Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7087/2024 30.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 500 kv. m. torpaq sahəsində tikilmiş ümumi sahəsi 188,5 kv. m. olan 13 saylı bağ evi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, məhkəmədən “Qum adası” NQÇ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının 02 №-li, xx.xx.1993-cü il tarixli protokoluna əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən sahəsi 500 kv. metrdən ibarət 13 saylı bağ torpaq sahəsinə dair xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər XDS İK-nın 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarı və Bakı Şəhər XDS İK Baş Memarlıq-Planlaşdırma İdarəsinin təsdiq etdiyi 1988-ci il tarixli eskiz layihəsinə əsasən Bakı şəhəri, Orjonokidze rayonu, “Qum Adası” NQÇİ-yə 250 üzvdən ibarət bağçılıq yoldaşlıq təsərrüfatı üçün "Azneft" İB-nin ərazisində torpaq sahəsi ayrılmışdır. Qum Adası" NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqi Komitəsinin Rəyasət Heyətinin birgə iclasının xx.xx.1993-cü il tarixli, 02 saylı protokolu ilə “B” 13 saylı 500 kv. m. bağ sahəsi onun daimi istifadəsinə verilmiş və eyni zamanda ona 14 iyul 1993-cü il tarixdə 169 nömrəli “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlük kitabçası təqdim edilmişdir. “B” 13 saylı 500 kv. m. bağ sahəsinin eskizi də protokola əlavə edilmişdir. “Qum Adası” NQÇİ-nin idarə heyəti bağçılıq və Həmkarlar İttifaqi Komitəsinin arayışlarından görünür ki, ona ayrılmış torpaq sahəsinin üzərində bağ evinin tikilməsinə etiraz edilmir və həbs, qadağa yoxdur. Yuxarıda qeyd olunan sənədlər AN-011336 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin tərtib edilməsinə əsas olmuş sənədlərdir və onun "xxxx" MMC-yə sorğusu əsasında xx.xx.2023cü il tarixdə təqdim edilmişdir. AN-011336 nömrəli, xx.xx.2007-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 500 kv. metr torpaq sahəsi 13 saylı bağ evinin tikintisi üçün ona Bakı şəhər XDS İK-nın 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarı əsasında ayrılmışdır. Sənəddə torpaq sahəsinin yerləşmə yeri və dəqiq koordinatları göstərilmişdir. xx.xx.2008-ci il tarixli, 99-E/8 nömrəli "Bakı Şəhər Ekspertiza Mərkəzi"nin Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi 13 saylı bağ sahəsində 1 mərtəbəli, zirzəmili fərdi yaşayış evi layihəsini ekspertizanın verdiyi iradların nəzərə alınması şərti ilə razılaşdırmaq və tikinti üçün tövsiyə etmək olar. O, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 500 kv. metr torpaq sahəsində tikilmiş ümumi sahəsi 188.5 kv. metr olan 13 saylı bağ evinin qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətə cavab verməmişdir. Həmin bağ sahəsi 1993-cü ildə “Qum Adası” NQÇİ "Bahar" bağçılıq yoldaşlığının qərarına əsasən ona ayrılmış, orada ev inşa etmiş və 2008-ci ildən həmin evdə yaşamaqla bütün kommunal xərclər (elektrik enerjisi, qaz və s. üzrə) onun tərəfindən ödənilmişdir. Cavabdeh inzibati orqana xx.xx.2024 -cü il tarixdə müraciət etsə də, müraciətə heç bir cavab verilməmiş, bağ evinə baxış keçirilməmiş, ümumiyyətlə, müraciət üzrə heç bir inzibati hərəkətlər aparılmamışdır. Cavabdeh inzibati orqanın hərəkətsizliyi məhkəməyə müraciət etmək üçün əsas vermişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 28 fevral 2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: xx.xx.2024-cü il tarixdə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 500 kv. m. torpaq sahəsində tikilmiş ümumi sahəsi 188.5 kv. metr olan 13 saylı bağ evi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı deyil, həmin ünvanda yerləşən torpaq sahəsi ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə idarəyə müraciət etmiş və **********56 xricolma nömrəli müvafiq məktubla cavab verilmişdir. 1 saylı Bakı Ərazi idarəsinə təqdim edilmiş “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xdmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında”AR Qanununun 2.1-ci və AR İPM-nin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ və digər məhdud əşya hüququnun prezumpsiyasını yaradır. Daşınmaz əmlakın icarəsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X2 məhkəmə iclasında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlakın mülkiyyətçisi olan iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nün notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı Qərarı və “Bahar” b/y-nın xx.xx.1993-cü il tarixli 02 saylı protokolu ilə Suraxanı rayonu Zığ qəsəbəsindən 13 saylı bağ evinin tikintisi üçün 500 kv. m. torpaq sahəsi ayrılmışdır. Bu barədə X3 kitabında xx.xx.2007-ci il tarixdə 2572 nömrə ilə uçota alınmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının “Yaşayış evlərinin tikintisinə icazə verilməsi haqqında” 73 №-li, xx.xx.2008-ci il tarixli sərəncamdan çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, vətəndaş İddiaçı yaşayış evinin tikintisinə icazə verilməsi barədə ünvan 1 ünvanda yaşayan vətəndaş İddiaçı Suraxanı Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Zığ qəsəbəsində ona məxsus bağ sahəsində rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq bağ evinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DTXK-nin Bakı şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə (A № 011336) əsasən Zığ qəsəbəsində 13 saylı bağ evinin tikintisi üçün 500,00 kv. m. torpaq sahəsi vətəndaş İddiaçı məxsusdur. Qeyd olunanlara və Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Ekspertiza Mərkəzinin xx.xx.2008-ci il tarixli B-1/1- 39 saylı məktubuna istinad edərək qərara alınmışdır: İddiaçı Zığ qəsəbəsində 13 saylı bağ evinin tikintisi üçün ona məxsus torpaq sahəsində rayon icra hakimiyyəti tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq bağ evinin tikintisinə icazə verilsin ( 35.1-ci bənd). Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Ekspertiza Mərkəzi tərəfindən sifarişçi İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi 13 saylı bağ sahəsində 1 mərtəbəli, zirzəmili fərdi yaşayış evi ilə bağlı sifarişi əsasında verilmiş 99-E/8 №-li, xx.xx.2008-ci il tarixli rəyin surətindən müəyyən olunur ki, torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı məxsus 500,0 kv. m. torpaq sahəsi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 13 saylı bağ sahəsində yerləşir. Sahədə 1 mərtəbəli, zirzəmili fərdi yaşayış evi layihələndirilmişdir. Binanın planda oxlararası ölçüləri 11,8 x 9,7 m-dir, hündürlüyü 5,4 mdir. Ümumi sahəsi 188,5 kv. m., yaşayış sahəsi 32,0 kv. m., köməkçi sahəsi 156,5 kv. m. Rəyin nəticə hissəsində qeyd olunmuşdur ki,- “Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi 13 saylı bağ sahəsində 1, mərtəbəli fərdi yaşayış evi” layihəsini ekspertizanın verdiyi iradların nəzərə alınması şərti ilə razılaşdırılmaq və tikinti üçün tövsiyyət etmək olar. Suraxanı rayon İcra Hakimiyyəti Aparatının Layihə-smeta bürosu tərəfindən tərtib olunmuş İddiaçı məxsus Suraxanı rayonu, Zığ qəsəbəsi ünvanında yerləşən 1 mərtəbəli, zirzəmili, 2 otaqlı yaşayış evinin layihəsi xx.xx.2008-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış 3-21-3-60/2-2606/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş AN-011336 (kod **********0156) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri: Bakı şəhəri Xalq Deputatları İcraiyyə Komitəsinin “Bağçılıq yoldaşlıq təsərrüfatı üçün torpaq sahəsinin ayrılması haqqında” 20/396 №-li, xx.xx.1987-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, qeyd olunan qərarla Bakı şəhəri, Orjonikidze rayonu, “Qum Adası” NQÇİ-yə 250 üzvdən ibarət bağçılıq yoldaşlıq təsərrüfatı üçün "Azneft" İB-nin ərazisində torpaq sahəsi ayrılması qərara alınmışdır. “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının 02 №-li xx.xx.1993-cü il tarixli protokolundan çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı xahişinin nəzərə alınması və ona 500 kv. m. torpaq sahəsi olan b1.”B” 13 saylı bağ sahəsinin daimi istifadə etmək üçün verilməsi qərara alınmışdır. Eyni zamanda “Qum adası” NQÇİ-nin bağçılıq təsərrüfatında yerləşən İddiaçı M. qızının 1993-cü ildə 02 saylı protokola əsasən verilmiş b1.”B” 13 saylı bağ sahəsinin eskizi tərtib olunmuşdur. “Bahar” Baçılıq Yoldaşlıq tərəfindən verilmiş 169 №-li üzvlük kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1993-cü ildə “Bahar” Bağçılıq Yoldaşlığa üzv qəbul edilmişdir. “Qum adası” NQÇİ Həmkarlar İttifaqı Komitəsi tərəfindən verilmiş arayışlarda (surəti) qeyd olunmuşdur ki; - İddiaçı M. qızının 1993-cü il 03 oktyabr tarixli 02 saylı protokola əsasən onun daimi istifadəsi üçün verilmiş 500 kv. m. torpaq sahəsinin D.T.X.K-nin Bakı şəhər şöbəsində özəlləşdirilməsinə etiraz etmirlər. - “Qum adası” NQÇİ-nin Bağçılıq-yoldaşlıq cəmiyyətinin sahəsi olan xx.xx.1993-cü il tarixli protokoldan çıxarış, İddiaçı M. qızına verilmiş bağ evi tikintisi üçün 500 kv. m. torpaq sahəsinə həbs, qadağa və məhdudiyyət yoxdur. Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Zığ bağ massivində yerləşən B-13 saylı bağ sahəsinin yerləşdiyi torpaq sahəsi hüquqmüəyənedici sənəd üzrə 500 kv.m., faktiki sahəsi 542 kv.m.-dir. Bağ sahəsi hasar daxilindədir. Sahədə yarımzirzəmili, bir mərtəbəli ev, köməkçi və həyət tikililəri var. Bağ sahəsinə ləğv edilməmiş DT və XK tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Sahədəki evin cüzi 1 hissəsi (4 kv.m) plan ölçüdən kənara düşdüyündən evin faktiki tikintialtı nəzərə alınmaqla 500,0 kv.m., sahənin koordinatları əlavə olunmuşdur. İddiaçı hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********56 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmışdır. İdarənin arxivində mövcud olan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar edilməmişdir. Bundan başqa, qeyd olunan torpaq sahəsinə dair Bakı İnzibati Məhkəməsinin İcraatında 2-1(112)-7087/2024 saylı məhkəmə işi mövcuddur və qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Tətbiq edilən hüquq. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... - 8.0.5. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası.
9. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
İPM. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı məhkəməyə müraciət edərək istifadəsində olan bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. İddiaçının üzərində mülkiyyət hüququnu qeydiyyata alınmasını tələb etdiyi 500 kv. m-dən ibarət torpaq sahəsi Qum adası” NQÇ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının 02 №-li, xx.xx.1993-cü il tarixli protokoluna əsasən onun istifadəsinə verilmişdir. İddiaçı xx.xx.1993-cü ildə “Bahar” Bağçılıq Yoldaşlığa üzv qəbul edilməsi barədə “Bahar” Baçılıq Yoldaşlıq tərəfindən verilmiş 169 №-li üzvlük kitabçası hal-hazırda qüvvədə olmaqla cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Cavabdehin imtina cavabından göründüyü kimi mübahisəli torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını mümkünsüz hesab etməsinin əsası kimi göstərilmişdir ki, İdarənin arxivində mövcud olan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar edilməmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur ki, iş materiallarında İddiaçı xx.xx.1993-cü ildə “Bahar” Bağçılıq Yoldaşlığa üzv qəbul edilməsi və torpaq sahəsinin ayrılması barədə “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının 02 №-li xx.xx.1993-cü il tarixli protokolu mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın konkret əsasları göstərilmişdir. Məhkəmə nəzərə alır ki, hazırkı iş üzrə iddiaçının mübahisəli Bağ Torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, “Qum adası” NQÇ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının 02 №-li, xx.xx.1993-cü il tarixli protokoluna əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən sahəsi 500 kv. metrdən ibarət 13 saylı bağ torpaq sahəsinə dair xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. “Qum adası” NQÇ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının 02 №-li, xx.xx.1993-cü il tarixli protokoluna əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən sahəsi 500 kv. metrdən ibarət 13 saylı bağ torpaq sahəsinə dair xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev