Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7091/2024 21.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 21 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1956-cü il təvəllüdlür. İddiaçı xx.xx.1979-cu il tarixdən 16 iyul 1982-ci il tarixədək Şamxor kənd orta texniki peşə məktəbində “çilingər” təhsil almışdır. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək orduda xidmət etmişdir. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: -xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Vulkanlaşdırma sexində təmirçiçilingər; xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Vulkanlaşdırma sexinin yüngül şinlər sahəsində təmirçi-çilingər; xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək təmirçi çilingər vəzifəsində işləmiş və xx.xx.2007-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir; -xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də fəhlə işləmişdir İddiaçı 07 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin imtina məktubu əsasında iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək sizin ümumi iş stajınız 20 ildən az (13 il 1 ay 24 gün (xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1995-ci il, xx.xx.1997xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya 15 mart 2014-ci ildən, yəni 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh öz imtinasında haqlı olmamış, qanunvericiliyin tələblərini nəzərə almadan müraciətin təminindən imtina etmişdir. O, xx xxxx 1964-cü ildə anadan olmuşdur. xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1985-ci il tarixdə Bakı Şin Zavoduna Vulkanlaşdırma sexində təmirçi çilingər peşəsinə qəbul edilmiş və 22 iyun 2007-ci ilədək həmin zavodda əmək stajına malik olmuşdur. Həmçinin 1979-ci ildə 107 nömrəli Şamxor kənd orta texniki peşə məktəbinə qəbul edilmiş və 1982-ci ilədək həmin məktəbdə təhsil alaraq diplom almışdır. 01 avqust 2012-ci ildə iddiaçı "xxxx" MMC-yə fəhlə vəzifəsinə qəbul edilmiş 29 mart 2015ci ilədək həmin müəssisədə işləmişdir. Beləliklə də, ona güzəştli şərtlərlə pensiya hesablanması hüququ verən tarixədək, yəni 01 yanvar 2006-cı ilədək ümumilikdə 24 il 1 ay 24 gün güzəştli şərtlərlə pensiya hüquqi verən əmək stajı olmuşdur. İşlədiyi Vulkanlaşdırma sexində təmirçi çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli, ağır olan işlərdə çalışanlara, yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüquqi verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısında nəzərdə tutulan "Vİİİ" bölmə, "Kimya istehsalatı" 1080A010 koduna uyğundur. Göründüyü kimi onun 50 yaşı 15 mart 2014-cü il tarixdə tamam olsa da, lakin 01 yanvar 2006-ci ilədək iddiaçının zərərli əmək şəraiti üzrə iş stajım 20 ildən çox təşkil etdiyindən, yəni 01 yanvar 2006-cı ilədək onun artıq pensiya almaq hüququ yaranğından, ona güzəştli şərtlərlə pensiya, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə müvafiq olaraq, yəni 50 yaşına çatdıqda, təyin edilməlidir. Cavabdeh isə iddiaçıya pensiya təyin edən zaman, əmək kitabçasında olan 01 yanvar 1998-ci il tarixdən 22 iyun 2007-ci ilədək "xxxx" ASC-də işləməyi barədə qeydləri nəzərə almamışdır. Məhkəməyə təqdim olunan əmək kitabçasından isə görünür ki, həmin əmək kitabçasında iddiaçıya 04 may 1985-ci il tarixdə Bakı Şin Zavoduna Vulkanlaşdırma sexində təmirçi çilingər peşəsinə qəbul edilməyi və 22 iyun 2007-ci ilədək Azərşin ASC-də işləməyi barədə qeydlər vardır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 15 mart 2016-cı ildən, yəni 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 20 ildən az (13 il 1 ay 24 gün (xx.xx.1982-xx.xx.1984-cü il (hərbi), xx.xx.1985xx.xx.1995-ci il, xx.xx.1997-01.01,1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Belə ki, iddiaçının "xxxx" ASC-də işlədiyi xx.xx.1997-xx.xx.2007-ci illəri əhatə edən dövrlərin araşdırılması məqsədi ilə Azərşin ASC-nin kadrlar üzrə mühəndisinin iştirakı ilə xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktı tərtib olunmuşdur. Sözügedən aktda müəssisə üzrə 09.01,1998-ci il tarixində verilmiş 04/B saylı əmrlə İddiaçı xx.xx.1998-ci il tarixdən öz hesabına ödənişsiz məzuniyyətə buraxıldığı qeyd olunmuşdur. Bu səbəbdən iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də işlədiyi qeyd olunan dövrlər onun sığorta stajına daxil edilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Göründüyü kimi hər iki şərtin, yəni ümumi iş stajı və güzəştli iş stajının hər ikisinin mövcudluğu pensiya təyini üçün əsas hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmamağı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. İşin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı 13 il 01 ay 24 gün təşkil edir. Cavabdeh iddiaçının xx.xx.1998-ci il tarixdən öz hesabına uzunmüddətli ödənişsiz məzuniyyətdə olduğuna əsaslanaraq, onun həmin dövrdən sonraki illərini sığorta stajına daxil edilməsindən imtina edir. Məhkəmə hesab edir ki, aşağıda sadalanan qanunvericiliyin tələblərinə görə cavabdeh haqlı olaraq həmin dövrləri nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 129-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Oxşar müddəalar 01 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 29 və 30-cu maddələrində də nəzərdə tutulmuşdu. 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşları pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun “İş stajına daxil edilən əmək fəaliyyətinin növləri” adlanan 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun “Əmək pensiyası hüququ olan şəxslər” adlanan 3-cü maddəsinə görə isə Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan şəxslərin, o cümlədən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər— Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun “pensiyaların ödənilməsi üçün vəsait” adlanan 10-cu maddəsinin tələbinə görə bu Qanunla təyin edilmiş dövlət pensiyalarının ödənilməsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına həyata keçirilir. Həmin vəsaitin əmələ gəlmə əsaslarından biri kimi mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sosial sığorta ayırmaları çxış edir. Qeyd olunmalıdır ki, oxşar müddəalar hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində də nəzərdə tutulmuşdu. Qeyd olunan normaların məzmunundan aydın olur ki, ödənişsiz məzuniyyət işçilərin xahişinə və ya tərəflərin qarşılıqlı razılığına əsasən verilə bilər. Hazırda qüvvədə olmayan “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində və Əmək Məcəlləsinin 128-ci maddəsində göstərilən hallardan hər hansı biri olduqda işçinin ödənişsiz əmək məzuniyyətindən istifadə etmək hüququ vardır və bu hallar işçiyə öz xahişi ilə ödənişsiz məzuniyyət verilməsinə əsasdır. Tərəflərin qarşılıqlı razılığına əsasən verilən ödənişsiz məzuniyyət isə yuxarıdakı halların mövcudluğundan asılı deyildir və işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə şərtlənir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adıçəkilən qanunda və Əmək Məcəlləsində ödənişsiz məzuniyyətin leqal anlayışı verilmiş olmasa da, həmin məzuniyyət növünün əsas səciyyəvi cəhəti əmək haqqının ödənilməməsidir. Başqa sözlə, ödənişsiz məzuniyyət işçinin iş yeri (peşəsi) saxlanılmaqla, lakin əmək haqqı ödənilmədən əmək vəzifələrinin yerinə yetirilməsindən azad olunduğu vaxtdır. Göstərilənlərə əsasən məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, işçiyə pensiya ödənilməsi üçün onun işlədiyi müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişlərinin aparılması mütləqdir və bu şərt ödənildiyi halda iş müddəti sosial sığorta stajına və ya əmək stajına daxil edilir. Bunun üçün isə işçinin faktiki əmək fəaliyyəti ilə məşğul olması və əmək haqqı alması zəruridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının "xxxx" ASC-nin işçisi kimi xx.xx.1998-ci ildən xx.xx.2007-ci ilədək ödənişsiz məzuniyyətdə olduğu müddətdə onun faktiki əmək fəaliyyəti ilə məşğul olmadığı, buna görə əmək haqqı almadığı və sosial sığorta ayırmalarının da həyata keçirilmədiyini nəzərə alaraq həmin müddətin iddiaçının sığorta stajına nəzərə alınması mümkün deyildir. Eyni zamanda o da qeyd olunur ki, həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-224/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsinin əsaslandığı Əmək Məcəlləsinin 146-cı maddəsinin hazırkı işə tətbiqinə gəldikdə, ödənişsiz məzuniyyətin verilməsinin iddiaçının razılığı olmadan (işçinin iradəsinə zidd olaraq) baş verdiyi, cavabdehin ödənişsiz məzuniyyətin verilməsinə dair əmrinə qarşı iddiaçının etiraz etdiyi (mübahisə açdığı), həmçinin qanunla yol verilən ödənişsiz məzuniyyət müddətinin başa çatmasından sonra belə, işdən azad olunduğu 2007-ci ilədək olan 10 ilə yaxın müddət ərzində Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinin, deməli, həm də həmin Məcəllənin 169-cu maddəsinin ona münasibətdə tətbiq olunmasını işəgötürəndən tələb etdiyi təsdiq edilmir. İşəgötürən tərəfindən təqdim edilmiş arayışlara əsasən, 1995-ci ili fevral ayı, 1998-ci ilin aprel, may, iyul və dekabr ayları istisna edilməklə, 1995-2007-ci illər üzrə iddiaçının əmək fəaliyyəti olmamış, ona əmək haqqı hesablanmamışdır. Göründüyü kimi, 1995-2006-cı illər ərzində iddiaçının əmək fəaliyyətinin olmadığı müddətləri onun iş (sığorta) stajına daxil etməkdə məhkəmə haqlı olmamışdır.” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1597/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən Qanunda ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən bəhs olunur. Bu işdə iddiaçının xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə faktiki olaraq “Bakı Təcrübə Eksperimental Zavodu”nda işləməsi, ona əmək haqqı hesablanması, əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulması, lakin ödənilməməsi, nəticədə borc yaranmasına dair hər hansı məlumat mövcud deyildir. Apelyasiya məhkəməsinin istinad etdiyi Qanunun 1-ci maddəsində sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən bəhs olunur. İddiaçı xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə “Bakı Təcrübə Eksperimental Zavodu”nda işləmədiyi halda uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclardan söhbət gedə bilməz. Bu səbəbdən hazırkı mübahisəyə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun müddəaları tətbiq edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır.” Kassasiya instansiya məhkəməsinin hazırki növ mübahisələr üzrə formalaşdırdığı hüquqi mövqeyi uzunmüddətli ödənişsiz məzuniyyətin sığorta stajına daxil olunmaması ilə bağlıdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının 01 yanvar 1998-ci il tarixdən ödənişsiz məzuniyyətdə olması səbəbi ilə xx.xx.1998-xx.xx.2007 dövrün onun sığorta stajına daxil edilməsi mümkün olmadığından, iddiaçının ümumi və güzəştli iş stajı qanunvericilikdə tələb olunan normadan azdır. Belə olan halda, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli staj ilə bağlı şərtlər ödənilmədiyindən, “Vətəndaşların təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndi iddiaçıya münasibətdə şamil oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7091/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7091/2024
21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver