Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7080/2022 28.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan tərəfindən verimiş 17.02.2022-ci il tarixli cavab məktubu qanunsuz sayılmaqla ünvan 1 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində (mansartda) ümumi sahəsi 110 kv.m olan 3 otaqlı, 94 saylı, ümumi sahəsi 50 kv.m olan 1 otaqlı, 95 saylı, ümumi sahəsi 52 kv.m olan 1 otaqlı, 96 saylı və ümumi sahəsi 85 kv.m olan 2 otaqlı, 97 saylı mənzillərin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində (mansartda) ümumi sahəsi 110 kv.m olan 3 otaqlı, 94 saylı, ümumi sahəsi 50 kv.m olan 1 otaqlı, 95 saylı, ümumi sahəsi 52 kv.m olan 1 otaqlı, 96 saylı və ümumi sahəsi 85 kv.m olan 2 otaqlı, 97 saylı mənzilləri "xxxx" MTKdan 29 avqust 2014-cü il tarixdə bağlanmış müqavilələr əsasında əldə etmişdir və MTKya olan borcunun tam ödənilməsi barədə maliyyə arayışları almışdır. Qeyd edilən mənzillər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair cavabdehə müraciət etsə də, cavabdeh 24.02.2022-ci il tarixdə poçt vasitəsilə təqdim edilmiş 17.02.2022-ci il tarixli cavab məktubunda Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə istinad edərək göstərmişdir ki, təqdim edilən mənzillər binanın mansard (texniki mərtəbə) mərtəbəsində yerləşir. Bakı şəhəri, Z.Bünyadov küç.21 "A" ünvanında inşa edilmiş yaşayış binasının ünvan 4,2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş «Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası»nın aktında mənzillərin ümumi sayı 90 qeyd olunmuş (təqdim edilmiş sənədlərdə isə mənzillərin nömrəsi 94, 95, 96, 97 kimi göstərilmişdir) və mansardın (texniki mərtəbənin) yaşayış təyinatlı olması barədə isə qeyd yoxdur. Cavabdeh qeyd edilən cavab məktubunda bu məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmamasını göstərsə də, faktiki olaraq məktubun məzmunundan aydın görünür ki, iddiaçı mənzillərin üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində Dövlət Qeydiyyatına alınması, reyestrdən çıxarışla rəsmiləşdirilməsi, reyestrdən çıxarışın verilməsini xahiş etmişdir, lakin cavabdeh müraciətinin müsbət həllindən imtina edərək hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. İddiaçı hesab edir ki, müraciətini müsbət həll etməməsinə dair cavabdehin qeyd edilən məktubla cavabı qanunsuz olmuşdur. Belə ki, təqdim etdiyi sənədlərdən də görünür ki, iddiaçı "xxxx" MTK-dan 29 avqust 2014-cü il tarixdə bağlanmış müqavilələr və ödənilmiş pul vəsaitləri ilə əlaqədar iddiaçıya verilmiş maliyyə araşyışları əsasında Bakı şəhəri, Z.Bünyadov küç, 21 “A” ünvanında yerləşən inşa edilən 17 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində (mansartda) ümumi sahəsi 110 kv.m olan 3 otaqlı, 94 saylı, ümumi sahəsi 50 kv.m olan 1 otaqlı, 95 saylı, ümumi sahəsi 52 kv.m olan 1 otaqlı, 96 saylı və ümumi sahəsi 85 kv.m olan 2 otaqlı, 97 saylı mənzilləri əldə etmişdir. ünvan 6 ünvanında inşa edilmiş yaşayış binasının ünvan 4.2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş «Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası»nın aktında mənzillərin ümumi sayı 90 qeyd olunmasına və mansardın (texniki mərtəbənin) yaşayış təyinatlı olması barədə isə qeyd olmaması mənim 94, 95, 96, 97 saylı mənzillər üzərində hüquqlarımın qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində Dövlət Qeydiyyatına alınması, reyestrdən çıxarışla rəsmiləşdirilməsi, reyestrdən çıxarışın verilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, iddiaçıya satılan yaşayış sahələri binanın mansardında olsa da, onlar texniki deyil, yaşayış təyinatlıdır. Başqa sözlə, hər bir mənzilin sanitariya qovşağı və digər kommunikasiyaları mövcuddur. İddiaçı "xxxx" MTK-nın üzvü olmaqla faktiki olaraq oranın sakini sayılır, həmin mənzillərlə bağlı MTK ilə arasında həmçinin kommunal xidmətlərlə bağlı müvafiq müqavilələrdə bağlanmışdır.
3. İddiaçı ərizə ilə məhkəməyə müraciət (dəftərxana vasitəsilə) edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
II. İddianın geri götürülmüş sayılması
4. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
5. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
6. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli qərarı).
7. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
8. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
9. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
10. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
11. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
12. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
13. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
14. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
15. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
16. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
17. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.
18. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
19. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva