Məhkəmə qərarları › İş №2-1(112)-7089/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7089/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7089/2023 23.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qarşı “elektron qaydada qeydiyyata alınmış əmək müqavilələrinin “Əmək və Məşğulluq” altsistemində ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinə qarşı "xxxx" MMC və “X9 QTG” MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmış əmək müqavilələrinin “Əmək və Məşğulluq” altsistemində ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə həvalə edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının xəbəri, razılığı olmadan və rəsmi əmək müqaviləsi bağlanmadan "xxxx" və “X9 QTG” MMC-lərin baş direktoru X5 tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə saxta əmək müqaviləsi bildirişi daxil edilmiş və elektron informasiya sistemində qeydiyyata alınmışdır "xxxx" MMC-də (VÖEN:**********) xx.xx.2020-ci il tarixdə xxxxxxx00700 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən 250 manat əmək haqqı ilə kompüterçi vəzifəsinə, “X9 OTG” MMC-də (VÖEN **********) xx.xx.2020-ci il tarixində xxxxxxx000800 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən 250 manat əmək haqqı ilə montajçı-texnik vəzifəsinə əmək müqavilələri bağlamışlar. Məsələ ilə bağlı məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6789/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbinə əsasən cavabdeh "xxxx" MMC-nin və “X9 OTG” MMCnin üzərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəziləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış İddiaçı ilə əmək müqavilələrinin bağlanması ilə əlaqədar bildirişlərin ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədi Bakı şəhəri Binəqədi rayon icra şöbəsində icraya yönəldilmişdir. İcra məmuru tərəfindən araşdırma nəticəsində məlum olmuşdur ki, Fərid Hüseynov həbs edilmişdir və Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən alınmış məlumatda X3 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edildiyi və cəzasını 2 saylı Cəzaçəkmə müəssisəsində çəkdiyi müəyyən edilmişdir. Həmin müəssisənin rəhbərliyi tərəfindən Fərid Hüseynov icra sənədinin məzmunu və tələbi ilə məlumatlandırılmışdır. Fərid Hüseynov rəsmi qaydada 2019-cu ildə özünə iş axtarması məqsədilə metronun “20 Yanvar” stansiyası yaxınlığında iş elanı ilə bağlı iki nəfər şəxs tərəfindən aldadılaraq ona sənədə imza etdirilmişdir. Həbs olunduqdan sonra ev ünvanına gəlmiş məktublardan ona məlum olmuşdur ki, adına hansısa şirkət vardır. Lakin F.Hüseynov şirkətin nə olduğunu və heç bir vətəndaşla müqavilə bağlamadığını, şirkətin harada yerləşdiyini, nə ilə məşğul olduğunu, həmçinin rəhbərliyi barədə heçnə bilmədiyini bildirmişdir. Beləliklə, qeyd olunan əsaslara görə Binəqədi rayon İcra şöbəsi icra sənədinin icrası mümkün olmadığından xx.xx.2022-ci il tarixli qərarla həmin icra sənədini Binəqədi Rayon Məhkəməsinə geri qaytarmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək "xxxx" MMC və “X9 QTG” MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmış əmək müqaviləsinin “Əmək və Məşğulluq” altsistemində ləğv edilməsini xahiş etmişdir. Cavabdeh 10 fevral 2023-cü il tarixli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti əmək müqaviləsinin “Əmək və Məşğulluq” altsistemində ləğv edilməsi məhkəmə qərarı əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə həvalə edildiyindən icra sənədini icra etməkdən imtina etmişdir.

3. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 10 fevral 2023-cü il tarixli məktubda qeyd edilir: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(001)-6789/2021 nömrəli 2022-ci il 4 oktyabr tarixli qiyabi qətnamədə əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişin ləğv edilməsi barədə öhdəlik cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vastəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyat alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin ”h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindəndir. Əmək müqaviləsinin “Əmək və Məşğulluq” altsistemində ləğv edilməsi məhkəmə qərarı əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə həvalə edildiyi halda icra oluna bilər.

4. Cavabdehin etirazını onunla əsaslandırmışdır ki, işəgötürən "xxxx" MMC və “X9 QTG” MMC ilə arasında xitam verilməmiş əmək müqaviləsi mövcud olsa da, iddiaçının razılığı olmadan iddiaçı ilə rəsmi əmək müqaviləsi bağlanmadan işəgötürənlər tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə saxta əmək müqaviləsi bildirişi daxil edilmiş və elektron informasiya sistemində qeydiyyata alınmışdır. Əmək münasibətlərindən irəli gələn tələblər fərdi əmək mübahisəsi olduğu və bu mübahisə mülki xarakter daşıdığı halda iddiaçı qeyd olunan mübahisə ilə bağlı inzibati məhkəməyə müraciət etmiş, bununla da məhkəmə aidiyyəti normaları pozulmuşdur. İddiaçı iddiasında qeyd edir ki, iddiaçının razılığı olmadan iddiaçı ilə rəsmi əmək müqaviləsi bağlanmadan işəgötürənlər tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə saxta əmək müqaviləsi bildirişi daxi edilmiş və elektron informasiya sistemində qeydiyyata alınmışdır. Halbuki, iddiaçı eyni iddia tələbi ilə bağlı ümumi məhkəməyə müraciət etmiş və iddia ərizəsində əmək müqaviləsinin etibarsız hesab edilməsi yox, əmək müqaviləsinə xitam verilməsi tələbini göstərmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq şəxsin məlumatlarının qanunsuz elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı məsələni araşdırmamış və iddia tələbi üzrə əmək müqaviləsinə xitam verərək əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi vəzifəsini işəgötürənə həvalə etmişdir. Hazırda isə eyni iddiaçı eyni əmək müqaviləsi ilə bağlı fərqli hallar irəli sürmüş və bildirdiyinə görə işəgötürən tərəfindən hüquqlarının pozulması ilə bağlı məsələni aidiyyət qaydalarını pozaraq inzibati məhkəmədə araşdırılmasını xahiş etmişdir. Belə olan halda qeyd olunan mübahisənin araşdırılması və eyni əmək müqaviləsinə fəqli qiymət verilməsi məqsədəmüvafiq hesab edilə bilməz. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-6789/2021 nömrəli qiyabi qətnaməsi ilə iddiaçı ilə cavabdehlər "xxxx" MMC və “X9 QTG” MMC arasında bağlanmış əmək müqavilələrinə xitam verilməsi və bildirişin ləğv edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması qət edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçı ilə cavabdehlər "xxxx" MMC və “X9 QTG” MMC ilə İddiaçı arasında olan əmək müqavilələrinə hüquqi qiymət verilmiş və həmin müqavilələrə etibarsız hesab edilmədən xitam verilmişdir. Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələb Xidmətin səlahiyyətlərinə aid deyildir və belə vəzifə Xidmətin üzərinə qoyula bilməz.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyək onun mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II. İddianın mümkünlüyü

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

8. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: 4.İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

9. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti mülkiyyət və təşkilatıhüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

10. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürən əsas vəzifələrindən biridir. Əmək qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi elektron informasiya sistemində qeydiyyata alındıqdan və bu barədə həmin sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra qüvvəyə minir. Məhkəmə ilkin olaraq onu qeyd edir ki, cavabdeh inzibati orqan əmək müqaviləsinin tərəfi deyil. Belə olan halda, iddiaçının istinad etdiyi əmək müqaviləsinin elektron informasiya sistemindən çıxarılması ilə bağlı cavabdehin qanunla üzərinə düşən öhdəliyi ola bilməz. Ümumiyyətlə, əmək müqaviləsinin ləğv edilməsi və əmək münasibətləri ilə bağlı öhdəliklərə xitam verilməsi ilə əlaqədar məhkəmə mübahisələrinə mülki qanunvericiliyin tələbləri qaydasında mülki mühakimə icraatı qaydasında baxılır.

11. Məhkəmə müəyyən edir ki, cavabdeh inzibati orqan olsa belə, ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, iddiaçı ilə işəgötürəni arasındakı əmək münasibətlərindən irəli gəlir. Belə ki, X6 Xidmətinin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələblər Xidmətin səlahiyyətlərinə aid deyildir.

12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

13. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar