Məhkəmə qərarları › İş №2-1(112)-7080/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7080/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7080/2024 25.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun qeydə alınması və digər” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 166 nömrəli evin 25 nömrəli mənzilinin 23 kv.metrlik bir otağının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı alqı-satqı yolu ilə aldığı Bakı şəhəri, Buxta küçəsi, 166 nömrəli evin, 25 nömrəli mənzilinin 1 otağının, yəni 23 kv.metr hissəsi olan daşınmaz əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına alınması barədə cavabdehə müraciət edib. Cavabdeh tərəfindən ona 09 fevral 2024-cü il tarixli imtina məktubu verilib. İmtinanın əsası kimi xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin tam icra edilmədiyi və Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)- 2217/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İddiaçı ilə X3 arasında Bakı şəhəri, Buxta küçəsi, 166 nömrəli evin, 25 nömrəli mənzilinin 1 otağının, yəni 23 kv.metr hissəsinin iddiaçıya satılmasına dair Bakı şəhəri 2 saylı Notariat Kontorunun Xüsusi Notariusunda 09 iyul 2014-cü il tarixdə, 4Ə-51 reyestr nömrəsilə qeydə alınmış AN-1 № ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı 10 000 manatı notariusun bankda açılan depozit hesabı vasitəsilə satıcıya ödəyir, 20 000 manatı isə 09 iyul 2015-ci il tarixinə qədər ödəməyi öhdəsinə götürür. İddiaçı həmin müqavilənin 6-cı bəndində ödənilməsi göstərilən tək 10 000 manat pulu deyil, həmin gün 10 000 manat olmaqla, əlavə 20 000 manat ödəyib. Onun müqavilədən irəli gələn cəmi 10 000 manat borcum qalmışdır. İddiaçı X2 qalan 10 000 manat borcumu notariusda ona verməklə evi boşaldaraq təhvil verməyi xahiş edib. Sonuncu dəfə Emilya Köçgürbüz bildirib ki, evi satmır, iddiaçının ödədiyi pulu qaytarmağa pulu yoxdur. İddiaçı mənzilin boşaldılması tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edib. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2021ci il tarixli, 2(009)- 2217/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilib. İddiaçıdan 10 000 manat pul tutulmaqla mənzilin boşaldılıb ididaçıya verilməsi qət edilib. Qətnamə yuxarı məhkəmələr tərəfindən dəyişdirilmədən saxlanılıb və qanuni qüvvəsini alıb. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru 10 000 manatı iddiaçıdan alıb Emilya Köçgürbüzə vermiş mənzil boşaldılaraq iddiaçıya təhvil verilmişdir. Lakin cavabdeh əsassız olaraq mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 4Ə-51 nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin tam icra olunmasına dair notariusun arayışı təqdim edilməmişdir. Həmçinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(009)- 2217/2021 saylı qətnaməsi ilə cavabdehin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Mənzilin faktiki sahəsi 21,3 kv.metr olmaqla 2 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1982-ci ildə anadan olmuşdur. İddiaçı ilə Emilya Köçgürbüz arasında bağlanmış xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Emilya Köçgürbüz ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43 kv.metr, yaşayış sahəsi 23 kv.metr olan mənzilin ona məxsus hissədən 23 kv.metr sahəsi olan 1 otağı iddiaçıya satmışdır. Həmin müqavilənin 6-cı bəndinə əsasən iddiaçı mənzilin qiyməti olan 30 000 manatın 10 000 manatını notariusun depozit hesabı vasitəsilə Emilya Köçgürbüzə ödəyir, qalan 20 000 manat hissəni isə xx.xx.2015-ci ilədək ödəməyi öhdəsinə götürür. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2217/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının Emilya Köçgürbüzə qarşı mənzil tələbinə dair ilkin iddiası təmin edilmiş, iddiaçıdan xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Emilya Köçgürbüzün xeyrinə 10 000 manat tutulmaqla ünvan 1-in, sahəsi 23 kv.metr olan 1 otaqlı mənzilin (evin ½ hissəsi) iddiaçıya təhvil verilməsi qət edilmiş, Emilya Köçgürbüzün iddiaçıya qarşı otağın yenidən qiymətləndirilməsi və sair tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmurları Səbuhi Əhmədov, Aslan Astanov, tələbkar İddiaçı, borclu Emilya Köçgürbüz və hal şahidlərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü tarixli aktda göstərilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2217/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar İddiaçı 10 000 manat pulu Emilya Köçgürbüzə ödədi və ünvan 1-in, sahəsi 23 kv.metr olan 1 otaqlı mənzilin (evin ½ hissəsi) İddiaçı təhvil verildi. Məhkəmə sorğusuna əsasən cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 1-in 1 otağı (yaşayış sahəsi 23 kv.metr) X1, bir otağı X4 adına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubu iddia ərizəsinə yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində edərək ünvan 1-in bir otağına dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdaşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139- 1.1.4.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları;daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.4.). İşdən görünür ki, iddiaçı ilə Emilya Köçgürbüz arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Emilya Köçgürbüz ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43 kv.metr, yaşayış sahəsi 23 kv.metr olan mənzilin ona məxsus hissədən 23 kv.metr sahəsi olan 1 otağı iddiaçıya satmışdır. Mənzilin həmin hissəsinin qiyməti 30 000 manat müəyyən edilmiş, iddiaçı həmin məbləğin 10 000 manatını ödəmiş və qalan 20 000 manatı xx.xx.2015-ci ilədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin, sonradan Emilya Köçgürbüz mənzili iddiaçıya təhvil verməkdən imtina etmiş və iddiaçı bununla bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin Məhkəmənin 2(009)-2217/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının tələbi təmin edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı qalan məbləğdən 10 000 manat da ödəniş etmiş və mənzilindəyərindən 10 000 manat borcu qalmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2217/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və icra olunaraq iddiaçı tərəfindən qalan 10 000 manat pul Emilya Köçgürbüzə ödənilmiş və ünvan 1-in, sahəsi 23 kv.metr olan 1 otaqlı mənzilin (evin ½ hissəsi) iddiaçıya təhvil verilmişdir. Göründüyü kimi iddiaçı alqı-satqı müqaviləsi üzrə öhdəliyini icra etmiş və mənzil ona təhvil verilmişdir. Belə olan halda cavabdeh əsassız olaraq iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina etmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1-in, sahəsi 23 kv.metr olan 1 otağının üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 166 nömrəli evin 25 nömrəli mənzilinin 23 kv.metrlik bir otağının üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar