, X8, X9 və X22 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar