Məhkəmə qərarları › İş №2-1(112)-709/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-709/2025

14.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-709/2025 14.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi və s.” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2023-cü il tarixli qərarın iddiaçıya aid hissədə, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, xx.xx.2023-cü il tarixli göndəriş əsasında F43.1 diaqnozu nəzərə alınmaqla iddiaçıda olmaqla ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 44 günlük Vətən Müharibəsində iştirak etmiş və xx.xx.2020-ci il tarixdə döyüş vaxtı yaralanmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Səhiyyə Nazirliyinin 2 №-li X1, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında və xx.xx.2023-cü il tarixdən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinədə və müalicədə olmuşdur. xx.xx.2023-cü il tarixdə AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə ona təyin olunmuş Diaqnoz-xəsarət “Orta (mülayim) dərəcədə ifaə olunmuş uzunmüddətli posttravmatik sterss pozuntusu, anamnezində suisidal cəhd. Orta (mülayim) dərəcədə ifaə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranış pozuntuları ilə. Vegetativ damar distoniyası, nevrotik təzahürlərlə.” “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” ifadəsi ilə göstərilmişdir. Diaqnoz-xəstəlik isə “Baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntular ilə” “Ümumi Xəstəlikdir” səbəb əlaqəsilə ifadəsi ilə göstərilmişdir. Daha sonra iddiaçı 2023-cü ildə ona əlillik təyin olunması üçün qeydiyyatda olduğu poliklinikaya müraciət etmiş və poliklinikadan müvafiq Forma 88 tərtib olunaraq AR Səhiyyə Nazirliyinə göndərilmişdir. Lakin ona xx.xx.2023-cü il tarixdə keçirilmiş qiymətləndirmə vaxtı imtina cavabı verilmişdir. Əlilliyinin səbəbinin dəyişdirilməsindən imtina ona xx.xx.2023-cü il tarixdə məlum olmuşdur. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassız olmuşdur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti DTSERA-da yenidən qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası xx.xx.2023-cü il tarixdə vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 5377 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, anamnezində suisidal cəhd. Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranış pozuntuları ilə. Vegetativ damar distoniyası, nevrotik təzahürlərlə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Baş-beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntular ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 7502/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beynin üzvi (travmatik mənşəli) zədələnməsi nəticəsində şəxsiyyətin kəskin dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntular ilə. Posttravmatik stress pozuntusu. Anamnezində suisidal cəhd” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Avrasiya klinikasının xx.xx.2023-cü il tarixli Baş-beyin MRT müayinəsi nəticəsi: “Talamusda 12x5 mm xroniki dövr işemik ocaq. Supratentorial sahədə T2, flair hiperintens millimetrik işemik qliotik ocaq” kimi qeyd olunmuşdur. Zahirən gərgin, narahat olmuş, ünsiyyət zamanı səbrsiz və ya qıcıqlı cavablar vermiş, konfliktə meyilli olmuşdur. Emosional-labillik izlənilmiş, düşüncəsi aydın, bələdliyi tam olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi şəxsiyyət dəyişikliyi, psixopatabənzər sindrom. Anamnezində düşüncənin alaqaranlıq vəziyyəti” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qeyd: Travma haqqında arayış yoxdur. Beləliklə əyani müayinənin nəticəsində vətəndaşa əlillik təyinatının aparılması mümkün olmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı 2 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli forma 088 arayışından görünür ki, iddiaçıda: Əsas diaqnoz: “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyin üzvi (travmatik mənşəli) zədələnməsi nəticəsində şəxsiyyətin kəskin dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşüncəsinin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntuları ilə. Postravmatik stress pozuntusu. Anamnezində suisidal cəhdlərlər” (F07.0) Ağırlaşma: “Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş beyin üzvi (travmatik mənşəli) zədələnməsi nəticəsində şəxsiyyətin şəxsiyyətin kəskin dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşüncəsinin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntuları ilə. Postravmatik stress pozuntusu. Anamnezində suisidal cəhdlərlə” (F07.8) Ağırlaşma: “Yüngül koqnitiv pozuntu. Baş beyin üzvi (travmatik mənşəli) zədələnməsi nəticəsində şəxsiyyətin şəxsiyyətin kəskin dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşüncəsinin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntuları ilə. Postravmatik stress pozuntusu. Anamnezində suisidal cəhdlərlə” (F06.7) Tibbi-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-18116/2023 nömrəli qərarına əsasən İddiaçı “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərarın qəbul edilməsi qərara alınmışdır. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, SHC70SB0002 nömrəli qərarına əsasən İddiaçı əlilliyin təyin olunmasından imtina olunmuşdur. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə aşağıdakilar müəyyən olunur: -İddiaçı hal-hazırda davamlı posttravmatik stress pozuntusu, davranış pozuntuları və anamnezində suisidal fikirlərlə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F43.1) müəyyən edilir. -Qərarda qoyulmuş suallar şəxsin qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyildir. -Yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntunun onun aldığı müalicələrə baxmayaraq pozuntu əlamətlərinin təkrarən davam etdiyi üçün İddiaçı müəyyən edilən psixi pozuntunun dəqiq proqnozunu vermək mümkün deyildir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Yuxarıda səciyyələnmiş bəndlərin təhlilinə keçməzdən əvvəl, məhkəmə bildirir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Əlilliyin təyin olunması meyarlarını tənzimləyən qanunvericilik şəxsin birinci, ikinci və ya üçüncü dərəcəli əlilliyin təyin olunması üçün xəstəliklərin əhatə dairəsini müəyyən etmiş və əlillik dərəcələrinin müddətini şərtləndirmişdir. Məhkəmə diqqətə çatdırır ki, Bakı 2 nömrəli X4 tərəfindən təqdim edilmiş xx.xx.2023cü il tarixli forma 088 arayışına əsasən, iddiaçıda əsas diaqnoz olaraq F07.0 kodu altında "Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyin üzvi (travmatik mənşəli) zədələnməsi nəticəsində şəxsiyyətin kəskin dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşüncəsinin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntuları ilə. Postravmatik stress pozuntusu. Anamnezində suisidal cəhdlərlər" xəstəliklərin mövcudluğu göstərilmişdir. Bununla belə, məhkəmə araşdırması çərçivəsində təyin edilmiş ekspert rəyi ilə iddiaçıda "davamlı posttravmatik stress pozuntusu, davranış pozuntuları və anamnezində suisidal fikirlərlə" xəstəliklərin olduğu müəyyən edilmiş və bu hallar F43.1 kodu altında təsnifləşdirilmişdir. Məhkəmə qeyd edir ki, baxmayaraq ekspert rəyi ilə müəyyən olunmuş diaqnoz F43.1 kodu altında yer alsa da, forma 088 arayışında tibb müəssisəsi tərəfindən bu koda ayrıca istinad edilməmiş, lakin həmin diaqnozun əlamətləri və tərkib hissələri əsas diaqnoz kimi göstərilən F07.0 kodlu xəstəlik çərçivəsində nəzərə alınmışdır. Əlilliyin müəyyən olunması meyarlarına istinad edildikdə aydın olur ki, forma 088 arayışında iddiaçıya aid əsas diaqnozlar sırasında həmçinin ekspert rəyi ilə təsdiqlənmiş və F43.1 kodu altında qeyd olunan "davamlı posttravmatik stress pozuntusu" xəstəliyi də mövcuddur. Bu isə onu göstərir ki, ekspert rəyində əks olunmuş sözügedən xəstəlik həm normativ meyarlarda öz əksini tapmış, həm də tibb müəssisəsi tərəfindən iddiaçıya əsas diaqnoz kimi tanınmışdır. Bundan əlavə, forma 088 arayışında əsas diaqnoz kimi göstərilən F07.0 kodlu xəstəliyin ağırlaşması olaraq ekspert rəyində "davranış pozuntuları və anamnezində suisidal fikirlərlə" hallar da aşkar edilmişdir. Göründüyü kimi iddiaçının tibbi sənədlərində həm F43.1, həm də F07.0 kodları ilə nəzərdə tutulan, əlilliyin müəyyən olunmasına hüquqi və tibbi əsas verən xəstəliklərin mövcudluğu müəyyən olunmuşdur ki, bu da hazırki halda iddiaçının əlilliyin təyininə əsas olan xəstəliklərin olduğuna dəlalət edir. Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarı - iddiaçıya aid hissədə və xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli göndəriş əsasında F43.1 diaqnozu nəzərə alınmaqla əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar