Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7091/2021 21.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı təşkilatın qeydiyyata alınmasından imtinanın qanunsuz hesab olunması və təşkilatın qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Din və X2» İctimai Birliyini əsassız olaraq qeydiyyata almaqdan imtina etməsinin Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməsi, «Din və X2» İctimai Birliyinin dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 fevral 2021-ci il tarixdə «Din və X2» İctimai Birliyini təsis edərək həmin qeyri-hökümət təşkilatının dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etmişdir. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin 23 aprel 2021-ci tarixli, 05/1920-13 saylı məktubu ilə «Din və X2» İctimai Birliyinin dövlət qeydiyyatına alınmasından imtina edilib. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin 23 aprel 2021-ci tarixli 05/1920-13 saylı məktubu iddiaçılara 24 may 2021-ci il tarixdə təqdim edilib. 23 aprel 2021-ci tarixli 05/1920- 13 saylı məktubda aşağıdakılar göstərilir: “Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.4.9-cu maddəsinin tələblərinə əməl edilməməsi müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün Azərbycan Respublikasının Dini İşlər üzrə Dövlət Komitəsinin rəyi olmalıdır. Lakin, həmin rəy təqdim edilməmişdir”. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Din və X2» İctimai Birliyinin dövlət qeydiyyatına alınmasından imtinası qanunsuz hesab edilməli və «Din və X2» İctimai Birliyinin dövlət qeydiyyatına alınması vəzifəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Cavabdehin mübahisələndirilən 23 aprel 2021-ci il tarixli, 05/1920-13 saylı imtina məktubunun dəlillərnin hüquqi əsasları yoxdur. Belə ki, təsis etmək istədikləri təşkilat dini təşkilat deyil. X1 2.2-ci bəndinə əsasən birlik məqsədlərinə çatmaq üçün cəmiyyətdə humanizm, bəşəri dəyərlər və sülhü təbliğ etməyi, demokratik proseslərə dəstək verməyi, vətəndaşlarn dini etiqad azadlıqlarının müdafiəsini həyata keçirməyi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində tədqiqatlar aparmağı, söz mətbuat və ifadə azadlıqlarını müdafiə etməyi, idarəetmədə şəffaflığın təmin olunmasına kömək etməyi, vətəndaş təşəbbüslərini inkişaf etdirmək və vətəndaşların hüquqi biliklərinin artırılmasına yardım etməyi əsas vəzifə kimi qəbul edib. Göründüyü kimi, cavabdeh inzibati orqan heç bir qanuni əsas olmadan təsis etmək istədikləri təşkilatı dini təşkilat kimi qəbul etmiş və rəy alınmasını əsas göstərərək təşkilatın qeydiyyata alınmasından imtina etmişdir. İşin faktiki halları ilə təsdiq edilir ki, Ədliyyə Nazirliyi İctimai Birliyin dövlət qeydiyyatına alınmasından əsassız və qanunsuz olaraq imtina edib. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmişdir. Etiraza əsasən, qurumun təsis sənədləri 04.03.2021-ci il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra 23.04.2021-ci il tarixdə «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən müvafiq iradla geri qaytarılmışdır. Belə ki, Qanununun 5.4.9-cu maddəsinə əsasən nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Dini İşlər üzrə Dövlət Komitəsinin rəyi olmalıdır. Lakin, həmin rəy təqdim olunmamışdır. İddia ərizəsində sənədlərin qaytarılmasının Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinin, habelə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyasının 11-ci maddəsinin pozulması kimi qiymətləndirilməsi ilə əlaqədar qeyd olunmalıdır ki, qəbul olunmuş qərar «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanunun müvafiq maddələri ilə əsaslandırılmışdır. Qəbul olunmuş qərar təsis sənədlərindəki pozuntular aradan qaldırıldıqdan sonra sözügedən təşkilatın qeydiyyata alınması üçün maneə törətmir və müraciət edildiyi təqdirdə məsələyə yenidən baxıla bilər. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişi göndərilmiş, habelə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilməklə şifahi məhkəmə baxışı iclasına çağırılmış, lakin tərəflər səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmişlər, İddiaçı1 20.09.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, işə onların iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəməyə 31.08.2021-ci il tarixli, 05/1920/4-11 nömrəli məktubla müraciət edərək, məkəmə baxışı iclasına iştirakları olmadan baxılmasını xahiş etmişlər. Odur ki, məhkəmə hesab edir ki, işə tərəflərin iştirakları olmadan baxıla bilər. Məhkəmə iddia ərizəsini və iş materaillarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, «Din və X2» İctimai Birliyinin təsisçilərinin yığıncağının 22 fevral 2021-ci il tarixli, 1 saylı Qərarı ilə Birliyin nizamnaməsi təsdiq edilmiş, İddiaçı1 «Din və X2» İctimai Birliyinin sədri və qanuni təmsilçisi seçilmiş, «Din və X2» İctimai Birliyinin qeydiyyat sənədlərinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış 23.04.2021-ci il tarixli, 05/1920-13 saylı məktubundan görünür ki, təqdim edilmiş sənədlərin qüvvə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.4.9-cu maddəsinin tələblərinə əməl edilməməsi müəyyən edilmişdir. Həmin maddəyə əsasən nizamnamədə dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Dini İşlər üzrə Dövlət Komitəsinin rəyi olmalıdır. Lakin, həmin rəy təqdim olunmamışdır. Göstərilənlərə və «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanunun 11.3.1-ci maddəsinə əsasən sənədlər geri qaytarılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının müraciətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, diskresion səlahiyyətləri həyata keçirən zaman bu səlahiyyətlərin hədləri, onun məqsədyönlü şəkildə həyata keçirilməsinin zəruriliyi nəzərə alınmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, iddiaçının hüquq və azadlıqlarının həyata keçirilməsinə maneçilik yaradılmamışdır. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Həmin Qanunun 5.4.9-cu maddəsinə əsasən nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının rəyi ərizəyə əlavə edilməlidir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2004-cü il tarixli, 48 nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən həmin Qanunun 5.4.9cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olubolmadığını yoxlayır. Məhkəmə hesab edir ki, qanuna və normativ aktlara əsasən ictimai birliyin qeydə alınıb-alınmaması məsələsi cavabdeh tərəfindən araşdırılmalı olduğundan; göstərilən ictimai birliyin qeydə alınıb-alınmaması və ya müvafiq qərarın qəbul edilməsi diskresion səlahiyyət olub cavabdehin mülahizəsinə əsasən müəyyən olunduğundan, cavabdehin göstərilən ictimai birliyinin qeydə alınmasından imtina etməsi qanuni və əsaslı olub, bu imtinada iddiaçıların hüququnun və ya qanuni mənafelərinin pozulması halı müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7091/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7091/2021
21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver