Məhkəmə qərarları › İş №2-1(112)-7087/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7087/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7087/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərbəst toplaşmaq hüququnun təmin edilməsi və mənəvi zərərin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar məhkəməyə iddia ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin iddiaçılara ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubunun qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi; vurulmuş mənəvi zərərin əvəzi olaraq hər iddiaçının xeyrinə 10.000 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-550/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, X2 təyin edilmiş pensiya ödənişinin dayandırıldığı xx.xx.2019-cu il tarixindən bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərarın icrasını təmin etmək əvəzinə 06 sentyabr 2024-cü il tarixdə və 3 dekabr 2024-cü il tarixli məktublarında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə məktub göndərilmişdir və sorğulara cavab alındıqdan sonra məsələyə baxılacağı bildirilir. Görünən odur ki, cavabdeh qurum sadəcə məhkəmə qərarını icra etmir. Nəticədə vətəndaşın hüquqları pozulur. İş üzrə iddiaçılar məhkəmə qərarının icra edilməməsi ilə bağlı sərbəst toplaşmaq azadlığından istifadə etmək üçün Bakı şəhər İcra Hakimiyyətinə sərbəst toplaşmaq hüqununun təmin edilməsi ilə bağlı cavabdehə müraciət ünvanlamışlar. Müraciətdə qeyd edilmişdir ki, “Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmə qərarının icrası məcburidir. Yuxarıda əks olunan məhkəmə qərarının icra edilməməsinə etiraz olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşısında piket keçirilməsinə dair qərar verilmişdir. Piketdə 20 nəfərədək adam iştirak edəcək. Piketin keçirildiyi vaxt: 08 yanvar 2025, saat 12-00; Piketin keçirildiyi yer: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısı; Müddət: yarım saat; Səsləndiriləcək şüarlar: “Məhkəmə qərarı icra edilsin. Dövlətin adından çıxan sənədə hörmət edilsin.” Piketdə səsgücləndiricidən istifadə ediləcəkdir. Piketin sonunda müvafiq bəyanat Nazirliyin rəhbərliyinə çatdırılacaqdır. Xahiş edirik müvafiq icazə verilmərazılaşdırılma tədbirləri həyata keçirəsiniz”. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx/xx/2024-ci il tarixli məktubda bildirilmişdir ki, toplantı keçirilməsi haqqında müraciətiniz “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-c hissəsi və 9-cu maddəsinin 3-ci hissəsinə cavab vermir. Qeyd olunanı nəzərə alaraq 08 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin qarşısında piketin keçirilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçılar hesab edir ki, cavabdeh orqanın hərəkəti qanunsuzdur.

3. Cavabdeh tərəfindən iddiaçılara ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, toplantı keçirilməsi haqqında müraciət “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinin və 9-cu maddəsinin İİİ hissəsinin tələbinə cavab vermir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, 08 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binası qarşısında planlaşdırılmış piketın keçirilməsi məqsədəuyğun hesab edilmir.

4. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Rəşid iqnatyeviç Temır-Bulatova dair Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 7 sentyabr 2023-cu ıl tarixli 2-1(112)-550/2023 nömrəli məhkəmə qərarının icrası ilə əlaqədar müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı “Heydər Əliyev adına X13” və “Azneft” İstehsalat Birliyinə sorğu verilmişdir. Sorğulara cavab verildikdən sonra adıçəkilən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi məsələsinə baxılacaqdır.

5. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, X2 dair məlumatların araşdırıması zərurəti yaranıb. Müvafiq araşdırma yekunlaşdıqdan sonra müraciətdə qeyd edilən məsələyə baxılacaqdır.

II. İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X7rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X8rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

10. X12 Konvensiyasının 11-ci maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığı demokratik cəmiyyətdə əsas hüquqlardan biridir və fikri sərbəst ifadə etmək azadlığı kimi belə bir cəmiyyətin özüllərindən birini təşkil edir. Buna görə də o, məhdudlaşdırıcı təfsir edilməməlidir (yuxarıda qeyd edilmiş “Çavit An” işi, 56-cı bənd). Buna görə də dövlətlər sadəcə dinc toplaşmaq hüququnu təmin etməməli, eyni zamanda həmin hüququn həyata keçirilməsinə əsassız olaraq dolayı yollarla məhdudiyyətlər tətbiq etməkdən də çəkinməlidirlər. Sərbəst toplaşmaq azadlığının mühüm xarakteri və onun demokratiya ilə yaxın bağlılığı nəzərə alınarsa, bu hüquqa müdaxilənin əsaslandırılması üçün inandırıcı və təkzibolunmaz səbəblər olmalıdır. (Tahirova Azərbaycana qarşı iş, № 47137/07, xx.xx.2013, “X3rşı” (Ouranio Toxo v. Greece, no. 74989/01 , § 36, ECHR 2005X (extracts)) və “Adalı Türkiyəyə qarşı” (Adalı v. Turkey, no. 38187/97, § 267, 31 March 2005)).

11. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında dəfələrlə qeyd olunmuşdur ki, ictimai toplantıların həyata keçirilməsi zamanı əsas tələb müvafiq dövlət orqanlarına əvvəlcədən xəbərdarlıq edilməsidir (Qafqaz Məmmədov Azərbaycan qarşı, no 60259/11, 15 oktyabr 2015, § 55).

12. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.

13. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. İİ. Yazılı xəbərdarlıqda aşağıdakı məlumatlar olmalıdır: 1) keçirilməsi nəzərdə tutulmuş toplantının forması; 2) toplantının ümumi məqsədi; 3) toplantının keçirilmə yeri və vaxtı; 4) iştirakçıların təxmini sayı; 5) küçə yürüşü keçirilirsə, onun təklif edilən marşrutu (yürüşün başlanma yeri, məsafəsi və bitəcəyi yer); 6) toplantı təşkilatçıları barədə məlumat (fiziki şəxsin adı, soyadı, atasının adı, və ünvanı; hüquqi şəxsin adı və hüquqi ünvanı); 7) yazılı xəbərdarlığın təqdim edildiyi tarix; 8) əlaqə telefonları və ya onlar olmadıqda əlaqə ünvanı. Müvafiq icra hakimiyyəti orqanının qərarı qəbul edilənədək təşkilatçılar tərəfindən əlavə məlumatlar təqdim oluna bilər.

14. Məhkəmə qeyd edir ki, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək üçün müvafiq dövlət orqanları tərəfindən şərait yaradılması və qərar qəbul edilməsi tələbi Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmamışdır. Beləliklə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu Konstutusiyada nəzərdə tutulmayan “müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul edilməsi” tələbini müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır.

15. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır.

16. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasında yalnız müvafiq dövlət orqanlarına qabaqcadan xəbərdarlıq etmək tələbi nəzərdə tutulduğundan iddiaçıların hazırki tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Odur ki, iddiaçıların sərbəst toplaşmaq azadlığına hər hansı müdaxilə mövcud deyildir.

17. Digər tərəfdən məhkəmə nəzərə alır ki, iddia ərizəsinin və Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan “piket keçirilməsinə dair” müraciətin məzmunundan aydın olur ki, birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 piket keçirməkdə məqsədi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən digər şəxsin - X1 hüquqlarının pozulmasının qarşısını almaqdır.

18. Məhkəmə qeyd edir ki, fərdi ədalət modeli bəzi hallarda sistematik və institusional ayrıseçkiliyi sübut etmək üçün səmərəli vasitə kimi çıxış etmir. Bu səbəbdən sistematik hüquq pozuntusu aşkar edildiyi hallarda “actio popularis” hüquq prinsipindən istifadə edilir. “Actio popularis” prinsipinin mahiyyəti digər şəxsin hüquqlarını müdafiə etmək və bərabərlik prinsipini təmin etmək məqsədilə üçüncü şəxs tərəfindən həyata keçirilən hüquqi müdadiə vasitələri ilə bağlıdır.

19. Prinsipcə, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qarşısında “actio popularis” prinsipindən istifadəyə icazə verilmir. Avropa İnsan Hüquqları Konvensiyasının (AİHM) 34cü maddəsinə əsasən, şəxs, qeyri-hökumət təşkilatı və ya ayrı-ayrı şəxslər qrupu Konvensiyada və ona dair Protokollarda təsbit edilmiş hüquqların pozulmasının qurbanı olduqlarını sübuta yetirdikdə şikayət verə bilər. AİHM qərara almışdır ki, şəxsin bu cür pozuntunun qurbanı olması üçün şəxs etiraz edilən tədbirin birbaşa təsirinə məruz qalmalıdır və Konvensiya “actio popularis” prinsipi əsasında fərdi hüquqların pozulması ilə bağlı şikayətlərin verilməsini nəzərdə tutmur (e.g. Tănase v. Moldova [GC], no. 7/08, § 104, ECtHR 2010).

20. Odur ki, məhkəmə hesab edir ki, məhz X1 pozulmuş fərdi hüquqlarının (pensiya təminatı hüququnun) müdafiə edilməsi məqsədilə digər şəxslər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (hazırkı iddia tələbi üzrə birgə iddiaçılar) tərəfindən hüquqi müdafiə tədbirlərinin həyata keçirilməsinə hər hansı hüquqi maraqları mövcud deyildir.

21. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə real və ciddi mübahisənin mövcud olduğu müəyyən edilmir.

22. Odur ki, iddia mümkün sayılmamalıdır.

23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

24. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar