Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7090/2023 25.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsinə qarşı “şəhid statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mərkəzi Hərbi Həkim Komissiyasının 14 aprel 2021-ci il tarixli 10464 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən, X8 şəhidlik statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1990-cı ildə doğulmuş mərhum oğlu X9 xx.xx.2020-ci il tarixdən qismən səfərbərliklə çağırılaraq, xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2020-ci il tarixdən Cəbrayıl, Fizuli və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüş əməliyyatları zamanı oğlu özünü narahat hiss etsə belə döyüşlər bitmədiyi üçün qospitala getmir, lakin döyüşlər bitdikdən sonra yəni, xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Modul tipli xəstəxanaya yerləşdirilir. Çıxarış epikirizində qeyd edildiyi kimi sol tərəfli varikasel diaqnozu ilə xx.xx.2020-ci il tarixdə xəstəxanadan təxliyə olunur. Oğlunun döyüş yoldaşlarının deməsinə görə döyüş zamanı və xəstəxanadan hərbi hissəyə qayıtdıqdan sonrada ağrıları olub, lakin diaqnoz yalnış qoyulduğundan düzgün müalicə almır. xx.xx.2020-ci il tarixdə tərxis olduqdan sonra yəni xx.xx.2021-ci il tarixdə Milli Onkologiya Mərkəzinə daxil olmuşdur. xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixə kimi Milli Onkologiya Mərkəzində stasionar müayinə və müalicə olunmuşdur. xx.xx.2021-ci il tarixdə “soltərəfli orxiektomiya” cərrahi əməliyyat icra edilmişdir. xx.xx.2021-ci ildə İ kurs polikimyəvi terapiya müalicəsi aparılmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Milli Onkologiya Mərkəzində təkrar stasionar müayinə və müalicə olunmuşdur. xx.xx.2021-ci ildə İİ kurs, xx.xx.2021-ci il tarixdə isə İİİ kurs polikimyəvi terapiya müalicəsi aparılmışdır. Mərhum oğlu X9 yuxarıda qeyd olunan əməliyyatlardan sonra xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinədə olmuşdur. Hərbi həkim komissiyasının xx.xx.2021-ci il tarixli, 10464 nömrəli xəstəlik haqqında şəhadətnaməsində yuxarıda qeyd olunanlar sadalanaraq və müayinə olunaraq həmin xəstəliyinin səbəb əlaqəsi hərbi xidmət dövürdə alınması qeyd edilmişdir. Hərbi həkim komissiyasının xx.xx.2021-ci il tarixli, 10464 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdən məhrum oğluna ikinci dərəcəli əlillik təyin olunmuş və qeyd olunmuşdur ki hərbi xidmət dövrü ilə əlaqədardır. xx.xx.2022-ci il tarixdə oğlu X9 vəfat etmişdir. Hərbi həkim komissiyasının xx.xx.2021-ci il tarixli, 10464 nömrəli xəstəlik haqqında şəhadətnaməsində qeyd edilən xəstəlik səbəbindən oğlu vəfat etdiyindən şəhid statusunun verilməsi üçün Azərbaycan Respulikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etmişdir. Müdafiə Nazirliyinin xx.xx.2022ci il tarixli, 11/5543 saylı cavab məktubu ilə ona bildirilmişdir ki, Hərbi həkim komissiyasının xx.xx.2021-ci il tarixli, 10464 nömrəli xəstəlik haqqında şəhadətnaməsində İ.V.Məmişovun döyüş əməliyyatları zamanı hərbi travma alması öz təsdiqini tapmamasından şəhidlik adının verilməsi məqsədə uyğun hesab edilməmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məktubda qeyd edilən komissiyanın qərarına əsasən “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur sözləri qeyd olunmuş və komissiyanın sədri tərəfindən xx.xx.2021-ci il tarixli, 10464 nömrəli xəstəlik haqqında şəhadətnaməsi təsdiqlənmişdir. Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 11/5543 saylı cavab məktubunda qeyd olunanlar öz təsdiqini tapmır. Hesab edir ki, mərhum oğlu İ.V.Məmişova şəhidlik statusunun verilməməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsi ilə əvəz edilmiş və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir. Həmin Qərarın 4.1-ci bəndinin 2-ci abzasına əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə, həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə mümkün olduğu qeyd olunub. Həmçinin, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X3 Xidmətinin, X4 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Lakin, Müdafiə Nazirliyinin Hüquq İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 11/5543 nömrəli məktubda xx.xx.1990-cı il təvəllüdlü X7 döyüş əməliyyatları zamanı hərbi travma alması öz təsdiqini tapmadığı göstərilmiş və ehtiyata buraxıldıqdan sonra döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası ilə əlaqədar olmayan xəstəliklərdən (travmadan) vəfat etmiş şəxslərə şəhid adının, ailələrinə şəhid ailəsi statusunun verilməsi qaydası qanunvericilikdə müəyyən edilmədiyindən, X8 şəhid adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələblərinə uyğun hesab edilməmişdir. Qeyd olunanlar nəzərə alınmaqla, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1963-cü ildə Laçın rayonunda doğulmuş İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, B/X12, ev 65 ünvanında qeydiyyatdadır. AO seriyalı ******* nömrəli hərbi biletin surətində qeyd olunmuş məlumatlardan müəyyən olunur ki, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş X9 xx.xx.2011-ci ildən-xx.xx.2012-ci ilədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2020-ci ildən-xx.xx.2020-ci ilədək N saylı hərbi hissədə müharibə (2-ci Qarabağ müharibəsi) dövründə hərbi xidmətdə (manqa komandiri kimi) olmuşdur və xx.xx.2020-ci ildə N saylı hərbi hissədə Cəbrayıl, Fizuli, Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsinin xx.xx.2021-ci il tarixli 194 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş X8 aid 14 aprel 2021-ci il tarixli, 10464 nömrəli xəstəlik haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 8a maddəsinin İİİ qrafaına və ƏTC (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” yə qoşma) əsasən, Həm dinc dövrdə, həm də müharibə dövrdə hərbi xidmətə yararsız hesab olunmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarına əsasən “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” nəticəsinə gəlinmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi-Sosial Ekspert Komissiyasına sonuncu müayinəyə dair məlumatın verilməsi”nə dair arayışdan görünür ki, xx.xx.1990-cı il təvəlüdlü X9 ikinci dərəcəli əlillik təyin olunmuşdur. Əlilliyin səbəbi – “Hərbi xiddət dövrü ilə əlaqədar” qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 1700 nömrəli məktubunda göstərilmişdir ki, X9 xx.xx.2021-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2. bəndinin ç) yarımbəndinə əsasən “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. Hərbi Həkim Komissiyasının hərbi xidmətə yararlılıq haqqında qərarı: xəstəliklər cədvəli’nin 8a maddəsinin İİİ qrafası və ƏTC-na əsasən “həm dinc dövrdə, həm də, müharibə dövründə hərbi xidmətə yararsızdır” sayılmış və ona xx.xx.2021- ci il tarixli 10464 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Xəstəlik haqqında şəhadətnamədə xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi barədə çıxarılmış qərar düzgün verilmiş və dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 1766 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş X9 xx.xx.2021ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2. bəndinin ç) yarımbəndinə əsasən “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. Hərbi Həkim Komissiyasının hərbi xidmətə yararlılıq haqqında qərarı: xəstəliklər cədvəli”nin 8a maddəsinin İİİ qrafası və ƏTC-na əsasən “həm dinc dövrdə, həm də, müharibə dövründə hərbi xidmətə yararsızdır” sayılmışdır və ona xx.xx.2021-ci il tarixli 10464 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Xəstəlik haqqında şəhadətnamədə xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi barədə çıxarılmış qərar düzgün verilmiş və dəyişdirilməsi üçün heç bir əsas yoxdur. 15 fevral 2022-ci ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 251110 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 02-ci ayının 15-ci günündə 133 nömrəsi ilə qeyd edilmişdir. Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli, 87 nömrəli arayışından görünür ki, X9 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Fizuli, Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə bilavasitə iştirak etmişdir. - N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarışdan görünür ki, hərbi təlim toplanışına aşağıda adları çəkilən hərbi vəzifəlilər (76. X6 – 4-cü taborun 10-cu bölüyünün 2-ci taqımının 3-cü manqasının komandiri vəzifəsinə) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən gəldiklərinə görə, 29 sentyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmələri və müvafiq vəzifələrə təyin olunmaları əmri verilmişdir. - N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasnın Ərazi Bütövlüyü uğrunda aparılan Xüsusi Döyüş Əməliyyatlarında iştirak etmək məqsədi ilə N nömrəli hərbi hissənin aşağıda adları çəkilən hərbi qulluqçuları (38. X6 – 4-cü taborun 10-cu bölüyünün 2-ci taqımının 3-cü manqasının komandiri) 06 oktyabr 2020-ci il tarixdən N nömrəli hərbi hissənin (Beyləqan rayonu) müdafiə zolağına keçmiş hesab edilmələri, zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları 07 oktyabr 2020-ci il tarixdən qazan təminatına qoyulmaları əmri verilmişdir. N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2020-ci il tarixli 2310 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Müdafiə nazirinin 25 dekabr 2020-ci il tarixli 274 nömrəli əmrinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən gəlmiş aşağıda adları çəkilən hərbi qulluqçular (102. X6-4-cü taborun 10-cu bölüyünün 2-ci taqımının 3-cü manqasının komandiri) 26 dekabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmaları və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə göndərilmələri əmri verilmişdir İddiaçı hazırki tələblə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, onun müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 3-43/2-M-3xx/xx/2023 saylı məktubda qeyd olunmuşdur ki, Müdafiə Nazirliyinin hüquq idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 11/5543 nömrəli məktubda, İ.V.Məmişovun döyüş əməliyyatları zamanı hərbi travma alması öz təsdiqini tapmadığı göstərilmiş və ehtiyata (istefaya) buraxıldıqdan sonra döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası ilə əlaqəli olmayan xəstəlikdən (travmadan) vəfat etmiş şəxslərə şəhid adının, ailələrinə şəhid ailəsi statusunun verilməsi qaydası qanunvericilikdə müəyyən edilmədiyindən, İ.V.Məmişova şəhid adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələblərinə uyğun hesab edilməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 8. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları": 1.1-ci bənd. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2-ci bənd. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 2.1-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. 4.1-ci bənd: Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. 4.2-ci bənd: Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Hərbi hissə tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X9 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Fizuli, Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə bilavasitə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının mərhum X9 ilə bağlı hərbi xidmətə yararlılıq haqqında qərarından da görünür ki, o, “həm dinc dövrdə, həm də, müharibə dövründə hərbi xidmətə yararsız” hesab olunmuş və ona verilmiş Xəstəlik haqqında şəhadətnamədə xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi barədə qərar çıxarılmışdır. Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarına əsasən “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” nəticəsinə gəlinmişdir. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, iddiaçının mərhum oğlu 44 günlük "Vətən Müharibəsi"ndə döyüş əməliyyatlarını yerinə yetirən zaman xəstəliyə yoluxmuş və bu xəsdəlik onun xx.xx.2022-ci ildə ölməsinə səbəb olmuşdur. Bununla məlum olur ki, şəxsin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə vardır. Qeyd olunan maddi hüquq normalarındakı “həlak olma” anlayışının düzgün təfsir edilməsi üçün həmin anlayışa qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik pirinsipi baxımından yanaşılmalıdır. Hüquqi müəyyənlik prinsipi isə digər kriteriyalarla yanaşı ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Yəni, şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olması və ya onun həmin döyüşlərdə aldığı yaralardan sonradan vəfat etməsi hüquqi müəyyənlik prinsipi baxımından məzmunca eyni anlayışdır və mübahisəli hüquq münasibətlərinə eyni qaydada tətbiq olunmalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olmadığından təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mərhum oğlu X8 “şəhidlik statusunun verilməsi” vəzifəsi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov Rayon İdarəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7090/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7090/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver