Məhkəmə qərarları › İş №2-1(112)-7086/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7086/2022

09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7086/2022 09.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının «Əmək pensiyasının dayandırılması haqqında» xx.xx.2021-ci il tarixli **********1 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X8 pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli **********1 nömrəli qərarının ləğv edilməsi və həmin qərara əsasən dayandırılmış ona təyin olunan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilmiş və təyin edilmiş pensiya üzrə ödənişlər həyata keçirilmişdir. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən pensiya ödənişinin dayandırılması haqqında ona xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Həmin məktubda qeyd edilmişdir ki, «Fondun aidiyyəti mütəxəssisləri tərəfindən araşdırma zamanı vaxtilə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan xx.xx.1987-xx.xx.1998-ci il tarixləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın yüngül sənaye (26) bölməsinin toxuculuq sənayesi bəndində (26.1) nəzərdə tutulmadığı müəyyən edilmişdir. Göstərilən uyğunsuzluqlara baxmayaraq, xx.xx.2013-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2013-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15952,67 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır». Bununla əlaqədar olaraq artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarılması xahiş olunmuşdur. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********3 nömrəli artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında Qərarı ilə ondan xx.xx.2013xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 15952,67 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayonu, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. Həmin qərarın ləğv edilməsi ilə əlaqədar olaraq iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə icraatı zamanı cavabdeh tərəfindən pensiyanın dayandırılması barədə qərarın qəbul edilməsi ona məlum olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının "Əmək pensiyasının dayandırılması haqqında" xx.xx.2021-ci il tarixli, **********1 nömrəli qərarı ilə xx.xx.2013-cü il tarixdə təyin edilmiş pensiya dayandırılmışdır. Həmin qərar qanunsuz və əsassız olduğundan, qanunvericiliyin maddi və prosessual tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, o, cavabdeh tərəfindən həmin inzibati icraata cəlb olunmamış, dinlənilmə hüququ təmin olunmamış, cavabdeh ümumiyyətlə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarla bağlı inzibati icraat aparmamış, qərarda gəldiyi nəticənin əsası kimi hər hansı maddi hüquq normasına istinad etməmişdir. Qərar barəsində ona heç bir məlumat verməmişdir. Cavabdeh həmçinin maddi hüquq normalarının tələblərini pozmaqla qərar qəbul etmişdir. Belə ki, xx.xx.1987-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində "H.Zeynalabdin adına X3"nda Ağardıcı sexində 3-cü dərəcəli laborant vəzifəsində işlədiyinə görə onun güzəştli iş stajı vardır. Həmin vəzifədə işləməyi həm Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 12 nömrəli Qərarına, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan-lara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"na əsasən ona güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verir. Ona görə ki, onun çalışdığı müəssisə yüngül sənaye kateqoriyasına aid edilsə də ona çalışdığı "H.Zeynalabdin adına X3" tərəfindən verilən izahlı arayışda yerinə yetirdiyi əmək funksiyalarının təsvirindən də göründüyü kimi o, kimyəvi analizlərin aparılmasında laborant funksiyasını icra etmiş və onun işlədiyi vəzifə yuxarıda qeyd edilən qərarın 18.8-ci bəndində qeyd edilən "bütün adlarda laborantlar, o cümlədən sex laborantları" kateqoriyasına uyğun gəlməklə ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Cavabdehin pensiyanın dayandırılması ilə bağlı qərarı qanunsuz olmaqla ləğv edilməldir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Fondun aidiyyəti üzrə mütəxəssisləri tərəfindən aparılmış araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən onun təqdim olunan sənədlərində xx.xx.1987-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində “H.Zeynalabdin adına X3” ASC-də laborant vəzifəsində işlədiyinin qeyd olunduğu müəyyən edilmişdir. Adıçəkilən müəssisədə yuxarıda qeyd olunan dövr üzrə adıçəkilən şəxsin işlədiyi laborant vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın yüngül sənaye (26) bölməsinin toxuculuq sənayesi bəndində (26.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona xx.xx.2013-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2013-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15952,67 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və 16 iyun 2021-ci il tarixli **********8 nömrəli məktubla həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə onun yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından “Əmək pensiyanın dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********1 nömrəli qərar qəbul olunmuş və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada tərtib olunmuş xx.xx.2021-ci il tarixli **********3 nömrəli “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərar iddiaçının ünvanına göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmişdir. Qanunvericiliyin müddəalarına əsasən şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən də həll oluna bilər. Bunun üçün inzibati orqan göstərilən məbləğin cavabdehdən tutulmasına dair qərar qəbul etməlidir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar “İnzibati icraat haqqında” Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır. Eyni zamanda bu qəbildən olan işlərin məhkəmədə baxılması və uzun müddət davam edən məhkəmə proseslərinin və çəkişmələrin davam etməsi həmin artıq ödənilmiş məbləğlərin dövlət büdcəsinə qaytarılmasını yubatdığından artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması məqsədilə “İnzibati icraat haqqında” Qanunun 82.1-ci və “İcra haqqında” Qanunun 6.1.8-ci maddələrinin tələblərinə uyğun olaraq eyni məzmunlu icra sənədi verməklə artıq ödənilmiş pensiya məbləğini qaytarmaq üçün tədbirlər görməsi daha məqbuldur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********1 nömrəli Əmək pensiyasının dayandırılması haqqında qərarına əsasən İddiaçı xx.xx.2013-cü ildə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 200 nömrəli arayışında qeyd edilir: V.İ.Lenin adına Toxuculuq Kombinatı xx.xx.1991-ci il tarixdən Azərbaycan Respublikası Yüngül Sənayə Nazirliyinin 350 saylı xx.xx.1991-ci il tarixli əmri ilə H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyi adlandırılmışdır. xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 308 saylı xx.xx.2001-ci il tarixli əmri ilə H.Z.Tağıyev adına BTTB-nin bazası əsasında H.Z.Tağıyev adına X9 Kombinatı ASC yaradılmışdır. X1 xx.xx.1982-ci ildən xx.xx.1998-ci ilədək Boyaq bəzək fabrikində işləmişdir. xx.xx.1987-ci ildən xx.xx.1998-ci ilədək Boyaq bəzək fabrikinin ağardıcı sexində laborant vəzifəsində işləmişdir. İşin xüsusiyyətləri: qəbul edilmiş metodika üzrə analizlərin aparılması hidrogen peroksid, natrium peroksid, hidroksidin, natrium silikatın, xlorun, yumşaldıcıların, kalsium hipoxloridin, qələvi fenoeftaleinin, bisulfat sodasının, həll olmayan azoboyacıların, qaraanilinin və s. maddələrin təhlil olunan materiallarda faiz miqradının çökdürmə filterdən keçirmə suspenziyalarşdırma yolu ilə təyin edilməsi, tərkibin, qatılığın, həll olunmanın, turşuluğunun, qələvinin müəyyən edilməsi, mürəkkəb analizlərin aparılması və ağartma sexinin, appret sexinin boyaq sexinin, naxış sexinin avadanlıqlarında kimyəvi maddələrin və kimyəvi məhsulların xassələrinin təyin olunması. Laboratoriya avadanlığının yığılması, analizlərin nəticələrinin qeyd olunması, laborant tətbiq olunan kimyəvi reaktivlərin xassələrini və onlara olan tələbləri, analizlərin aparılması metodikasının və tətbiq olunan reagentlərin xassələrini, aparılan analizlərin və sinoqların keyfiyyətinə olan tələbləri, həll olma, ekstraksiya və kristallaşma proseslərini, laboratoriya avadanlığının sazlanması və ona xidmət göstərilməsi qaydalarını bilməlidir. Təhlükəsizlik texnikasını və yanğının baş verməməsinə nəzarət etmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək haqqında qərarı, güzəştli şərtlərlə pensiya almağa səlahiyyət verir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İddiaçıya 52 yaşının təmam olduğu xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin Əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli **********1 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2013-cü ildə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması qərara alınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçının "xxxx" ASC-də xx.xx.1987-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi laborant vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın yüngül sənaye (26) bölməsinin toxuculuq sənayesi bəndində (26.1) nəzərdə tutulmadığından güzəştli iş stajının olmaması səbəbi ilə iddiaçıya təyin edilmiş pensiyanin ödənilməsi dayandırılmışdır. Lakin iş materiallarında olan sənədlərdən, eləcə də "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının "xxxx" ASC-də xx.xx.1987-ci ildən xx.xx.1998-ci ilədək Boyaq bəzək fabrikinin ağardıcı sexində işlədiyi laborant vəzifəsi (yerinə yetirdiyi funksiyalar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda 26-cı bölmə - Yüngün sənaye, 26.1. Toxuculuq sənayesi, ümumi peşələr, fəhlə vəzifəsinə uyğundur. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və məhkəməyə təqdim edilmiş iddiaçıya güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Ona görə də qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı kimi nəzərə alınmalıdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X8 pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli **********1 nömrəli qərarı ləğv edilsin və həmin qərara əsasən dayandırılmış İddiaçı təyin olunan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar