Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7091/2022 21.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1987-ci il tarixdən xx.xx.1989cu il tarixədək Sumqayıt Üst trikotaj fabrikindəki, xx.xx.1992-ci tarixindən xx.xx.1994-cü il tarixinədək Füzuli rayonu "xxxx" Firmasında işlədiyi dövrlərin və xx.xx.1989-cu il tarixdən xx.xx.2007-ci il tarixinədək sağlamlıq imkanları məhdud 18 yaşmadək uşağa qulluq edilməsi müddətinin sığorta stajına əlavə olunaraq əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına əmək stajımın və himayəmdə olmuş sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etdiyim müddətin sığorta stajına əlavə olunaraq təqaüdün təyin edilməsini xahiş etmişdi. Cavabdeh isə imtina edərək ərizəsində qeyd edilən düzgün olmayan bəhanələrlə 15 noyabr 2021-ci il tarixli imtina məktubu vermişdir. Həmin imtina məktubu ona 14 fevral 2022-ci il tarixdə təhvil-təslim aktı ilə təhvil verilmişdir. Cavabdeh xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixinədək 5 il 7 ay 29 gün təhsil aldığım dövrü də, eyni zamanda əmək kitabçasında qeyd edilən dövrlər nəzərə alınmaqla sığorta stajının 9 il 1 ay 19 gün təşkil etməsi və bunun qanunvericiklə tələb olunan müddətdən (25 ildən) az olduğunu qeyd etməklə ona əmək pensiyası təyin edilməsini qeyri-mümkün hesab etmişdir. Lakin əmək kitabçasında qeyd olunan xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixinədək işlədiyi Sumqayıt Üst Trikotaj fabrikinin mühasibat və kadrlara dair sənədlərin həmin müəssisənin hüquqi varisi olan "xxxx" ASC-yə təhvil verilmədiyini, həmçinin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək işlədiyim Füzuli rayon "xxxx" firmasının fəaliyyət göstərməməsi, hüquqi ünvanının guya məlum olmaması və arxiv sənədlərinin Füzuli rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən həmin dövrlərin araşdırılmasını və sığorta stajına daxil edilməsini mümkünsüz hesab etmişdir. Halbuki həmin dövlərdə yuxarıda qeyd edilən təşkilatlarda işləyib və əmək haqqı alıb. Buna baxmayaraq əmək kitabçasında da öz əksini tapmış xx.xx.1987-ci il tarixdən xx.xx.1989cu il tarixədək Sumqayıt Üst Trikotaj fabriki işləmiş olduğu və xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək Füzuli rayon "xxxx" fırmasındakı əmək stajı, işlədiyi dövrün əmək stajı sığorta stajına daxil edilməsi qəbul edilməmişdir. Bundan başqa qonşuları 01 iyul 2021-ci il tarixli aktı ilə də təstiq edilmişdir ki, o, sağlamlıq imkanları məhdud olan əlil oğlu X8 bu günədək qulluq edib. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.9-cu bəndinə əsasən 1 dərəcə alilə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Beləliklə də işlədiyi dövrlərin və sağlamlıq imkanları məhdud oğluna qulluq etdiyi üçün yuxarıda qeyd edilən kimi qanununvericiliyin müddəalarına əsasən göründüyü kimi 25 il tələb olunan stajı topanmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşmadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci maddəsinə əsasən, zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən, hamı məhkəmə və qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6cı maddəsinə əsasən, mülki qanunvericiliyin əsas prinsiplərindən biri də mülki hüquq subyektlərinin bərabərliyi prinsipidir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir.
3. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi sənədlərin surətlərinə və əmək kitabçasına əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək və xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək 5 il 7 ay 29 gün əyani təhsil aldığınız dövr, eyni zamanda əmək kitabçanızda qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajınız 9 il 1 ay 19 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Həmçinin 9 il 1 ay 19 gün sığorta stajına uyğun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 6961,76 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Fondun 1 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən əmək kitabçanızda qeyd edilmiş xx.xx.1987-ci il tarixindən xx.xx.1989cu il tarixinədək işlədiyiniz Sumqayıt Üst Trikotaj fabrikinin mühasibat və kadrlara dair sənədləri həmin müəssisənin hüquqi varisi olan "xxxx" ASC-yə təhvil verilmədiyindən, həmçinin xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək işlədiyiniz Füzuli rayon "xxxx" firmasının fəaliyyət göstərməməsi, hüquqi ünvanının məlum olmaması və arxiv sənədlərinin Füzuli Rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.9-cu bəndinə əsasən İ dərəcə əlilə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayədələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Sözügedən aktı təqdim etmədiyi üçün sağlamlıq imkanları məhdud övladına xx.xx.1994-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək 13 il 4 ay 18 gün qulluq etdiyi dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab olunmamışdır. Qeyd olunanları nəzərə alaraq ona sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, sığorta stajınızı təsdiq edən əlavə sənəd təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləriniz zərurət olduğu halda araşdırıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq ona xx.xx.2020-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.
4. Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1989-cu il təvəllüdlü X6 atası X3, anası İddiaçıdır.
5. Qonşuların (X9, X4, X2) notarial qaydada təsdiq olunmuş imzası ilə təsdiq olunmuş akta əsasən qeyd olunmuşdur ki, həqiqətən İddiaçı xx.xx.1989-cu il tarixdə anadan olmuş oğlu X8 anadan olduğu gündən bu günədək özü təkbaşına baxıb və qulluq etmişdir.
6. Yerli mənzil istismar sahəsi tərəfindən verilmiş arayışa əsasən, həqiqətən İddiaçı üç uşaq doğub və səkkiz yaşına kimi tərbiyə edib: oğlu: X12 (1989-cu il), oğlu: X5 (1990-cu il), oğlu: X13 (1993-cü il).
7. xx.xx.1989-cu il təvəllüdlü X6 əlillik işinə əsasən ilk dəfə uşaq serebral iflici diaqnozu xx.xx.1992-ci il tarixdə qoyulmaqla həmin tarixdən xəstə uşağa görə anası (iddiaçı) X7 xəstə uşağa görə pensiya alır. X8 əlillik ilk dəfə xx.xx.1994-cü il tarixdə (əlilliyin səbəbi uşaqlıqdan qeyd edilməklə) təyin edilmişdir.
8. Məhkəmənin sorğusuna əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bildirilmişdir ki, A.Hümbətli “ümumi xəstəlik” səbəbindən xx.xx.2006-cı ildən müddətsiz ikinci dərəcə əlillik statusuna malikdir.
9. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1987-ci il tarixdən 01,04.1989-cu il tarixədək Sumqayıt Üst Trikotaj fabrikinin mühasibat və kadrlara dair sənədləri həmin müəssisənin hüquqi varisi olan “İnter-Textile" ASC-yə təhvil verilmədiyindən, həmçinin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədini iddia etdiyi Füzuli rayon "xxxx" firmasının fəaliyyət göstərməməsi, hüquqi ünvanının məlum olmaması və arxiv sənədlərinin Füzuli Rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (Qeyd. Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır). Lakin İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı işlədiyini iddia etdiyi müəssisənin mövcudluğunu və iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək müəssisədə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Sumqayıt Filialı tərəfindən təqdim edilmiş məktubda Bakı şəhəri “Sumqayıt üst Trikotaj” fabrikinin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. İş materiallarına əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş məktubunda “Sumqayıt şəhəri Üst Trikotaj Fabriki” xx.xx.1995-ci il tarixdə D- 970 saylı şəhadətnamə il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli sərəncamına əsasən “Sumqayıt Trikotaj” Açıq tipli Səhmdar Cəmiyyətinə çevrilmişdir və Ədliyyə Nazirliyində xx.xx.2000-ci il tarixdə D-3061 nömrəli şəhadətnamə ilə yenidən qeydiyyata alınmışdır. Cəmiyyət xx.xx.2008-ci il tarixli 01/08 nömrəli protokola əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) çevrilmişdir. Həmçinin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi Füzuli rayon "xxxx" firmasının fəaliyyət göstərməməsi, hüquqi ünvanının məlum olmaması və arxiv sənədlərinin Füzuli Rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün deyil. Qeyd etmək zəruri hesab edilir ki, “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.9-cu bəndinə əsasən İ dərəcə əlilə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayədələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Məlumat üçün bildirilmişdir ki, iddiaçı sözügedən aktı təqdim etmədiyi üçün sağlamlıq imkanları məhdud övladına xx.xx.1994-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək 13 il 4 ay 18 gün qulluq etdiyi dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab olunmur. Qeyd olunanları nəzərə alaraq İddiaçı sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Mülki Məcəllənin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 13.1- ci maddəsinə görə dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd - dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. Həmin Qanunun 13.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, xarici hüquqi şəxsin nümayəndəlik və filialına verilən şəhadətnamədə və dövlət reyestrindən çıxarışda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilir
10. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (əri) iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
11. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) imtinanın və yazılı etirazın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
12. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. İddiaçı xx.xx.1963-cü ildə anadan olub.
15. İddiaçının əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: - xx.xx.1987-xx.xx.1989 – Sumqayıt şəhəri Üst trikotaj fabriki; - 12.04.1989-xx.xx.1992 – “Qartal” müəssisəsi; - xx.xx.1992-xx.xx.1994 – "xxxx" kiçik müəssisəsi. Əmək kitabçasındakı qeydə əsasən "xxxx" firmasının aktivlərinin işğal altında qalması səbəbindən iddiaçının mühasib kimi fəaliyyətinə qeyri-müəyyən müddətə xitam verilmişdir.
16. Cavabdeh iddiaçının xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək və xx.xx.1983cü il tarixindən xx.xx.1987-ci il tarixinədək 5 il 7 ay 29 gün olmaqla əyani təhsil müddətini nəzərə almış və sosial sığorta stajına daxil edilməsini mübahisələndirməmişdır.
17. İddiaçı tərəfindən təqdim edilmiş çoxsaylı sənədlərə əsasən, "xxxx" firması vaxtilə işğala məruz qalmış Füzuli rayonunun ərazisində fəaliyyət göstərmişdir.
18. İddiaçının xx.xx.1987-xx.xx.1989 – Sumqayıt şəhəri Üst trikotaj fabrikində işlədiyi dövrə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən həmin dövr iddiaçının əmək kitabçasında qeyd olunmuş, lakin qeyd edilən dövrün sosial sığorta stajına daxil edilməsindən imtina Sumqayıt Üst Trikotaj fabrikinin mühasibat və kadrlara dair sənədlərinin həmin müəssisənin hüquq varisi olan "xxxx" ASC-yə təhvil verilməməsi ilə əlaqələndirilmişdir.
19. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
20. İddiaçının əmək kitabçasına əsasən işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının əmək münasibətlərdə olması əmək kitabçasına əsasən müəyyən olunduğundan sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.
21. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasından: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
22. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
23. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
24. Mübahisələndirilən digər dövrə münasibətdə məhkəmə qeyd edir ki, məlum hadisələrə əsasən "xxxx" firmasına aid sənədlərin arxivdə olmaması iddiaçının sosial sığorta stajını şübhə altına almamalıdır. Həmin məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir.
25. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarında “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
26. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında onun işə qəbul olunması haqqında qeyd göstərildiyindən iddiaçının fakt təsdiqi qaydasında məhkəməyə müraciət etməli olduğuna dair mövqe də əsaslı deyildir. Çünki iddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır.
27. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
28. MPM-in 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
29. İ Qarabağ müharibəsi zamanı Füzuli rayonun işğalı hamiya bəlli hadisələrdir. Odur ki, sözügedən dövrə aid əmr kitablarının işğal zonasında qaldığı üçün hüququnun təmin olunmasından imtina onun üzərinə həddən artıq yük qoyulmasıdır. Qeydlərin həqiqiliyi digər sübutla təsdiqlənir (müəssisənin mövcudluğuna dair iddiaçı tərəfindən təqdim edilən müqavilələr, aktlar, məktublar) və məhkəmədə şübhə doğurmur.
30. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qayda İnzibati Prosessual Məcəllədə müəyyən edilmədiyindən və bu həmin məcəllədə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı üçün hamıya bəlli olan faktların sübutetmə yükündən azad edilməsi məsələsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
31. Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının əmək kitabçasındakı qeydlərə dair əsaslı şübhələrin olduğunu müəyyən etmir.
32. İddiaçının uşağa qulluq müddəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir:
33. xx.xx.1989-cu il təvəllüdlü X6 əlillik işinə əsasən ilk dəfə uşaq serebral iflici diaqnozu xx.xx.1992-ci il tarixdə qoyulmaqla həmin tarixdən xəstə uşağa görə anası (iddiaçı) X7 xəstə uşağa görə pensiya alır. X8 əlillik ilk dəfə xx.xx.1994-cü il tarixdə (əlilliyin səbəbi uşaqlıqdan qeyd edilməklə) təyin edilmişdir.
34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 8.2. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti
35. Münasibətlər yaranan zaman qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti;
36. Tərəflər arasında mübahisə yaranan zaman qüvvədə olan “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.9-cu bəndinə əsasən 1 dərəcə alilə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir.
37. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasından: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 4.1.7. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluqetmə müddəti üzrə:
1. qanuni nümayəndələrə münasibətdə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın doğum haqqında şəhadətnaməsinə, övladlığa götürənlərə münasibətdə övladlığa götürmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına, qəyyumlara və himayəçilərə münasibətdə isə qəyyumluq və ya himayəçiliyin müəyyən edilməsi barədə müvafiq qərara əsasən
38. Göründüyü kimi istər əvvəlki qaydalar, istərsə də hazırda qüvvədə olan qaydalar sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluqetmə müddətini sosial sığorta stajı kimi nəzərə alınmasının mümkünlüyünü müəyyən edir və hazırki qaydalar proseduru daha da sadələşdirərək həmin sosial sığorta stajını sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın doğum haqqında şəhadətnaməsinə əsasən nəzərə alınmalı olduğunu təsbitləyir.
39. İddiaçının uşağının əlilliyi ilk dəfə xx.xx.1994-cü ildə müəyyən edilmişdir.
40. Beləliklə, məhkəmə qeyd edir ki, xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövr istər əmək kitabçasına, istərsə də uşağa qulluq müddəti kimi sosial sığorta stajına daxil edilməlidir.
41. Digər tərəfdən məhkəmə qeyd edir ki, müəyyən dövr üçün sığorta stajı yalnız bir dəfə nəzərə alınır. Odur ki, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixlərarası dövrün əmək kitabçasına əsasən sığorta stajı kimi nəzərə alınması təkrarən həmin dövrün 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluq edilməsi müddəti kimi sığorta stajına daxil edilməsini (və ya əksinə) istisna edir.
42. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən dövr yalnız bir dəfə nəzərə alına bilər.
43. Qüvvədə olan qanunvericiliyə əsasən 1 iyul 2020 – 30 iyun 2021-ci il tarixlərarası dövrdə qadınlar üçün pensiya yaşı 62 yaş olmuşdur. İddiaçının əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdə tamam olmuşdur.
44. Odur ki, iddiaçının cavabdeh qurum tərəfindən nəzərə alınmış təhsil müddəti (5 il 7 ay 29 gün), əmək kitabçasına əsasən müəyyən edilmiş sığorta stajı (xx.xx.1987xx.xx.1994 olmaqla 6 il 11 ay 14 gün), eləcə də xx.xx.1994-cü il tarixdən hesablanmaqla xx.xx.2007-ci il tarixinədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti 13 il 4 ay 19 gün sosial sığorta stajına daxil edildiyi təqdirdə iddiaçının ən azı 25 il sığorta stajının olduğu müəyyən edilir.
45. Məhkəmə qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluq edilməsi müddətinin sığorta stajına daxil edilməklə əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ sosial ədalətin bərpası və humanistlik prinsiplərindən irəli gəlir.
46. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
47. Nəticə etibarilə iddiaçının yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı “qanuni gözləntisi” var. Belə ki, X17 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
48. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);
49. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
50. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.
51. İPM-in 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.
52. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
53. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Sumqayıt Üst trikotaj fabrikindəki, xx.xx.1992-ci tarixindən xx.xx.1994-cü il tarixinədək Füzuli rayonu "xxxx" Firmasında işlədiyi dövrlərin və xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixinədək 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluq edilməsi müddəti sığorta stajına daxil edilməklə İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva