Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-708/2020 24.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1991-ci ilin dekabr ayından 1992-ci ilin noyabr ayının 18-nə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə torpaqların müdafiəsində iştirak etməsinin nəzərə alınmaqla, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Füzuli rayonunda yaradılmış könüllü döyüşçülərin dəstəsinin tərkibində 1991-ci ilin dekabr ayından döyüşlərdə iştirak etmiş, ilkin olaraq 1991-ci ilin dekabr ayının 2-də 814-saylı Hərbi hissəyə döyüşçü kimi qəbul olunmuş və Füzuli rayonunun sərhəd olan kəndlərində xidmətdə olmuşdur. 1992-ci ilin aprel ayında xidmət etdiyi ərazilər yeni yaradılmış 848-saylı Hərbi hissənin müdafiəsi altına verildiyindən həmin ərazidə 814-saylı Hərbi hissədə xidmətdə olan hərbiçilər də 814-saylı Hərbi hissədən tərxis olunaraq yeni yaradılmış 848-saylı Hərbi hissənin tərkibinə verilmiş və həmin vaxtdan da xidməti 848-saylı Hərbi hissədə davam etdirmişdir. xx.xx.1992-ci ildən N saylı hərbi hissənin tərkibinə bölmə komandiri vəzifəsinə qəbul olunmuş və 1992-ci ilin noyabr ayının 18-nə kimi həmin hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. 1992-ci ilin noyabr ayının 18-də ordudan tərxis olunmuşdur. Hazırki vaxtadək ona müharibə veteranı vəsiqəsi verilməmişdir. Müdafiə Nazirliyinə müraciət edərək, Qarabağ müharibəsində iştirak etməyi ilə bağlı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini istəsə də bundan imtina edilmişdir və bu barədə ona xx.xx.2019-cu il tarixdə imtina məktubu göndərilmişdir, səbəb isə Müdafiə Nazirliyinin arxivindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda N nömrəli hərbi hissənin komandirinin aprel, noyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumatların aşkar olunmamasıdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışında göstərilir ki, O, N nömrəli hərbi hissənin komandirinin xx.xx.1992-ci il tarixli 9-nömrəli əmrinə əsasən bölmə komandiri vəzifəsinə qəbul edilmişdir və 1992-ci ilin noyabr ayının 18-də 475-saylı əmrlə azad edilməklə şəxsi heyyətin siyahısından bütün növ təminatlardan çıxarılmışdır. Lakin əmrdə atasının adı Bəkir kimi yazılmışdır. N nömrəli hərbi hissənin komandirinin aprel, noyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumatlar aşkar olunmamışdır. O, 1991-ci ilin dekabr ayından 1992-ci ilin noyabr ayının 18-kimi kimi hərbi xidmətdə olmuş N və N nömrəli hərbi hissələrin tərkibində olmaqla aparılan bütün döyüş əməliyyatlarında iştirak etmişdir. Arxiv arayışında göstərilənlər yəni əmrdə onun atasının adının Bakir deyil Bəkir kimi göstərilməsi, N nömrəli hərbi hissədə xidmət barədə məlumatların aşkar olunmaması ona veteran adının, veteran vəsiqəsinin verilməməsi üçün müxtəlif bəhanələrdir. Onun N nömrəli hərbi hissənin tərkibində xidmət keçməsi ilə bağlı məlumatlar onun hərbi biletində qeyd edilmişdir. 848-nömrəli hərbi hissənin tərkibində xidmət keçməyi ilə bağlı məlumatlar isə Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışında göstərilir. Cavabdeh Müdafiə Nazirliyi onun barəsində veteran statusunu istisna edən hər hansı sübutu təqdim edə bilmir, belə ki, o, xidmətdə olduğu dövrdə (1991-ci ilin dekabr ayından 1992-cü ilin noyabr ayının 18-nə kimi ) hərbi hissəni, xidmət yerini, heç vaxt öz başına tərk etməmiş, fərarilik etməmiş, məhkum olunmamış, amnistiya aktına əsasən məsuliyyətdən azad edilməmişdir. Cavabdeh onun veteran sayılmağını istisna edən halların (veteranlar haqqında qanunun 3-cü maddəsinin qeydində nəzərdə tutulmuş əsasları) heç birini sübut edə bilmir, cavabdehin istinad etdiyi hallar onun iradəsindən kənar, kiminsə öz vəzifəsini layiqincə yerinə yetirməməsi nəticəsində yaranmışdır. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti məhkəmənin xx.xx.2019-cu il tarixli sərəncamı ilə cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə göndərdiyi xx.xx.2019-cu il tarixli 11/6345 №li iddiaya dair yazılı etirazında göstərmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, İddiaçı barəsində təqdim edilmiş Mərkəzi Arxivin arayışında N nömrəli hərbi hissədə 1992-ci il tarixində xidmət keçməsi və hərbi xidmətdən qanuni əsaslarla təxris olması barədə məlumat olmadığına görə ona “Müharibə veteram” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı v s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. İddiaya dair etirazda göstərilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etirazını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materialları ilə müəyyən edilir ki; İddiaçı xx.xx.1967-ci ildə ünvan 1i ünvanında qeydiyyatdadır (AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsi). Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Birliyi 13 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 834 №li xx.xx.2019-cu il tarixli arayışa əsasən iddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus NZ seriyalı ******* №li xx.xx.1985-ci il tarixli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı oktyabr 1985-ci il tarixdən xx.xx.1987-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Dağlıq Qarabağ zonasında Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-10115 №li arxiv arayışının notarial qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 09 №li əmrilə bölmə komandiri qəbul edilmişdir, əmrin üzərində “xx.xx.1992-ci il tarixdə azad edilsin” yazılmışdır. İddiaçı Bəkir oğlu N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 475 №-li əmrilə bölüyün şəxsi heyətinin siyahısından bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin aprel, noyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə göstərilmişdir ki, N və N nömrəli hərbi hissə komandirinin 1991-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 11/1954 №li məktubu ilə N və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etməsi barədə xx.xx.2020-ci il tarixli 1/ş-4924 №li məlumat göndərilmişdir. Məlumatda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə xx.xx.1992-ci il tarixdə yaranıb, xx.xx.1992-xx.xx.1992-ci ilədək (sonra N nömrəli hərbi hissəyə verilib), N nömrəli hərbi hissə xx.xx.1991-ci il tarixdə yaranıb, xx.xx.1992-xx.xx.1994-cü ilədək (xx.xx.1992-ci ildən N nömrəli hərbi hissənin tərkibində) döyüş əməliyyatlarında iştirak edib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş polis idarəsi Nəsimi rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli 082-17981-1220 nömrəli cavab məktubunda İddiaçı DİN-nin “VMAS”-ın məlumat portalından yoxlanılaraq məhkumluğunun olmadığının müəyyən edilməsi bildirilmişdir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1/S- 14293 №li məktubda müraciətçiyə bildirilmişdir ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-10115 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə 1992-ci il tarixdə xidmət keçmək və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunma barədə məlumat olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Cavabdehin “imtinasın”da və Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-10115 №li arxiv arayışında iddiaçının N nömrəli hərbi hissədə 1992-ci il tarixdə xidmət keçməsi və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunma barədə məlumatın olmadığı qeyd olunsa da, qeyd olunan arxiv arayışında iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 09 №li əmrilə bölmə komandiri qəbul edildiyi, əmrin üzərində “xx.xx.1992-ci il tarixdə azad edilsin” yazıldığı qeyd olunmuşdur. Bundan əlavə cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli 1/ş-4924 №li məlumatda N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixdə yarandığı, xx.xx.1992-xx.xx.1992-ci ilədək (sonra N nömrəli hərbi hissəyə verilib), N nömrəli hərbi hissənin xx.xx.1991-ci il tarixdə yarandığı, xx.xx.1992-xx.xx.1994-cü ilədək (xx.xx.1992-ci ildən N nömrəli hərbi hissənin tərkibində) döyüş əməliyyatlarında iştirak etdiyi qeyd edilmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-708/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-708/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver