Məhkəmə qərarları › İş №2-1(112)-7082/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7082/2021

08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7082/2021 08.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “vergi ödəyicisi kimi uçota alınmasının qanunsuz hesab edilməsi və sair” tələblərinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vergi orqanı tərəfindən heç bir əsas olmadan vergi ödəyicisi kimi uçota alınması və adına ********** saylı VÖEN-in açılmasının qanuna müvafiq olmaması, həmin VÖEN-in etibarsız hesab edilməsi, ********** saylı VÖEN-in ləğv edilməsinin və buna dair müvafiq qeydiyyatın aparılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, 2020-ci ilin noyabr ayında ona təsadüfən məlum olmuşdur ki, cavabdeh tərəfindən onun müraciəti və xəbəri olmadan VÖEN açılmışdır. Bununla əlaqədar cavabdehə müraciət edərək, adına qanunsuz VÖEN-in açılması səbəbləri barədə mövcud qanunvericiliyin normalarına istinad etməklə məlumat verilməsini, həmin sənədin ləğv edilməsini xahiş etmiş, lakin müraciətinə baxılmamış və heç bir cavab verilməmişdir. Buna görə o, cavabdehə təkrar müraciət etmiş, nəhayət xx.xx.2020-ci il tarixli **********173100 saylı məktubla ona məlumat verilmişdir ki, 2020-ci ilin mart və aprel aylarında təqdim edilmiş məlumatlar təhlil edilərək, valyuta əməliyyatı aparan hər bir şəxsə valyuta əməliyyatı aparılmış məbləğin mənbəyi barədə sənədlərin təqdim edilməsi ilə bağlı bildirişlər göndərilmiş, tərəfindən valyuta əməliyyatı aparılmış məbləğ qədər gəlir mənbəyi müəyyən edilmədiyindən xx.xx.2020-ci il tarixdən vergi orqanı tərəfindən məcburi qaydada vergi uçotuna alınmış və adına ********** saylı VÖEN açılmışdır. Həmin məktubda “Vergi uçotunun ləğv edilməsi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 34-cü maddəsinə və “Fiziki şəxslərin verği uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları’na əsasən “müvafiq prosedurların başa çatdırılması" şərti ilə Vergi orqanına müraciət edilməsi tövsiyyə edilmişdir”. Lakin o, vergi orqanına vergi ödəyicisi kimi uçota alınması barədə ərizə ilə müraciət etməmiş və valyuta əməliyyatı aparmamışdır. Vergi orqanı tərəfindən ona heç bir bildiriş göndərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda göstərmişdir ki, Maliyyə Monitorinqi Xidmətindən 2020-ci ilin mart və aprel aylarında təqdim olunmuş məlumatlara əsasən iddiaçının 40848 manat ekvivalentində 24000 ABŞ dolları mübadilə etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Beləliklə, iddiaçıya vergi uçotuna alınması ilə əlaqədar əvvəlcə xx.xx.2020-ci il tarixli **********160400 nömrəli bildiriş, ardınca isə konvertasiya ilə bağlı "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2020- ci il tarixində **********269600 nömrəli məktub vergi ödəyicisinin qeydiyyatda olduğu ünvana poçtla göndərilmiş və gəlirin əldə edilməsi ilə əlaqədar müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və cari gəlir vergisi bəyannaməsinin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və cari gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində **********876300 nömrəli və xx.xx.2021-ci il tarixli **********930900 nömrəli ərizələrlə vergi orqanına müraciət edilmiş, VÖEN-nin ləğv olunaraq bu barədə məlumat verilməsi xahiş edilmişdir. Həmin müraciətlərə müvafiq olaraq xx.xx.2020-ci il tarixli **********371500 nömrəli və xx.xx.2021-ci il tarixli **********173100 nömrəli məktublarla cavab verilmiş və vergi uçotunun ləğvi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında” ərizənin vergi orqanına təqdim edilməsi tövsiyə edilmişdir. İddiaçıya dəfələrlə bu barədə məlumat verilsə də, indiki halda iddiaçı tərəfindən vergi uçotunun ləğvi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” forması ilə Bakı şəhəri X2 üzrə Baş İdarəsinə müraciət edilməmişdir və bu səbəbdən də İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə dividend kimi iddiaçının bank hesabına köçürülmüş 40787,27 manat məbləğində vəsait hesabdan məxaric edilmişdir. İşdən görünür ki, cavabdeh tərəfindən 2020-ci ilin mart və aprel aylarında təqdim edilmiş məlumatlar təhlil edilərək, iddiaçı tərəfindən 40848 manat valyuta əməliyyatı aparıldığı müəyyən edilmiş, lakin həmin məbləğ qədər gəlir mənbəyi müəyyən edilmədiyindən İddiaçı xx.xx.2020-ci il tarixdən vergi orqanı tərəfindən məcburi qaydada vergi uçotuna alınmışdır (VÖEN **********). İşdən görünür ki, iddiaçı VÖEN-nin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh vergi uçotunun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında” ərizə ilə müraciət edilməsinin zəruriliyini bildirməklə, iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin bu imtinasını əsaslı saymır və qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə (bundan sonra –VM) əsasən: - Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. - Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. - Maddə 33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. - Maddə 33.5. Bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. - Maddə 34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 3 may 2019-cu il tarixli **********006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nın (bundan sonra – Qaydalar) 1.3-cü bəndinə əsasən aşağıda qeyd edilən şəxslər vergi orqanlarında uçota alınırlar: 1.3.1. Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslər; 1.3.2. ailə kəndli təsərrüfatlarının başçıları; 1.3.3. torpaq mülkiyyətçiləri. Qaydaların 2.1-ci bəndinə əsasən vergi orqanında uçota alınan şəxslər uçota dair ərizəni aşağıda göstərilən müddətdə təqdim etməlidirlər: 2.1.1. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sahibkarlıq fəaliyyətinə başladığı günədək; 2.1.2. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq; 2.1.3. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan sonra - bir ay müddətində; 2.1.4. Torpaq mülkiyyətçiləri torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi aldıqdan sonra - bir ay müddətində. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir. Həmin Qaydaların 2.9.-cu bəndinə əsasən Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən həmin Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi uçotuna alınmış fiziki şəxsə 5 gün ərzində bu barədə vergi orqanı tərəfindən məlumat verilir. Qaydaların 4.10-cu bəndinə əsasən bu Qaydaların 1.3.1-1.3.3-cü yarımbəndlərinə əsasən uçota alınmış fiziki şəxslərin uçotu bütün yarımbəndlər üzrə ləğv edildikdə, ona verilmiş VÖEN uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir. Beləliklə, sadalanan normalardan görünür ki, fiziki şəxs ya öz ərizəsi əsasında, ya da VM-nin 33.3-cü maddəsinin 1-ci abzasına və 33.5-ci maddəsinə əsasən vergi orqanı tərəfindən vergi uçotuna alına bilər. İşdən görünür ki, iddiaçının vergi uçotuna alınması üçün onun ərizəsi olmamışdır. Deməli, cavabdeh iddiaçını VM-nin 33.3-cü maddəsinin 1-ci abzasına və 33.5-ci maddəsinə əsasən vergi uçotuna almışdır. Lakin işdə iddiaçının VM-nin 33.3-cü maddəsində nəzərdə tutulan şəxslərə, yəni sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə (bundan sonra - fərdi sahibkar) aid olmasını təsdiq edən heç bir sübut yoxdur, cavabdeh də belə bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İşdən görünür ki, cavabdeh yalnız iddiaçı tərəfindən müvafiq məbləğin konvertasiya edilməsinə istinad etmiş, həmin məbləğin mənbəyi, sahibkarlıq və ya digər fəaliyyət növündən əldə edilməsini araşdırmamışdır. Cavabdeh həm məhkəməyə, həm də iddiaçıya təqdim etdiyi məktubda valyuta əməliyyatı aparan hər bir şəxsə valyuta əməliyyatı aparılmış məbləğin mənbəyi barədə sənədlərin təqdim edilməsi ilə bağlı bildiriş göndərildiyinə istinad etsə də, iddiaçıya göndərilmiş belə bir bildirişi məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında iddiaçı ona belə bir bildiriş gəlmədiyini bildirmiş, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Göründüyü kimi, cavabdeh konvertasiya olunan məbləğin mənbəyi barədə, daha doğrusu, vergi uçotuna aldığı fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olub olmaması barədə heç bir araşdırma aparmadan iddiaçını vergi uçotuna almaqla “İnzibati icraat haqqında” Qanunun və VM-nin tələblərini pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmə qeyd edir ki, konvertasiya olunmuş vəsaitin mənbəyinin (muzdlu işdən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras və s.), pensiya, digər gəlir), konvertasiya olunmuş vəsaitin hansı dövrün gəlirinə aid olması və vergiyə cəlb edilib-edilməməsi, aylıq gəlirin növü (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras və s.), pensiya, digər gəlir), miqdarı, aylıq gəlirdən vergilərin ödənilməsi və ya tutulması qaydası işin faktiki hallarından asılı olaraq digər zəruri məlumatlar araşdırılmalı və konkret hallar ilə bağlı təsdiqedici sənədlər əldə edilməlidir. Hazırkı iş üzrə vergi orqanı konvertasiya olunmuş vəsaitin mənbəyi ilə bağlı hər hansı mötəbər hala istinad etmədən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qənaətinə gəlmişdir. Halbuki işdə olan bank hesabından çıxarışdan görünür ki, iddiaçının konvertasiya etdiyi məbləğ ona dividend olaraq ödənilmişdir, hansı ki, həmin məbləğ sahibkarlıq deyil, qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərə aiddir. İşdən görünür ki, iddiaçı onun adına açılmış VÖEN-nin ləğvi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə müvafiq ərizə ilə müraciət edilməli olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, VM-nin 34.7.3-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür: 34.7.3.1. fəaliyyətinə xitam verildikdə; 34.7.3.2. məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda; 34.7.3.3. vəfat etdikdə. Həmçinin Qaydaların 4.1-ci bəndinə əsasən fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür: 4.1.1. Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslərin fəaliyyətinə xitam verildikdə; 4.1.2. Ailə kəndli təsərrüfatının statusu itirildikdə, ləğv edildikdə və ya ailə kəndli təsərrüfatının başçısı dəyişdikdə; 4.1.3. Torpağa mülkiyyət hüququ özgəninkiləşdirildikdə; 4.1.4. Fiziki şəxs məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda; 4.1.5. Fiziki şəxs vəfat etdikdə. Sadalanan normalardan görünür ki, şəxsin vergi uçotundan çıxarılması onun məşğul olduğu vergi tutulan fəaliyyətə xitam verilməsi halından mümkündür. Deməli, fiziki şəxsin ərizəsi yoxdursa və ya o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmursa, onun vergi ödəyicisi kimi uçota alınması və nəticə etibarilə uçotdan çıxarılması da qeyri-mümkündür. Belə olan halda, cavabdehin iddiaçı tərəfindən “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” forması ilə müraciət etməli olması barədə dəlili əsalı sayıla bilməz. Beləliklə, istinad olunan qanunvericilik və işin halları nəzərə alındıqda aydın olur ki, iddiaçının vergi ödəyicisi kimi vergi uçotuna alınmasına əsas olmamış, cavabdeh heç bir əsas olmadan iddiaçını vergi uçotuna alaraq ona vergi ödəyicinin eyniləşdirmə nömrəsi vermiş, bununla iddiaçının hüquqlarını pozmuşdur. Çünki uçota alınma şəxsə vergi ödəyicisi kimi hüquqlar verməklə yanaşı, onun üçün bir çox vəzifələr də yaradır. Cavabdeh iddiaya etirazında “VÖEN”-nin ləğvi” barədə iddianı məcburetmə haqqında iddia növünə aid edərək iddianın mümkün sayılmamasını xahiş etsə də, məhkəmə hesab edir ki, “vergi ödəyicisinin eyniləşdirmə nömrəsi” özlüyündə inzibati akt olmamaqla vergi ödəyicisinin uçota alınmasından (faktiki xarakterli hərəkətindən) sonra onu digər vergi ödəyicilərindən fərqləndirməyə imkan verən eyniləşdirmə nömrəsidir. Buna görə də onun ləğvi barədə iddia öhdəliyin icrası haqqında iddialara aidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia ərizəsindən görünür ki, iddiaçı ona verilmiş VÖEN-in həm etibarsız hesab edilməsi, həm də ləğv edilməsini tələb etsə də, həm məhkəmə iclasında verilmiş izahatlardan, həm də işin hallarından aydın olur ki, həmin tələb ləğv olunma kimi qəbul olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən İddiaçı vergi ödəyicisi kimi uçota alınması qanunsuz hesab edilsin. İddiaçı vergi ödəyicisi kimi uçotunun və ona verilmiş vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) ləğv olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar